Dövlətin yaranması. Midiya əvvəllər müasir İranın mərkəzində yerləşən xırda vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə. VIII əs — rin sonunda Midiyada Deyok adlı canişin dövlət yaratmağa təşəbbüs göstərdi. O, Ekbatan (Həmədan) şəhərini saldırdı və oranı Midiya dövətinin paytaxtı elan etdi.
Aşşur hökmdarları Midiyaya tez-tez hücum edir, onun vilayətlərini talayır, hətta əhalini xərac verməyə məcbur edirdilər. Əhali aşşurlara qarşı müqavimət göstərirdi. Midiyalıların aşşurra qarşı mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları Aşşur dövlətinin əsarətindən xilas oldular. Onlar xırda vilayətləri bir mərkəzdə birləşdirib vahid dövlət yaratdılar.
Kiaksar. E.ə. VII əsrin 50-ci illərində Aşşur dövləti ilə Midiya arasında yenidən toqquşma oldu. Kaştariti Aşşura yürüş etdi. Əvvəl midiyalılarla dostluq edən kimmer, iskit və sak tayfaları bu döyüşdə aşşurlara kömək etdilər. Kaştariti həlak oldu. Midiya iskitlərin hakimiyyəti altında qaldı.
Kiaksarın dövründə Midiyada iskit ağalığına son qoyuldu. O, hərbi islahat keçirdi. Midiya ordusunu yenidən qurdu, onu nizəçi və oxçu dəstələrinə böldü. Süvariləri (atlıları) piyadalardan ayırdı. Güclü nizami ordu yaratdı.
Midiyanın işğalları. Midiya Aşşur dövlətinə qarşı Babil hökmdarı ilə ittifaqa girdi. Birləşmiş Midiya və Babil qoşunları e.ə. 616- 612-ci illərdə Aşşur, Arbela, Kalat şəhərlərini və paytaxt Ninevanı talan etdilər. E.ə. 605-ci ildə
Aşşur dövləti süqut etdi. Onun torpaqları Midiya və Babil arasında bölüşdürüldü. Bundan sonra Midiya Manna və Urartunu işğal etdi. Kiaksardan sonra oğlu Astiaq Midiyanın sonuncu hökmdarı oldu.
Midiyanın təsərrüfat həyatı. Midiyada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Dulusçuluq, toxuculuq, metalişləmə əsas sənətkarlıq sahələri idi. Metalişləmə sənəti daha geniş yayılmışdı. Səbəb dövlətin ərazisindən dəmir, qurğuşun, qızıl və s. metalların çıxarılması idi.
Ölkə ərazisində neft də var idi. «Midiya yağı» adlanan neftdən, əsasən, hərbi məqsədlər üçün istifadə edilirdi. Neftli parçanı oxlara bağlayıb od vuraraq düşmən üzərinə və yanğın törətmək üçün evlərin damına atırdılar.
Midiyanın süqutu. Qədim yunan tarixçisi Herodot yazırdı ki, Astiaq hakimiyyətini itirməkdən çox qorxurdu. O, bir yuxu görmüşdü. Yuxuyozanlar demişdilər ki, gələcəkdə qızından doğulacaq nəvəsi böyüyüb onu taxtdan salacaqdır. Qaydaya görə fars mənşəli şahzadə Midiya taxtına sahib ola bilməzdi. Ona görə də Astiaq qızını fars vilayətinin hakimi Əhəmənilər nəslindən olan I Kambizə ərə verdi. Rəvayətə görə, o, hətta nəvəsi II Kirin öldürülməsi haqqında gizli göstəriş də vermişdi. Güvəndiyi adamlar onun tapşırığını yerinə yetirmədilər, uşaq sağ qaldı və böyüyüb babasına qarşı çıxdı. Astiaqın sarayında fars meyilli qüvvələr getdikcə artırdı. Onlar II Kirin hakimiyyətə gəlməsinə çalışırdılar.
Babası Astiaqa qarşı üsyan edən II Kir 3 il mübarizə apardı. E.ə. 550-ci ildə qələbə çaldı və Ekbatan şəhərini tutdu. Beləliklə, Midiya dövləti süqut etdi və II Kir Midiya torpaqlarını öz ərazilərinə birləşdirib, Əhəmənilər nəslinin hakimiyyətinin əsasını qoydu.
Midiya mədəniyyəti. Qədim yazılı mənbələr və əfsanələr Midiya tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Midiyada memarlıq inkişaf etmişdi. Suz sarayları, Ekbatanı əhatə edən yeddi cərgə divarlar, qırmızı kərpicdən tikilmiş hökmdar sarayı gözəl memarlıq nümunələridir.
Din. Astiaqın dövründə zərdüştilik Midiyada rəsmi dövlət dini olmuşdur. Zərdüştilik e.ə. VII əsrdə meydana gəlmişdir. Müqəddəs kitabı «Avesta»dır. Zərdüşt təliminə görə, xeyir (Hörmüzd) ilə şər (Əhrimən), həqiqət ilə yalan arasında mübarizə gedir. Bu mübarizədə xeyir şərə, həqiqət yalana qalib gəlir.