Süd dişi

Süd dişi

Süd dişinin vaxtından əvvəl çəkilməsi hansı fəsadlara yol aça bilər?
Süd dişi vaxtından əvvəl çəkilərsə, onun yeri boş qaldığı üçün həm qarşı diş uzanır, həm də yanındakılar böyüyərək onun boşluğunu doldururlar.
Nəticədə dişlərin deformasiyası prosesi baş verir. Buna görə də sonradan çıxan dişlər özünə yer tapmır və əyri bitir. Çəkilən dişin yeri qorunmalıdır. Süd azı dişlərinin dəyişməsi 9 yaş civarında başlayır və 12 yaşa qədər davam edir. 6-7 yaşda süd azı dişləri dəyişmədən ən arxada birainci daimi azı diş çıxır, 7-8 yaşda alt ön süd dişləri dəyişir. 12-13 yaşda daimi dişlər süd dişlərini əvəzləyir. Dişlərin gec çıxmasına genetik faktorlar da təsir edir.
Çoxlu miqdarda qida yığılan yerdə tüpürcəkdəki kalsiumun toplanması ilə dişin üzərində sarı rəngli daşlar əmələ gəlir. Belə olduqda diş daşları təmizlənməlidir. Çünki daşlar diş ətinin formasını pozur, hətta yumşaldaraq tez-tez qanamasına səbəb olur. Tərkibində dəmir elementi olan dərmanlardan istifadə olunduğu üçün bəzən dişlərdə qara rəngli ləkələrə də rast gəlinir, lakin bu durum təhlükəli deyil.
Ümumiyyətlə, dişlərdə nasazlıq yaranan zaman həkimə müraciət olunmalıdır. Çünki dişlər də digər orqanlar kimi vaxtında və düzgün qulluq tələb edir.

Süd dişləri çürüyübsə, nə etməli?

Süd dişləri əsasən 6 aylıqdan çıxmağa başlayır və 20 ədəd dişin hamısı üç yaşa qədər çıxıb tamamlanmış olur. 3-6 yaş arası ağızda, sadəcə, süd dişləri olur. Süd dişləri çürüyübsə, dişlərin dəyişəcəyini düşünüb gözləmək doğru deyil. Çünki süd dişləri də ağrıyır və sifət şişir. Müalicə olunmayan diş digər dişə də zərər vurur. Bu zaman antibiotikdən istifadə etməklə kifayətlənmək olmaz, həmin diş ya müalicə olunmalı, ya da çəkilməlidir.

Dişlər hər zaman qulluq tələb edir

Mütəxəssislər yeniyetmələrdə rast gəlinən diş daşlarının uşaqlarda da olduğunu bildirirlər. Süd dişlərindən daimi dişlərə keçidin önəminə diqqət çəkən həkimlər bu dövrdə istifadə edilən şəkər və şokoladın zərərli olduğunu vurğulayırlar. Süd dişləri ağızda görünən andan etibarən onları fırçalamağa başlamaq və 6 aydan bir həkim müayinəsindən keçirilməli və qoruma tədbirləri görülməlidir. Süd dişlərinin daimi dişlə əvəz olunmasına qədər sağlam qalması üçün onları təmiz saxlamaq və çox yaxşı fırçalamaq məsləhət görülür. Bundan başqa, qidalanmaya diqqət edilməlidir. Fırçalama üçün ən uyğun zaman səhər və axşam yeməyindən sonrakı vaxtdır.

Mənbə: Zaman qəzeti

Həmçinin bax: Süd dişlərinə qulluq

Top