Poeziyada minimalizm

Poeziyada minimalizm

Bəzən olur ki, şeirlə haykunu müqayisə edirlər. Bəzi şairlər isə poeziyada məhz minimalizm prinsipini həyata keçirməyə çalışır. Buna baxmayaraq müqayisə etməyə çalışanlar haqlıdı – haykunu yaradan yaponlar minimalizmdən çox yaxşı baş çıxarırlar.

Bəs minimalizm nədir?
İlk növbədə xarici termin olan «minimalizm” terminini „sadəlik” sözü ilə əvəzləyin — hər ikisi eyni məna verir. Sadəlikdə müqəddəslik və aydınlaşma var — yəni qərb və şərq sivilizasiyalarının iki ali məqsədi. Yeri gəlmişkən buddistlər üçün yaradıcılıq, şeir yazmaq, aydınlaşmağa doğru birbaşa yol hesab olunur. Onların ruhi təcrübəsinin məqsədi isə subyekt və obyekt arasındakı sərhədin yoxa çıxmasıdır.

Şeiri necə minimallaşdırmaq olar? 
Bəzi aspektlər var. Əvvəla bu forma ilə əlaqəlidir. Qafiyə? Qəsdən yaratadığınız qafiyəni yığışdırın. O, şeiri dərk etməyə mane olur. Müasir qafiyəli şeirləri oxuyan zaman tez-tez fikirləşirsən, görəsən müəllif öz ruhuna, şəxsi düşüncələrinə, qəlbinin orijinallığına məhəl qoymadan bu sözləri lazımsız çərçivələrə necə salıb?

Oxumaq həvəsi də yox olur. Yəni doğrudanmı, postmodernizm bu adamlara formanın da məna ilə bilavasitə bağlı olduğu məntiqini öyrətməyib? Verlibri yaradan və populyarlaşdıran Volt Uitmen birbaşa deyirdi — qafiyə və klassik formalar şeirlərin ruha hopmasına mane olur. Bu buxovlar nəyimizə lazımdı axı? Amma bu o demək deyil ki, qafiyə pis bir şeydi. Qəflətən, qeyri-ixtiyari yaranan qafiyə mütləq olduğu kimi qalmalıdır, çünki bu səmimi və təbiidir.

Bu ölçü ilə də əlaqəlidir
Niyə adamlar uzun şeirlər yazır? Müasir oxucu sütunvari mətn görəndə o şeiri oxumağa cəhd də göstərmir. Bunun qarşısını necə almaq olar? Çox sadə, (minimalist olan hər şey kimi) qısa və aydın yazmalı. Ölçü üçün, məsələn twitterdəki formatı götürmək olar — 140 simvoldan çox olmamaq şərti ilə. Müxtəsər olan hər şey həqiqidir, çünki ürəkdən gəlir.

Bu həm də məhdudiyyətlə bağlıdır
Daha doğrusu, əlaqəli deyil – çünki, poeziyada məhdudiyyət yoxdur. Yadımdadır, bir zamanlar məni poeziyada da şahmatdakı kimi mat qoymağı bacardığım üçün qınayırdılar. Bağışlayın, amma mən şeir haqqındakı hətta şəxsi xurafatımın müqəddəsliyinə olan inamı da dağıtdım. Məsələ bundadır ki, onların poeziyaya yanaşması poeziya deyil, nəsə başqa bir şeydi. Bir də ki, hərflərə çox da əhəmiyyət verməyək. Poeziya ayrı-ayrı hərflər deyil, hərflərdən ibarət olan bütövlükdür. Hə, yeri gəlmişkən, kim deyib ki, hərflərdən kənarda söz yoxdur?  

YURİ İVANOVİÇ MİNERALOV
Rus dilindən tərcümə edən: Xatirə NURGÜL
Top