Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış, Azərbaycan ədəbiyyatında satirik şeirin sütunlarından biri sayılan M.Ə.Sabir cəmiyyətin geriliyindən, insanların savadsızlığından istifadə edib zəhmətkeş xalqın qanını soran ağalara, bəylərə, yaltaq ruhani ordusuna, ağlı kəsən, lakin bunları dilə gətirməyən, əzilmiş xalqın hüququnu müdafiə etməyib, əksinə, onların avamlığından istifadə edən yaltaq ziyalılara öz şeirlərində belə deyirdi.
Şairin yazdığı şeirlər avam, cahil milləti ayıldıb, onlara mübarizlik ruhu, azadlıq, həqiqət, hürriyyət, mövhumatçılığa qarşı mübarizəyə çağırış aşılayırdısa, eynilə də «yatmış olan» millətin oyanmayıb cəhalətdə qalması işinə yarayan hakim qüvvələr üçün də bir növ ayna idi. Özünü bu aynada əyri görənlər özlərini düzəlmək əvəzinə şairə münasibətlərini daha da kəskinləşdirirdilər.
İllər, əsrlər keçsə də, bu gün elm, texnikanın sürətlə inkişaf etdiyi, savadsız, elmsiz insanların az qala yox bildiyimiz XXI-ci əsrdə yaşasaq da təəssüf ki, hələ də bu xalqın nə Sabir dövründə sadaladığı problemlər bitdi, nə də Sabir qədər kəskin yazan şairləri. Təəssüf hissi ona görə keçirirəm ki, kaş elə doğurdan da indi nə bu xalqın dilə gətirdiyi sorunlar, problemlər olaydı, nə də onları yana-yana yazıya tökən şairlərə ehtiyacımız.
Düzəlməkmi istəmirik, qanun-qaydaya, haqqa, düzgünlüyə, insanlığa biganəlikmi qanımızdadır, hələ də bunu anlamıram. Şairin sözüylə desəm:
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.
Əslafımıza çünki həqiqi xələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Belə görünür bizim bu başıbəlalı millətimizə heç vaxt problemsiz həyat, qanunlara olduğu kimi işində, əməlində tətbiq edən hakimiyyət, məmur tayfası, haqqını tələb edən ağıllı, sözünü çəkinmədən deyən aydınları, ziyalıları, ümumiyyətlə, cəmiyyəti görmək nəsib olmayacaq. Və bu millət belə davam etdikcə də nadirən də olsa Sabir kimi sözünü dilə gətirən şair və yazarlarımız da olacaq. Lap elə Sabir davamçısı sayılan Baba Pünhan kimi...
Yazının əvvəlini böyük şəxsiyyət, mütəfəkkir insan M.Ə.Sabirlə başlamağım əsassız deyil. Bu müqəddimə bu gün onun davamçısı kimi qəbul etdiyimiz bir insan haqqında yazıma proloqdur.
Zamanəmizin satirik şairi, xalqının qəlbində özünəməxsus sevgisi və yeri olan, hər şeiri oxunduqca «M.Ə.Sabir xələfi» deyə anılan Atababa Seyidəli oğlu Mədətzadənin -
Baba Pünhanın iki gün bundan qabaq, noyabrın 5-i doğum günü idi. Bu yazı bir az gecikmiş yazı olsa da yaradıcılığını sevən bir oxucu kimi onun haqqında yazmağı özümə borc bildim.
Doğulduğu tarixdən ölümünə kimi olan qısa, lakin şərəfli həyat fəaliyyəti haqqında hər hansı bir saytda oxuya bilərsiz. Bu gün o xronologiyanı burda təkrarlamaq istəmirəm. Çünki internetdə hansı saytı açsanız onun həyat və yaradıcılığı haqqında qısa, standart, eyni tipli xronoloji yazıları görəcəksiniz.
Bilirəm ki, kayzençilər içində onu tanımayan, ən azından bir şeirindən belə xəbərdar olmayan olmaz. Bu insan doğurdan da xalqının sevimlisi, şeirləriylə əzilmiş, haqqı tapdanmış insanların haqq səsi olmuş, pafossuz, şişirtməsiz əsl dahi şairidir.
Onun «ayna effekti» yaradıcılığıyla şeirlərində özünü görən əliəyri, rüşvətxor, torpağının işğalına, qazilərin sürünən həyat şəraitinə biganə qalan, meydan əllərində ikən at oynadan, halal-haram bilməyən, fürsət əllərindəykən ölkəni, sərvətlərini talayan «insanların» şairin rejimə qarşı təhlükəli gördükləri şeirlərindən xoflanmaları, yaradıcılığına qiymət verməmələri, dəyərləndirməmələri Baba Pünhan adı və sənətkarlığı qarşısında acizliklərini göstərən amildir.
Ölkədə və ətrafında baş vermiş haqsızlığa göz yummayan, qorxmadan, cəsarətlə neqativlikləri şeirlərində əks etdirən Baba Pünhan saytda təbliğ olunan heç bir ölkənin tanınmış insanlarından az sevilmir öz vətənində.
Həyatda olduğu müddətdə qələmiylə öz etirazını hər vasitəylə hakimiyyət nümayəndələrinə, vəzifəsindən, kreslosundan sui-istifadə edən məmurlara çatdırmağa çalışan bu gözəl insanı ilk ANS tv-də görmüşük çoxumuz. Dinlədikcə içimizdən biri kimi, düşüncələrimizin tərcümanı olan biri olduğunu duyub, oxuyub, dəyərləndirib, sevmişik.
Bürcüm Əqrəb, dilim aqu, qələmim neştərdir,
Çalaram hər kəsi, Pünhanı çalandan-çalana.
Onun şeirlərindəki sadə dil, dərin məna, arifanə fikir, mübarizəkar ruh, xalqının dərdini, etirazını mükəmməl şəkildə yazılarında sətiralıtı və ya birbaşa dilə gətirməsi, əzilənin taleyinə biganə qalmaması onu bizə sevdirən ən böyük faktor olmuş, aşağılanan, haqqı-hüququ tapdalanıb məhdudlaşdıran xalqının yaralarına az da olsa məlhəm olmuşdur.
Sadaladıqlarım bu insanın bizə bəxş etdikləridir. Xalqı tərəfindən sevgisi, rəhmətlə anılmasından başqa ona nə verə bilmişik? Yaşasaydı, bu il 56 yaşını qeyd edəcəkdi. Bu gün onun şeirlərindəki vəzifədə oturan prototiplər şairin nə doğru-düzgün təbliğinə, nə tv və radio kimi təbliğat maşınlarında onun xatırlanmasına fürsət vermirlər. Ölkədəki bütün tv və radio kanalları, kütləvi informasiya vasitələri kimi bir çox təşkilatlar indiki hakim qurumlarının əllərində olsalar da, şükürlər olsun ki, geniş kütləyə malik informasiya və rabitə vasitəsi olan internet şəbəkəsinə hələ ki, əlləri yetmir. Heç olmasa buradan sərbəst, müstəqil şəkildə dəyərli, haqq sözü deyən azadlıq carçılarını tanıyıb, tanıdaraq təbliğinə çalışır, öz istək və arzularımızı dilə gətirə bilirik.
Bu saytda başqa sevdiyim bir yazıçının, Əziz Nesinin "Əziz Nesin satirası" kimi bloq varsa, niyə özümüzün, xalqının sevimlisi olan birinin — Baba Pünhanın şeirlərindən ibarət bir bloq olmasın?
Bilirik ki, saytda zaman-zaman Baba Pünhan şeirləri nəşr olunur. Qoy o, parakəndə halda nəşr olunan şeirlərin, əsərlərin bir bloq altında yerləşdirilib paylaşması üçün yaranan
Baba Pünhan «aynası» adlı bloq həm saytın. həm də şairi sevən oxucularının onun əsərlərinin, yazılarının təbliği üçün Baba Pünhan ruhu qarşısında nacizanə minnətdarlığı olsun.
Ruhun şad olsun, ustad!
Qalacaq izim, əzizim!
Qarışıb bu məmləkətdə yalanım, düzüm, əzizim!
Utanır üzüm deməkdən, «Qarabağ bizim», əzizim!
O əsir qızın sədası, bu yetim qızın zinası,
Çalınır «gəlin havası», necə mən dözüm, əzizim?!
Fasonu, vidi Koroğlu, özü «milli koppoyoğlu»,
Çeçenin yanında vallah, qaradır üzüm, əzizim.
Sağıma bina salıblar, solumu tamam alıblar,
Bir ona qalıb əlacım, havada gəzim, əzizim.
Bura qaçmışam yağımdan, dağılıb sinəm dağımdan,
Camaat, bezən canımdan qaçıram özüm, əzizim.
Əyilib «ruku» edəndə, düzəlib «qunut» tutanda,
Möhürü öpəndə haqqa sürünür dizim, əzizim.
Baba Pünhan haqqı yazdı, sən isə bu haqqı yaydın,
Qalacaq səninlə bircə, qalacaq izim, əzizim!