Vətən

Vətən

Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.

Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.
Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.”

İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.

Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır.
Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır.

Azərbaycan dövlət rəmzləri (atributları)
Vətənimizin atributları bizim üçün müqəddəsdir.
  • Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.
  • Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
  • Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.
Top