Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təxminən 400 çadırdan ibarət qəbilənin başında Gündüz Alp dururdu. Qayı sərkərdəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşmışdılar. Ərtorğrul 1231-ci ildəqayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.
Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildəvəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar. Osman bəy türk qəbilə başçısı Şeyx Ədəbalının qızı ilə evlənərək, türk bəyləri içərisində öz nüfuzunu daha da möhkəmləndirdi. Osman Qazinin əsas planlarından biri Bursa şəhərini ələ keçirmək idi. Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Qala olduqca güclü müdafiə olunurdu. Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi 12 illik mühasirədən sonra, qalanı 1326-cı ildə tutmaq mümkün oldu. Bursanın fəthi Osmanlı tarixində dönüş nöqtəsi oldu. Bu şəhər 1329-cu ildə Osmanlı dövlətinin paytaxtı oldu. Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsinə həmişəlik yiyələndilər. Osman Qazidən sonra hakimiyyətə gələn Orxan Qazi (1326-1362) dövlət quruculuğu işləri ilə də məşğul olmağa başladı, hakimiyyət orqanlarını və onların vəzifələrini müəyyənləşdirdi. Ölkə vilayətlərə və dairələr bölündü. Orxan Qazinin ən böyük arzularından biri də mühüm iqtisadi və strateji əhəmiyyətli Konstantinopolu ələ keçirmək idi. Bunun üçün ilk növbədə Nikeya şəhərini tutmaq lazım gəlirdi. 1329-cu ildə baş vermiş Maltəpə döyüşündə sayca üstün olan Bizans ordusu darmadağın edildi. Nikeya şəhəri təslim oldu. Orxan Qazinin əmri ilə burada bərpa işləri aparıldı, kilsələr məscidlərə çevrildi, saraylar və mədrəsələr inşa olundu. Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı. Bununla da Bizans Anadoludakı güclü dayaqlarından birini itirdi. İznikin idarəsi şahzadə Süleyman paşaya tapşırıldı. 1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Orxan qazi Nikomediyaya çoxlu türk ailələri köçürtdü. Bu şəhər isə İzmit adlandırıldı. Osmanı dövlətinin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan əraziosmanlıların nəzarəti altına keçdi.
XIV əsrin 30-cu illərində Bizansda güclü daxili çəkişmələr başladı. imperator kömək üçün osmanlılara müraciət etməyə məcbur oldu. Şahzadə Süleyman paşa qiyamçı serbləri darmadağın etdi və əlverişli şəraitdən istifadə edərək 1354-cü ildə Gelibolunu və ətrafdakı Bizans qalalarını ələ keçirtdi. Türklər fəth etdikləri yerlərin əhalisi ilə yaxşı rəftar edir, eyni zamanda buraya çoxlu türk ailəsi də köçürürdülər. Süleyman paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli strateji mövqe qazandılar.
Osmanlı imperatorluğunun meydana gəlməsi. Süleyman paşadan sonra hakimiyyətə oğlu Sultan I Murad (1359-1389) gəldi. O, Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul etdi. Sultan I Murad Adrinopola (Ədirnəyə)gedən yolları ələ keçirdi. 1361-ci ildə Ədirnə, Plovdiv, Sofiya, Şumen, Nis şəhərləri və Şərqi Frakiyanın qonşu bölgələri ələ keçirildi. Sultan Murad Ədirnədə abadlıq işlərinə başladı, saraylar, mədrəsələr və məscidlər inşa etdirdi. Bu şəhər Osmanı dövlətinin paytaxtına çevrildi.
Bu zaman Balkan yarımadasında üçüncü böyük dövlət Bizans idi. Lakin Bizans özünün keçmiş hərbi qüdrətini itirmişdi. Onun dənizsahili vilayətlərindəvenesiyalılar və genuyalılar ağalıq edirdilər XIV əsrdə Balkan yarımadasındakı dövlətlər həm daxildə gedən feodal ara müharibələri, həm də həmin dövlətlərin öz aralarında gedən mübarizə nəticəsində zəifləmişdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlılardan asılılığı qəbul etməyə məcbur olmuşdular. Balkan yarımadasında türklərə müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi. Serbiya XIV əsrin birinci yarısında xeyli qüvvətlənmişdi. Kral Stefan Duşanın(1331-1335) hakimiyyəti dövründə Serbiya krallığı cənubda Egey dənizinə qədərolan əraziləri əhatə edirdi. Lakin onun ölümündən sonra Serbiya çoxlu feodal mülklərinə parçalanmışdı. 1371-ci ilin sentyabrın 26-da osmanlılar Çirməndöyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar. Serbiya osmanlılardan asılılığı qəbul etməyə, hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu. Osmanlılarla serblər arasında 1389-cu il iyunun 25-də baş vermiş I Kosovo döyüşündə türklər misilsiz qələbə qazandılar. Serb çarı Lazar öldürüldü. Lazarın döyüş zaman əsir düşmüş yeznəsi Miloş Obiliç riyakarcasına bildirdi ki, o, İslam dinini qəbul etmək qərarına gəlmişdir. Bu münasibətlə sultanın ayağını öpmək istəyir. Muradın yanına gəlməyə nail olan Miloş xaincəsinə qəflətən Sultan Muradın üstünə atılaraq, onu ölümcül yaraladı. Öhzünü sultan elan edən I İldırım Bayazid (1389-1402)Serbiyanın müstəqilliyinə son qoydu. Nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi.
1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçirdilər.XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi türklərin hakimiyyəti altına düşdü. Türklər Albaniyaya da daxil oldular. Macar karlı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etdi. 1396-cı ilsentyabrın 25-də Bolqarıstan ərazisində Niqbolu (Nikopol) döyüşündə türklər qələbə qazandılar. Bununla da bütün Bolqarıstanın işğalı başa çatdırıldı.
1399-1400-cü illərdə Bayazid Səlcuq imperatorluğunun tərkibinə daxil olmuş digər əraziləri-Qaraman bəyliyini, Sivası və Malatyanı da ələ keçirtdi. Türk hakimiyyətiŞərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperatorluğu yaranmağa başladı.
Osmanlı fəthlərini yüngülləşdirən əsas səbəblərdən biri də xristian dövlətlərində feodalizm zülmündən cana doymuş zəhmətkeş xalqın, ilk növbədə kəndlilərin türklərə nəinki müqavimət göstərməməsi, hətta çox vaxt könüllü olaraq onların tərəflərinə keçməsi idi. Türklər vergiləri bir qədər yüngülləşdirir, ayrı-ayrı dini etiqadlara maneçilik törətmirdilər.
XIV əsrin sonlarında Bayazid Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etmək məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi. XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üstünü təhlükə aldı. Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə Aydınoğullar, Germian, Saruxanoğullar və Mentəşə bəyliklərində öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Onlar bu məqsədlə Teymura müraciət etdilər. Digər tərəfdən Teymur tərəfindən ölkələri işğal edilmiş Cəlairi hökmdarı Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif İldırım Bayazidə sığınaraq ondan kömək istədilər. Bayazid Konstantinopolun mühasirəsi ilə məşğul olduğu zaman Teymur Şərqi Anadoluya girərək Sivası və Malatyanı tutaraq Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Sonra isə Kiçik Asiyanı tərk edib Azərbaycana qayıtdı.
Bayazid Konstantinopolun mühasirəsinə fasilə verib Şərqi Anadoluya gəldi.Sivas Ərzincan və Kemahı geri aldı. Əhməd Cəlairinin və Qara Yusifin köməyinə yeni qüvvələr göndərdi. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşılaşdırdı. Teymur qışı Qarabağda keçirdikdən sonra 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu İldırımın ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. Teymurun ordusundə döyüş filləri də var idi. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. 1403-cü ilin yazında Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu bəyliklərinin xəyanəti də böyük rol oynamışdı.
Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliklərini bərpa etdi. Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü. Bayazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi.Osmanlı tarixində «səltənət fasiləsi» adlandıralan on bir illik dövrdə gedən mübarizə Mehmet Çələbinin qələbəsi ilə başa çatdı.
Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyildir ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün fasiləisz olaraq, kilsə zənglərinin sədaları altında şükranlıq duası oxutdurmuşdu.
Osmanlı imperatorluğunun daha da genişlənməsi. Sultan II Muradın(1421-1451) hakimiyyəti dövründə Osmanlı dövləti əvvəlki qüdrətini bərpa etdi.1430-cu ildə II Murad Teymurla mübarizə zamanı yenidən Bizansın əlinə keçmiş Salaniki geriyə qaytardı. 1431-ci ildə Varna tutuldu. Bu bölgələr dərhal türk əhalisi ilə məskunlaşdırıldı. 1444-cü ildə II Murad oğlu 14 yaşlı Mehmetin xeyrinə hakimiyyətdən əl çəkdi. Hökmdarın yaşca çox gənc olması avropalılarda Osmanlı dövlətinin zəifləyəcəyi ümidin doğurmuşdu. Ona görə də onlar türklərə qarşı yeni (beşinci) səlib yürüşü təşkil etdilər. II Mehmetin və saray əyanlarının təkidi ilə II Murad yenidən qoşuna komandanlıq etməyə başladı. 1444-cü ildə Vrana döyüşündə Yanos Hunyadinin başçılıq etdiyi birləşmişmacar-çex qüvvələri darmadağın edildi. Bundan sonra Mehmetin xahişi ilə II Murad hakimiyyəti yenidən əlinə aldı. 1448-ci ildə II Kosovo döyüşündə türklər Yanos Hunyadinin səlbibçi qüvvələrini məğlub etdilər.1451-c ildə II Murad öldükdən sonra hakimiyyətə yenə oğlu II Mehmet (1451-1481) keçdi.
Sultan II Mehmet 1453-cü ilin yazında Konstantinopolu qurudan mühasirəyə aldı. Türklər öz gəmilərini Mərmərə dənizinə yeritdilər. Bu vaxt Bizans imperiyası böhran keçirirdi. Saray çəkişmələri və hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyəti zəiflətmiş, maliyyə sistemini pozmuş, ordunu döyüş qabiliyyətindən məhrum etmişdi. İmperiyanın ərazisi yalnız Konstantinopolun ətrafından ibarət idi və hər tərəf türk torpaqları ilə əhatə olunmuşdu. Divarların altından lağım atıb şəhərə daxil olmaq cəhdi uğursuluqla nəticələndi. II Mehmetin əmri ilə türk gəmiləri Konstantinopolun daxili limanına-Qızıl Buynuz limanına keçməli idi. Lakin Qızıl Buynuz limanının yolu ağır zəncirlərlə bağlanmışdı. Belə olduqda, osmanlılar gecə öz gəmilərini quru yolla çəkib şəhərin daxili limanına saldılar: bunun üçün onlar limana gedən quru yola taxta döşəyib üstünü piylədilər və öz gəmilərini həmin piylənmiş taxtaların üstü ilə sürüyərək, qızıl Buynuz limanına keçirtdilər. 53 günlük mühasirədən sonra,1453-cü il mayın 29-da Konstantinopol alındı. Vuruşmanın sonunda Bizans imperatoru XI Konstantin həlak oldu. Bizans imperiyasının varlığına son qoyuldu. Türklərin İstanbul adlandırdıqları Konstantinopol şəhəri imperatorluğunun paytaxtına çevrildi. II Mehmetə «Fateh» təxəllüsü verildi. Osmanlı qoşunları Konstantinopolu tutmaqla Avropanı Asiya ilə birləşdirən ticarət yollarını nəzarət altına aldılar. Bu, İtaliya şəhərlərinin Şərq ölkələri ilə ticarətinə ağır zərbə vurdu.
Sultan II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi. 1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi. Fateh Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperatorluğun tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da sultandan asılı vəziyyətə düşdülər.
Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə aparmalı oldu.1479-cu ildə Albaniya tabe edldi və Venesiya ilə sülh müqaviləsi imzalandı. Venesiya Egey dənizindəki adalarını Türkiyəyə verdi və hər il 1000 dukat məbləğində bac verməyi öhdəsinə götürdü. Venesiyalılar Krit və Korfu adalarını qoruyub saxlaya bildi. Osmanlı imperatorluğu ərazisində vensiyalılara gömrüksüz ticarət hüququ verildi.
Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə oğlu II Bayazid (1481-1512) gəldi. Lakin qardaşı Cem onun hakimiyyətini tanımadı və Bursada özünü sultan elan etdi. Sonra isə Cem Osmanlı imperatorluğunun iki hissəyə-Anadolu və Rumeli dövlətlərinə bölünməsini, özünün Anadoluda, Bayazidin isə Rumelidə hökmdar olmasını təklif etdi. Lakin Bayazid bu təklifi rədd etdi. Yenişəhər döyüşündə Cem məğlub oldu. Qahirədə, sonra sə Fransada mühacir həyatı yaşamağa məcbur oldu. Avropa dövlətlərinin ondan Osmanlı imperatorluğuna qarşı istifadə etmək cəhdi nəticə vermədi. Səfərlərin birində Gem vəfat etdi və cənazəsi türklərə təqdim olundu.
Osmanlı imperatorluğunun idarə olunması Osmanlı qoşunlarının əsas hissəsini akınçı adlandırılan atlı feodal qoşunları təşkil edirdi. Bu qoşun hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarət idi. Lakin süvari qoşun Osmanlı fəthlərinin tələblərinə cavab vermirdi. Xüsusilə qalaların alınması zamanı süvarilər lazımi rol oynaya bilmirdilər. İlk dəfə olaraq Orxan Qazi baş vəziri Əlaəddinin məsləhəti ilə muzdlu piyada və süvari qoşunları yaratdı. Orduda baş verən yeniliklərin biri də yeniçəri adlandırılan qoşun hissələrinin təşkili idi. Tabe ölkələrdə sağlam və qüvvətli uşaqları valideynlərin əlindən alır, müsəlmanlaşdırırdılar. Yeniçəriliyə qəbul edildikdən sonra onlar sultandan çoxlu bəxşiş alır və öz hökmdarlarına sədaqətlə qulluq edirdilər.
Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü sultan hakimiyyətinə ehtiyacları var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi. Sultandan sonra dövlətdə əsas vəzifəni baş vəzir tuturdu. Baş vəzir dövlətin möhürünü saxlayır, siyasi işlərə rəhbərlik edirdi. Vəzirlər, bəylərbəyi vəsancaqbəyilər də ona tabe idilər. Maliyyə işlərinə rəhbərlik edən vəzifəli şəxsə dəftərdar deyilirdi. Sultanın yanında Ali Məsləhət Şurası rolunu oynayan Divanfəaliyyət göstərirdi. Orxanın vaxtında ölkə ərazisi ilk dəfə olaraq inzibati vahidlər olan paşalıqlara və sancaqlıqlara bölündü. Paşalığın başında sultan tərəfindən təyin olunmuş və geniş səlahiyyələrə malik olan paşa dururdu. Sancaqlara isəsancaqbəyilər rəhbərlik edirdilər. Onlar həm də qoşun başçıları idilər.
XV əsrin ikinci yarısında Osmanlı imperatorluğu iki böyük canişinliyə-Anadolu və Rumeli bəylərbəyliklərinə bölünmüşdü Anadolu bəylərbəyiliyi Kiçik Asiya, Rumeli bəylərbəyiliyi isə Avropa torpaqlarını əhatə edirdi. Hər bəylərbəyiliyin başında bütün hərbi və inzibati hakimiyyəti əlində cəmləşdirən bəylərbəyi dururdu.
Osmanlı dövlətində torpaq mülkiyyətinin dörd forması mövcud idi:dövlət torpaqları, sultan ailəsinə məxsus torpaqlar, vəqf torpaqları, mülk. Sultan bütün torpaqların sahibi hesab edilirdi. Sultan ailəsinə və saraya məxsus torpaqlar səlcuqlarda olduğu kimi, osmanlılarda da xass adlanırdı. Ən böyuk torpaq sahibliyindən biri də şəxsi adamların əlində olan mülk idi. Osmanlı imperatorluğunda da dini idarələrə, ruhanilərə və məscidlərə məxsus olan vəqf torpaq mülkiyyəti forması mövcud idi.