Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri

Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri

Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
Konstitusiyanın inkişaf mərhələləri Azərbaycanın ictimai və dövlət quruluşunda baş verən dəyişikliklərlə əlaqədardır. Konstitusiya dövrə uyğun dövlətə, hüquqa, onların cəmiyyətdə roluna, iqtisadi və sosial siyasətə, sovet adamının (belə adlandırılan) vəziyyətinə hakim baxışın izlərini özündə daşıyırdı.
Sosialist tipli konstitusiyalar kimi, Azərbaycan SSR-in bütün konstitusiyalarına ümumi əlamətlər, cizgilər xasdır. Belə ki, 1921-ci il Azərbaycan SSR Konstitusiyasının keçid dövrü üçün əsas vəzifəsi mülkədar, burjua siniflərinin, insanın insan tərəfindən istismarının ləğv edilməsi və sosializmin yaranması məqsədilə şəhər və kənd proletariatı, kasıb kəndlilərin diktaturasının qurulması olmuşdur.
1978-ci il Azərbaycan SSR-in Konstitusiyası 1921, 1927 və 1937-ci illər Azərbaycan SSR-in konstitusiyalarının varisi olduğunu təsdiq etdi. Onun preambulasında ölkə həyatı üçün başlıca olan kommunizm ideyaları əks olunurdu. Dövlətdə və cəmiyyətdə 1978-ci il Azərbaycan SSR Konstitusiyası və Sovet İttifaqı Kommunist Partiyasının rəhbər rolunu möhkəmləndirdi. Azərbaycan SSR-in iqtisadi sisteminin əsası kimi o dövlət (ümumxalq) və kolxoz-kooperativi mülkiyyətini təsdiq etdi, ciddi mərkəzləşməyə əsaslanan planlı təsərrüfatı iqtisadi sistemin əsaslarından biri kimi təsbit etdi.
Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi.
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. 1995-ci ilin yayında Konstitusiya komissiyasının iclası çağırılmış və 1995-ci ilin payızında Konstitusiya komissiyası Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi üzərində öz işini davam etdirərək, onu 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsinə çıxarmışdı.
Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı - respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:

  1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
  2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
  3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;
  4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;
  5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;
  6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;
  7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;
  8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 147).
Bir ictimai formasiyadan digərinə keçid bütövlükdə cəmiyyət həyatının müxtəlif sferalarında köklü dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion dəyişikliklərin edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Bu əlavə və dəyişikliklərin edilməsi respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir.

Həmçinin bax: Konstitusiya

Top