Çaqqal, Tülkü və Tovuzquşu

Çaqqal, Tülkü və Tovuzquşu

Günlərin bir günü Tülkü ilə Çaqqal çata girib gözəllərlə erotik söhbətlər eləyirdilər. Çaqqal gözəl bir Tovuzquşu ilə tanış oldu. “Nizami” metrosunun qabağında görüş təyin elədilər. Çaqqal öz “Jiquli”si ilə görüş yerinə tələsirdi.
Bu zaman yol polisi onu yüksək sürətə görə saxladı. Çaqqal polisə yalvardı ki, onu şöbəyə aparmasın, sevgilisi ilə görüşə tələsir. Polis onun tələsdiyini görüb “stavka”nı bir az da qaldırdı. Polis gördü ki, Çaqqal onun istədiyi pulu verir, başladı ayrı bəhanələr sadalamağa: “Sürətin pulunu verdin, bəs kəməri niyə boğazına çəkməmisən?”
Çaqqal cibinə əl ataraq pulun üstünə bir az da əlavə elədi. Polis gördü ki, cavan Çaqqal həriflik eləyir, tez ondan təcili yardım qutusunu da tələb elədi. Çaqqal yenə bir qədər pul çıxarıb onun ovcuna basdı. Polisin gözü doymadı, Çaqqala dedi ki, bəs karbüratorun nasazdı, ekologiyanı korlayırsan.
Çaqqal çox tələsirdi. Məcbur olub verdiyi pulun üstünə bir qədər də əlavə elədi. Polis ondan əl çəkmirdi: “Adam-zadmı soymusan əə, bu qədər pul səndə hardandı?” Çaqqal yalvara-yalvara dedi ki, rəis, sən Allah, məni yolumdan eləmə, gecikirəm, pulları soruşursansa, papamdan almışam. Polis dei ki, qətiyyən ola bilməz, sən narkotik alverçisinə oxşayırsan, maşın yoxlanmalıdır. Çaqqal yenə yalvarıb-yapışdı, verdiyi pulların üstünə yenə yekə bir pul əlavə elədi, birtəhər sənədlərini ondan alıb yola düzəldi.

Görüş yerinə çatıb kirmişcə maşını qırağa verdi. Gəlib nə görsə yaxşıdır? Tovuzquşu iriquyruqlu Tülkü ilə ağız-ağıza söhbət eləyir. Yaxınlaşıb hər ikisi ilə salamlaşdı və üzünü Tovuzquşuna tutub dedi ki, səninlə çatda məktublaşan mənəm, Çaqqalam.
tovuzquşunun zibilləriSöz Tülkünün xətrinə dəydi: “Alə, bəs mən burda balqabaq-zadam, bəgəm? Görmürsən, qıznan söhbətim var? Tovuz, sən bu gənci tanıyırsan?” Tovuzquşu gözlərini süzdürərək eynəyinin üstündən Çaqqala baxdı- “Nə bilim ee, gündə yüz nəfərlə çatlaşıram, görüş təyin eləyirəm. Bəlkə, buna da görüş vermişəm, dəqiq yadımda deyil”.

Tülkü Çaqqala tərs-tərs baxıb dedi: “Eşitdin, qədeş? Qız səni tanımır, tanımaq da istəmir. Di sürüş burdan, davay e, davay!” Tülkü Çaqqalın sinəsindən itələdi. Çaqqal qeyzləndi: “Alə, sən mənim sinəmdən itələyirsən? Sən məni tanıyırsan? Yox, sən məni tanıyırsan?”
Tülkü: “Əşi, tanımıram, heç tanımaq da istəmirəm, sora?” Bu zaman çat aşiqi Çaqqal atılaraq Tülkünün ağzına bir kəllə vurdu. Tülkü arxasıüstə asfalta sərildi. Əlini ağzına apardı, gördü ki, ağzı qanayıb.

Tovuzquşunu gülmək tutdu. Çaqqal Quşun qolundan tutaraq maşınına tərəf apardı: “Gəl gedək, mən səni sevirəm, ancaq o, səni heç vaxt sevməyib. Gedək, indicə polislər bura tökülüşəcək.” Quş Çaqqalla razılaşdı. Bir-iki addım getmişdilər ki, Tülkü quyruğu ilə ağız-burnunu silərək arxadan onlara hücum elədi. Çaqqal gördü ki, onun əlində bıçaq var. Tülkü cumub bıçağı Çaqqalın qarnına soxdu.
Sonra Tovuzquşunun arxasınca cumdu. Quş qaqqıldayaraq özünü metroya verdi. Tülkü onu bıçaqlaya bilmədi. Təzədən qayıdıb Çaqqalın üstünə cumdu. Bu zaman polislər Tülkünü arxadan qamarladılar. Hər ikisini polis şöbəsinə apardılar. Istintaq zamanı “məlum” oldu ki, tülkü özünü müdafiə eləyibmiş. Sən demə, bıçağı Çaqqal çıxarıbmış, Tülkü özünü və Quşu müdafiə eləyən zaman bıçaq təsadüfən Çaqqalın qarnına batıb. Bunu Tovuzquşu da təsdiq etmişdir. Məhkəmə Çaqqala 5 il iş verdi, Tülkü ilə Quşu isə təqsirsiz elan elədi. Tülkü ilə Tovuzquşu toy edib evləndilər.
Bütün bunlara baxmayaraq, ölkədə xalqın güzəranı stabil ağır olaraq qalır.

Müəllif: Murad Köhnəqala
Həmçinin bax: Maraqlı satirik təmsilqız tutmaq
Top