Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət, Keşlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana, Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağa, Kürdəxana, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəköşkül, Biləcəri, Qobu.
Bunlardan başqa 1865-ci ildə Bakı — Quba poçt yolu üstündə Mixail kənd adında təzə bir kənd də salınmışdı. Bu kənd o illərdə Bakı general-qubernatoru olmuş Mixail Petroviç Kolyubakinin şərəfinə belə adlandırılmışdı. Sonralar baxımsızlıq üzündən bu kənd dağılmışdı.
1813-cü ilin məlumatına əsasən o zaman Bakı kəndlərində aşağıdakı miqdarda əhali yaşayırdı: Bakının ən böyük kəndi olan Maştağada 582 nəfər, Sarayda 183 nəfər, Novxanada 202 nəfər, Fatmayıda 777 nəfər, Əmirhacıyanda 276 nəfər, Balaxanada 286 nəfər, Qalada 332 nəfər, Qobuda 735 nəfər, Buzovnada 263 nəfər, Mərdəkanda 94 nəfər, Şağanda 57 nəfər, Binəqədidə 738 nəfər, Qulam Mahmudda (Əhmədli) 77 nəfər.
Bakı kəndlərində yaşayanların xeyli hissəsi tatlardı. Tatlar İrandan çıxmadırlar. Daha çox talışlara yaxın idilər, onlar pozuq fars dilində danışırdılar. Hələ sasanilər dövründə İranın cənubundan Şərqi Azərbaycana köçürülmüşdülər.İran höküməti İranın şimal hüdudlarının köçəri türk tayfalarından qorunmasında onlardan istifadə edirdi. Öz köçəri həyatları ilə öyünən türk tayfaları sonralar tatları öz hakimiyyətləri altına alaraq, onlara «tat» adını vermişdilər. Şah Abbas da tatlardan cəngavər, döyüşkən adamlar kimi istifadə edərək, onlara hətta Şahsevən adını da vermişdi. Beləliklə, əsl şahsevənlərlə sonralar şahsevən adlandırılmış tatları bir-birindən fərqləndirmək lazımdır. Bir vaxt Fətəli xan öz xanlığını qorumaq üçün şahsevən tayfalarının bir hissəsini Quba torpaqlarına köçürmüşdü.
Tatlar Azərbaycana köçdükdən sonra başqa xırda millət və tayfaları güclü təsirləri altına ala bilmişdilər. Onlara təkcə dillərini deyil, öz milli adət və ənənələrini də qəbul etdirmişdilər. Vaxtilə Massakit tayfası da (Maştağa kəndi əhalisi) bu yolla tatlaşdırılmışdı.
Qədim zamanlardan bəri Azərbaycanda yaşayan yerli yəhudilər də (bunların Qafqaza nə vaxt köçdükləri barədə heç bir sənəd yoxdur) öz yaxalarını tatlaşmadan qurtara bilməmişlər. Ancaq o məlumdur ki, ərəblər Azərbaycanı işğal etdikləri zaman tatlar və yəhudilər İslam dinini qəbul etmişdilər. Bəziləri isə Musa dininə sadiq qalaraq «dağ cühudu» adı ilə tanınmışdı. «Qafqaz şöbəsinin əxbarı kitabında» (X cild, səh. 62) göstərilir ki, təxminən 1670 — 1671-ci illərdə onlar 21 min nəfər idi. Dağıstanda, Terek və Kuban oblastlarında, Bakı və Yelizavetpol quberniyasında yaşayırdılar. Onlardan çoxu, yəni 6,282 nəfəri Azərbaycanda — Qubada yaşayırdı. Sonralar Rusiyadan, Avropadan, Ukraynadan da Azərbaycana yəhudilər köçüb gəlmişdilər.
Adları çəkilən tayfalardan başqa ermənilərin də bir qismi tatların təsiri altına düşərək, onların dillərini qəbul etmişdilər. Fətəli xan tərəfindən Qubaya və Xaçmaza köçürülmüş ermənilər 19-cu əsrin axırlarınadək ancaq tat dilində danışırdılar. Ermənicə bir kəlmədə bilmirdilər. Bu yaxınlaradək Şamaxı və Mərəzə tərəflərdə erməni ailələrinə rast gəlmək olardı ki, hamısı öz aralarında tat dilində danışırdılar. Ancaq bununla belə qeyd edilməlidir ki, tatlar başqa tayfa və millətlərə öz dillərini qəbul etdirsələr də, onları öz dillərindən döndərə bilməmişdilər. Bakıda tatların yaşadıqları kəndlər əsasən bunlardır: Balaxana, Suraxana, Zirə, Qala. Lakin Balaxana və Suraxana kəndləri istisna edilərsə, tatlar bu kəndlərdə öz hegemoniyalarını axıradək hifz edə bilməmişdilər. Bu kəndlərdə onlar müxtəlif tayfalarla qaynayıb, qarışmış və birgə həyat şəraitində öz dillərini yadırğamağa başlamışdılar. Məsələn, Zirə, Türkan, Qala kəndlərində hazırda ancaq qocalar tatca danışırlar. Balaxana və Suraxana kəndlərində isə tat dili dərin kök ata bilmişdi. Balaxanada bu axır illərə qədər uşaqlar Azərbaycan dilini ancaq məktəb skamyası arxasında öyrənirdilər. Bu onunla əlaqədardır ki, Balaxanada, Suraxanada tatlar başqa tayfalarla az təmasda olublar. Vaxtilə tatlaşdırılmış massakitlər (indiki maştağalıların babaları) onların təsirindən xilas ola bilmişdilər.
Bunun nəticəsindədir ki, Maştağada tat dilini bu yaxınlaradək ancaq qocalar bilirdilər. Bakı kəndlərinin adları da əsasən tat dili əsasında yaranıb.
*** Maştağa kəndi. Maştağa Bakının ən böyük kəndidir. 1813-cü il məlumatına görə həmin illərdə bu kənddə 582 nəfər əhali yaşayırmış, daha sonra, 19-cu əsrin əllinci illərində Bakı qəzası təkcə bir ucastokdan — Maştağa uçastokundan ibarət imiş ki, bu da qırx kəndi əhatə edirmiş. Maştağa (və ya Məşqətə) toponimi vaxtilə burada məskən salmış massakit tayfasının adı ilə bağlıdır. Eramızdan 5 əsr əvvəl yaşamış herodot massakit tayfaları barədə xəbər verir. Onlar ilk əvvəllər türk tayfalarının beşiyi olan Türküstanda yaşayırdılar. Sonralar Aralıq və Xəzər dənizinin şimalını və Qırğızıstan torpaqlarını işğal etmişdilər. Bir müddətdən sonra yeni türk tayfaları tərəfindən sıxışdırılan massakitlər Azərbaycana yayılmışdılar.
A. Bakıxanov özünün «Gülüstani-İrəm» kitabında Maştağa kəndi əhalisinin massakitlərdən qaldığını təsdiq Abşeronda tatlar arasında yaşayan massakitlər, tatlaşaraq öz doğma dillərini unutmuşdular. Buna da əsas səbəb uzun müddət İran hakimiyyəti altında olmaları idi. Keçmiş əsrin axırınadək vəziyyət belə idi. Sonralar tat dili sıxışdırılıb aradan çıxarıldı. İndi Maştağada tat dilini bilən tək-tük adam tapılar, bəlkə də heç yoxdur. Maştağa bir müddət Bakı xanlarının babası olan yüzbaşı Dərgahqulu xanın iqamətgahı olmuşdur. Dərgahqulu xanla başlayan yüzbaşılar nəsli sonralar Bakının ictimai həyatında böyük rol oynamışlar. Onlar əslən İrandan gəlmə idilər. 1592-ci ildə Gilan xanı Əhməd xanın şah Abbas birincinin əleyhinə olan uğursuz üsyanından sonra bu nəsil Gilan mühacirləri ilə birlikdə Şirvana gəlmişdilər. Onların içərisində ən görkəmli sərkərdə Dərgahqulu xan idi. Bakı yüzbaşıları nəsli Abşeronun bir neçə kəndini və o cümlədən Ramananı da ələ keçirərək, orada məskən salmışdılar. Vaxtilə A. A. Bakıxanov da bunu təsdiq edirdi.
Bakı xanlarından Mirzə Məhəmməd xan ikinci ilə Hüseynqulu xan arasında xanlıq üstündə mübarizə getdiyi illərdə Hüseynqulu xan Bakıda, Mirzə Məhəmməd xan isə Maştağada yaşamışlar. Tarixdən məlum olduğu uzrə Mirzə Məhəmməd xan ikinci Maştağada özünə möhkəm bir qala da tikdirmişdir. Təəssüf ki, indi bu qaladan heç bir əsər qalmamışdır. Tarixi mənbələrin göstərdiyinə görə maştağalılar çox zəhmətkeş və mərd olmuşlar. Onlar başlıca olaraq, əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurlarmış.
«Gülustani-İrəm» kitabında Bakıxanov maştağalıların massakitlərdən törədiklərini təsdiq edir. Maştağa sözünü səhvən Maştağı yazırıq. Bakı kəndlərindən bəzilərinin adları kimi Maştağa sözündəki A saitinin I ilə əvəz edilməsi rus dilinin təsirindən əmələ gəlib. Biz bu tələffüzə ancaq 19-cu əsrin ortalarından rast gəlirik. Həmçinin Balaxana və Suraxana sözləri də rusların tələffüz etdiyi şəkildə, yəni Balaxanı və Suraxanı kimi yazılır. Əslində iki sözdən əmələ gəlmiş bu adlar xana sözü ilə bitir.
*** Buzovna — Maştağa ilə qonşu kənddir. Burada yaşayanlar əsasən əkinçilik və bostançılıqla məşğul olurlar. Vaxtilə balıqçılıqla da məşğul olublar. Yerlilər öskürəyə qarşı burada buzovna adlı otdan istifadə etdikləri üçün kəndin adı da Buzovna qalmışdır. 1861-ci ildə çap olunmuş «Qafqaz şöbəsinin qeydləri» (rus diljndə) kitabında Buzovna kəndi «Bezouqnan» adlanır.
Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanadır. Yuxarıda deyildiyi kimi Balaxana xalis tat kəndidir. Kəndin adı iki sözdən əmələ gəlmişdir: Bala (yuxarı, hündür deməkdir) və xana (ev) sözlərindən. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı (mezonin, yaxud antrosol). Görünür ki, o zamanlar Balaxanada mərtəbə yarım evlər tikildiyindən kəndin adı da Balaxana qalmışdı. 1813-cü ilin məlumatına görə o zamanlar bu kənddə 286 nəfər əhali yaşamışdır. Sonralar Bakının başqa kəndlərinə nisbətən Balaxananın əhalisi sürətlə artmağa başlayır. Təbiidir ki, bu ancaq Balaxanada neft yataqlarının tapılması ilə əlaqədar idi. Balaxanada qədim tikililərdən yalnız dörd künclü bir qala olmuşdur. Bakı xanları arasında gedən mübarizə illərində Bakı xanı Mirzə Məhəmməd ikinci bir müddət bu qalada yaşamışdır. İndi o qaladan bir daş belə qalmayıb. Görunür ki, sonralar neft quyularının divarlarını möhkəmlətmək üçün qalanın daşlarından istifadə edilmişdir.
Balaxana kəndinin yaxınlığında Qırməki deyilən bir yer vardır. Bunu kənd adlandıranlar da vardır. Əslində burada heç bir kənd olmayıb. Bu yerdə neftin torpaqla qarışıb möhkəmlənməsindən torpağın üstündə qalın möhkəm təbəqələr əmələ gəlmişdir ki, bundan Bakının yastı damlarını yağışdan qorumaq üçün istifadə edirdilar. Bu qır idi. Yer də ona görə Qırməki adlanırdı ki, buradan qır çıxarırdılar. Qırməki qır məkanı mənasındadır. Uzun illər müddətində Qırməki şəklinə düşmüşdür.
Əhalisinin tərkibinə görə tat kəndi hesab edilən Suraxana kiçik bir kənd olsa da öz ağ nefti və daimi yanar odları ilə bütün Şərqdə şöhrət tapmışdı. Kəndin adı da iki sözdən düzəldilmişdir. Sürx — qırmızı və xana-ev. Bəs qırmızı sözü haradan əmələ gəlib? İnqilabın ilk illərində Suraxana atəşgahını tədqiq etmiş V. Sısoyev atəşgahdakı hücrələrin divarlarını yoxlarkən qəribə bir mənzərə ilə rastlaşır: bir neçə hücrənin uçub-tökülmüş malası altında qırmızı rənglərlə çəkilmiş ornamentlər görür. O biri hücrələrdə də eyni omamentlərə təsadüf edir. Bu qırmızı suvaq divarlara vurulmuş ilk suvaq idi. Sonralar görünür, təmir zamanı birinci suvağın üstünə bir neçə dəfə təzə suvaq vurulmuş və beləliklə ilk qırmızı suvaq altda qalmışdır. İlk zamanlarda hücrələr hələ ümumi bir hasarla birləşməmiş və ayrı-ayrı otaqlar şəklində mövcud idilər. O da bizə məlumdur ki, suraxanalılar soyuq qış aylarında qazla isidilən bu otaqlara köçür, havalar qızanadək bu hücrələrdə yaşayırdılar. Ehtimal etmək olar ki, o zamandan bu mənzillərə yerlilər tərəfindən Sürx-xana (qırmızı ev) adı qoyulmuş və kənd də bu adla adlandırılmışdır. Belə bir fərziyyə vardır ki, guya Suraxana adı qədim Hindistanın sanskrit dilində olan Surak-şanı (relikviya deməkdir) sözündən əmələ gəlmişdir. Əgər Balaxana, Novxana, Kürdəxana kimi kənd adları olmasaydı, bu fikirlə bəlkə də razılaşmaq olardı. Lakin adları çəkilən ətraf kəndlərin mövcud olması Suraxana sözünün də iki sözdən düzəldiyini söyləməyə haqq verir.
Qədim zamanlardan suraxanalılar əhəng yandırmaqla məşğul olmuşlar. İnqilabdan qabaq bişirilən əhəngləri eşşəklərə yükləyib, Bakının ətraf kəndlərində satırdılar. Kəndin şimal-şərqində əhəngbişirən karxanalar indi də mövcuddur.
Suraxanadan şərqə tərəf bir eniş başlayır. Bu enişin adı Künəsəngidir. Mənası daş uçurum deməkdir. İndi buradan rahat şose yolu keçir. Enişin qurtardığı yerdən başlayan düzənlik isə Təmənis düzü adlanır. Bu düzün bir ucu Binə kəndinədək, o biri ucu isə şimalda Maştağayadək uzanır. Təzə Suraxana, Binə kəndi və habelə şəhər aerodromu Təmənis düzündə yerləşir. Künəsəngi enişinin başqa bir adı vardır: usta-şagird, Suraxana enişi ilə Təmənis düzünə enəndə diqqət yetirilərsə, sağ tərəfdə iri bir qaya parçası üzərində tikilmiş kiçik bir soməə görmək olar. Bu soməə bir əfsanə ilə əlaqədardır. Guya usta bir bənnanın fərasətli bir şagirdi varmış. Bir gün onlar yarışa girişirlər. Yarışın şərti bu imiş ki, hərə bir soməə tiksin və onun möhkəmliyi illərin sınağından çıxsın. Ustanın tikdiyi soməə bir müddətdən sonra uçur, şagirdin qaya parçası üzərində tikdiyi soməə isə bu günədək durur.
Mərdəkana gedən yolun sağında yerləşən Binə kəndi Bakı kəndləri içərisində ən təzəsidir. Bu kənd qədim Kürkənd kəndinin xərabələri yanında salınmışdır. Kəndin yeri vaxtilə nardaranlıların binələri olub. Bir müddətdən sonra isə yaşayış məskəninə çevrilmişdir. Sonralar Kür qırağından, xüsusilə Lənkərandan buraya xeyli adam köçüb gəlmiş və burada yerli nardaranlılarla qaynayıb, qarışmışlar.
Abşeron burnunun cənubunda isə yuxarıda dediyimiz kimi Türkan, Zirə, Qala və Hövsan kəndləri yerləşir.
*** Qalakəndi: Kəndin adı hələ qədim əsrlərdə burada tikilmiş qala ilə bağlıdır. Bu qala Abşeronda ilk qala olub. Burada habelə 17-ci əsrdə tikilmiş dörd künc bir türbə, ovdan, köhnə məscid və çoxlu sərdabalar mövcuddur.
*** Türkan kəndi. Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək, Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zaman türkmənlər sadəcə olaraq, türkan adı ilə də məşhurdular. Bu tayfalardan bəziləri Xəzərin qərb sahillərində daimi məskən salmışdılar. Türkan kəndinin adı da, görünür, bu yerlərdə olmuş türkmənlərin adı ilə bağlıdır. Türkmənlər əsasən səlcuqlardı. Onlardan bəziləri 962-ci ildə İslam dinini qəbul etmiş, bəziləri isə bütpərəst olaraq, qalmışdılar. Türkmənlər onuncu əsrdən başlayaraq, rus knyazlıqları üzərinə də basqın edirdilər.
*** Hövsan kəndi. Bu kəndin Hövsan adlandırılması vaxtilə bu yerdə mövcud olan iki böyük su hovuzu ilə əlaqədardır. Hövsan hovuzlar deməkdir. Əhalisi əsasən bostançılıqla məşğul olub. Burada yetişdirilən uzunbaş soğanın şöhrəti hər tərəfə yayılmışdı.
*** Zirə kəndi. Abşeron burnunun qurtaracağında salınmış axırıncı yaşayış məskənidir. Vaxtilə buradan dəniz sahilinədək uzanan cəngəlliklərdə vəhşi heyvanlar yaşayıb. Buralar o zaman Şirvanşahların ovlaq yerləri idi. Şahlar ova başlamamışdan əvvəl indiki Zirə kəndinin yerində düşərgə salırlarmış. Ov əmiri öz xidmətçiləri ilə birlikdə heyvanları hürküdərək, aşağılara, burnun ensizləşdiyi yerlərə qovarlarmış ki, onları ovlamaq asan olsun.
Zirə sözünün etimologiyasını öyrənməkdə Bakı körfəzi akvatoriyasında mövcud olan adalar (ərəbcə-cəzirələr) köməyə çatır. Məlumdur ki, akvatoriyada olan adalardan Nargin və Vulf adaları I Pyotrun qoşunları Bakıya gələnədək başqa cür adlanırdılar. Narginin adı Böyük Zirə, Vulf adasının adı isə Kiçik Zirə idi. Pyotr qoşunlarının dənizlə Bakıya səfəri zamanı dənizçilər bu adaları görüb təəccüblənirlər. Çünki o zaman Xəzər dənizinin xəritəsində bu adalar göstərilməmişdi. I Pyotr hər iki adanın Fin körfəzində olan Nargin və Vulf adalarına oxşarlığını görüb, onları da eyni adla adlandırmışdı. Fin körfəzindəki Nargin adası hazırda Nayssar adlanır.
Beləliklə, bu adaların adlarına əsaslanaraq «zirə» sözünün necə yarandığı barədə qəti fikir söyləmək mümkündür. Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə, görünür ki, «cəzirə» sözündəki ilk «cə» hecası atılmış, təkcə «zirə» qalmışdır. Adaların adları da sadəcə olaraq «zirə» kimi tələffüz olunmağa başlayıb. Buna əsasən Zirə kəndinin adının da necə yarandığını söyləmək mümkündür. Ancaq burada haqlı olaraq, belə bir sual meydana çıxa bilər. Zirə kəndi ki, cəzirə, yəni ada deyildir. Doğrudur, Zirə kəndi cəzirə deyildir, o nimcəzirədə, yəni yarımadada yerləşir. Demək burada bir heca deyil, «cə» hecası ilə birlikdə bütöv bir söz, yəni «nim» sözü də atılmışdır. Nimcəzirədən təkcə zirə qalmışdır. Sözlərin belə ixtisarla deyilməsi o dövrlərdə bakılılar üçün çox səciyyəvi idi. Məsələn, «Səbayil» sözündən təkcə «Bayıl» qalmışdır. Bakılıların məişətində də belə hallara tez-tez rast gəlmək olur. Zirənin və habelə Zirədən sahilədək uzanan yerlərin vaxtilə cəngəllik olduğu adama qəribə görünə bilər. Halbuki həqiqətdə də belədir. 18-ci əsrin əvvəllərində Bakı şəhərinin gerbində rəsm edilmiş pələngə oxşar heyvan şəkli də bu dediklərimizə dəlil ola bilər. Sonralar Abşeronda yaşayış məskənlərinin artması ilə bu cəngəlliklər qırılmış, vəhşi heyvanlar da tələf edilmişdir.
Zirədən şimal-şərqdə Şüvəlan yerləşir. Bura çox sonralar məskən yerinə çevrilmişdir. Buna görədir ki, keçən əsrin əvvəllərindən heç bir yerdə Şüvəlan yaşayış məskəni kimi qeyd edilmir. O zamanlar Şüvəlan otlaq yerləri olub. Sonralar burada pambıq əkilməyə başlayıb
1924-cü ildə yazıçı Seyid Hüseyn Bakı kəndləri barədə yazdığı məqaləsində Şüvəlanı belə təsvir edirdi: «Burada bəzi əski binaların və qalaların xərabələri mövcuddur ki, bunlar Şüvəlan bağlarının çox qədim zamanlardan bəri bağ və yaylaq olduğunu, orada heç bir kənd olmadığı halda ətraf kəndlilərin gəlib, yayda heyvan və mal-qaralarını otardıqlarını qəti surətdə söyləmək mümkündür. Qoca kişilərin söylədiyinə baxılarsa, Şüvəlan vaxtilə otlaq yeri olmuşdur». Şüvəlan toponimi haqqında. Qədim zamanlarda Şüvəlanda bahar aylarında o qədər gölməcə yaranarmış ki, burada dəniz quşları, vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Bəziləri buna əsaslanaraq, iddia edirdilər ki, Şirvanşahlar tez-tez buraya ova gələrlərmiş. Guya o vaxtdan bu yer "Şaholan" adlanmış və zaman keçdikcə "Şüvəlan«a çevrilmişdir. Bu ehtimal əlbəttə, əsassızdır. Çünki tarixdən bizə məlumdur ki, Şirvanşahların, onlardan sonra isə Bakı xanlarının ov məskəni Zirə tərəf olmuşdur. Bundan başqa Bakı kəndlərinin adları bir qayda olaraq ancaq fars, yaxud tat dili tərkibi ilə düzəldilirdi. Əslində isə „Şüvəlan“ sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq, yaranmışdır. Şüvəlanda olanlar yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəfə enişlər başlayır, həmin enişlərə görə də bu yer Şüvəlan adlanır. Farsca „şivə“ sözünün mənası eniş deməkdir. Həmin sözün axırına məkan bildirən „lan“ hecasını artırmaqla Şüvəlan sözü yaranmışdır.
Vaxtilə içmək üçün ən yararlı su Mərdəkanla Şüvəlanda idi. Burada su qayanın altından çıxırdı. Buna görə də burada çoxlu pambıq əkilərdi. Abşeronda əkilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü. Pambıqla birlikdə bu yerdə zəfəran da əkilərdi. Şüvəlanın təmiz iqlimi, şirin suyu sonralar adamların bu yerlərdə məskən salmalarına səbəb oldu. Xüsusilə 19-cu əsrin ortalarından başlayaraq, bakılılar bu yeri özlərinə yaylaq yeri seçdilər. Hələ Bakı xanlıqları dövründə burada salınmış üzüm bağlarının şöhrəti tarixdən də bizə məlumdur. İndiki Elmlər Akademiyasının Dendroparkının yeri vaxtilə xan bağı olub. Bakı milyonçularından Murtuza Muxtarov bu yeri alanda bağın dörd dövrəsində kiçik bürclər varmış. Keçən əsrin axırlarından başlayaraq, bu yerlərdə bağ salmaq qızğın bir ehtirasa çevrildi. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Səfərəliyev, İsa bəy Hacınski və başqaları sanki bəhsə girişərək, bir- birindən gözəl villalar tikdirdilər. Burada torpağın qiyməti birə üç qat bahalaşdı. Varlılarla ayaqlaşa bilməyənlər isə sal qayalıqların üstünə torpaq tökdürərək, bağ salırdılar. Şüvəlan yaxınlığında Ağdaş deyilən yerdən çıxarılan möhkəm ağ daşlar tikilən binalara yaraşıq verirdi. Varlıların bağları bir-birindən əzəmətli daş darvazalar, arkalarla fərqlənirdi. Bu bağlarda tikilmiş dərin, nəhəng hovuzlarda bəzən varlılar qayıqla üzürdülər.
»Ət Ağa" kimi tanınan seyid övladı bakılı Mir Mövsüm Ağa Şüvəlan qəbiristanlığında dəfn edildikdən sonra Şüvəlan müqəddəs yer sayılır. Qəbrin üstündə içərisi ayna qırıntıları ilə göz qamaşdıran əzəmətli bir günbəz inşa edilmişdir. O vaxtdan qəbri ziyarətə gələnlərin ardı-arası kəsilmir. Ziyarətə gələnlərə səliqəli xidmət də təşkil edilmişdir. Ziyarətgah xidmətinə başçılıq edən Hacı Nizamın səyi ilə qəbrin yaxınlığında böyük xidmət binası inşa edilmişdir. Burada dəstəmaz almaq, namaz qılmaq, uzaqdan gələnlər üçün istirahət etmək və hətta gecələmək üçün səliqəli-sahmanlı otaqlar vardır. Binanın yeməkxanasında yetimxanaların uşaqlarına tez-tez pulsuz yeməklər verilir.
*** Mərdəkan kəndi. Bu kənd keçmişdə çox kiçik olmuşdur. Burada 19-cu əsrin başlanğıcında cəmi yüz nəfərədək adam yaşamışdır. Şirvanşah I Axsitanın dövründə, yəni 1175-ci ildə Şüvəlan və Mərdəkan sahillərindən Şirvan torpaqlarına basqın etmiş düşmənin 70 gəmidən ibarət donanmasının darmadağın edilməsində mərdəkanlılar da böyük mərdlik göstərmişdilər. Mərdəkanda qədim zamanlardan iki qala mövcuddur. Bunlardan biri dörd künclü olub, 12-ci əsrdə Şirvanşah Mənuçəhrin oğlu Axsitan tərəfindən tikilmişdir. Görünür ki, bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü təxminən 22 metrdir. Bundan başqa onun ətrafında təxminən 6-7 metr hündürlüyündə hasar da olmuşdur. Qala divarının qalınlığı aşağıda 2,10 yuxarıda isə 1,60 metrdir. İçəri tərəfdən qala beş yarusa bölünür. Qalanın ətrafında otuza qədər qayada qazılmış quyu tapılmışdır ki, bunlar qalanın müdafiəçiləri üçün taxıl anbarları imiş. Qalanın yuxarısına daş pillələrlə qalxılır. Aşağıdakı pilləkən yerdən təxminən 2 metr hündürdədir. Qala 12-ci əsrdə tikilmişdir.
İkinci qala dairəvi qaladır. Yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Bunun da səbəbi odur ki, qalanın ətrafındakı bağ Bibiheybət məqbərəsinin vəqf yeridir. Qalanın hündürlüyü 12 metr yarımdır. İçərisi üç yarusdan (mərtəbədən) ibarətdir. Qalanın üstündəki ərəb dilində olan tarixdən məlum olur ki, o 1232-ci ildə tikilmişdir. Qalanın üstündəki ikinci yazılı daş isə onun memar Əbdülməcid Məsud oğlu tərəfindən inşa edildiyini göstərir. İkinci mərtəbəyə olan qapı yerdən üç metr hündürlüyündədir. Belə vəziyyətə Abşeronun başqa müdafiə qalalarında da təsadüf etmək mümkündür. Görünür ki, qalanın müdafiəçiləri kəndir və taxta pilləkənlə ikinci mərtəbəyə qalxandan sonra pilləkəni də özləri ilə bərabər yuxarıya qaldırırlarmış.
Hazırda Mərdəkan kəndində olan qədim Tuba Şahi məscidi də 15-ci əsrin görkəmli abidələrindən biridir.
Daha sonra, yəni 13 və 14-cü əsrlərdə Abşeronun şimal-şərq və şərq hissələrində və habelə az da olsa cənubunda qala, qüllə və istehkamlar şəklində ucaldılan tikililər zəncir kimi bir-birilə bağlanıb, sanki ön müdafiə xəttini təşkil edirdi. Əgər düşmən bu müdafiə xəttini yara bilərdisə, yarımadanın içərilərində Qala, Ramana, Maştağa, Keşlə, Biləcəri, Fatmayı kəndlərindəki istehkamlarla üzləşməli olurdu.
Şəhəri dövrələyən dağlarda yerləşdirilmiş istehkamlar isə şəhərə giriş yollarını qoruyurdu. Çünki Bakı bütün Abşeronun müdafiə sisteminin mərkəzini təşkil edirdi. Belə istehkamlardan biri də Əmirhacıyanla Keşlə arasında idi. Bu istehkam hundür bir yerdə salındığından qalalar arasındakı siqnallaşmada böyük rol oynayırdı. Dəniz tərəfdən təhlükə baş verdikdə, ya Mərdəkan və ya da Bilgəh qalasının başında tonqal qalanırdı. O biri qalalar da bu işarəni bir-birinə; Şağana,
Ramanaya, Bilgəhə, Balaxanaya, Keşləyə ötürməklə Bakıya çatdırırdılar.
***
Əmirhacıyan kəndi - Bakının qədim kəndlərindən biridir. Kəndin Əmirhacıyan adlandırılması isə 14-cü əsrdə Şirvanşahlar dövrünə aiddir. O zaman Şirvanşahlar tərəfindən buraya Nizaməddin adlı birisi əmir təyin edilmişdi. O Əmirhac adlanırdı. Əmirhacın əsas vəzifəsi Məkkəyə həccə gedənlərə başçılıq etmək idi. Nizaməddin Əmirhacı adı ilə yerli əhali içərisində böyük şöhrət qazanmışdı. Hazırda bu kənddə qalmış qədim Nizaməddin məscidi də 1329-1330- cu illərdə tikilmişdir. Məscidin üstündəki kitabədə aşağıdakı sözlər yazılmışdır: «Bu Allah evinin tikilməsini həşəmətli Fəxrəddin oğlu əmir Nizaməddin Əmirhac əmr etmişdir».
Əmirhacıyandakı qədim abidələrdən biri də Əmirhacın türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir. Bu kənddə A. Bakıxanovun yaşadığı evin uçuq hasarı qalmışdır. Kənddəki iki minarəli əzəmətli məscidi Bakı milyonçusu və əslən əmirhacıyanlı olan Murtuza Muxtarov tikdirmişdir. Məscidi məşhur memar-usta Mirzə Məlik Abbas oğlu tikmişdir. Əmirhacıyanın əsl qədim adı Xilədir. «Xilə» bəlkə də bu yerlərdə məskən salmış tayfanın adı ilə bağlıdır.
Suraxanada və Əmirhacıyan ətrafında neft çıxarıldığından kənd əhlindən çoxu əkinçiliyi tərk edərək, mədənlərdə fəhləlik edirdilər. Neft və təbii qazdan istifadə edərək, Əmirhacıyanda əhəng bişirən karxanalar açılmışdı. Burada bişirilən əhəng ulaq və arabalarla daşınaraq, ətraf kəndlərdə satılırdı.
Bundan başqa kəndin Şor adlanan yerində ağ duz istehsal olunurdu. Əhali yay aylarında göldən duzu toplayıb, bazarlarda satardılar. Əmirhacıyanın duzu Yaxın Şərq və qərb ölkələrində də şöhrət qazanmışdı. Bu kənddə kərpic də bişirilirdi. Kərpic üçün xammalın — gilin mənbəyi Zığ ilə Xilə dağı arasındakı düzənlik idi.
Əmirhacıyanda kustarçılıq ta qədimdən çox inkişaf etmişdi. Kənddə xüsusilə xalçaçılıq daha geniş yayılmışdı. Kənddə, demək olar ki, hər evdə hana qurulmuşdu. Burada butöv bir xalçaçı nəsli yaradılmışdı. Əmirhacıyan qadınlarının toxuduqları xalça və xalılar, xüsusilə Xilə puta və Xilə əfşan xalıları daha məşhurdu. Kənddə xalı toxuyan qadınlardan Nur Şərəf, Umnisa, Mehri və başqaları ətraf kəndlərdə də şöhrət qazanmışdılar.
Sovet hakimiyyəti illərində bu kənddən güclü ziyalı dəstəsi: mühəndis, texnik, alim yetişmişdir. Bunların içərisində elmlər doktorundan tutmuş akademikə qədər görkəmli adamlar fəaliyyət göstərirlər. Neft istehsalı sahəsində ən güclü mühəndis və alimlərin əksəriyyəti bu kənddən çıxmışdır. Bütün dünya şöhrəti qazanmış rəssam Səttar Bəhlulzadə də bu kənddəndir.
*** Bülbülə kəndi. — Əmirhacıyana bitişik kənddir. Bir rəvayətə görə Bülbülə adı palçıqlı vulkanların üstündə əmələ gələn pilpilələrdən (qabarcıq) götürülmüşdür. Görünür ki, o zamanlar bu yerlərdə palçıqlı vulkanlar çoxmuş. Bülbüləlilər də yaxın qonşuları əmirhacıyanlılar kimi neftə bağlı olmuşlar.
*** Keşlə kəndi. — Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir?
*** Ramana kəndi. Əsl adı Rəhmanidir. Burada rəhmanilər tayfası yaşadığından kənd də Rəhmani adlandırılmış və çox sonralar bu Ramana şəklində işlədilmişdir. Əslinə baxsan Ramana sözü rus deyilişi əsasında yaranıb.
*** Nardaran. Dənizsahilində düşmüş kəndlərdən biridir. 1813-cü il məlumatına əsasən Bilgəhə nisbətən Nardaranda əhali çox olub. Həmin illərdə Bilgəhdə cəmi 93 nəfər adam yaşadığı halda, Nardaranda əhalinin sayı 139 nəfər idi. Bilgəh xan hüququnda olan Qayib bəy tərəfindən, Nardaran isə Kərim bəy tərəfindən idarə olunurdu. Bu iki qonşu kənd öz coğrafi şəraiti və əhalisinin məşğuliyyəti etibarilə də bir-birinə yaxın idilər. Hər iki kənd başlıca olaraq, zəfəran əkirdi. Bu kəndlərdə xəzri küləkləri hündürlüyü üç-dörd metrə çatan narın qum təpələrini tez-tez bir yerdən başqa yerə sovururdu. Yay aylarında yerlilər bağlara köçdükləri zaman evləri demək olar ki, qazıb, qumun altından çıxarırdılar. Xəzri küləkləri Abşeronun bu kəndlərində xüsusilə böyük fəğan qoparırdı. Bu kəndlərin balıqçılıqla məşğul olan əhalisi dənizdə həmişə ölümlə əlbəyaxada idilər. Lakin bu kəndlərin fərqi orasında idi ki, Nardaranda çoxlu nar ağacları əkildiyi halda Bilgəhdə barama bəsləməklə məşğul olan əhali tut və çəki ağacları əkməyə məcbur idilər. Kəndlərin adları da əhalisinin məşğələsinə müvafiq olaraq adlanırdı. Nardaran iki sözdən: «nar» və «daran» sözlərindən düzəlmişdi. «Daran» farsca olan mənasında işləndiyindən kəndin adı nar olan yer kimi tanınmışdı. Bəziləri «nar» sözünü od mənasında izah edirlər. Əlbəttə, bu səhvdir. Bakı kəndləri əksər hallarda orada istehsal olunan məhsullar, ya da həmin yerə məxsus xarakterik hadisə ilə adlandırılmışlar. Badamdar buna gözəl sübutdur. İndiki Badamdar (səhvən onu Patamdar adlandırırlar) Badam və daran sözlərindən düzəldilmişdir. Yəni badam olan yer.
1301-ci ildə Nardaranın şimal hissəsində dairəvi bir qala tikilmişdi. Qala dörd bucaqlı və hər küncündə bürcü olan hasar içərisinə alınmışdı. Üç yarusdan (mərtəbədən) ibarət təxminən 12 metr hündürlüyündə olan bu qala usta Mahmud ibn Səad tərəfindən tikilmişdir. Biz usta Mahmud ibn Səadın adına Şıx kəndinin məscidi və İçərişəhərdəki «Molla Əhməd məscidi» divarlarında da rast gəlirik. Bu tikililər eyni ustad tərəfindən inşa edilmişdi.
Bundan başqa Nardaranda təxminən 13-14-cü əsrlərə aid «Xan bağı» adlanan bir tikili də vardır. Binanın ətrafında geniş üzüm bağları da salınmışdır. Görünür ki, yay aylarında bura Bakı hakimlərinin istirahət yeri olmuşdur. Bağın cənub-qərbində 10 metr dərinliyində bir quyu vardır ki, onun dibində şərqə və qərbə tərəf ayrılan iki yol görünür. Yerlilər arasında belə bir rəvayət yaranmışdır ki, guya quyunun dibindəki yollar Nardaran qalasına və məşhur Nardaran pirinə gedib çıxır.
*** Bilgəh. Bu kənd Xəzərin səfalı sahilində yerləşir. Burada vaxtilə çoxlu tut ağacları əkildiyi və əhali baramaçılıqla məşğul olduğu üçün etnoqraf N. Zeytants iddia edirdi ki, Bilgəh sözü «pilə» (barama) və «gah» sözlərindən əmələ gəlib. O vaxtlar Bilgəhdə baramaçılıq doğrudan da inkişaf etmişdi. Hasil edilən ipək Bakı və Şamaxı şəhərləri vasitəsilə bazarlara çıxarılır, ya da bilavasitə olaraq, gəmiləri Bilgəh sahillərinə yan alan tacirlərə satılırdı. Bilgəhdə Həftəxor piri olmuşdur. Guya bu pirdə yaşayan qoca həftədə ancaq bir dəfə yeyirmiş.
***
Novxana kəndi. Bu kənd nisbətən sonralar salındığı üçün Novxana (yəni təzə kənd) adlanırdı. Nov — tatca yeni deməkdir.
*** Kürdəxana — Bakıda çox az miqdarda kürd yaşayırdı. Onlar tamamilə türkləşmiş və öz dillərini unutmuşdular. Onlar indiki Kürdəxananın sahəsində yaşamış və kənd də Kürdəxana adlandırılmışdır.
*** Pirşağı kəndinin əsl adı Pir Şikakdır. Kənd burada olan Şikak adlı və sonralar Pirə çevrilmiş bir qəbrin adı ilə adlandırılmışdır.
*** Saray. 1771-ci ildə Bakıda olmuş Qmelin Quba xanının nökərləri və süvarilərinin yaşadığı bu kəndi Saray adlandırır.
*** Digah — hündür yer, təpə deməkdir. Əhalisi əkinçiliklə məşğul olurdu. Digah kəndi nəinki özünü, habelə yaxın kəndləri də taxılla təmin edirdi.
*** Güzdək kəndi. Güzdək payız binələrinin olduğu yerə deyilir. Sonralar bu binələrin ətrafında yaşayış məskəni salınmışdır.
*** Binəqədi. (Bu kəndə Binəqazi də deyirlər.) Sonralar bu torpaqlarda da neft yataqları tapılmışdır. Binəqazi sözundən məlum olur ki, bura bir nəfər qazinin binəsi olub.
*** Biləcəri kəndində də əkinçilik və daha çox maldarlıqla məşğul olmuşlar. Biləcəri toponiminə gəlincə demək lazımdır ki, bəzi tədqiqatçılar bunun türk sözü olduğunu iddia edirlər. Tarixçi Əli Hüseynzadə isə «Biləcəri toponiminin etimologiyasına aid» məqaləsində isbat etməyə çalışırdı ki, bu söz xəzərlərin «Biləzzəri» sözü ilə, yaxud da qədim bolqar etnonimi ilə əlaqədardır. Bakı kəndi adlarının bir qayda olaraq, fars tərkibi əsasında düzəldiyini nəzərə alaraq, görərik ki, Biləcəri əslində iki fars sözündən düzəldilmişdir: «Bala» - hündür, yüksək, «Cər» — uçurum, çuxur sözlərindən, yəni hündür, yaxud dərin çuxur. Məlum olduğu üzrə Biləcəri dərin bir çuxurdadır. Bakıdan çıxarkən, Biləcəriyə enən eniş buna sübut ola bilər. Biləcəri vaxtilə bakılılann mal-qara saxladıqları ağıl olub.
*** Dərnəgül kəndi əvvəllər ağıl olub. Sözün əsli də Dərnəgül deyil, Dərinağıldır. Bu yer sonralar yaşayış məskəninə — kəndə çevrilmişdir.
*** Qobu kəndi. Qobu sözü yarğan deməkdir. Kənd də yarğanda salındığı üçün Qobu adlanır.
*** Şağan kəndi. Əsli Şağan bağdır. Belə bir adda Bibiheybət yaxınlığında bir yer vardır. Şağan sözünün əsl mənası isə indiyədək tədqiq edilməmişdir. Bu kənddə yaşayanlar Abşeron əhlindən tamamilə fərqli olaraq təmiz türk dilində danışırlar. Dillərində tatların təsiri qəti hiss olunmur. Bağçılıq və bostançılıqla məşğul olublar.
*** Zabrat kəndi. Bakının vaxtilə əkinçiliklə məşğul olan kəndlərindən biri də Zabrat kəndidir. Bəziləri Zabratın rus sözü olduğunu iddia edirlər. Əslində isə belə deyil. Bu Xəzərin qərb sahillərinə gəlmiş və bir müddət burada köç salmış Sabir tayfasının adı ilə bağlı sözdür. Zabrat — Sabir sözünün axırına ərəbcə «at» cəm şəkilçisini əlavə etməklə düzəldilmişdir. Sonralar S hərfi Z hərfi ilə əvəz edilmiş və sabir sözundəki İ hərfi düşərək Zabrat kimi tələffüz olunmağa başlamışdır.
Xəzər sahillərinə gəlmiş köçəri türk tayfaları bir qayda olaraq düşdükləri yerləri öz adları ilə adlandırırdılar. Xəzər dənizinin adı da hun tayfalarından olan xəzərlərin adı ilə bağlıdır. Bu tayfaların bir qolunu da zığlar təşkil edirdi. Onlar Zığ kəndi torpaqlarında yaşamış və öz adlarını da bu yerə vermişlər. Yuxarıda adını çəkdiyimiz sabirlər də hun tayfalarından çıxma idilər. Bir müddət sonra, yəni 11-ci əsrin əvvəllərindən yeni səlcuq qəbilələri Azərbaycana köçməyə başladılar. Köçüb gəlmiş axırıncı qəbilələrdən biri də əhmədlilər idi. Onlar başlıca olaraq, indiki Əhmədli, qəsəbəsinin ərazisində yerləşmişdilər. Bu yerin başqa bir adı da Küləy Mahmud və ya Qulam Mahmuddur (Mahmudun nökərləri deməkdir). O zaman Azərbaycana səpələnmiş əhmədlilərin izləri indiyədək qalmışdır. Onların adları ilə adlandırılmış Əhmədli kəndlərinə indi də rast gəlmək olar, hazırda Göyçayda, Cəbrayılda, Qubada, Lənkəran və başqa rayonlarda Əhmədli kəndləri mövcuddur.
*** Xırdalan kəndi. Bakı ilə Sumqayıt arasında yerləşir. Bakı kəndlərinə nisbətən daha sonralar təpələrin ətəyində salınmışdır. Qədim zamanlardan burada karvansaralar, hamam və ovdan qalıb. Əhalisi əksəriyyətlə əkinçiliklə məşğul olmuşdur. Bizim günlərdə Xırdalanın siması tamamilə dəyişmişdir. Bir rəvayətə görə Xırdalan Xırd və Alan sözlərindən əmələ gəlmişdir.
*** Pirəkəşkül kəndi. Kəndin Pirəkəşkül adlanması təsadüfi deyildir. Çünki bu kənddə yaşayanlar əksəriyyətlə köçərilərdir. Buna əsasən bəzi tarixçilər onu kənd hesab etmirlər. Lakin köçərilər ilin çox vaxtını burada keçirdiklərindən 1870-ci il siyahısına kənd kimi daxil edilmişdir. Bir ehtimala görə Pirəkəşkülün əsl adı Parakəşkül olmuşdur.
Bu kəndlərdən başqa Bakı ətrafında bir para kəndlər də olmuşdur ki, onların indi ancaq adları qalıb. Onlardan biri Kürkandır. Zirə kəndi yaxınlığında olub, dənizə tərəf uzanan qayalıqların üstündə qalmış araba çarxlarının izləri bunu deməyə haqq verir. Bu çarx izləri birbaşa dənizin içərisinə tərəf, yəqin ki, Gürkana gedirmiş. Sonralar dənizin səviyyəsi qalxdığından kənd suyun altında qalmışdır.
Hazırda adı qalmış kəndlərdən biri də Şubanıdır. Vaxtı ilə Şubanı dağlarının ətəyində Suraxanadakı kimi atəşgah varmış. Adamlar da bu atəşgahın ətrafında məskən salmışdılar, Sonralar atəşgah dağıldığından adamlar da pərən-pərən düşmüş və Şubanı yaşayış məskəni kimi öz əhəmiyyətini itirmişdir.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7