Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların var-yoxu bütün vasitələrlə əllərindən alınırdı. Bu zaman onların sərbəst və təhlükəsiz yaşaması üçün hər hansı bir təminatdan danışmağa da dəyməzdi. Vergilərin ağırlığından daha çox, onların yığılması eybəcər xarakter almışdı. Ən barbar -boyundan daş asmaq, hətta səhəng asmaq, döymək, Azərbaycan kəndlilərini uluc-«qanmaz» adlandırmaq, ailəsini qul edib əlindən almaq kimi üsullardan istifadə edilməsi xalqımızda ərəblərə qarşı dərin nifrət hissi yaradırdı. Eyni zamanda varlı adamlarınıızı, əsil-nəcabət sahibi olan əyanlarınıızı da ərəblər hüquqsuz vəziyyətə salır, yaşayış vasitəsi olan torpaq və digər əmlaklardan məhrum edir, inzibati və sosial hüquqlarını məhdudlaşdırır, onlara qarşı ayrı-seçkilik siyasəti yeridirdilər. Mövla adlandırdıqlan əyanlara təhqiramiz münasibət göstərərək bəzən onları «itə» bənzədirdilər. Bütün bunlar təbii ki, VIII əsrdə ərəblərə qarşı Azərbaycanda üsyan və çıxışların başlanmasına gətirib çıxarmalı idi. VIII əsrin ortalarında ərəb ağalığına qarşı güclü xalq narazılığı üsyanlara çevrildi. 748-ci ildə yerli əyan İbn Səfvanın başçılığı ilə Beyləqanda başlanmış üsyan tezliklə Ərdəbilə və Bərdəyə yayıldı. Üsyanda demək olar ki, xalqın bütün təbəqələri iştirak edirdi. Üsyançılar Bərdədəki ərəb qarnizonunu məhv edərək Xilafətin buradakı canişinini də öldürdülər. Əməvilərin göndərdiyi cəza ordusu məğlubiyyətə uğradı. Əməviləri əvəz edən Abbasilər üsyanı amansızlıqla yatıraraq üsyançılara divan tutdular. 752-ci ildə Şəmkirdə, VIII əsrin 90-cı illərində Ərdəbil, Şirvan və Aranda baş vermiş üsyanlar da böyük ordu göndərilməsi hesabına amansızlıqla yatırıldı.
Ərəb qaynaqlarında Xilafətə qarşı baş vermiş ən böyük azadlıq mübarizəsi «xürrəmilər»in çıxışları hesab olunur. Təbəriyə görə, bu hərəkat 778-ci ildə başlamışdır. Xürrəmilərin 808-ci ildə baş vermiş ikinci çıxışı Harun ər-Rəşidin göndərdiyi 10 minlik ərəb ordusu tərəfindən yatırılmışdı.
Tarixdə «xürrəm» anlayışı müxtəlif cür şərh olunur. Bir çox alimlər doğru olaraq bu anlayışı od, günəşlə bağlayırlar. Azərbaycan filosofu Şəhabəddin Sührəvərd xürrəmi anlayışının «mənəvi, ilahi işıq» bildirdiyini yazmışdır. Bəzi ərəb müəllifləri xürrəmi anlayışının daha çox «əyyaş, əhlikef, sərxoş» çalarında işlətməyə üstünlük vermişlər. Bunu təbii hesab etmək lazımdır, çünki Xilafət xürrəmilərin qatı düşməni olduğundan ərəb alimləri öz dövlətlərinin siyasi mövqeyindən çıxış edirdilər. Xürrəmiləri “dinsiz”, “əyyaş” adlandırmaqla onlar ərəb ağalığına düşmən kəsilən bu qəhrəman və azadlıqsevər insanları gözdən salmağa çalışır və Xilafətin azadlıq hərəkatına divan tutmasına bu yolla haqq qazandırırdılar. Belə bir sual yaranır: Necə oldu ki, bu «sərxoş, əyyaş, dinsiz» adamlar böyük bir mütəşəkkil qüvvəyə çevrilərək Babəkin başçılığı altında 20 ildən çox dünyanın ən böyük dövləti olub, üç qitədə yerləşən Xilafətin nizami ordularına qarşı qəhrəmanlıqla mücadilə vermiş, müqavimət göstərərək duruş gətirə bilmişdilər? Ərəb ideoloqlarına Babəkin ətrafında azadlıq uğrunda mübarizə üçün toplanmış bütün qüvvələri əvvəlcədən mənfi obrazlarını yaratdıqları «xürrəmi» kimi vermək daha sərfəli idi. Bu zaman xürrəmilər islam dininin də düşməni hesab edilir və müsəlman olan Xilafət döyüşçülərində azadlıq mübarizəsi aparan xalqa qarşı nifrət hissi aşılamaq çox asan başa gəlirdi. 816-cı ildən Xilafət ağalığına qarşı azadlıq uğrunda böyük bir hərəkata başçılıq edən Babək üçün kimin hansı dinə mənsub olması deyil, kimin tərəfində durması daha vacib idi. Ərəblərdən narazı olan bütün qüvvələr Babəkin ətrafına toplanmışdı. Mənbələrə görə, Babək sayı 300 min nəfərdən çox olan böyük bir quvvəyə malik idi. Babək müsəlmanları da, xürrəmiləri də, xristianları da bir bayraq altında birləşdirərək Xilafətə qarşı 20 ildən artıq müddətdə fasiləsiz olaraq azadlıq müharibəsi aparmışdır.
Ərəb qaynaqlarına görə, 816-cı ildə xürrəmilərin başçısı Cavidanın ölümündən sonra Babək «Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı və onun tərəfdarlarının sayı artdı...». Ərəb müəllifi Əbu Dula- fın yazdığına görə. Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi, xürrəmilər də qırmızı rəngə boyamışdılar. Məsudinin əsərində «Babəkin ölkəsi» dedikdə «Bəzz, Azərbaycan, Arran və Beyləqan» nəzərdə tutulmuşdur.
Xilafət Babəkin başladığı azadlıq müharibəsinin bu qədər geniş miqyas alacağını ilk vaxtlar dərk etmədiyindən ona qarşı Azərbaycanda saxladığı hərbi dəstələrdən və qarnizonlardan istifadə edir, ancaq heç bir uğur qazana bilmirdi. Babəkin qoşunlarının böyük qələbələr hesabına geniş əraziləri ərəblərdən azad etməsi xəlifə Məmunu 819-cu ildə Babəkə qarşı nizami ordu göndərməyə vadar etdi. Ancaq bu ordu əzildi. 822-ci ildə Babəkə qarşı İsa ibn Məhəmmədin başçılığı ilə göndərilmiş ərəb ordusu Bərdə yaxınlığındakı döyüşdə darmadağın edildi və ərəb sərkərdəsi öldürüldü. 823/824-cü ildə Babək yeni bir ərəb ordusunu da darmadağın etdi və ordu başçısı Əhmədi əsir götürdü. Bu qələbə nəticəsində Babək Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və Şirvanı tamamilə azad edərək öz silahdaşı Rüstəmi Azərbaycanın şimal torpaqlarına -Arana hakim təyin etdi. Babək 829-cu ildə ərəblərin görkəmli sərkərdəsi Məhəmməd ət-Tusinin başçılığı altında olan 150 minlik ordunu hərbi hiylə işlədərək Marağa yaxınlığında Həşdadsər adlanan dağ dərəsinə çəkib, pusqudan ağır zərbələr endirdi. Nəticədə 30 min ərəb döyüşçüsü məhv edildi və sərkərdə öldürüldü. 829/830-cu ildə Babək xilafətin daha bir ordusunu ağır məğlubiyyətə uğratdı. Babək ən böyük qələbəsini 830-cu ildə baş vermiş Həmədan döyüşündə qazandı. Şəhər ələ keçirildi. Abbasilərin paytaxtı Bağdadı Mərkəzi Asiya və Qafqazla bağlayan çox mühüm strateji yol Babəkin əlinə keçdi. Bu qələbə nəticəsində Azərbaycanın bütün torpaqları ərəblərdən təmizləndi və Vətənimiz müvəqqəti də olsa, xilafətin əsarəti altından çıxdı.
Xəlifə ordularının dalbadal ağır məğlubiyyətə uğradılması, Azərbaycan kimi çox mühüm ərazinin itirilməsi, Babəkin qələbələrinin digər bölgələrdə də xalqların azadlıq hərəkatını gücləndirməsi xəlifə Məmunu bərk qorxuya saldı. Məsudi yazırdı: «Babək hərəkatı elə bir əzəmətli həddə çatdı ki, onun təsiri və qoşunlarının sayı o qədər çoxaldı ki, az qaldı Abbasilər səltənəti məhv olsun». Təsadüfü deyil ki, 833-cü ildə ölüm ayağında olan xəlifə Məmun varisi və qardaşı olan əl-Mötəsimə bütün gücünü xürrəmilərə qarşı yönəltməyi vəsiyyət etmişdi. Vəsiyyətnamədə deyilirdi: «Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və rəhimsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər müharibə uzun çəksə, sən özün yaxın və sadiq adamlarınla onların üstünə get». Göründüyü kimi, yeni xəlifə Mötəsimin dövlət işlərində birinci dərəcəli vəzifəsi Babəki sıradan çıxartmaqdan ibarət idi. Xəlifə Mötəsim böyük xərc və güc hesabına Babəklə müharibənin gedişində dönüş yarada bildi. 833-cü ildə baş vermiş II Həmədan döyüşündə Babək böyük itki verərək ağır məğlubiyyətə uğradı. Mənbələrdə onun itkisi azı 60 min nəfər göstərilir. Xəlifə Misirdə Bizansla müharibədə ad qazanmış çox istedadlı sərkərdəsi, türk Afşin Heydər ibn Kavusu Babəkə qarşı vuruşan bütün qoşunların baş komandanı təyin edərək müharibə üçün ondan heç bir vəsaiti əsirgəmədi. Afşin ata mindiyi hər gün üçün 10 min dirhəm, döyüş aparmadığı hər gün üçün isə 5 min dirhəm alırdı. Afşinin ordusu arası kəsilmədən silah-sursatla təmin olunurdu. Mənbələrə görə, təkcə 837-ci ildə xəlifə Babəklə müharibəyə 1 milyon dirhəm pul xərcləmişdi.
Afşin ilk növbədə orduda ciddi intizam yaratdı. Öz qərərgahını Bəzzə yaxın olan Bərzəndə köçürtdü, yolları və Babəkin dağıtdığı qalaları təmir etdirdi. Babəkin qalaları, Bəzzeyn ölkəsinin yolları, dağ keçidləri və hərbi qüvvələri haqqında kəşfiyyat məlumatlarını toplamağa başladı.
Buna baxmayaraq Afşinin əmrindən çıxıb, Babəkə qarşı 836-cı ildə döyüşə girən türk sərkərdəsi Buğa Həşdadsər dağı yaxınlığında ağır məğlubiyyətə uğradı. Buğa qaçmaqla canını qurtara bildi. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirdilər.
837-ci ildə Babəkin ərəblərlə son döyüşü Bəzzdə baş verdi. Ərəblər od püskürən və mühasirə qurğularından istifadə edərək amansız döyüşlərdən sonra Bəzz şəhərini ələ keçirdilər. İstilaçılar üç gün ərzində şəhərdə nə vardısa, dağıtdılar və yandırdılar. Mənbələrə görə buradakı nə bir ev, nə bir qala da salamat qalmadı. Bəzz döyüşündən sonra xəlifədən Babəkə aman verilməsi haqqında qızıl möhürlü məktub gəldi. Ancaq Babək bu təklifi qətiyyətlə rədd etdi. Babəkin əsir alınmış böyük oğlu da ona məktub göndərərək atasını aman almaq üçün geri qayıtmağa çağırırdı. Lakin Babək Mötəsimin aman haqqında məktubunu açmadan geri qaytarmış və oğluna belə yazmışdı: «Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi... Ola bilər bu gündən sonra mən çox yaşamayım, lakin şah, məlik adı üstümdə qalır… Bircə gün rəhbər (ağa) kimi yaşamaq, 40 il zillətlə qul olmaqdan yaxşıdır.»
Babək bir neçə mühafizəçisi, qardaşı və anası ilə birlikdə müttəfiqi olan Bizansdan kömək almaq üçün yolüstü Albaniyanın Şəki vilayətinə gəldi. Ancaq burada Babək köhnə müttəfiqi Səhl ibn Smbat tərəfindən ərəblərə təhvil verildi. Babək onu ərəblərə satmış Səhlə üzünü tutaraq belə demişdi: “Olmaya sən məni yəhudilərə (ərəblərə) cüzi bir pula satmısan? Pul istəyirdinsə, məndən istəyəydin və mən sənə onlardan da çox pul verərdim.”
Ərəb sərkərdəsi Afşinin Azərbaycan torpağında son istəyin nədir? -sualına Babək «mən öz şəhərimə baxmaq istəyirəm» cavabını verdi. Bəzz şəhəri ilə vidalaşdıqdan sonra Babək Bağdad yaxınlığındakı Səmərra şəhərinə göndərildi. Bütün Xilafəti qorxuya salan Babəkin şəxsiyyətinə xəlifə sarayında maraq o qədər güclü idi ki, mənbələrə görə xəlifə Mötəsim paltarını dəyişmiş halda Babəkin yerləşdiyi qəsrə gəlib ona baxıb geri qayıtmışdı. Xəlifə göstəriş vermişdi ki, Babəki edama apararkən hamının görməsi üçün onu filə mindirsinlər.
Babəkin həyatı və fəaliyyəti kimi onun edam zamanı göstərdiyi dözümlülük və qəhrəmanlıq da hamını heyrətə salmışdı. Maraqlıdır ki, edamdan qabaq xəlifə Mötəsim Babəkə demişdi: «Ey Babək, sən bu Vaxtacan heç kəsin görə bilmədiyi bir işi görmüsən. İndi də o qədər dözməlisən ki, indiyədək kimsə elə dözə bilməmişdin). Həqiqətən də Babək dəhşətli edam zamanı böyük dözümlülük göstərmiş, sağ əli kəsilərkən üzünü ona görə qana boyamışdı ki, qanının axması nəticəsində üzünün saralmasının səbəbini xəlifə qorxması ilə əlaqələndirməsin. Babəkin edam zamanı göstərdiyi dözümlülük və mətanət xəlifəni də heyrətə salmışdı. Xəlifə demişdi: «onun gördüyü işlər (günahlar) bağışlanmalı olsa idi, tək elə bu üstünlüyünə görə yaşamağa layiq olardı». Edamdan sonra Babəkin başı əhalini qorxutmaq üçün Xorasana göndərilmiş, bədəni isə Səmərrada asılmışdı. Əl- Müqəddəsi yazırdı ki, «Babəkin üzərində qazanılmış qələbə, İslam aləmində ən böyük qələbə idi və onun əsir ahndığı gün isə müsəlmanların bayram günü oldu».
Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi tariximizin ən parlaq səhifələrindən biridir. Babək üç qitədə yerləşən və dünyanın ən güclü dövləti olan Xilafətlə 20 illik savaşda düşmənin 225 mindən çox əsgərini və çoxlu ərəb sərkərdəsini məhv etmişdi. Bu itkilər Xilafəti dərindən sarsıdaraq zəiflətmişdi. Babəkin apardığı savaş IX əsrin II yarısında Azərbaycan torpaqlarının Xilafətin əsarətindən qurtulması üçün bir zəmin hazırlamış və siyasi oyanışımıza təkan vermişdi.
Ərəb mənbələrində və görkəmli alimimiz Z.M.Bünyadovun araşdırmalarında Babəki zəmanəsinin qəhrəmanı, azadlıq savaşı aparan görkəmli sərkərdə və bir dövlət xadimi kimi qiymətləndirməyə imkan verən dəlillər kifayət qədərdir.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova