Gündəlik həyatımızın vazkeçilməz şeylərindən olan seriallar ən az saat yarım vaxtımızı alır. Balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallarsız həyatımızı təsəvvür etmək hardasa qeyri-mümkün hala çevrilib. Hər nə qədər serial deyərkən qadınlar yada düşsə də kişilərin də baxmadığı mənasına gəlmir. Gün ərzində ard-arda bir neçə serial izləyərək vaxtımızın böyük hissəsini onlara həsr etmiş oluruq.
İçlərindən nadirən bir iki serialın ibrətamiz olduğunu qeyd etmək mümkün olsa da böyük əksəriyyəti çox təəssüf ki, cəmiyyətdə xoşagəlməyən ənənələrin və ya "yeni cəmiyyət"in formalaşmasına səbəb olmaqdadır. İbrətamiz olanları belə yenə də təəssüflə qeyd etmək istəyirəm ki, seyr edənlər ibrət almaq üçün izləmir. Misal üçün bir serialda insanların sənətlərini sevmələri, onu insanlara xidmət etmək üçün, onları xilas etmək üçün seçmələri təlqin olunur. Bir digərində vətən, millət, bayraq və dövlət sevgisi aşılanmaqdadır. İzləyicilər orda vurğulanan məsələlərə yiyələnmək əvəzinə mafiya qurmaq ya da pul qazanmaq sevdasına düşməkdədirlər. Seriallara baxanların çox hissəsi də uşaqlar və yeniyetmələrdir. Uşaqlarımız seriallarla böyüyür, orda olanları yaşamağa cəhd edirlər. Valideyinlərin fəxrlə mənim övladım filan serialın qəhrəmanına bənzəyir deyərək öyünməsinin az şahidi olmuruq gündəlik həyatımızda. Yaxud filan serialın qəhrəmanını təqlid edərək mafiya babası olma sevdasına düşən gənclərin sayı az deyil. Hərəkətlərində, davranışlarında, geyimində serial qəhrəmanlarını təqlid edənlər, cəmiyyətin ruhuna, adət- ənənəsinə zidd hərəkət etməklə özləri ilə yaşadığı cəmiyyət və cəmiyyətin reallıqları arasına divar hörmüş olurlar. Şüur altımıza yeritdiyi lüks həyata düşkünlük, orda olan həyat tərzinə heyranlıq, orda yaşananları yaşamaq istəyi, "qəhrəmanlar"ı təqlid etmək, onlar kimi yaşamaq, onlar kimi olmaq istəyi bizi xəyallarla yaşayan bir kütləyə çevirməkdədir. Bu xəyallar ki, yaşanan həqiqətlərlə bir-birinə ziddir. Aralarındaki uçurum doldurulmayacaq şəkildə dərin və böyükdür. Qurduğu xəyalları yaşaya bilməyənlər zaman keçdikcə məyus olur, bədbinliyə qapılaraq hüzünlü bir kütləni təşkil etməyə başlayır. Elə qızlarımız var ki, seriallardakı həyatı arzulaya -arzulaya ailə həyatı qurmağa da gecikirlər. Fərdiləşmə hissi getdikcə çoxalmaqda, eyni zamanda serialları idxal etdiyimiz ölkələrin adət-ənənələrinin sürətlə yayılmasına yol açmaqdadır. Bununla da ənənəvi dəyərlər aşınmaya uğramaqdadır. Dəyərləri aşınmış bir cəmiyyət də digər cəmiyyətlər içərisində əriyib yox olmağa məhkumdur. Seriallarda olan sevgi macəraları, adət-ənənəmizə görə çirkin hesab edilən, qadağan olunmuş münasibətlər getdikcə şüur altına hopur. Ilk başlarda hər nə qədər bunu rədd etsək də getdikcə bunlar adiləşir və adiləşdikcə də yaşanır hala gəlir.
Qadınlarını aldadan kişilər, kişilərini aldadan qadınlar topluluğu formalaşır. Yada küçədə-parkda sevişən, hər gün sevgili dəyişən yeniyetmələr nəsli meydana gəlir. Seriala baxaraq özünü dünyanın sahibi zənn etmə abu-havasına girən, filankəs (filan serialın qəhrəmanı) belə etdi deyə mən də edirəm deyənlərin də şahidi oluruq bəzən. Bütün bunlar bu günümü yaşayım, gerisi boş şeydir şüurunu formalaşdırmaqla yanaşı yuxarda qeyd olunan reallıqlarla, qurulan xəyallar arasındakı uçurumun dərinləşməsini sürətləndirir. Eyni zamanda seriallar depressiv və şizofrenik halların çoxaldığı nəsilin formalaşmasına xitmət edir.
Bir sözlə seriallar yeni erroziyaya uğramış cəmiyyət inşa etmək üçün hazırlanmış mühəndis rolunu oynayırlar.
Seriallar haqqında
Serial xəstəliyi