Ələmdən nəşəyə

Ələmdən nəşəyə

Demək, günlərin bir günü dovşanlar canavarı şübhəli, vəhşi qismində maşına basıb aparırlar öz şöbələrinə. Şöbədə onun ciblərini yoxlayırlar. Ciblərindən siqaret, alışqan, cib yaylığı, eynək, bir-iki manat pul, bir də sellofana bükülmüş ağ şey çıxır. Dovşanlar qışqırışırlar ki, bu ağ şey nədir? Olmaya narkotik alverçisisən? Canavar cavab verir ki, mənim cibimdə elə şey olmayıb, onu mənim cibimə maşında dürtübsünüz. Dovşanların hərəsi bir tərəfdən onun üstünə qışqırır ki, əəə, qurd-qurd danışma, zibilinə yiyə dur! Canavar başa düşür ki, artıq onu şantaj eləyirlər, demək, türmə! Nə isə, bağlamadakı şeyi ekspertizadan keçirirlər, sən demə, canavarın cibindən çıxan düz 10 qram heroin imiş. Məhkəmə, hay-huy… Dovşanlar yığılıb canavara məhkəmə qururlar, ona xeyli iş kəsirlər.
canavar və dovşanAradan bir müddət keçəndən sonra qonşu tayfanın canavarı dovşanlara ismarıc göndərir ki, canavarı azadlığa buraxın, o, narkotik alverçisi deyil. Sizdən fərqli olaraq, o heç heroinin nə olduğunu bilmir. Dovşanlar razılaşırlar, ancaq canvarların qabağına şərt qoyurlar ki, gərək içəridəki canavar əfv komissiyasına yalvarıcı bir ərizə yazsın.
Məsələn, ərizənin məzmunu təxminən belə olsun: «Hörmətli dovşanlar, mən bir müddət dəmir barmaqlılqlar arasında həyat sürdüm. Bu müddət ərzində xeyli ağıllandım, yəni sizin sözlərinizlə desək, islah olundum. Vax vardı, doğrudan da, yolumu azmışdım, şeytan məni aldatmışdı. Belə ki, narkotik maddələrlə şıdırğı alver edirdim. Söz yox ki, özüm də heroin kullanırdım. Kullandıqdan sonra kayfım gəlirdi və dovşanların əleyhinə qafiyədə ucadan ulayırdım. Özü də ay bədirlənəndə elə ucadan ulayırdım ki, şenlikdə heç kim yata bilmirdi, hamı siz dovşanlara nifrət eləyirdi. Bir sözlə, mən öz səhvlərimi boynuma alıram, xahiş edirəm, məni əfv edəsiniz, məni yuvamdakı balalarıma bağışlayasınız. Məni azadlığa buraxsanız, ulamaq nədir, heç zingildəməyəcəm də».

İçəridəki canavar dovşanların şərtinə qulaq asdıqdan sonra onlara belə deyir: «Gedin, canavarla dovşanı səhv salmayın!» Təmsilimiz burada bitdi. Qoy birini də danışım. Bir gün meymun tutuquşu ilə rastlaşır. O, tutuquşudan soruşur… Bağışlayın, vaxtımız burada tamama yetdi.

Digər təmsillər: Çaqqal, Tülkü və Tovuzquşu
Müəllif: Murad Köhnəqala
Top