Milan şəhəri

Milan şəhəri

Milan-dünyanın ən iri moda mərkəzlərindən biri

Əgər Roma İtaliyanın paytaxtıdırsa, Milan ən böyük italyan əyaləti olan Lombardiyanın paytaxtıdır. Milan İtaliyanın böyüklüyünə görə ikinci şəhəridir və ölkənin maliyyə-iqtisadi mərkəzidir. Sahəsi 182 km2, əhalisi isə 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman «Maylənd» adlanan Milan sözünün mənası latın dilindən tərcümədə «düzənlikdə məskunlaşma» deməkdir. Milan eradan əvvəl 6-5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürmədi. 1277-ci ildən 1500-ci ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb. Milan şəhəri ArmaniVersaçe kimi dünya şöhrətli dizaynerlərin vətənidir

Milan müasir dövrdə

Bugünkü Milan İtaliyanın işgüzar və sənaye mərkəzidir. Şəhərdə iri monopoliyalar, banklar, birjalar fəaliyyət göstərir. Milanda il ərzində dünyanın sənaye sərgiləri təşkil olunur. Milanda ən böyük beynəlxalq hava limanı - Malpens yerləşir. Həmçinin ölkədə ən yaxşı metro və dəmiryolu kommunikasiyası da buradadır. Milan əsl moda mərkəzidir. Dəbdəbəli Milan Armani və Versaçi kimi dünyaşöhrətli dizaynerlərin vətənidir. Buradakı iri moda evləri, mağazalar, autletlər bütün Avropadan şəhərə alıcı cəlb edir. Moda həvəskarları buraya ildə iki dəfə - yayda və qışda gəlirlər. Şəhərdə bankomatlar çoxdur, amma bir dəfəyə 250 avrodan çox pul çıxarmaq olmur. Bankların işləmə vaxtı hər banka görə fərqlidir. Ona görə pulunuzu hava limanından çıxan kimi dəyişsəniz, yaxşı olar. Banklara girəndə əlinizdəki paket və çantanızı mühafizə kamerasında qoymalısınız.


Milan şəhərinin görməli yerləri

Baxmayaraq ki, Milanın hazırkı zahiri görünüşü ötən əsrin ortalarında inşa edilən tikilərlə zəngindir, bu qədim şəhərdə çoxlu qədim yerlər var. Onları gəzmək üçün sizə bir neçə gün lazım olacaq. Milanın simvolu Duomo kilsəsi sayılır. Bura Avropanın ən böyük turist obyektlərindən biridir. Duomo kilsəsi böyüklüyünə görə dünyada dördüncü, Avropada isə üçüncü kilsədir. Kilsənin inşası 14-cü əsrdə başlamış və 19-cu əsrdə başa çatmışdır. Daha bir görməli yer Sforts sarayıdır. Saray adını hersoq Françesko Sforstsun adından götürüb. Milanın ən böyük və ən məşhur muzeyi Pinakoteka Breradır. 1809-cu ildə tikilən muzeydə hazırda məşhur italyan rəssamlarının 14-19-cu əsrlərə aid əsərləri saxlanılır. Burada yerləşən «La Skala» teatrı təkcə Avropada deyil, bütün dünyada məşhurdur. 1778-ci ildə kraliça Mariya Terezanın fərmanına əsasən tikilən teatr dünya şöhrətli minlərlə «qızıl» səs eşidib.

Milanda yemək-içmək

Milan müxtəlif kulinar istiqamətlərin qarışdığı şəhərdir. Hazırda şəhərdə mili mətbəxə qayıdış var. Milli mətbəxi sadə xörəklərdən ibarətdir ki, onları istənilən restoran və barlarda dadmaq olar. Milanda böyük diqqət yeməkdən əvvəl içilən spirtli içki aperitivə yönəlib. Bu içkidən sonra ilk xörək süfrəyə verilir: zəfəranlı qatı ət şorbası. İsti xörək olaraq isə Milanda, adətən kassaola yeyilir - donuzun qabırğa, quyruq, qulağından, kələm və digər tərəvəzlərdən ibarət selyanka. Daha bir məşhur Milan xörəyi Salame di Milano adlanır ki, bu, pendirin müxtəlif növlərindən və kolbasadan hazırlanır. Milan - pasxa çörəyi Panettonenin vətəni sayılır. Ən dadlı pasxa çörəyi, əlbəttə ki, Milanda bişirilir. Bu şəhərdə Maskarpone pendiri də çox məşhurdur, ondan əsasən krem və desertlərdə istifadə olunur. Heç bir Milan süfrəsini Qorqonzola pendiri olmadan təsəvvür etmək olmaz. Həmçinin masada fəsəliyə bənzər polento da olmalıdır.

Alış-veriş məsləhətləri

Paltar, ayaqqabı və bəzək əşyalarından başqa, Milandan mebel almaq həm xoşdur, həm də vacib. Dizayner şkafı, divanı, stol və stulu satılan mağazalar həddindən artıq çoxdur. Mebel sərgisi vaxtı (aprel ayının əvvəlləri) Milan dünya dizayn paytaxtlarından birinə çevrilir. Həmçinin Milandan parmezan pendiri, əntiq əşya, zeytun yağı, kitab, ətir, parça, yataq örtüyü, qab-qacaq, albom, qalstuk, kişmir şərf almaq məsləhətdir. Qaldığınız oteldən isə çətir və xələtləri götürə bilərsiniz. Bütün mağazalarda satıcılar ingilis dilində danışırlar, bəzi butiklərdə isə yapon dilindən tərcüməçi xidməti də göstərir. Son zamanlar rus dilində danışan satıcılar da çoxalıb ki, bu bizim işimizi bir az da asanlaşdırır. Milanda milad bayramından əvvəl (dekabrın 7-də) Müqəddəs Amvrosiy meydanında bazar təşkil olunur ki, burada cibinizə uyğun hər şey - əntiq əşya, geyim, gül və s. ala bilərsiniz. Hər şənbə günü təşkil olunan bazardan isə oğurlanmış velosipedlərdən tutmuş pirat kaset və disklərə qədər hər şey almaq olar.


Mənbə: ANSPRESS

Top