Murad Köhnəqala

Murad Köhnəqala

Küçə

Ağzında zibil küçə
ağzının sözünü bilməyən küçə
qalstuklu kişilər küçə
kirli pişiklər küçə
bağırsağında dilənçilər küçə
bığlı küçə
fırtığlı küçə
göbəyi açıq küçə
bir şüşə arax küçə
Şuşa yox küçə
Vətən küçəsi
küçə Bakısı
şair küçəsi
küçə şairi…

Qarət

Hamı əllər yuxarı!
Tez olun!
Tez!
Əllər yuxarı deyirəm!
Əlləriniz boyunlarınızın ardına!
Ey, siz, ağzı üstə yerə uzanın!
Tez olun!
Tez!
Sözə baxmayanı güllələyəcəm!
Sən bura gəl!
Hə, sən.
Cəld ol, vitrindəki bütün qızılları
bu çantanın içinə yığ!
Hə, bütün vitrinləri və bütün qızılları!
Əldən diri ol!
Heç kim başını qaldırmasın!
Sən işində ol!
Bütün vitrinləri və bütün qızılları!…
Qudurublar, qızıl satırlar,
Millət acından batır,
bunlarsa qızıl satır!
Xristiansan irsafın hanı
müsəlmansan xümsün zəkatın hanı
Kassadakı pulları da bura say, cəld ol!
Hələ sənin böyüyünlə danışacam!

Hörmətli oxucum,
şer ləzzət elədimi sənə,
mən ölüm?

Arzuma bax sevgilim

Öz səfilliyim haqqında
bəlkə də əfəlliyim haqqında
alman səfirliyinə bəyan edirəm:
mən bir Azərbaycan şairiyəm
çox şerlər yazmışam
Vətənimin zənginliyindən
və cəngəllik qanunlarının ənginliyində bezib azmışam
icazə versəydiniz lütfən
kiçik şəhərlərinizin birində
süpürgəçi işləyərdim gənc ehtirasla
əynimdə al yaşıl yolçu forması
üstündə emblem – alman firması…
alman səhərinin şəfəqlərində
tutardım əlimdə
süpürgəmi, maşamı,
layiqli maaşımı…
icazə verin lütfən
burda ucuz axan şair ömrümü
orda başa vurum şərəf içində…
nə olar lütfən…

Milli mentalitet

Allah islamı sənə göndərib
ona görə nöyütü sənə verib
özünə sərf etsən öz nöyütünü
pulsuz tualetlər aça bilərsən
ağacların dibi sidik qoxumaz
özünə xərcləsən
öz zərbəçi əməyinlə
aradan qaldıra bilərsən
kişi kimi
yaltaqlığını
sonra paxıllığını
sonra ədabazlığını
neçə ki bu üç milli xislətini
qumar kimi
siqar kimi
araq kimi
atmayacaqsan
sən heç vaxt damkaya çıxmayacaqsan
altındakı sərvətini «fuk» götürəcəklər

Bu Vətən

Torpaqları satdınız erməniyə, özünüz kefdə
Xaricə qaçmaq üçün pulunuz var seyfdə
Balalarımızın bel ətindən, antrikotundan yeyirsiniz müftə
Bəylər bu Vətəni nasıl qoydunuz?

Cavanlar Sibirə (qəbirə) alverə gedir
Maskalı OMON döyür, ölverə gedir
Qız gəlinlərimiz pul üçün osmanlıya, ərəbə əlverə gedir
Bəylər bu Vətəni nasıl geydiniz?

Kəndlərimiz xaraba, adamları uçqun
Millət yesir, piyada, hökumət legitim, seçkin
Üstəgəl mənim bu şerim publisistik coşqun
Bəylər bu Vətəni nasıl əydiniz?

Gilas və səbət

Mən hansı bir meymuna
bənzədim ki insanı
meymun onun yanında toya getməli olsun

Mən hansı bir anaya
bənzədim ki tumsatan qadını
doğrudan da onun gələcəyi
perspektivli və parlaq olsun

Mən hansı bir kişiyə
bənzədim ki bizdən yazan qələm dostumuzu
hamımızı dirigözlü güllələtməmiş olsun

Mən hansı bir quşa
bənzədim ki sülhsevər göyərçini
sülhsevərlik ucundan
dimdiyi nura boyanmış olsun

Mən hansı müsəlmana
bənzədim ki xristianı
əlindəki aftafadan
sular çağlamış olsun

Mən hansı bir səbətə
bənzədim ki gilası
arxasından bu qədər
gilas tökülmüş olsun

Boyatı

Mən aşiq dərdə məni
Dərdimi dərdə məni
Dərdim dərdimə qalsa
Dərdim də dərdə məni

Əzizinəm bu dərdi
Dərdim gəldim bu dərdi
Dərdimə dərd yaraşır
Dərdim dərdi bu dərdi

Dərddə məni
Axtar gəz dərddə məni
Dərd dərdi belə görsə
Tapacaq dərddə məni

Aşiq dərdim dərdidi
Bu da dərdə dərdidi
Dərdim dərddə dərd ola
Yenə dərddə dərdidi

Dərdim ağlar
Dərdimi dərdim ağlar
Dərdim dərdimə gülsə
Ah çəkib dərdim ağlar

Bununla da verlişimiz sona çatdı
Əziz böyüklər və balalar
Ayağından su içər
Dimdiyindən balalar

Həmçinin bax: Murad Kohneqalanın şerləri

Top