Neoliberalizmin görkəmli nümayəndəsi, müasir neoliberalizmin banisi hesab olunan London məktəbinin iqtisadçısı Fridrix Avqust fon Xayek (1899-1992) Avstriyada anadan olmuşdur. O Vyana Universitetini bitirmiş, 30-cu illərdə siyasi və hüquqi elmlər üzrə elmi dərəcə almış, yeni Avstriya məktəbinin liderlərindən birinə çevrilmişdir. Sonralar, 1931-ci ildə London məktəbində dərs demiş, 1952-1962-ci illərdə
Çikaqo Universitetinin professoru olmuşdur. 70-ci illərdə Keynsin makroiqtisadi nəzəriyyəsinin böhranı F.Xayekdə onun ideyalarına maraq oyatmışdır.
F.Xayek ictimai fikir tarixində fəlsəfə, psixologiya, sosiologiya məsələləri ilə məşğul olmuş, əsasən də iqtisadi nəzəriyyənin fəlsəfi problemlərinə daha çox diqqət yetirmişdir. "Pul nəzəriyyəsi və iqtisadi tsikl" (1923), "Qiymət və istehsal" (1931), "Mənfəət, faiz və investisiya" (1939), "Kapitalizmin xalis nəzəriyyəsi" (1941), "Quldarlığa gedən yol" (1944), "Azadlıq Konstitusiyası" (1960), "Hüquq qanunauyğunluqları və azadlıq" (1979) əsərlərində bazar qaydalarının iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarını işləyib hazırlamışdır. Onun bu xidmətləri müqabilində iqtisadiyyat üzrə Nobel mükafatına (1974) layiq görülmüşdür.
F.Xayekin təsərrüfat fəaliyyətinin təşkili üçün işlədiyi sosial iqtisadi ideyaları çoxcəhətlidir. İqtisadi dünyagörüş, insanların iqtisadi davranışı, mikroiqtisadi təhlil, iqtisadi tədqiqatlarda makro və mikro iqtisadi təhlilin əlaqələndirilməsi, iqtisadi qayda və səmərəlilik məsələləri onun tədqiqatının əsas mövzuları olmuşdur.
F.Xayekin nəzəriyyəsinin əsasını iqtisadi elmlərin dərk olunması prosesi təşkil edir. Göstərir ki, iqtisadi hadisələrdə dəyişikliklər baş verdiyi üçün, onlar qeyri-müəyyən və qeyri-bərabər inkişaf edirlər.İqtisad elmi bu hadisələri proqnozlaşdırır və inkişaf meyllərini izləyir. Buradan da F.Xayek insan biliyinin məhdudluğundan iqtisad elminin predmetini, məqsəd və vəzifələrini müəyyən etməyə çalışır. Belə hesab edir ki, iqtisad elmi iqtisadi mənafenin təmin edilməsi üçün iqtisadi ehtiyatlardan daha səmərəli istifadə edilməsi probleminin tədqiqi ilə məşğul olmalıdır.
F.Xayek belə hesab edir ki, cəmiyyətin təşkili və inkişafı, yenidən qurulması plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül yolu ilə baş verir. Cəmiyyəti təşkil edən insanlarda şüurlu şəkildə yox, daxili qanunauyğunluqlardan çıxaraq fəaliyyət göstərirlər. İnsan şüuru müəyyən dərəcədə hadisələr arasındakı əlaqəni başa düşür, ancaq onları idarə etmək olmaz. O bunu insan biliyinin məhdudluğu ilə əlaqələndirir. Göstərir ki, insan biliyi, əqli, zəkası məhduddur. Həmçinin biliyin bir hisəsi şəxsidir, başqasına ötürülə bilmir. Fərdi bilik konkret məlumatların məcmuusu deyil, dəyişən şəraitdə insanlara kömək edən vasitədir.
F.Xayekə görə biliyin tam olmaması, məhdudluğu onların insanlar arasında səpələnməsinə, bölüşdürülməsinə gətirib çıxarır. İctimai əmək bölgüsü nəticəsində iqtisadi hadisələr haqqında məlumatlar da müxtəlif şəxslər arasında bölüşdürülür. Bu da iqtisadi dünyagörüşün, iqtisadi təfəkkürün müxtəlifliyinə səbəb olur. Belə halda problemlərin əlaqəli şəkildə həllinin zərurilyi yaranır. Beləliklə o insan biliyini iqtisadi hadisə və proseslərin müşahidə edilməsinin, öyrənilməsinin, mənimsənilməsinin fasiləsiz prosesi hesab edir.
F.Xayek "geniş qayda" nəzəriyyəsində cəmiyyətin daxili qanunauyğunluqlar əsasında inkişafından çıxaraq A.Smitin "gözə görünməz əl" nəzəriyyəsinə oxşar bir fikir irəli sürür. Göstərir ki, bir-birilə əlaqəsi olmayan insanlar arasında geniş fəaliyyət mübadiləsi baş verir. Öz məqsədlərini güdən hər bir fərdin öz maraqları naminə göstərdiyi fəaliyyəti başqa fərdlərin, təsərrüfatların iqtisadi maraqlarının reallaşması üçün şərt olur. Nəticədə müxtəlif fəaliyyətli insanlar arasında geniş əlaqələr "geniş qayda" yaranır. Bu qaydalar kortəbii və şüurlu ola bilər. Öz-özünə yaranan qaydalar təkamül yolu ilə yaranıb, inkişaf etdiyi üçün cəmiyyətin inkişafının təbii prosesidir. Burada daha əsas məlumatların vaxtında toplanması və istifadə edilməsidir. Daxili səbəblərdən törəyən qaydalar insan şüurunun deyil, insan fəaliyyətinin nəticəsidir.
Liberalizmin başlıca ideyasını təşkil edən iqtisadi azadlıq, insan azadlığı F.Xayekin iqtisadi fəlsəfi baxışlarının əsas prinsipini təşkil edir. "Quldarlığa gedən yol" kitabında insanların iqtisadi azadlığına böyük əhəmiyyət verir və göstərir ki, yalnız bu halda insanlar öz biliklərini səmərəli tətbiq edə bilərlər. Azadlıq isə dövlət tərəfindən məhdudiyyətlərin və məcburiyyətlərin ləğvi deməkdir. Bu azadlıqdan imtina edilməsini geriyə-diktaturaya doğru, quldarlığa doğru qayıtmaq kimi qiymətləndirmişdir.
İqtisadi azadlığın yeganə əsasını xüsusi mülkiyyətdə görən F.Xayek dövlətin iqtisadiyyata hədsiz müdaxiləsini bu azadlıqların pozulması kimi qəbul edir. Buna görə də dövlət müdaxiləsinin genişlənməsinə qarşı çıxır, bütün sahələrdə onun fəaliyyətinin məhdudlaşdırılmasını təklif edir. Dövlətin rolunu yalnız sosial sahədə, pensiya və yardımların verilməsində görürdü. Onun təhsil, mənzil, sosial sistemində fəaliyyətini inzibati idarəçilik hesab edir.
F.Xayekin metodologiyasının ümumi xarakteri ondan ibarət olmuşdur ki, iqtisadi və sosial hadisələrin öyrənilməsində ayrı-ayrı təsərrüfatların, fərdlərin fəaliyyətlərinin təhlil edilməsinə üstünlük verilmişdir. O, makroiqtisadi təhlili qəbul etməmiş, ona mənfi yanaşmışdır. Göstərmişdir ki, mikroiqtisadi proseslərin təhlil olunması və başa düşülməsi bütövlükdə iqtisadiyyatın funksiyasını başa düşmək üçün kifayətdir. Xırda islahatlar başlıca dəyişikliklərin əsasıdır. F.Xayek fərdçiliyə üstün yer verməsinə baxmayaraq insanların davranışlarının müəyyən qaydalara uyğunlaşdırılmasını lazım bilmişdir. Onun fikrincə bu qaydaların formalaşması heç kimin nəzarət edə bilmədiyi təkamül prosesidir.
Lakin təsərrüfat sistemlərinin uzunmüddətli inkişaf istiqamətləri də onun diqqət mərkəzində olmuş və təsərrüfat qərarlarının qəbul olunmasında qeyri-mərkəzləşmə prinsipinə əsaslanan bazarlar arasında qarşılıqlı əlaqəni əks etdirən ümumi tarazlığın modelini işləyib hazırlamışdır. Burada istehsal amillərinin mülkiyyətçisi və istehlakçısı kimi ev təsərrüfatı, istehsal amillərinin və xidmətlərinin istehsalçıları və alıcıları kimi isə firmalar çıxış etmişlər. (Kapitalizmin xalis nəzəriyyəsi). Beləliklə, iqtisadi tədqiqatlarda mikro və makro təhlili əlaqələndirmişdir.
F.Xayekin təhlil etdiyi sahələrdən biri də bazar qaydalarının iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarının işlənməsidir. Maddi nemətlərin istehsalında, bölüşdürülməsində və istehlakçılara çatdırılmasında bazar qaydalarının yenidən işlənməsi və tədqiq olunmasını birləşdirərək göstərmişdir ki, bazar sistemində iqtisadi subyektlər arasında məlumatların daha tez toplanması və səmərəli istifadə edilməsi mümkün olur. Bunun nəticəsində insanların bilikləri də genişlənir. Əgər insanlar məlumatları vaxtında toplaya bilmirlərsə onda öz mənafelərini fəaliyyətləri ilə əlaqələndirə bilmirlər.
F.Xayek bazar qaydasının iqtisadi tərəfi kimi məhsulların qiymətini əsas götürür. Göstərir ki, bazar qiyməti bazar subyektləri üçün operativ geniş informasiya mənbəyidir. Bunun vasitəsilə fəaliyyətlər biri-biri ilə əlaqələndirilir. Biliklərin genişlənməsi və yeni biliklərin axtarışına maraq isə rəqabət yaradır. Burada o, bazar mexanizminin ikinci əsas elementi kimi rəqabətə əsas üsütünlük verir.
F.Xayek bazarın fəlsəfi anlamını işləyib hazırlayır. Hər şeydən əvvəl göstərir ki, rəqabət yığılmış, toplanmış biliyin üzə çıxarılması, aşkar edilməsidir. Eyni zamanda rəqabət bu biliklərin iqtisadi ehtiyatların operativ variantlarının və yeni texnologiyanın səmərəli təşkilinin, istifadə edilməsinin axtarılmasına yönəldilməsidir. Yəni insanlar müəyyən məqsədə çatmaq üçün qeyri-müəyyən ehtiyatların səmərəli üsullarını axtarmağa məcbur olurlar və beləliklə insanların fəaliyyətləri genişlənir və təkmilləşir. Bazarın "görünməyən əli" ilə cəmiyyətdə səpələnmiş əməkdən daha səmərəli istifadə olunur. Biliklərin, fəaliyyətlərin səmərəli əlaqələndirilməsi isə ehtiyatların səmərəli bölüşdürülməsinə səbəb olur.
Beləliklə, F.Xayek ancaq bazar iqtisadiyyatı şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olduğunu irəli sürür. Daxil olan məlumatları kifayət qədər və tam mənimsəməyən mərkəzi planlaşdırma qiymətin, tələbin elastikliyindən asılılığını həyata keçirə bilmir, bazarın tələbinə, bazardakı dəyişikliyə daha tez və məhsuldar reaksiya verə bilmir. Buna görə də sosializmin məqsədinin faktiki olaraq həyata keçmədiyini qeyd edir.
F.Xayek bazar qaydalarında sosial bərabərsizliklərin mövcudluğunu qəbul edir və bunu belə əsaslandırır ki, rəqabət mübarizəsində insanların fəaliyyəti üzə çıxır, müəyyən olur. Belə ki, rəqabət mübarizəsinin nəticəsində insanların fəaliyyətinin müxtəlifliyi onların gəlirlərində qeyri-bərabərlik yaradır ki, bu da qanunauyğun bir prosesdir.
F.Xayek həmin dövrlərdə başlıca kapitalist dövlətlərinin iqtisadiyyatlarında mövcud olan inflyasiya probleminə də biganə yanaşmamış, onun səbəblərini və tənzimlənməsi yollarını özünəməxsus formada izah etmişdir. "Pul nəzəriyyəsi və iqtisadi tsikl" əsərində göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələri bazarda qiymət dəyişikliyinə müxtəlif cür reaksiya verdiyindən hər bir əlavə pul təklifinə qiymətlər müəyyən vaxtlarda - nisbətən tez və ya gec reaksiya verirlər. Nəticədə qiymətlər nisbətində qeyri-bərabərlik yaranır ki, bunu da inflyasiyanın mənbəyi hesab edir. Bundan çıxış yolunu dövlətin pul buraxılışı üzərində inhisarçılığını aradan qaldırmaqda və pulun qısamüddətə ixtisarında görür.
F.Xayek iqtisadiyyatın struktur quruluşunun pozulmasını işsizlik, inflyasiya halları ilə əlaqəli olduğunu qeyd edir və özünün tsiklin pul-kredit nəzəriyyəsində bunu təhlil edir. Göstərir ki, istehsalda əmək haqqı ilə istehlak şeylərinin qiymətləri arasında dəyişiklik baş verir. İstehlak şeylərinin qiymətinin qalxması real əmək haqqını aşağı salır.Nominal əmək haqqının artırılmasına çalışan insanlar nəticədə əmək təklifini artırır ki, bu da iş qüvvəsi bazarında gərginlik yaradır. Bu halda dövlətin kənardan süni müdaxiləsini inkar edərək, ancaq qiymətlər nisbətinin möhkəmliyinin bərpa olunmasını tövsiyə edir.
Eyni zamanda istehlak şeyləri ilə bərabər istehsal vasitələrinin də qiymətlərinin dəyişməsinin istehsalın quruluşuna mənfi təsirini qeyd edir və göstərir ki, bunlar son nəticədə iqtisadi artım tempini zəiflədir. Bunun səbəbini süni kredit faizinin genişlənməsində görür. Belə ki, süni kreditlər investisiya prosesini genişləndirir, maliyyə ehtiyatlarının istehsal vasitələrinə yönəldilməsi əlavə ehtiyatlar cəlb etməyə imkan verir, bu isə onların qiymətini qaldırır. Resurs ehtiyatı daha çox istehsal vasitələrinə yönəldiyindən istehlak şeyləri nisbətən az istehsal olunur. İstehsal vasitələri istehsal edən sahələrdə əmək haqqının artımı istehlak şeylərinə ehtiyacı artırır və bu sahənin istehsalı məhdud olduğundan qiymətlərin qalxması baş verir, nəticədə bu sahənin də inkişafı üçün şərait yaranır.Xayekə görə əgər kreditin süni stimullaşdırılması dayandırılarsa mövcud ehtiyatlar yenidən bölüşdürülməli olur, bu da azad surətdə baş vermir. Bəzi sahələrdə qiymətlərin qalxması nəticəsində iqtisadi ehtiyatların artıqlığına gətirib çıxarır. Bu isə iş qüvvəsinə olan tələbi aşağı salır.
Qeyd etmək lazımdır ki, F.Xayekin tarazlıq konsepsiyası da fərdlərin iqtisadi azadlığının təmin olunmasına yönəldilmişdir. Burada dövlətin rolunun genişləndirilməsinin əleyhinə çıxır. Bazar qaydalarının öz-özünə tənzimlənməsini ən səmərəli sosial sistem hesab edir. Cəmiyyət üzvləri arasında sosial ədalət axtarılması fikrini qəbul etmir və buna cəhdi inkişafın ilkin mərhələsinə qayıtmaq kimi qələmə verir.