Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Mirzə Məhəmməd əyalətin bərbad hala salınmış iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin daha da inkişaf etdirilməsi qayğısına qaldı. O illərdə Xəzər dənizində üzən əsasən rus gəmiləri idi. Rus tacirləri bu gəmilərlə sərbəst üzərək, Şirvan, Gilan və Xəzər sahillərində olan başqa şəhərlərlə qızğın alver aparırdılar. Hind və erməni tacirləri də Həştərxanda bu gəmilərə minərək, istədikləri istiqamətdə hərəkət edirdilər. Xəzərdə özünün ticarət gəmilərinə malik olmaq Mirzə Məhəmmədin çoxdankı arzusu idi. Bu məqsədlə Bakı limanında gəmi inşasına başlanmışdı. O bununla da kifayətlənmirdi. İri ticarət və müdafiə gəmiləri yaratmaq məqsədilə Avropanın gəmiçilik ölkələrinə səfərə çıxmaq fikrində idi. Bir gün Mirzə Məhəmməd oğlu Məlik Məhəmmədi yanına çağırıb, dedi:
-Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dənizin sahilində oturmuşuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bizə elə gəmi lazımdır ki, üstümüzə düşmən gələndə onun qabağına çıxa bilək.
Atasının sözlərindən heç bir şey başa düşməyən Məlik Məhəmməd gözlərini döyə-döyə ona baxırdı.
Bunun üçün mən Avropaya getməliyəm, — deyib Mirzə Məhəmməd dərindən nəfəs aldı. — Yaxşı gəmiləri ancaq oralarda düzəldirlər.
Bəs burada kim qalacaq? — Məlik Məhəmməd təəccüblə soruşdu.
Necə yəni kim qalacaq? Sən! Məlik Məhəmməd atasının bəzi işlərinə qarışıb, kömək etsə də, atası tərəfindən ona olan belə etibarı heç gözləməzdi.
-İran tərəfdən hələ bir xeyli müddət rahat ola bilərik. Nadirin ölümündən sonra ölkə uzun müddət özünə gələ bilməyəcək. Başları hakimiyyət uğrunda didişməyə qarışacaq. Şirvan xanlığı ilə də əlaqəmiz pis deyil. Nigarançılığım ancaq Quba xanlığı sarıdandır.
Bu sözlərdən sonra Mirzə Məhəmməd azca fikrə getdi. Sonra yenə sözünə davam etdi:
-Güman eləyirəm ki, ruslar onun bizə qəsd edəcəyinə yol verməzlər. Necə olsa da Bakı onlar üçün mühüm bazardır.
Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, Bakı xanı Mirzə
Məhəmməd tez-tez Langertə gedərək, orada gəmi inşaatına rəhbərlik edirdi.
Rusiyaya göndərilən neft, duz, ipək və sairənin dəniz yolu ilə daşınmasını ucuzlaşdırmaq üçün Mirzə Məhəmməd əsas çıxış yolunu bunda görürdü. Bakı tacirləri mallarının rus gəmiləri ilə daşınmasının onlara çox baha başa gəlməsindən tez-tez şikayətlənirdilər.
Həmin illərdə Quba xanlığı qüvvətlənib, ətraf xanlıqlar üçün böyük təhlükə təşkil edirdi. XVIII əsrin ikinci yarısında Quba xanlığının başında Hüseynəli xan dururdu. O, başqa xanlardan fərqli olaraq, Rusiya ilə yaxından dostluq əlaqəsi saxlayırdı. 1758-ci ildə onun yerinə keçmiş oğlu Fətəli xanın dövründə Quba xanlığı daha da möhkəmlənir. A. Bakıxanov «Gülüstani-İrəm» kitabında Fətəli xanı dövrünün görkəmli dövlət xadimi kimi qiymətləndirərək, yazırdı ki, o, uzaqgörən, tədbirli və xanlığın idarə edilməsində mahir bir şəxsiyyət idi.
1770-ci ildə Azərbaycanda olmuş səyyah Qmelin isə yazırdı ki, Quba xanlığının paytaxtı alınmaz bir qalaya çevrilmişdir. Burada çoxlu qoşun və top vardır. Hətta toplardan kiçikləri arabalara yerləşdirilmişdir.
Fətəli xan ətraf yerlərə sahib olmaqla Quba xanlığını xeyli genişləndirmişdi. 1759-cu ildə Dərbəndi işğal edərək, Quba xanlığına qatmışdı. Onun gördüyü tədbirlərdən biridə Muğanda yaşayan döyüşkən şahsevən tayfalarını Quba xanlığı torpaqlarına köçürməsi idi. Şahsevənlər sonralar Fətəli xanın əsas dayaq qüvvəsinə çevrilmişdilər. Bəzi xanlıqları isə o silah vasitəsilə deyil, ağıllı tədbirlərləri ilə öz tərəfinə çəkə bilmişdi. Məsələn, Qaraqayqat əmiri Həmzə ilə ittifaq bağlamaq məqsədilə bacısı Tutu Bikə ilə evlənmişdi.
Mirzə Məhəmmədin Fətəli xandan çəkindiyi də məhz buna görə idi. Mirzə Məhəmmədin üç övladı olmuşdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu. Mirzə Məhəmmədin ölümündən sonra onun yerinə keçmiş Məlik Məhəmməd xanı öz tərəfinə çəkmək üçün Fətəli xanın bacısı Xədicə Bikə xanımı ona ərə vermişdi.
Sonralar Salyan xanlığını da özünə tabe edərək, Dərbənddən tutub, Kür çayınadək Xəzər dənizi sahilinin böyük bir hissəsini Fətəli xan öz əlində saxlayırdı.
Fətəli xan Dağıstan feodalları ilə də dostluq əlaqəsinə girmişdi. Bir müddət sonra o, Şirvan xanı Ağasi xana müraciət edərək onun torpaqlarını Dağıstan feodallarının basqınından qoruduğu üçün xərac istəyir. Şamaxı xanı bu xəracı ödəməkdən boyun qaçırdıqda, Fətəli xan 1767-ci ildə Şəki xanı ilə birlikdə Şirvana hücum edir; Şamaxını tutur və xanlığın torpaqlarını Şəki xanı ilə birlikdə öz aralarında bölüşürlər. Şirvanda mövqeyini möhkəmlətmək məqsədilə Fətəli xan Dərbənddən əhalinin bir hissəsini buraya köçürür.
Fətəli xan fəaliyyəti müddətində Rusiya ilə həmişə dostluq və ittifaq siyasəti yeritmişdi. Xanlıq iqtisadi və hərbi cəhətdən qüvvətləndikcə düşmənlərinin sayı daha da artırdı. 1774-cü ildə Dağıstanın feodal hakimləri birləşərək, Quba xanlığı üzərinə hücuma keçirlər. Bu basqında yalnız Bakı və Salyan xanlıqları Fətəli xana sadiq qalırlar. Şirvan xanı Ağasi xan fürsətdən istifadə edib, baş qaldırır. Fətəli xan birinci növbədə onun üzərinə qoşun çəkir. Bu döyüşdə yeznəsi Məlik Məhəmməd xan da öz ləşkəri ilə iştirak edirdi. Ağasi xan Fətəli xanın hücumu qarşısında davam gətirə bilməyib, qoşununu başlı-başına buraxaraq, gizlənməyə məcbur olur. Fətəli xan buradan birbaşa Dərbəndi qorumağa gedir. Çünki Qaytaq hakimi əmir Həmzə Məhəmməd xan Qazıkumuxski ilə ittifaq bağlayaraq, Dərbənd üzərinə gedirdi. Bundan istifadə edən Ağasi xan təzədən Şamaxıya yiyələnir.
Xudad yaxınlığında qızğın döyüşlər başlayır. Əvvəlcə Fətəli xan düşmən qüvvələrinə üstün gəlir. Sonra əmir Həmzə ilə Məhəmməd xan Qazıkumuxskinin qoşunları sürətlə irəli soxularaq qələbə çalırlar. Fətəli xan Qubada qala bilməyib Salyana çəkilir. Məhəmməd xan Qazıkumuxski Qubanın böyük bir hissəsinə yiyələnir. Əmir Həmzə isə Dərbənd üzərinə hücüma keçərək şəhəri mühasirəyə alır. Bu zaman Dərbənd qalasını qoruyan Fətəli xanın arvadı Tutu Bikə idi. O, əyninə kişi paltarı geyərək, qalanın müdafiəsinə başçılıq edirdi. Əmir Həmzə nə yolla olur-olsun Dərbəndi almağı qarşısına məqsəd qoymuşdu.
Döyüş qardaşla bacı arasında gedirdi. Tutu Bikənin başçılığı altında qaladakılar əmir Həmzənin bütün həmlələrini mərdliklə dəf edirdilər. Dərbəndin tarixi ilə məşğul olan E. İ. Kozibekinin yazdığına görə, Fətəli xanın cəsur arvadı bir kişi cəsarəti ilə şəhəri qardaşından qoruyurdu. O dişi bir şir kimi qala hasarlarının üstündə duraraq, toplardan necə atəş açmaq barədə sərəncam verirdi. Əmir Həmzə həmlələrinin boşa çıxdığını gördükdə, nəhayət, hiyləyə əl atır.
Döyüş ara verdiyi zaman qala mühafizəçilərindən biri hövlənak Tutu Bikənin yanına gəlir, lakin gördüyü hadisə barədə deməyə dili gəlmir. Nəhayət, özünü ələ alır.
-Fətəli xanın ölüsünü gətiriblər — deyir. Tutu Bikə buna inanmasa da, ürəyi davam gətirməyib, yaxınlaşıb, qala divarlarının dişləri arasından aşağı baxır. Tabutu və onun yanında durmuş qardaşı Həmzəni görən kimi gözlərinə bir anlıq qaranlıq çökür. Aşağıdan qardaşının səsini eşidir.
-Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. Şirvanda öldürülüb.
Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır. Fikirləşir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmış olardı. Qardaşına çığırır:
-İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola.
-Demək, ərinin cənazəsindən imtina edirsən?
-Ərimin yox, sənin düzəltdiyin cənazədən imtina edirəm. Əmir Həmzənin hiyləsi baş tutmur. Sonra məlum olur ki, o öz yaxın sərkərdələrindən birinin meyidini cənazəyə qoyub, şəhərə daxil olmaq istəyir. Onun son tədbiri də heç bir nəticə vermədiyindən qoşununu çəkib, Bakı üzərinə hücuma keçir.
Bakı da bu illərdə alınmaz möhkəm bir qalaya çevrilmişdi. Şəhərin müdafiə edilməsində Məlik Məhəmməd xanla yanaşı onun arvadı, Fətəli xanın bacısı Xədicə Bikə də yaxından iştirak edirdi.
Əmir Həmzə şəhər müdafiəçilərinin müqavimətini qıra bilmədiyindən, Bakı kəndlərini talan edərək, geriyə dönür.
Salyanda olarkən Fətəli xan kömək üçün II Yekaterinanın yanına elçi göndərir, özü də Dərbəndə, arvadının yanına qayıdır. Əmir Həmzə Bakıdan qayıdaraq, Dərbənd üzərinə ikinci dəfə hücuma keçərkən Fətəli xan artıq arvadının yanında idi.
II Yekaterina Fətəli xanın simasında Azərbaycanda rus təsirinin əsas dayaqlarından birini görürdü. Rusiyanın mənafeyinə zərbə vuran əmir Həmzəyə dərs vermək üçün Fətəli xanın köməyinə qoşun göndərməyi əmr edir.
1775-ci ildə mayor Medemin başçılığı altında qoşun dərbəndlilərin köməyinə gəlir. Fətəli xan rus qoşunları ilə birlikdə şəhəri mühasirədən qurtarır.
Məğlub olmuş əmir Həmzə qaçır. Fətəli xan Dərbəndin açarlarını II Yekaterinaya göndərir. Lakin Yekaterina İran və yenicə müqavilə bağlamış olduğu Türkiyə ilə
münasibəti pozmamaq məqsədilə Dərbəndin açarlarını qəbul etmir və rus himayəsinə daxil olmaq barədə Fətəli xanın xahişlərini də rədd edir.
Bakı xanlığı əslinə baxılsa, Fətəli xanın vassalitetindən başqa bir şey deyildi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan xanlığı, demək olar ki, Fətəli xan və bacısı idarə edirdilər.
Bakı xanlığı o vaxtlar çox varlı idi. Neft və duzdan böyük gəlirlər əldə edilirdi. Əlbəttə, bu, Fətəli xanın nəzərindən qaça bilməzdi. Bakı xanlığı Fətəli xana xərac verməkdən başqa onun sərhədlərini Dağıstan feodallarının basqınlarından qorumaq üçün də qoşun ayırmalı idi. Məlik Məhəmməd Xədicə Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad olunmuşdu. Ancaq Fətəli xan tələb etdikdə ona qoşun ayırmağa borclu idi. Məlik Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi fikir verirdi. Şəhərin şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri dərinləşdirmiş, bürclərə qırxa yaxın qısa lüləli və başqa toplar düzdurmüşdü. Qoşunun sayı isə 500 nəfərdən artıq deyildi.
1779-cu ilin baharında Fətəli xan Bakıya yeznəsinin yanına qonaq gəlir. Onu Şamaxı darvazalarının yanında yenicə tikilmiş Xan evində qəbul edirlər. Bacısı Xədicə Bikə süfrəyə hər cür nemət düzür. Söhbət adi məişət məsələlərindən getsə də, Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxşadığını hiss edir. Süfrə aradan yığışdırıldıqdan sonra otaqda yeznə ilə qayın tək qalırlar. Fətəli xan mütəkkəyə söykənib, zəndlə Məlik Məhəmmədə baxır və gəlişinin səbəbini izah etməyə başlayır:
-Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm — deyib köksünü ötürür. — Halbuki bu küsülülüyün heç bir mənası yoxdur. Yəni bizə xeyri yoxdur. Fikirləşirəm ki, bunu daha belə qoymaq olmaz. Qarabağ böyük xanlıqdır. İş elə düşər ki, ona bir ehtiyac hiss edərik. Bu sözləri deyib, Fətəli xan fikrə gedir. Araya sükut çökür. Lakin gözlərini yenə Məlik Məhəmmədin sifətində gəzdirirdi. Sanki qayğılı nəzərləri ilə nəyi isə sınamağa çalışırdı. Məlik Məhəmməd dillənməyə məcbur olur:
-İndi fikrin nədir?
-Fikrim barışmaqdır… — deyə Fətəli birdən-birə qətiyyətlə səslənir. Gözləyirdim ki, o özü elçi göndərər, barışarıq. Görünür ki… — O yenə susdu. Sonra barmaqlarında yanaşı qoşa üzük olan sağ əlini havada yelləyib, əlavə edir: — Nə olar, o göndərmirsə, biz göndərrik
-Əhməd xanı göndərmək istəyirsən? — Məlik Məhəmməd soruşur.
-Yox. O uşaqdır. Bir nəfər etibarlı və hörmətli adam lazımdır.
-Bəs kimi?
-İstəyirəm ki, sən gedəsən. — Fətəli xan yenə qətiyyətlə səslənir.
-Mən? — Məlik Məhəmməd təəccüblə soruşur.
-Sən. Ancaq sən. Başqasına etibarım yoxdur. Başqasının ağzından artıq bir soz çıxsa, təzədən incikliyə səbəb olar.
Fətəli xanın iki oğlu vardı. Böyüyü Əhməd xan, kiçiyi Şıxəli xan. Məlik Məhəmməd fikirləşdi ki, Fətəli öz oğlunu göndərməyə çəkinir. İbrahim xanın tündməcaz olduğunu yaxşı bilir. Ondan hər bir şey gözləmək olar. Bununla belə, Məlik Məhəmməd öz etirazını bildirə bilmir. Arvadı Xədicə Bikə də ərinin belə xətərli işə göndərilməsinə ürəkdən narazı olsa da, qardaşının sözü üstünə heç bir söz deyə bilmir.
Ertəsi gün Məlik Məhəmməd yaraqlanıb, yaxın adamlarından iki nəfərlə birlikdə Şuşaya yola düşür. O gedəndən Xədicə Bikənin yuxusu ərşə çəkilir. İyirmi gündən sonra Məlik Məhəmmədi müşayiət edən atlılar qayıdıb, xəbər verirlər ki, İbrahim xan Məlik Məhəmmədi həbsə almışdır. Xədicə tez Qubaya qardaşına xəbər göndərir. Qardaşı cavab məktubunda ona təsəlli verib, yazırdı ki, təhlükəli heç bir şey yoxdur, Məlik Məhəmməd tezliklə geri qayıdacaqdır. Ancaq aylar keçir, Məlik Məhəmməddən isə heç bir xəbər çıxmırdı. Fətəli xan özü də bacısının gözünə görünməmək üçün Bakıya az-az gəlirdi.
Qarabağ xanı İbrahim xan Məlik Məhəmmədi düz iki il həbsdə saxlayır. Bu müddətdə Fətəli xan öz-özlüyündə İbrahim xana qarşı çox tədbir tökürsə də, heç birini həyata keçirə bilmir. Məlik Məhəmmədin üstündə İbrahim xanla müharibəyə girməyi təsəvvürünə sığışdıra bilmirdi.
Nəhayət, Fətəli xan öz müttəfiqləri ilə birlikdə 8 min qoşunla Qubadan Qarabağa, İbrahim xanın üzərinə hücuma keçir, İbrahim xan Məlik Məhəmmədi azad etməyə məcbur olur.
İki illik həbsdən sonra Bakıya qayıdan Məlik Məhəmmədin saçları tamam ağarmışdı. A. A. Bakıxanovun yazdığına görə, Məlik Məhəmməd həmin ildə Nəcəfə ziyarətə gedir və Bağdad yaxınlığında ölür.
Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuşdu: Mirzə Məhəmməd və Əbdürrəhim.
Məlik Məhəmməddən sonra yerinə böyük oğlu Mirzə Məhəmməd xanlığa keçir. O, tarixdə Mirzə Məhəmməd xan Sani (ikinci) kimi tanınmışdır. Mirzə Məhəmməd Sani A.A. Bakıxanovun atası idi. Xanlığa keçəndə on bir yaşı vardı. Xanlığı idarə etmək üçün dayısı Fətəli xan onun qəyyumu təyin edilmişdi. İyirmi yaşına çatdıqda Mirzə Məhəmməd xan Sani Fətəli xanın qızı Xan Bikə xanımla evlənir.
Fətəli xanın nüfuz dairəsi getdikcə genişlənirdi. 1785-ci ildə Şəki xanını məğlub edərək, onu özündən asılı vəziyyətə salır. Beləliklə, XVIII əsrin səksəninci illərində Azərbaycanın bütün şimal-şərq hissəsi onun hakimiyyəti altında birləşmişdi. Təkcə Qarabağ xanı ona tabe olmaqdan imtina edirdi.
1784-cü il Fətəli xandan ötrü daha uğurlu olur. Həmin ilin bahar aylarında
onun Azərbaycanın cənub xanlıqlarına qarşı yürüşü başlayır. Fətəli xan, demək olar ki, heç yerdə müqavimətə rast gəlmir. Əhali hər yerdə onu rəğbətlə qarşılayır. Ərdəbil və Mişkin şəhərlərini müqavimətsiz ələ keçirir. Fətəli xanın belə müzəffər yürüşü II Yekaterinanı bərk narahat edir. Öz narazılığını knyaz Q. A. Potyomkin vasitəsilə Fətəli xana çatdırır. Bundan sonra Fətəli xan cənubda qala bilməyib, Qubaya dönür. Ancaq bu, onun Rusiyaya rəğbətinə zərrə qədər də xətər gətirmir.
80-ci illərdə Rusiya Qafqazda öz mövqeyini xeyli möhkəmlətmişdi. «Azərbaycan tarixi»nin birinci cildində yazılır: «1768-1774-cü illərdə rus-türk müharibəsində rus silahının qələbəsi, 1783-cü ildə Kuban boyu sərhədlərinin möhkəmləndirilməsi Rusiya üçün Qara dəniz sahilində və Qafqazda əlverişli vəziyyət yaratdı və onun sərhədlərini Zaqafqaziyaya yaxınlaşdırdı». 1783-cü ildə Gürcüstanın Rusiyanın himayəsinə keçməsi barədə Georgiyevskdə (Şimali Qafqaz) müqavilə bağlandı. Həmin ilin noyabr ayında rus qoşunları Tiflisə daxil oldular. Şimali Qafqazla Gürcüstan arasında yol çəkilməyə başlandı ki, bu yol sonralar Hərbi-Gürcüstan yolu adını aldı. Bu yolu general-poruçik P. S. Potyomkin çəkdirməyə başlamış, A. P. Yermolov başa çatdırmışdır. 1783-cü ildə İrəvanın əhalisi Qafqaz baş komandanlığına məktub göndərərək, rus qoşunlarının yolunu səbirsizliklə gözlədiklərini xəbər vermişdilər.
Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın işğalı üçün çox əlverişli şərait yaradılmışdı. Lakin birdən-birə baş vermiş hadisələr buna mane oldu. 1787- ci ildə Rusiya ilə Türkiyə arasında təzədən müharibə başladı. Bununla əlaqədar çar höküməti öz qoşununu Tiflisdən geri çağırmağa məcbur oldu. Türkiyə hələ müharibədən qabaq Azərbaycan xanlıqlarını da öz tərəfinə çəkmək üçün çox cəhdlər göstərmişdi.
1787-ci ildə Fətəli xan Qarabağ xanı İbrahim xanı bərk məğlubiyyətə uğratdı. Çünki İbrahim xan Şamaxı xanlığını onun əlindən almaq fikrinə düşmüşdü. Bu qələbə Fətəli xanın güçünü daha da artırdı.
1788-ci ildə Şəki xanı öz müttəfiqləri ilə birləşib Fətəli xanın himayəsindən çıxmağa cəhd edir. Döyüş köhnə Şamaxının yaxınlığında baş vermişdi. Vuruşmada əvvəl şəkililər üstün gəlirlər. Şamxal Tarkovskinin köməyə çatması nəticəsində Fətəli xan Şəki xanı Məmməd Həsən xanın qoşunlarını darmadağın edir. Xan özü bir neçə nökəri ilə Şəkiyə qaçır.
Həmin ilin dekabrında Fətəli xan II İrakli ilə birlikdə Gəncəni özlərinə tabe etdilər.
1788-ci ildə Fətəli xan Azərbaycanda artıq ən güclü bir şəxsiyyət idi.
18-ci əsrin 70-ci illərinin başlanğıcında Şimali Azərbaycan torpaqlarının yarısı, demək olar ki, Quba xanlığına tabe idi.
Fətəli xan Şamaxını dövlətin paytaxtına çevirmək fikrində idi. Bu məqsədlə Dərbənd, Quba, Salyan və habelə Niyazabaddan etibarlı ailələri buraya köçürür, hətta Nadir şah tərəfindən salınmış yeni Şamaxının (Ağsu) əhalisini də köhnə Şamaxıya qaytarır. O, şəhəri möhkəmlətmək və bununla da köhnə Şirvanşahlar dövlətini diriltmək arzusunda idi.
1788-ci ildə Fətəli xanın gücü xeyli artmışdı. Quba, Dərbənd, Bakı, Şamaxı, Salyan tam onun ixtiyarında idi. Şəki xanı ondan asılı idi. Tabasaran hakimləri onun tam itaətində idilər. Şamxal Tarkovski, Qaytaq üsmüsü və Qazıkumux xanı Rusiyadan çəkindikləri üçün ona pənah gətirmişdilər. Talış, Muğan, Gilan xanları onun himayəsində idilər.
Belə bir qüvvə ilə o, Cənubi Azərbaycan xanlıqlarını da birləşdirmək fikrində idi. Lakin bu məqsədinə nail ola bilmədi.
1789-cu ildə Fətəli xan gözlənilmədən xəstələnir. Halının gün-gündən pisləşdiyini hiss edərək, Bakıya — bacısı Xədicə Bikənin yanına gəlir. Xədicə onun rəng-rufundan qorxuya düşür.
-Sənə nə olub? — soruşur.
-Heç sorma, Xədicə. Sənin yanına ölməyə gəlmişəm.
-Sən nə danışırsan?
-Həqiqi sözümdür. Mən hər şeyi qabaqcadan hiss etməyə öyrəşmişəm. İndi də başa düşürəm ki, ölüm arxamca gəzir.
Həmin ilin mart ayında Fətəli xan ölür.
Bacısı və kürəkəni — bacısı oğlu Mirzə Məhəmməd Sani onun üçün təntənəli dəfn düzəldirlər. Oğlanları Əhməd xan və Şıxəli xan Qubadan gəlirlər. Cənazəsi Bibiheybətin həyətindəki qəbiristanlıqda dəfn olunur. Bu yaxınlaradək onun qəbri dururdu, Bibiheybət söküldüyü zaman qəbrin başdaşısı tarix muzeyinə gətirilmişdir.
Fətəli xan öləndən sonra Bakı xanlığı içərisində ixtilaf başlayır. Bu işdə atasının ölümündən sonra onun yerinə keçmiş Əhməd xanın da günahı böyük olur. Mirzə Məhəmməd xan birincinin oğlu, yəni Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulu xan Əhməd xana arxalanaraq gizlincə Mirzə Məhəmməd xan Saninin əleyhinə qəsd hazırlayırlar. Məhəmməd Qulu xan Əhməd xana vəd edir ki, əgər xan taxtına yiyələnməkdə ona kömək edərsə, ona külli miqdarda xərac verməyə hazırdır. Əhməd xan da buna razılıq verir və beləliklə, öz bibisi oğlu, yeznəsi Mirzə Məhəmməd Sanini yıxmaq üçün birgə tədbir tökürlər. O, qoşunun bir hissəsini Salyana yola salmaq bəhanəsi ilə Bakı üzərinə göndərir. Məhəmməd Qulu da gizlincə Bakıya gələrək, yaxın adamları ilə birlikdə şəhəri ələ keçirmək üçün hazırlıq görür. Gecə yarısı hamı yuxuya gedəndən sonra şəhər darvazalarını qoruyan keşikçilərin üstünə basqın edib, qapıları açırlar, qoşun içəri soxulur. Qəflətən yaxalanan mühafizə dəstələri ilə əlbəyaxa vuruşma başlayır. Məlik Məhəmməd xanın qardaşı Məhəmməd Qulunun adamları şəhərdə əsas istehkamları əvvəlcədən tutduqlarına görə qalib gəlirlər.
Məhəmməd Qulu xan özünü xan elan edir. Mirzə Məhəmməd Sani isə ailəsi ilə birlikdə Qubaya sürgün olunur.
Bakıda Məhəmməd Qulu xanın hakimiyyəti uzun sürmür. Buna əsas səbəb o idi ki, o xanlığa yiyələnəndən sonra Əhməd xana verdiyi vədi yerinə yetirmir. Əhməd xan da yeznəsi Mirzə Məhəmməd xan Saniyə qarşı tutduğu işdən peşman olur. Əhməd xan bu dəfə Mirzə Məhəmməd xana qoşun verərək, onu Məhəmməd Qulu xanın üstünə göndərir. Qoşunun şəhər divarlarına yaxınlaşdığını görən Məhəmməd Qulu xan şəhər əhlinin ona xəyanət edə biləcəyini düşünüb, xəzinənin ağzını açıb, əhaliyə bəxşişlər paylayır. Onun belə səxavətindən razı qalan bakılılar şəhəri Mirzə Məhəmməd xandan qorumaqda ona yaxından kömək edirlər. Mirzə Məhəmməd Sani hücumlarının nəticə vermədiyini görüb təzədən Qubaya qayıdır.
1791-ci ildə Əhməd xan ölür və Quba xanlığı Fətəli xanın kiçik oğlu Şıxəli xanın əlinə keçir. Tarixçilərin yazdıqlarına görə, Şıxəli cavan olsa da, xanlığı fərasətlə idarə edirmiş.
Onun təşəbbüslərindən biri Bakı xanlığını həqiqi varisinə qaytarmaq olur. Mirzə Məhəmmədlə birlikdə Bakı üzərinə yürüşə başlayır. Şəhərə yaxınlaşanda fikirləşir ki, qalanı almaq üçün mutləq əlavə qüvvə lazımdır. Bu məqsədlə Georgiyevskdə general Qudoviçin qərargahına müraciət edir. Bakını geri almaq
üçün ona kömək göstərilməsini xahiş edir. Qudoviçdən cavab gələnədək, o şəhəri mühasirədə saxlayır. General əmr edir ki, Bakı körfəzində duran freqatdan atəş açmaqla Şıxəli xana kömək edilsin. Bir neçə gündən sonra Qudoviç Məhəmməd Qulu xandan da məktub alır. Xan bildirir ki, o Bakının qanuni hakimidir və Şıxəli xana qarşı döyüşdə köməyə çatmasını bundan xahiş edir. Qudoviç Xəzər donanmasının komandiri general-mayor Şişkinə əmr edir ki, xanlardan kimin haqlı olduğunu öyrənib, məsələni dövlətin xeyrinə həll etsin. Lakin Qudoviçin sonrakı əmri gec gəlib çatdığından kapitan-leytenant Mollerin əmri ilə gəmilərdən şəhərə bir neçə yaylım atəşi açılır.
Vəziyyəti belə gördükdə, Məhəmməd Qulu xan həmin ilin oktyabr ayında Mirzə Məhəmməd xanla saziş bağlamağa məcbur olur. Bu sazişə əsasən şəhərin gəliri Mirzə Məhəmməd Sani ilə Məhəmməd Qulu xan arasında tən bölünməli idi. Şıxəli xan isə Bakıdan 24 min manat xərac alacaqdı. Məhəmməd Qulu xan Bakı şəhərində, Mirzə Məhəmməd xan isə Balaxanada yaşamalı olurlar. XVIII əsrin qırxıncı illərində İ. Y. Lerx (o, 1744-1747-ci illərdə İranda rus səfirliyinin hakimi olmuşdur) yazırdı: «Balaxana kəndində hələ də 4 bastionlu dördkünc bir qala durur». Mirzə Məhəmməd xanın iqamətgahı da məhz bu qalada idi. O Balaxana iqamətgahında yaşayarkən gürcü qızı Sofiyaya təzəcə evlənmişdi. Abbasqulu və Cəfərqulu ağa bu qadından olmuşdular. Bundan sonra o yenə də evlənmiş və Abbasqulu ilə birlikdə 6 oğul atası olmuşdur. Abbasqulu ağa, Cəfərqulu ağa, Cavad ağa, Qədir ağa, Mustafaqulu ağa və Abdulla ağa. Mirzə Məhəmməd xan 1791-ci ildən başlayaraq, təkcə Balaxanada deyil, Maştağada, Əmirhacıyanda da yaşamışdır. Abbasqulu ağa da 1794-cü ildə Əmirhacıyanda anadan olmuşdur. Qalan dörd qardaşı isə Xeyimisə xanımdandı. Üçüncü arvadı Fətəli xanın qızı Xan Bikə xanım idi ki, ondan uşağı olmamışdı.
Şəhərin gəliri iki xanın arasında bölünsə də, əsas hakimiyyət Məhəmməd Qulu xanın əlində idi.
1792-ci ildə Məhəmməd Qulu xan ölür. Mirzə Məhəmməd xan bu dəfə də hakimiyyəti ələ keçirə bilmir. Məhəmməd Qulu xanın qardaşı Əli Qulu xanın oğlu (Mirzə Məhəmməd xanın əmisi oğlu) Hüseynqulu xan fürsətdən dərhal istifadə edərək özünü Bakı xanı elan edir. Mirzə Məhəmməd xanla Hüseynqulu xan arasında təzə bir çəkişmə başlayır. Mirzə Məhəmməd xan Quba qoşunlarının köməyi ilə şəhəri mühasirəyə alır və Hüseynqulu xanla müqavilə bağlamağa nail olur. Yenə də şəhərin gəliri iki xanın arasında bölünür.
Sonralar Hüseynqulu xan xanlığın iki xan arasında şərikli olmasına dözə bilmir. Fikirləşir ki, Mirzə Məhəmməd Sani Balaxanada xanlığın əsas gəlir mənbəyi olan neftin əsas hissəsini mənimsəyə bilər. Fürsət axtarır ki, Mirzə Məhəmmədin iqamətgahına gözlənilmədən basqın edib, onu Bakıdan uzaqlaşdırsın. Mirzə Məhəmməd isə təbiətən sadə və ürəyiaçıq olduğundan Hüseynqulu xanın ona xəyanət edəcəyini heç gözləmirdi.
Bir gecə Hüseynqulu xan bir dəstə atlı ilə Mirzə Məhəmmədin iqamətgahına basqın edir. Mirzə Məhəmməd xan gecə yarısı atların kişnəməsinə yuxudan ayılarkən, iqamətgahın mühasirəyə alındığını görür. Hüseynqulu xan sübh tezdən Mirzə Məhəmməd xanı ailəsi ilə birlikdə Qubaya sürgün edir. Beləliklə, hakimiyyət təkcə Hüseynqulu xanın əlində qalır.
1792-ci ildə Hüseynqulu xan öz hakimiyyətini daha da möhkəmlətmək məqsədilə Rusiyanın himayəsinə girmək barədə danışıqlara başlayır. Rus qüvvələrinin yerləşdiyi Georgiyevskə elçi göndərir. Dərbənddə onun elçisi Şıxəli xanın adamları tərəfindən tutulur. Hüseynqulunun II Yekaterinanın adına göndərdiyi məktub Quba xanını bərk qəzəbləndirir, Hüseynqulu xan məktubunun ələ keçdiyini eşitdikdə, bu dəfə başqa yolla Georgiyevskə təzədən məktub göndərir. II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanına əsasən Bakı xanlığı rus imperatorluğunun himayəsinə qəbul edilir. Təkcə o qalır ki, Hüseynqulu xan təntənəli surətdə and içsin.
Hüseynqulu xanın bu hərəkəti ilə yanaşı Şıxəli xan da imperatriçaya müraciətlə bildirir ki, o və ona tabe olan Bakı xanlığı rus tabeliyini qəbul etməyə hazırdır. Elçi Şıxəli xan adından rus imperatorluğuna sadiq qalacaqlarına and içir. Rus qoşunları komandanı Qudoviç andın təsdiq edilməsi və imzalanması üçün Şıxəli xana məktub göndərir. Şıxəli xan isə buna əməl etmir. Halbuki Şıxəli xan bu müddətdə artıq rus təbəəsi hesab edilirdi. Çünki onun xahişi çariçaya göndərilmişdi.
1794-cü ilin ortalarında Şıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd Saniyə qaytarmaq üçün Bakı üzərinə hücuma keçir. Ancaq o hələ yolda ikən ona xəbər çatdırırlar ki, Qazıkumuklu Xambutay xan Şəki xanı Məhəmməd Hüseyn xanın üzərinə qoşun çəkmişdir. O, ləşkəri Mirzə Məhəmməd xana tapşırıb, özü Şəki xanının köməyinə tələsir.
Həmin illərdə Mirzə Məhəmməd xan Sani Bakı qalasından kənarda yaşasa da, xanlığın əsas gəlir mənbələrini öz əlində saxlayırdı. Neft quyularından və duzlu göllərdən alınan məhsula, demək olar ki, bütünlüklə yiyələnmişdi. Şəhərə neft, duz və başqa məhsulların daşınmasını tamamilə qadağan etmişdi. Hüseynqulu xan Quba qoşunlarının təzədən onun üzərinə hücuma keçəcəyini eşidən kimi Həştərxan vasitəsilə general Qudoviçə məktub göndərərək, Şıxəli xandan gileylənir. General Qudoviç Şıxəli xana xəbərdarlıq edir ki, Bakı xanlığını rahat buraxsın, unutmasın ki, Bakı xanlığına toxunmamaq onun andında qeyd edilmişdir.
Bu ara Mirzə Məhəmməd üzərinə basqın etmək üçün Hüseynqulu xandan ötrü əlverişli şərait yaranır. Gecə qaranlığında Balaxanada Mirzə Məhəmmədin iqamətgahına basqın edib, Bakı qalasına hücum etmək üçün Şıxəli xanın onun sərəncamına verdiyi qoşunu pərən-pərən salır. Mirzə Məhəmmədin ailəsi və o cümlədən Şıxəli xanın nişanlısı da Bakıya gətirilir. Sonralar Şirvan xanı Mustafa xan araya girərək, onları barışdırır. 1795-ci ilin payızında Mirzə Məhəmməd xan ailəsi ilə birlikdə Qubaya qayıdır. Şıxəli xan da həmin il Bəyim Bikə ilə evlənir.
1795-ci ilin dekabrında Hüseynqulu xanın rus himayəsinə daxil edilməsi barədə fərman gəlir. Fərmanda göstərilirdi ki, xanlıq titulu və vərəsəlik bundan sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Xanlıq Qafqaz xəttinin baş komandanlığı ilə razılaşdırılmadan rus tabeliyində olmayan ətraf hakimlərlə əlaqəyə girə bilməz. Bununla bərabər rus tacirləri üçün də əlverişli şərait yaradılmalıdır. Küləyin sahilə vurub çıxardığı gəmilər yükləri ilə birlikdə vaxtında sahibinə qaytarılmalıdır. Bakıda həmişə bir rus gəmisi durmalıdır. Rus tacirlərinin İranlılarla əlaqədar işləri təkcə Bakı hakimləri tərəfindən deyil, konsulla birlikdə həll edilməlidir. Şıxəli xanın Bakıya olan iddiaları əvəzində xan ona bəzi mükafatlar verməlidir.
Küləyin vurub sahilə çıxardığı gəmilər barədə fərmana xüsusi bir maddənin daxil edilməsi təsadüfi deyildi. Maştağa və Mərdəkan kəndləri sahillərində küləyin vurub sahilə çıxardığı gəmilərin malları Hüseynqulu xanın adamları tərəfindən bir qayda olaraq həmişə talan edilirdi. Hüseynqulu xan rus komandanlığı tərəfindən bir neçə dəfə məcbur edilmişdi ki, talan edilmiş malların dəyəri rus və hind tacirlərinə qaytarılsın. Bakı arxipelaqında da rus gəmilərinə basqın halları baş verirdi.
XVIII əsrin axırında baş vermiş hadisələr Hüseynqulu xanın rus tabeliyinə daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane oldu.
1794-cü ildə İranda Ağa Məhəmməd xan Qacar ölkənin əsas əyalətlərini ələ keçirərək, Tehranı paytaxt elan etmişdi. O, Cənubi Azərbaycanın xanlıqlarını da özünə tabe eləyəndən sonra Şimali Azərbaycana yürüş üçün hazırlıq görməyə başlayır. Əvvəlcə bütün xanlıqlara məktub göndərərək, onları İran şahının himayəsinə keçməyi təklif edir. Qarabağ xanı İbrahim xandan isə tələb edir ki, oğlunu onun yanında girov qoysun. İbrahim xan bundan imtina etdikdə, Ağa Məhəmməd xan Qacar onun üstünə 8 min nəfərlik qoşun göndərir. Gürcülər qarabağlıların köməyinə çataraq, birlikdə Əsgəran qalası yanında İran qoşunlarını darmadağın edirlər. Həmin ilin yayında Ağa Məhəmməd xan Qacar təzədən 85 min qoşunla Qarabağa soxulub, Şuşa şəhərini mühasirəyə alır. Mühasirə 33 gün davam edir. Ağa Məhəmməd xan Qacar şuşalıların müqavimətini qıra bilmədiyindən Tiflis üzərinə yürüyür. Tiflisə qədər olan yol boyu bütün şəhər və kəndləri xarabazara çevirir.
Qarabağlılar da öz borclarını yerinə yetirərək, gürcülərin köməyinə çatırlar. Gürcülər düşmənin üstün qüvvəsi qarşısında davam gətirə bilmirlər. Ağa Məhəmməd xanın qoşunları Tiflisə daxil olub, şəhəri talan edir, əhalini qılıncdan keçirirlər.
Ağa Məhəmməd xan Qacarın bu qələbəsi bu vaxtadək Rusiya ilə İran arasında tərəddüddə qalmış Şıxəli xanı ruhlandırır və ona qiymətli hədiyyələr göndərir. Onun rus təbəəliyinə qəbul edildiyinə baxmayaraq, qəti olaraq Ağa Məhəmməd xan tərəfinə keçir.
Gürcüstanı talan etdikdən sonra Ağa Məhəmməd xan 1795-ci ilin payızında qışı Muğan düzündə keçirmək məqsədilə Azərbaycana qayıdır. Yolda on iki min qoşunla Şirvana basqın edir. Şirvan xanı Mustafa xan qaçıb Fit dağında gizlənir. Bunu eşidən Bakı xanı Hüseynqulu xan Şamaxıya Ağa Məhəmməd xan üçün böyük hədiyyələr göndərir və beləliklə özünü Qacarın qəzəbindən xilas edə bilir.
Muğanda qalmaqda Ağa Məhəmməd xanın niyyəti təzədən Azərbaycan xanlıqlarına hücum edib, bütün Azərbaycanı özünə tabe etdirmək idi. Lakin bu ona müyəssər olmur. Çünki Qacarın Zaqafqaziyaya basqını rus imperatorluğunu çox narahat edirdi.
General Qudoviç göstəriş almışdı ki, Ağa Məhəmməd xan Qacar Şamaxını işğal edərsə, Dərbənd üzərinə hücuma keçsin. Gürcüstanın, xüsusilə Tiflis şəhərinin Qacar qoşunları tərəfindən dağıldığı xəbərini alan kimi 1796-cı ildə 30 minlik rus qoşunu general V. A. Zubovun komandası altında Dərbənd şəhəri üzərinə hücuma keçirlər. Əvvəlcə Şıxəli xan müqavimət göstərir. Rusların güclü qoşunu qarşısında dura bilməyəcəyini hiss etdikdə anası və bacısının təhriki ilə qılıncını boynundan asaraq öz rəiyyəti ilə Zubovun yanına gəlir. Zubov onu xeyli müddət öz düşərgəsində saxlayır. Şıxəlinin anası və bacısı Zubovun düşərgəsinə gələrək, Şıxəlinin cavanlığını nəzərə almağı və onun günahından keçməyi xahiş edirlər. Zubov ona müqavimət göstərən yerli hakimləri adətən Rusiyaya göndərirdi. Görünür ki, Şıxəli xanın anası və bacısının xahişindən sonra, ya da başqa mülahizələrə görə onu öz yanında saxlayır və hətta Şamaxı üzərinə yürüşə də özü ilə bərabər aparır.
Zubov Dərbənd xanlığının boş qalmaması üçün Şıxəli xanın bacısı Pəricəni şəhərin hakimi təyin edir. 1796-cı ilin 3 iyununda II Yekaterina V. A. Zubova belə bir məktub göndərmişdi: «Dərbəndin hakimi Pəricə xanıma mən hədiyyə olaraq, qələm, sırğa və üzük göndərirəm… Deyirlər ki, ağıllı və yaxşı qızdır. Mənə elə gəlir ki, onun davranışında bir mərdlik vardır ki, bu da mənim xoşuma gəlir».
Keçmiş xanlıq nəslindən olan Nadir xan da Pəricəyə naib təyin olunur.
Həmin il 24 mayda Zubov Bakıya tərəf yürüşə başlayır. Dərbənddən sonra Şamaxı, Gəncə, Salyan xanlıqları da rus hakimiyyəti altına keçir. Qarabağ xanı Zubovun yanına elçi göndərərək, rus himayəsinə qəbul olunmasını xahiş edir. Bakı xanı Hüseynqulu xan da şəhəri təhvil vermək məcburiyyətində qalır.
Şəhərin işğalından sonra Yekaterina Bakını bütün Şərqdə böyük ticarət mərkəzinə çevirmək üçün ciddi tədbirlər görməyə başlayır. Bakı limanının hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə Peterburqdan Bakıya mütəxəssis ustalar göndərilir. Bakıda olmuş Butkov öz qeydlərində yazırdı ki, «Bakı limanı bütün Xəzər dənizində ən əlverişli liman olduğundan onu genişləndirmək və möhkəmləndirmək lazım gəlirdi. Dərinliyi 7 sajen olan liman sularında gəmilər rahat üzə bilirdilər».
Rusiya imperiyasının hakimiyyətini Azərbaycanda daha da möhkəmlətmək məqsədilə Zubov Kürlə Arazın birləşdiyi yerdə (Cavadda) yeni bir qala-şəhər salmaq fikrinə düşür və onun layihəsi də hazırlanır. Bu məqsədlə buraya 2 min saldat köçürür, onları hərbi və kənd təsərrüfatı alətləri ilə təmin edir və erməniləri məcbur edir ki, qızlarını rus saldatlarına ərə versinlər. Bu qala-şəhər Yekaterinoserd adlanacaqdı.
Bakını möhkəmlətmək isə rus komandanlığı qarşısında birinci dərəcəli məsələ kimi qoyulmuşdu. 1796-cı ilin 19 fevralında Zubova göndərilən əmrdə deyilirdi: «Bakını, Bakı limanını zəbt edib, onu baş depoya çevirməli». Bakı limanında işə başlamaq üçün vəsait də ayrılmış və Peterburqdan ustalar yola salınmışdı.
Ruslar 1796-1797-ci illər üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilmirlər. II Yekaterinanın ölümü buna mane olur. Yekaterinadan sonra onun yerinə taxta çıxmış I Pavelin əmri ilə rus qoşunları təcili olaraq, geri çağırılır. I Pavelin məqsədi Fransaya qarşı mübarizə üçün Rusiyanın bütün hərbi qüvvələrini bir yerə toplamaq idi. Qoşunların geri çəkilməsinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri əvvəlki kimi yenə davam edir və genişlənirdi. Bununla belə, Xəzər sahili şəhərlərinin bəzilərində yerli hakimlər tərəfindən bu ticarətə zərbə vuranlar da vardı. Məsələn, Bakı xanı Hüseynqulu xanın nəinki rus tacirlərinə, habelə hindlilərə da münasibəti yaxşı deyildi. Rus ticarət gəmilərinə yenə də basqınlar edilirdi. Hüseynqulu xan bu basqınların qarşısını nəinki almır, əksinə, bunun üçün əlverişli şərait yaradırdı. Belə halları aradan qaldırmaq məqsədilə İranda olah rus konsulu Skibinevski 1800-ci ildə Bakıya gəlir. O, Hüseynqulu xandan rus tacirlərinə vurulmuş zərərin qaytarılmasını tələb edir. Maştağa sahillərində küləyin vurub sahilə çıxardığı gəminin talan edildiyini söyləyərkən Hüseynqulu xan deyir:
-Bu gəminin malları rus tacirlərinin deyil. Qoy hindlilər bunu tələb etsinlər.
-Mallar rusların deyilsə də, gəmi ruslarındır. Gəminin içindəki mallar üçün ruslar məsuldurlar.
Beləliklə, Hüseynqulu xan nə rus tacirlərindən aldığı pulları, nə də talan etdiyi gəmilərin mallarını qaytarmaq istəmir. Vəziyyəti belə gördükdə Skibinevski zora əl atmağa məcbur olur. O Bakı limanında reyddə durmuş rus donanmasına əmr edir ki, şəhəri top atəşinə tutsun. «Qızlar» gəmisi şəhəri top atəşinə tutan kimi Hüseynqulu xan günahkar olduğunu boynuna alır və rus tacirlərindən aldıqları pulları və talan olunmuş malları qaytarmağa razılıq verir. Hətta üstəlik iltizam verir ki, bundan sonra rus tacirlərinə qarşı ədalətli hərəkət edəcəkdir. Bu əhvalatdan sonra, Hüseynqulu xan yaxın rəiyyətindən olan Mirzə Hadı bəyi rus imperatorluğu sarayına göndərərək, tutduğu hərəkətdən ötrü üzr istəyir.
Buna baxmayaraq, Hüseynqulu xan sonralar da rus və hind tacirlərinin gəmilərinə quldur basqınından əl çəkmirdi.
Azərbaycandan geri qayıtmış Ağa Məhəmməd xan Qacar İrana çatan kimi 1796-cı ildə Tehranda özünü şah elan edir. Bir ildən sonra təzədən böyük qüvvə ilə Azərbaycana gəlir. Qarabağ və Şirvan xanlıqlarını işğal edir. Hüseynqulu xanı Şuşa qalasına öz yanına çağırır. Bir rəvayətə görə, Hüseynqulu xan onun yanına getməkdən boyun qaçırır. Ağa Məhəmməd şah Qacar əmr edir ki, onun əl-ayağına zəncir vurub hüzuruna gətirsinlər. Ailəsi isə Tehrana sürgün olunsun. Başqa bir mənbədə göstərilir ki, Hüseynqulu xan özu Ağa Məhəmməd şahın yanına gedir. Ağa Məhəmməd şah Qacar onu qəzəblə qarşılayır. A. Bakıxanov bu barədə belə yazır: «Hüseynqulu xan Ağa Məhəmməd şahın hüzuruna gələrək, öz itaətkarlığını bildirmişdi. Lakin ruslara qarşı olan meylinə görə yaxşı qarşılanmamışdı. Əgər 12 iyun səhəri gün doğandan sonra şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı».
Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə, Qubada olan Mirzə Məhəmməd xan Sani Bakı xanlığına yiyələnmək üçün tələsik Bakıya gəlir. Ondan qabaq özünü yetirmiş olan Hüseynqulu xan şəhər qalasında möhkəmlənərək, müdafiə olunur. İki xan arasında keçirilmiş danışıqlara əsasən Bakı xanlığı yenə iki yerə ayrılır. Hüseynqulu xan Bakıda qalır, Mirzə Məhəmməd Sani isə Maştağaya çəkilərək, orada özünə təzə qala tikdirir.
1801-ci ilin 12 martında imperator Pavel öldükdən sonra onun yerinə I Aleksandr keçir. Təzə imperatorun ilk təşəbbüslərindən biri Zaqafqaziya hakimlərinə məktub göndərməsi olur. Bu məktubda o, bütün xanlıqları dostluq şəraitində yaşamağa çağırırdı. 1803-cü ilin fevralında knyaz Pavel Sisianov Qafqaza baş komandan təyin olunur. O, əslən gürcü idi, ulu babası knyaz Paati Sisianov (Sisişvili) 1725-ci ildə Rusiyaya köçmüşdü. O Kaxetiyanın məşhur çarı Vaxtanq Kartalini ilə birlikdə vaxtı ilə I Pyotrla görüşmək üçün Peterburqa yola düşmüşdülər. Pyotr isə bu vaxt artıq ölmüşdü. Vaxtanq da Həştərxanda xəstələnib ölmüş, Paati Sisianov isə rus təbəəliyini qəbul etmişdi. Pavel Sisianov 1754-cü ilin 8 sentyabrında Moskvada anadan olmuşdur.
Pavel Sisianovun baş komandan təyin edilməsi ilə Zaqafqaziyanın, o cümlədən Azərbaycanın təzədən işğalı geniş vüsət aldı.
Rus komandanlığı hər şeydən əvvəl Gəncə xanlığının işğal edilməsinə xüsusi əhəmiyyət verirdi. Gəncə xanı Cavadxan əslində rus tabeliyinə keçməyə etiraz etmirdi. Bunun üçün o, rus imperatorunun xüsusi reskriptini gözləyirdi ki,
tabe olmaqla bərabər xanlığın müstəqilliyini hifz edə bilsin. General Sisianov onun nəzərinə çatdırır ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiyanın təbəəliyinə keçmiş və Gəncə qalası ruslar tərəfindən alınmışdı. Cavad xan cavabında yazırdı o zaman şah mənə reskript göndərmiş və mən də onun təklifini qəbul edərək, qalanı təhvil vermişdim. İndi də sənin padşahın belə bir reskript göndəribsə, mənə göstər. Mən də onun iradəsi qarşısında düşünüb-daşınım".
Cavad xanın bu sözləri, görünür ki, Sisianovun şəxsiyyətinə toxunmuş və 1803-cü ilin noyabrında Gəncə üzərinə qoşun çəkmişdi. Rus qoşunları 6 batalyon piyadadan, 11 topdan, 3 eskadron və 2 kazak bölüyündən ibarət idi.
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecəsində Sisianovun qoşunları qalaya hücuma keçirlər. Şəhərin müdafiəçiləri mərdliklə vuruşaraq nərdivanlarla qalaya qalxmağa çalışan qoşunların təşəbbüsünü dəf edirdilər. Buna baxmayaraq qoşunlar şəhəri müdafiə edənlərin müqavimətini qıra bilib, şəhərə daxil olur. Böyük mərdlik göstərmiş Cavad xan öldürülür. Beləliklə, Gəncə xanlığı Rusiyanın tərkibinə qatılır və şəhər I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol adlanır.
Sisianov I Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kompaniyasında İranlılar tərəfindən vurulmuş bir milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Ənzəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. 1865-ci ildə rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib, Bakıya qayıdır.
Sübh açılarkən bakılılar körfəzdə hərb gəmisini görüb, təəccüb qalırlar. Hüseynqulu xan tez Zavalişinin yanına elçi göndərib onun nə niyyətlə gəldiyini öyrənmək istəyir… Zavalişin elçiyə belə deyir:
-Mən imperator tərəfindən göndərilmişəm ki, Bakını zəbt edim. Xanınıza deyin ki, şəhəri təslim etsin.
Hüseynqulu xan vaxtı udmaq üçün Zavalişinə xəbər göndərir ki, fikirləşmək üçün ona avqustun 15-dək möhlət versin.
Zavalişin razılaşır. Möhlət başa çatanda Hüseynqulu xandan heç bir xəbər çıxmır. Belə olduqda, Zavalişin sahilə desant çıxarır. Bu müddətdə Hüseynqulu xanın köməyinə gəlmiş Quba və Dərbənd xanlığının qoşunları Zavalişinin qoşunlarına qarşı vuruşmağa başlayırlar. Bu vuruşmada məğlub olan ruslar gəmi ilə Sara adasına çəkilirlər.
Rusiyanın Qafqaza yürüşü, Gürcüstanın və Azərbaycanın bir hissəsinin Rusiyaya ilhaq edilməsi Ağa Məhəmməd şah Qacardan sonra taxta çıxmış Fətəli şahı (o zamanlar Baba xan kimi tanınırdı) çox narahat edirdi. Hələ rus himayəsinə keçməmiş Qarabağ və Bakı xanlıqlarına elçilər göndərərək, onları hədələyir və xəbərdarlıq edirdi ki, rus tabeliyinə daxil olduqları təqdirdə onların üzərinə qoşun çəkəcəkdir. Bununla ürəyi soyumayan Fətəli şah 1805-ci ildə Qarabağ üzərinə böyük qüvvə ilə hücuma keçir. Qarabağ xanlığının atlı dəstələri İranlıları məğlub edib, geri oturdurlar. 1805-ci ilin 14 mayında Gəncə yaxınlığında, Kürəkçay sahilində Sisianovla İbrahim xan arasında müqavilə imzalanır. Kürəkçay sahilində Qarabağ xanlığı ilə danışıqlardan sonra Sisianov Şəki xanı Səlim xanla gorüşür. Mayın 21-də Şəki xanlığı da Rusiyaya qatılır.
1805-ci ilin iyununda Fətəli şahın oğlu Abbas Mirzənin başçılığı altında İran qoşunları Arazı addayıb, Qarabağ üzərinə hücuma keçirlər. Bu zaman Şuşa qalasını İbrahim xanın dəstəsi ilə birlikdə rus qarnizonunun əsgərləri də qoruyurdular. Qarnizonun köməyinə Gəncədən polkovnik Karyaginin başçılığı altında 555 nəfər əsgər, iki top göndərilir. Yolda bu dəstə Abbas Mirzənin 10 minlik qoşunu tərəfindən dövrəyə alınır. Karyaginin əsgərləri özlərini itirməyərək, İranlılara qarşı döyüşə-döyüşə və yerli əhalinin bələdçiliyi ilə mühasirədən çıxa bilirlər.
Şuşa qalası ətrafında bütün həmlələri boşa çıxan və Karyaginin dəstəsini məğlub edə bilməyən Abbas Mirzə qoşunu çəkib, Gəncəyə tərəf yönəlir. Gəncə qalasını almaq da ona mümkün olmur. Buna görə də müdafiəsiz qalmış Tiflisə tərəf yürüyür. Lakin Karyaginin dəstəsi İranlılara çatır və onları pərən-pərən salır. Abbas Mirzə bu dəfə Qazaxdan keçərək İrəvana üz tutur. Abbas Mirzə hələ Qarabağa hücum etməmişdən qabaq Qazağa ultimatum göndərmişdi ki, İran qoşunlarına tabe olmadıqları təqdirdə, ailələri ilə birlikdə əsir alınacaqlar. Qazaxlılar Abbas Mirzənin bu hədəsinə əhəmiyyət vermədən öz mövqelərini möhkəmlədirlər. Şah qoşunları Qazağa daxil olduqda yerli əhali onlara bərk divan tutur. İranın saray tarixçilərindən biri qazaxlılar barədə belə yazırdı: «Qazax əhli İranlıların İrəvana tərəf yürüşünə mane olurdular. İrəvan düzənliyi başlananadək qazaxlılar, demək olar ki, hər fərsəx yolda pusqu düzəltmişdilər. Onlar hətta Abbas Mirzənin özünə də atəş açmışdılar».
Yaralanmış Abbas Mirzə İrana qayıtmağa məcbur olmuşdu.
Gəncə və Şəki xanlıqlarını özünə tabe etdikdən sonra Sisianov Şirvana tərəf yürüşə başladı. Bu müddətdə o, Qafqazın hər yerində «zəhmli knyaz» kimi şöhrət tapmışdı.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7