TUNC DÖVRÜ e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir. Tunc təbiətdə hazır şəkildə olmur. Tunc misin, qalayın, sürmənin qatışığından alınır və möhkəm olur. Tuncdan hazırlanan əmək alətləri əmək məhsuldarlığını (Müəyyən vaxt ərzində insanın istehsal edə biləcəyi məhsulun miqdarı əmək məhsuldarlığı adlanır) artırdı. Tunc dövrü üç mərhələyə bölünür: erkən, orta və son tunc dövrü.
Son tunc dövrü. (E.ə. XIV-XII əsrlər). İbtidai icma quruluşunun sonuncu mərhələsi olan bu dövrdə əkinçilik, maldarlıq və sənətkarlıq ayrı-ayrılıqda inkişaf etdiyi üçün əmək məhsullarının bir-birinə dəyişdirilməsi - mübadilə yarandı. Beləliklə, e.ə. I minilliyin əvvəllərində, dəmir dövründə ticarət sənətkarlıqdan ayrıldı, yəni üçüncü böyük ictimai əmək bölgüsü baş verdi. Ticarətlə məşğul olan tacirlər təbəqəsi meydana gəldi. E.ə. III minilliyin birinci yarısına aid dəmir əşyalar Misirdə, Kiçik Asiyada aşkar olunmuşdur. Lakin dəmirdən geniş istifadəyə e.ə. XI əsrdə başlandı. E.ə. VIII əsrdən başlayaraq dəmir geniş yayıldı. E.ə. IX-VII əsrlərdə dəmirdən polad alınması onun geniş tətbiq olunmasına və yayılmasına səbəb oldu. Dəmir dövrünü əsasən e.ə. IX-VIII əsrlərə aid edirlər. Dəmirdən istifadə bəşər tarixində inqilabi rol oynadı, məhsuldar qüvvələr inkişaf etdi, ictimai quruluşda əsaslı dəyişiklik yarandı. Məhsul istehsalı çoxaldı, insanın insan tərəfindən istismarı gücləndi, xüsusi mülkiyyət yaranmağa başladı.
Erkən tunc dövründə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial bərabərsizlik yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla yer şumladıqda əvvəllər bir neçə adamın gücündən, sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni suvarma yarandı, iş heyvanlarından istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev heyvanlarının növü artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin əsası hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində bəslənməsinə başlandı. Maldarlar öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda, ya da qurulub-yığılan çadırlarda yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc dövründə maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı.
Dulusçuluq, metalişləmə, toxuculuq inkişaf etdi, tuncdan əmək alətləri (oraq, balta və s.), silah (qalxan, qılınc, döyüş baltası və s.), bəzək və məişət əşyaları (muncuq, tunc, boyunbağı, iynə, bıçaq və s.) hazırlayırdılar. İlk (erkən) tunc dövrünün ən böyük nailiyyətlərindən biri yazının icad edilməsi idi. Bu dövrdən başlayaraq ailədə və ictimai həyatda kişilərin rolu artdı. Xış əkinçiliyi, maldarlıq xüsusi dözüm tələb etdiyinə görə kişi peşəsinə çevrildi. Anaxaqanlığı ataxaqanlıq əvəz etdi. Nəsil ata xətti ilə müəyyən olunmağa başladı. E.ə. II minilliyin ortalarında orta tunc dövründə sənətkarlıq müstəqil sahəyə çevrildi, sənətkarlıq əkinçilikdən ayrıldı. Beləliklə, ikinci böyük ictimai əmək bölgüsü meydana gəldi. Dulus çarxından istifadə edildi, naxışlı və boyalı qablar istehsal olundu. Metaldan hazırlanan yeni keyfiyyətli məişət əşyaları, silahlar, əmək alətləri getdikcə çoxaldı.
Qəbilə ağsaqqalı hər bir ailəyə pay torpağı ayırırdı. Belə bir şəraitdə qəbilənin tərkibi də dəyişdi. Iri ailələr ayrı-ayrı ailələrə parçalandı. Bu ailələr yeni kollektivə çevrildi, nəticədə qonşu icması (kənd icması) meydana gəldi. Qəbilə və tayfalardan fərqli olaraq, qonşu icması qohum olmayan ailələrin qonşuluq əsasında qurulan kollektivi idi. Qonşuluq icmasında hər bir ailənin pay torpağı var idi, bu torpağı hər bir ailə özü becərir, onun məhsulunu da özü üçün toplayırdı. Qonşuluq icması bərabərsizliyin əsasını qoydu. Taxıl biçilib qurtardıqdan sonra onun yerindən mal-qara üçün birgə istifadə olunurdu. Torpaq, su, meşə, biçənək və otlaqlardan hamı istifadə edirdi. Onlar yolları, su kanallarını birgə çəkir, əkin sahələri üçün torpaq sahələrini meşədən birgə təmizləyirdilər.
Qəbilə ağsaqqalları torpağın və mal-qaranın yaxşısını özlərinə götürür, qəbiləni idarə etdiklərinə görə qəbilə üzvlərindən haqq alırdılar. Müharibə zamanı hərbi başçılar seçilir, ələ keçirilən qənimətlərin çoxu başçıya çatırdı. Qəbilə ağsaqqalları və hərbi başçıların həm sərvəti, həm də vəzifəsi irsən övladlarına keçirdi. Beləliklə, adlı-sanlı əsilzadələr yarandı. Bundan sonra insanların tayfadakı mövqeyi onun təcrübəsi və xidməti ilə yox, onun hansı ailəyə mənsub olması ilə müəyyən edilirdi.
Beləliklə, əmək alətləri və bunun əsasında məhsuldar qüvvələrin inkişafı, böyük ictimai əmək bölgüsünün yaranması, xüsusi mülkiyyətin, siniflərin, dövlətin meydana gəlməsi ibtidai icma quruluşunun dağılmasına səbəb oldu.
İlk dəmir dövründə insanlar arasında bərabərsizlik yaranandan sonra tayfa ittifaqlarının başçıları sərvətlərini qorumaq üçün döyüşçü dəstələri saxlayırdılar və nəticədə dövlət meydana gəldi. Dövlətin ərazisi, paytaxtı, ordusu, xəzinəsi yarandı. Kəndlilərdən piyada, varlılardan süvari ordu təşkil edilirdi. Müharibə zamanı dövlətlər muzdlu ordudan da istifadə edirdilər.
Azlıq təşkil edən varlılar öz hakimiyyətlərini döyüşçülərin köməyi ilə saxlayırdılar. Məzlum siniflər - kəndlilər və qullar istismar olunurdular. Qul əməyindən kənd təsərrüfatında, filiz şaxtalarında, möhtəşəm tikintilərdə (məbədlər, qalalar) və s. ağır işlərdə istifadə edilirdi. Beləliklə, quldarların əsas istehsal vasitələrinə və qullara tam sahib olduğu, qulların bütün istehsal vasitələrindən, şəxsi azadlıqdan məhrum edildiyi quldarlıq quruluşu meydana gəldi.