Oğuzlar 24 boydan ibarət idilər. 12 boy boz oxlar, 12 boy isə üç oxlar adlanırdı. Hər boyun öz nişanı var idi. Qayı, qınıq bayat boyları çoxsaylı və nüfuzlu idi. VII əsrin əvvəllərində Göytürk dövlətinin tərkibində 9 oğuz tayfa ittifaqı var idi. Bu imperatorluq 634-cü ildə dağılandan sonra Tola-Selenqa hövzəsində yaşayan 9 oğuzlar birləşib xaqanlıq yaratdılar.
II Göytürk imperiyası dövründə oğuzlar onun tərkibinə daxil oldular. Uyğur dövləti meydana gələndən sonra uyğurların himayəsinə keçdilər. Oğuzlar uyğurlara qarşı üsyan qaldırdılar və məğlub olub Qərbə köç etdilər. Uyğur dövləti dağılandan sonra bu köçlər davam etdi, onlar Mərkəzi Asiyada məskunlaşdılar və Qaraçuq dağlarından Xəzər dənizinə qədər ərazidə hakim oldular. Oğuzların ərazisi, təsərrüfatı. Oğuzlar IX-X əsrin birinci yarısında Xəzərin şərq sahillərindən Seyhun (Amudərya) çayına qədər olan ərazidə yaşayırdılar. Oğuzların əksəriyyəti köçəri həyat sürür, əsasən, maldarlıqla məşğul olur, qoyun, at, dəvə saxlayırdılar. Oğuzların bir qismi oturaq həyat sürürdülər. Onların Səbran, Sərpan, Qaraçuq, Karnaz və digər şəhərləri var idi. XI əsrdə oğuzlar bir sıra dövlətlərlə ticarət aparırdılar. Oğuz elindən ən böyük ticarət yolu Xarəzmdən Idil bölgəsinə gedirdi. Oğuz" dövlətinin yaranması. Daxili və xarici siyasət. X əsrin ortalarında Seyhun çayı və Xəzər dənizi arasındakı türk boyları birləşdi. Bu ərazilərdə, mənbələrdə göstərildiyi kimi, Oğuz dövləti və yaxud Yabqu dövləti adlanan dövlət meydana çıxdı. Mərkəzi Yenikənd idi. Dövlətin başında yabqu (hökmdar) dururdu. Yabqudan sonra ordu başçısı olan subasi böyük səlahiyyətə malik idi. Yabqunun naibi və ya vəkili gülərgin adlanırdı. Hökmdarın yanında vəzifədə işləyən əsilzadələrə yınal titulu verilirdi. Şəhərlərdən vergi yığan məmur təhsildar adlanırdı. X əsrin sonunda Oğuz dövləti heç bir dövlətdən asılı olmayan qüdrətli bir dövlətə çevrildi. Oğuzların qonşu ölkələrlə əlaqəsi zəif idi. Oğuzlar peçeneqlərə qarşı Xəzər dövləti ilə ittifaqa girdilər. Lakin X əsrin sonunda onların münasibətləri pisləşdi, oğuzlar xəzərlər üzərinə yürüşlər etdilər və onları məğlubiyyətə uğratdılar. Rəvayətə görə, oğuzların son hökmdarı Əli xan olmuş, bu dövlətin varlığına təqribən 1000-ci ildə qıpçaqlar son qoymuşlar. Oğuzların islamı qəbul etməsi. Oğuz axınları. İslama qədər oğuzlar qədim dinləri olan Göy tanrı dininə inanırdılar. 950-ci ildə 2000 çadırlıq türk islamı qəbul etmişdir. XI əsrin sonu - XII əsrin əvvəllərində islam dini hakim din oldu. İslam dinini qəbul edən oğuzlar X əsrdən türkmən adlandırılmağa başladılar. Oğuz dövlətinin dağılmasının səbəbi daxili çəkişmələr və qıpçaqların hücumları idi. Oğuzların bir qismi Xəzər dənizinin şimalından keçib şərqi Avropaya getdilər. Bunları uzlar adlandırırdılar. Uzların bir hissəsi Dunayı keçib Balkan yarımadasına köçdülər. Bir hissəsi Kiyevdən cənubda yerləşdilər. Balkanlarda olan uzların bir hissəsi Rumıniyanın Dobruca bölgəsində məskunlaşdı, onlar bugünkü qaqauzların əcdadlarıdır. Kiyevin cənubunda məskunlaşmış oğuzlar xristianlığı qəbul edəndən sonra slavyanlaşdılar. Oğuz türklərinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana axınları hələ VI əsrin sonu - VII əsrin əvvəllərində başlamışdı. Qaraqoyunlu və Ağqoyunlu tayfa ittifaqları bu dövrdə Dərbənd keçidi ilə Azərbaycana gəlmişdilər. Sonralar oğuzlar XI əsrdə İran, İraq, Anadolu və Azərbaycana yayıldılar. Oğuzlar Böyük Səlcuq imperatorluğu, Səlcuq dövlətləri, Türkmən bəylikləri, Atabəyliklər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətləri, Osmanlı imperatorluğu və digər dövlətlər yaratmışlar. Bu gün Türkmənistan, İran, İraq, Suriya, Azərbaycan, Türkiyə, Kipr və Balkanlarda yaşayan türklərin əcdadları oğuzlardır. Oğuzlar XI əsrin 30-40-cı illərində Azərbaycana gəlmiş, yerli türk xalqları ilə qaynayıb-qarışmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər.