Dövlət — bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıq. Dövlət müəyyən idarəetmə üsuluna, qanunvericilik sisteminə, güc strukturlarına, atributlara və s. sahib olur və öz varlığını nəzarət etdiyi ərazinin bütün hissələrinə yayır. Tarix boyu dövlət müvafiq ərazidəki cəmiyyəti idarə etmək mexanizminə sahib bir təşkilat olaraq çıxış etmişdir. Bu dövlət anlayışı ilə bağlı oturmuş elmi və ümumiləşdirilmiş tərifdir. Dövlət anlayışı çox geniş və əhatəli mövzudur. Dövlət anlayışına bir neçə konseptual yanaşma mövcuddur:
1. Teoloji yanaşma. Səmavi dinlərə görə dövlətin mənşəyi ilahi gücdür. Roma papası XI Leo dövləti «Tanrının hədiyyəsi» adlandırır. Bu yanaşmaya əsasən dövlət hökmdarın üstünlüyü demək deyil və dövləti idarə edən dövləti sülh içində idarə etməli və xalq üçün ən yaşı qərarları verməlidir. Dövlət şəxsi mülkiyyəti qorumalı, insan hüquqlarına hörmət olunmalı və işçilərin sahibləri tərəfindən istismar edilməsinə yol verilməməlidir.
2. Hüquqi yanaşma. Bu yanaşmaya əsasən dövlət hüquqi bir varlıqdır və millətin hüquqi təcəssümüdür. Normativist alim Kelzen dövləti hüququn və insan hüquqlarının əsas qoruyucusu və təcəssümü kimi ifadə edir. Güc hüquqdan başqası deyil.
3. Klassik yanaşma. Dövlət 3 elemetin kombinasiyasıdır — hakimiyyət, ərazi, əhali.
4. Kibernetik yanaşma. Dövlət elə bir xüsusi sistemdir ki, informasiya irəli və geriyə doğru hərəkət edir.
5. Sosioloji yanaşma. Dövlət elə bir sosiloloji fenomendir ki, yalnız sıx əlaqəli cəmiyyətdə mövcud ola bilər. Onlar bir-birinə məhkumdurlar. Lakin burada iki cərəyan mövcuddur. Birinci cərəyana əsasən dövlət toplumun özü kimi identifikasiya olunur, lakin xüsisi təşkilati quruluşa sahibdir. İkinci cərəyanda isə dövlət və toplum ayrı anlayışlar olaraq qəbul edilir. Dövlət — xüsusi quruluşlu bir təşkilatdır. Bu suallara cavab axtarılır-kimə və nəyə xidmət edir, məqsəd və hədəfləri nələrdir?
6. Liberal yanaşma. Bu konsepsiyaya əsasən dövlət" gecə qarovulçusu«dur. Dövlət iqtisadi və sosial münasibətlərə qarışmır. Dövlət iqtisadiyyata, mədəni həyata və digər proseslərə nəzarət etmir. Dövlət sadəcə „Oyunun qaydaları“nı müəyyən edir — hüquq normalarını yaradır, ictimai asayişi qoruyur.
Bəs dövlət necə oldu ki ortaya çıxdı? Bu suala cavab tapmaq üçün 4 əsas nəzəriyyə ortaya atılmışdır:
1. Güc nəzəriyyəsi. Anlaşılması ən asan nəzəriyyədir. Bu nəzəriyyəyə görə dövlət müəyən qüvvələrin aqressiyası nəticəsində yaranmışdır. İnsanlar zorla nəzarət altına alınmış və dövlət qurulmuşdur.
2. İlahi hüquq. Dövlət Tanrı tərəfindən yaradılmışdır və dövləti ancaq kral ailəsindən olan insanlar idarə edə bilərlər. İnsanlar Tanrı ilə əlaqə içindədirlər, kral və ya kraliça bir növ vasitəçi, nümayəndə kimi çıxış edir. Onlara itaətsizlik isə böyük günah sayılır.
3. İctimai müqavilə. Bu nəzriyyəyə görə insanlar özlərini qorumaq üçün razılaşaraq dövlət deyilən sistemi yaratmışlar. Onlar müəyyən qaydalar altında yaşamağa razılaşmış, bunun qarşılığnda isə dövlətdən öz həyatlarının, azadlıqlarını və mülkiyyətlərinin qorunması ilə bağlı zəmanət almışlar.
4. Təkamül nəzəriyyəsi. Dövlət sadə ailə quruluşundan törəmişdir. Bir ailə genişlənərək qohum ailələri tərkibinə qatmış, qəbiləyə, tayfaya çevrilmiş, daha sonra digərlərini də tabeliyi altına alaraq dövlətə çevrilmişdir.
Dövlət anlayışı ilə bağlı bir sıra alimlərin də maraqlı yanaşmaları olmuşdur. Bunlardan Tomas Hobbsın yanaşması xüsusi yer tutur. Hobbs qeyd edir ki, bəşəriyyətin təbii vəziyyəti insanlar arasında zorakılıq meylinin və ölüm qorxusunun hökm sürdüyü, hər kəsin öz gücü və imkanları ilə həyatda qalmaq və istədiyi hər şeyi etməyə haqqının olduğu, bu baxımdan da davamlı olaraq münaqişələrin hökm sürdüyü xaotik bir vəzyyətdir. Belə bir vəziyyətdə cəmiyyətdəki insanların hamısını müəyyən bir düzən altında saxlayacaq pozitiv bir qanunun yoxluğundan fərdin öz həyatını, təhlükəziliyini qorumaq üçün hər cür vasitəyə əl atmaq təbii haqqıdır. Hər kəsin öz-özünü mühakimə etməsi, bu təbii vəziyyət cəmiyyətdə davamlı olaraq güvənsizlik, qorxu və egoizm hisslərinin yüksəlməsinə gətirib çıxarır.
Hobbsa görə belə bir cəmiyyətdə insanlararasındakı münasibətləri müəyyən edən yeganə amil həyatda qalmaq istəyidir. Bu şəraitdə insanların bir-birlərini öldürmələrinə səbəb bir çox vaxt müəyyən bir şeyi eyni anda bir neçə insanın əldə etmə istəyi olur. Əldə edilməyə çalışılan şey elə bir şeydir ki, nə şərikli istifadə oluna bilər nə də bölüşülə bilər. Və o şeyə ən güclü sahib olacaq, ən güclünün kim olduğuna isə qılınc qərar verəcək.
Bu müəyyənsizlik, ölüm qorxusunun hökm sürdüyü, hər an təhlükənin gözlənildiyi şərait insanları bu təbii şəraitdən çıxıb sivil bir cəmiyyət, yəni dövlət qurmağa sövq edir. Daha sonra isə insanlar birgə hüquqlar işləyirlər və o hüquqlara itaət etməyə başlayırlar. Artıq insanlar istədiyini əldə etmək üçün istənilən hər yola əl atmaq haqqından vaz keçmiş və ümumi hüquqlar, müəyyənləşmiş bir düzən altında yaşamağa başlamışlar. Bu yeni şərait, yəni dövlətli cəmiyyət „İctimai müqavilə“ əsasında formalaşmışdır.
Tomas Hobbsın yanaşması əslində anarxizm (dövlətsizlik) ideyasının üstündən xətt çəkmiş olur. Ola bilər ki, anarxizm publikanın çox kiçik azlığını təşkil edən müəyyən üstün inkişaf etmiş qismini məmun edə bilər və onlara tam azadlıq verə bilər, amma bir baxaq görək toplumun hamısı buna hazırdırmı? Faktiki olaraq toplumda hər an „zəncirlərin qırılmasını gözləyən“ aşağı təfəkkürlü, inkişaf etməmiş insanlar da vardır ki, dövlətsizlik şəraiti onlara öz əməllərini sərhədsiz şəkildə həyata keçirmək imkanları açacaqdır. Nəticədə isə azad olacağımızı düşünərkən, əksinə tam əksinə sadəcə gücün rol oynadığı və güclünün söz sahibi olduğu bir şəraitə girəcəyik.
Mən özüm nə anarxizmi (dövlətçilik), nə də güclü nəzarət mexanizmləri olan bir dövlət quruluşunu dəstəkləyirəm. Fikrimcə, dövlət „gecə qarovulçusu“ funksiyasını yerinə yetirməlidir, ehtiyac olduqda öz müdaxilələrini etməli və bütün prosesləri xalqa sərf edəcək, xalqın rifah səviyyəsini yüksəldəcək şəkildə istiqamətləndirməlidir. Lakin faktiki olaraq dünyadakı bir neçə dövləti — Almaniya, İsveçrə, Skandinaviya ölkələri — çıxmaq şərtilə dünyada hansısa bir dövlətin xalq üçün işlədiyini söyləyə bilmərik. (Əslində adlarını çəkdiyimiz dövlətlər belə tam olaraq xalqa xidmət etməklə məşğul deyillər.) Özəyi insan hüquq və azadlıqları üzərinə qurulmuş ABŞ-da belə „Occupy Wall Street“ deyə bir hərəkat başlamışdır. 1 ilini tamamlayan hərəkat bu il də güclü toqquşma ilə yadda qaldı. Digər bir örnək, əsası proletar hüquqları, insanların bərabərliyi prinisipi ilə qurulmuş Sovet hökumətində Stalinin və digər rəhbərlərin malikanələri, sərhədsiz imtiyazları və səlahiyyətləri, digər vəzifəli şəxslərin həm maddi həm nüfuz olaraq digərlərindən üstün olması vəziyyəti olmuşdur.
Belə bir vəziyyətdə heç kim deyə bilməz ki, dünyada indiyə qədər mövcud olmuş hansısa quruluş, hansısa dövlət xalqa xidmət etmişdir. Heç bir dövlət əslində xalqa xidmət etməz. Ehtiyac olduğu vaxt xalqın istəkləri, maraqları tapdana bilər. Bir dövlətin məqsədi xalqa, publikaya xidmət etmək ola bilməz. Dövlət faktiki olaraq nəzarət etdiyi müvafiq ərazidə (hakimiyyətə gəlmə şəklindən, idarəetmə üsulundan asılı olmayaraq) insanların həyatına nəzarət mexanizmlərinə sahib bir orqanizm kimi çıxış edərək toplumdakı prosesləri müvafiq oliqarxiyaya uyğun şəkildə istiqamətləndirir. Nəticədə ən əsas qərarlar dövlətin təpəsində duran bir və ya bir neçə şəxs tərəfindən verilə bilir. Dövlət bizdən bizim razılığımızı alaraq yarandı, gücünü bizdən aldı, amma heç bir zaman bizə xəyanət etməkdən çəkinmir...