Milli fal

Milli fal

Bir vaxtlar Rusiyanın müxtəlif bölgələrində bomjlar, əyyaşlar, sahibsiz uşaqlar görəndə fikirləşirdim ki, İlahi, görəsən, bizim ölkədə niyə belə insanlar azdır? İndi maşallah, artıq özümüzün milli evsiz-eşiksizlərimiz, əyyaşlarımız, tüfeyli uşaqlarımız var.
Dalğa-dalğa qiymətlər qalxdıqca, maşallah, inflyasiyanın səviyyəsi artır, öz soykökümüzə bağlı milli kasıb-kusublarımız getdikcə ölkəni bürüyür. Artıq özümüzün səksən faiz dövlətimiz, gerbimiz, bayrağımız, himnimiz, prezidentimiz, nazirlərimiz, neft kəmərimiz, milli bayramlarımız vardır, dönməzdir, əbədidir. Fikir vermişəm, bizim siyasiləşmiş qəzetimizi alanlar son səhifələrdəki ulduz falını oxuyub zibil qabına atırlar. Adətən, çap olunan ulduz falları milli deyil. Orada gah Çin falına, gah hind falına, gah yapon falına istinad edirlər. Əslində bizim özümüzün də ta qədimlərdən ulduz falımız mövcuddur. Sadəcə, biz onu unutmuşuq. Beləliklə, bu gün mən əsrlərlə yaddaşlarda yaşayan milli ulduz falımızdan söz açacağam. Bu yazıda müxtəlif milli ulduzlar altında doğulan insanların xarakterindən danışacağam.

Eşşək. Bu ulduz altında doğulanlar çox qaba olurlar. Mobil telefonla danışarkən ucadan qışqırar, konturun çoxusunu mənasız hal-əhval tutmağa sərf edər. Məsələn, «başqa nə var, nə yox? Özgə nə var, nə yox? Evdə eşikdə? Balalar nə təhərdi? Biz də bala-bala dığırlanırıq. Özgə sözün-qulluğun? Nə qulluq eləyim?» və s. Tez-tez gəyirər və gərnəşərlər. Eşşəklər gülüşlərinin gözünə bir az anqırtı da qatırlar. Onlar heç vaxt dişlərini yumazlar. Qalstuk taxan eşşəklərin, bir qayda olaraq, qalstukları zövqsüz və kirli olar. Yaşadıqları ölkədə istənilən haqsızlıqlara dözürlər. Onlar çox vaxt insan olduqlarını başa düşmürlər. Bir dəfə düşdüyü bataqlığa bir neçə dəfə düşə bilirlər.

Qoyun. Bu ulduz altında doğulan oğlan uşaqları, adətən, televizora inanırlar. Onlar bir qayda olaraq, metro vaqonlarında qapının ağzına yığılar, mobil telefonlarını müqayisə edər, telefona yazdıqları bayağı nəğmələrə, ağlaşma mahnılarına qulaq asarlar. Qoyun qızlar isə öz istəklərini ocaqlardan, pirlərdən və qəbirlərdən diləyərlər. Ən ekstremal vəziyyətdə müşkül işlərini falçılar vasitəsilə yola qoyarlar. Onları valideynləri kimə ərə versələr, ona da gedərlər və çoxlu döl verib xoşbəxt olarlar. Eşşəklər kimi qoyunlar da elmə nirət edərlər. Ona görə də eşşək və qoyunların ailə nikahı çox möhkəm olur.

Tula. Bu ulduz altında doğulanlar, adətən, yaltaqlığa meylli olurlar. Onlar bir qayda olaraq, öz halal haqqını tələb eləyəndə istər-istəməz quyruqlarını bulayarlar. Kişi tula qadın tuladan daha məharətlə yaltaqlanır. Onlar yaltaq olduqları qədər də qəddar olurlar. Belə ki, yaltaqlandıqları obyektləri biri-birlərinə qısqanırlar. Onların içərisində natiq olanları da çox olur. Qadın tulalardan isə məhkəmələrdə üzə durma prosesində istifadə edirlər. İnsafən, onu da qeyd etmək lazımdır ki, kişi tulalar da üzə durmağı xoşlayırlar.

Toyuq. Bu ulduz altında doğulan kişi toyuqlar həmişə iri qarınları ilə fəxr edərlər. İctimai yerlərdə, xüsusən avtobuslarda qoltuqlarının altından gələn qıcqırmış tər iyi salonu ağzına götürər. Onlar «çörəkpulu» sözünü tez-tez işlədərlər. Bazarda bir metr yer alıb alver edərkən çox xoşbəxt olarlar. Yaşadıqları ölkənin ictimai-siyasi haqq-hesablarına qətiyyən qarışmazlar. Toyuq qadınlar da pinti olarlar. Hər gün küllənib, paltar yuyub sərsələr də, uşaqlarının üst-başı həmişə çirkli olar. Onlar yağlı yeməkləri və qəmgin, nakam teleserialları çox sevər, hind kinolarını seyr edərkən göz yaşlarını ətəkləri ilə silərlər. Belə ki, toyuqlar mübariz olmaz, həmişə şükranlıq edərlər.
Unutmayın ki, Tanrı bu ulduzlardan daha ucada dayanıb.

Müəllif: Murad Köhnəqala
Mənbə: Bizim Yol
Həmçinin bax: Çaqqal, Tülkü və Tovuzquşu

Top