Niyə ağlayırsan başına dönüm?
Müəllif: Qismət Həmçinin bax: Şəhərin ən qoca fahişəsinə
Bəsdir qurtaraq da bu ağlamağı....
Ağlama, öldürmə qoy rahat ölüm,
Ağlayıb öldürmə ölümqabağı...
Ağlama , elə bil kitabxanada,-
Könlünü sən mənə açmamısan heç.
Ağlama, fərz elə dərs olanda da,
Mənimlə bufetə qaçmamısan heç.
Əvvəlcə adımı sil telefondan,
Sonra şəklimizdən qayçıla məni.
Təki çıxardasan məni yadından,
Did məni, kəs məni, parçala məni...
Nə bilim, rəqs elə ya mahnı oxu,
Unut... heç qoyma ki, yadına düşüm.
Jurnallar vərəqlə, corab-zad toxu,
Çıxsın yaddaşından səsim, gülüşüm...
Zəng elə ən yaxın bir rəfiqənə,
Soruş “Aşka sürgün “ nə vaxt başlayır?
Danışın kiminsə dalınca yenə,
Deyin : o qız onun nəyin xoşlayır?
Danış o filmdən, bu serialdan,
Həyatdan bir an da üzmə əlini.
Axırda yorulub düşəndə haldan,
Soruş itirdiyin dərs cədvəlini...
Qoyma gözlərindən qəti yaş düşə,
Nə də xatirəmi əziz saxlama.
İçindən keçəni elə həmişə,
İçindən keçəni... bircə ağlama...