Qadınları gözəlləşdirən sehirli güzgü (yazınını əvvəlini burdan oxuya bilərsiz)
O, həm də bədbəxtlik gətirir
Zaman keçdi… Tarix güzgünün izini artıq çoxdan gündəmdən silmişdi. Bununla belə, o, dildən-dilə gəzərək yeni nəslin də diqqətini çəkirdi. Əbədi gözəllik eşqində olan qadınların ona olan marağı artmaqdaydı. Təbiətin və zamanın hökmünə qarşı bütün fəlakətləri gözə alan növbəti qadın – görkəmli rus şairi Sergey Yeseninin qəlbinin sultanı kimi tanıdığımız amerikalı rəqqasə Aysedora Dunkan oldu. Rəqqasə qadın bədən quruluşunun dəyişməsi ilə barışa bilmirdi. Bu zəif məqamlarında Benvenuto Çellininin güzgüsü haqda duyduqları ona rahatlıq vermirdi...
Aysedora ona həmin güzgünü əldə edib verəcək şəxsi istənilən məbləğdə mükafatlandıracağını bəyan etdi. Və belə birisi tapıdı! Yaşlanan rəqqasə axır ki, xəyalındakı güzgüyə qovuşdu. O vaxtdan etibarən qadının görünüşündəki yaş göstəricilərinin izi-tozu da qalmadı! O, da güzgünün digər sahibələri kimi günü-gündən gözəlləşməyə başladı.
O ərəfələrdə sənətşunas, yazıçı-publisist və tənqidçi Anatoli Lunaçarski Aysedora Dunkana Rusiya səhnəsində çıxış etməsi və həmçinin öz maliyyə dəstəyi ilə ona Moskvada rəqs məktəbi açması üçün rəsmi təklif irəli sürdü. Rəqqasəni yeni qurulmuş ölkədə – yeni həyat gözləyirdi! Dunkan çox fikirləşmədən Lunaçarskinin bu təklifinə razılıq verdi. Beləcə, 1921-ci ildə o, Rusiyaya yola düşdü.
Aysedoranın gözəlliyi göz qamaşdırıdı. O füsunkar cazibəyə malikiydi. Onun bu məftunedici gözəlliyi şair Sergey Yeseninin qəlbini fəth etdi. Ətrafında yüzlərlə gənc, gözəl qızlar dolaşan şair özündən on səkkiz yaş böyük Aysedoranı görər-görməz ona aşıq oldu. Yesenin Dunkanı sözün əsl mənasına əlləri üstə gəzdirirdi. O, gözəlçələri-pərəstişkarları haqda heç düşünmədi də, həyatındakı bütün varını-yoxunu bu füsunkar rəqqasənin ayaqları altına sərdi.
“AYSEDORA Dunkan gənc şair Sergey Yeseninə ərə gedir!” – çox keçmədi ki, onların evlilik xəbəri bu başlıqla bütün Rusiya və ABŞ qəzetlərində dərc olunmağa başladı. Bütün dünya onların sevgisindən danışırdı. Ancaq unudulmuş təcrübələr vardı… Gözəllik, şəxsi həyat və yaradıcılıq uğurları əbədi görünsə də, nəticədə GÜZGÜ məhz oğurluqla əldə olunmuşdu. Bu o deməkdir ki, müəllifin – dahi italyan ustadı Benvenuto Çellininin lənəti gec-tez işə düşəcəkdi! Aysedora Dunkanın ovsunlanmış güzgünün qaydalarına ciddi yanaşmaması, onun bəlasına çevriləcəkdi. Axı güzgü sahibəsini özü seçməli və onu haqsız yollarla əldə edənləri amansızca cəzalandırmalıydı!
Orta yaşlı gözəl rəqqasə Aysedora və gənc şair Sergey Yesenin ailə qurdular. Onlar çox xoşbəxt və maraqlı həyat sürürdülər. Fəqət, Aysedora cəzasını öncə iki övladını itirməklə ödədi, sonra da ailəsinin dağılmasıyla… Və daha sonra… Öz faciəvi ölümüylə! Belə ki, üstü açıq avtomobillə səyahətə çıxan Aysedoranın boynuna doladığı qırmızı şərfin bir ucu avtomobilin təkərinə ilişdi və qadın öz şərfi ilə yerindəcə boğulub keçindi...
Beləcə, Benvenuto Çellininin şah əsəri öz növbəti qurbanıyla incəsənət tarixinə iz salmağa davam etdi…
Bu qəddar, fəqət, eyni zamanda ədalətli GÜZGÜnün növbəti sahibəsi operetta muğənnisi Kazemira Neverovskaya oldu. Bu güzgünü ona komissar pərəstişkarı hədiyyə etmişdi. Komissar onu təsadüfən istintaq araşdırmalarının birində görüb — çırpışdırmışdı. Hədiyyəni qəbul edəndən sonra çox keçmədi ki, Neverovskaya əyləşdiyi kreslosundaca gözlənilməz şəkildə yanaraq keçindi. Heç kim bu hadisənin hansı səbəbdən və necə baş verdiyini anlamadı. Ümumiyyətlə, bu nə ola bilərdi axı?! Söndürülməmiş siqaretmi? Zərgər dəqiqliyi ilə yerinə yetirilən qətlmi? Ağlasığmazdı...
“Ziyanverici” güzgü isə bu dəfə də yoxa çıxdı. Bəlkə də o öz yeni sahibəsinin axtarışındaydı?..
Güzgünün növbəti zühuru...
1929-cu il. Berlin. Kifir və son dərəcə zövqsüz geyimdə Mariya Maqdalena adlı tanınmayan bir müğənni öz ifasıyla küçədə çörək pulu qazanmaq üçün evindən çıxar. Qapısının çölündəcə o, xırda-xuruş bəzək əşyaları satan qoca bir səyyar satıcıyla rastlaşır. Satıcı özüylə daşıdığı əşyaların içindən sadə bir güzgünü çıxarıb, qıza onu almağı təklif edir. Cavabında isə:
— Güzgü mənim nəyimə gərəkdir axı? Ona baxıb öz görünüşümdən məyus olum deyə? – Mariya satıcıdan soruşdu.
— Sən bunu al, gör, ola bilsin ki, nə isə dəyişdi… – qoca söylədi.
— Mənim pulum yoxdur.
— Sən də ödəyə biləcəyin qədər ver.
Mariya yöndəmsiz paltarının cibindəki bütün xırda pulunu çıxarıb satıcıya tərəf uzatdı.
— Bundan artıq pulum yoxdur.
Həmin görüşdən sonra bir il keçmədi ki, Almaniya səhnələrdə Marlen Ditrix adlı yeni ulduz parladı! Bəli, bu, məhz o cibində siçanlar oynaşan Mariya Maqdalena idi. Artıq o – tamaşaçıların sevimlisi Marlen Ditrix idi.
Taleyin möcüzəvi dönüşü və bu qadının uğurlu karyerası hələ də insanların diqqətindən kənarda qalmır. Onun uğuru haqda gedən söhbətlər daha çox mübahisələrə müşahidə olunur: axı o, qadın olaraq xüsusi bir gözəlliyə malik deyildi, buna baxmayaraq, onun görkəmində izaholunmaz çəkicilik vardı ki, bu da onu digərlərindən fərqləndirib ön plana çıxarırdı. Onun görkəmində nə isə vardı… Amma nə? Nəticə etibari ilə, o, XX əsrin ən sevilib-seçilən aktrisalarından biri oldu.
Onu gözəllik ilahələrinə bənzədirdilər. Digər tanınan və sevilən aktrisalardan Marleni bir cəhət də fəqləndirirdi – onun şəxsiyyət kimi nüfuzlu olması. Demək olar ki, bütün qadınlar ona həsəd aparırdılar. Kişilərsə ona zərif hislər bəsləyirdilər. Lakin o, əlçatmaz qadın idi! Çoxlarının sevgisini bir müddətdən sonra rədd edirdi. Bu səbəbdən ona qarşı əksər atılmış kişilərdə kin, nifrət yaranırdı. Marlen isə öz dəyərini yaxşı bilirdi… Və o, düşmənlərinin bütün cəhdlərinə amiranə tərzdə təbəssümlə yanaşırdı...
Adolf Hitler onu ilk gördükdə əyilib onun əllərindən öpmüşdü və onu rəsmən Xalqın Siması elan etmişdi!
Marlen Ditrix ən qoca yaşlarına qədər səhnələrdə parladı. Son günlərinə qədər əvəzolunmaz cazibəyə malik olan qadın dünyanın ən məşhur səhnələrində gurultulu alqışlarla qarşılanırdı. Sevənləri onu “Dünyanın kraliçası” kimi adlandırırdılar. Bütün qapılar onun üzünə açıq idi!
29 sentyabr 1975-ci ildə 74 yaşlı Marlen Sidneydə yıxılıb boynunu və çanaq sümüyünü sındırdı. O gündən etibarən evinə qapanan qadın insanlarla ünsiyyətini dayandırdı. Deyilənlərə görə, 91 yaşında vəfat edən Marlen ölümqabağı kiçik qədimi güzgüsünə baxıb güzgüylə danışırdı. Marlenin xidmətçisinə son vəsiyyəti, həmin güzgünü küçədə qarşısına çıxan ilk köhnə əşyalar satıcısına vermək idi. Xidmətçi qadın sevimlisi sahibəsinin son istəyini dediyi kimi yerinə yeritdi.
Bəs görəsən, hal-hazırda tanıdığımız hansı dünyaca məşhur sənətçi məhz Benvenuto Çellininin güzgüsü sayəsində parlamaqdadır?!
Belə bir söhbət gəzir ki, güzgünün hazırki sahibəsi – fransız aktrisası Katrin Denevdir.
İndi o, 71 yaşındadır, ancaq hələ də inanılmaz gözəlliyə malikdir. Kim bilir, o, güzgünü necə əldə edib? Və ya güzgü onu necə gedib-tapıb? Bəlkə də, bu – bir dost, mason, aktyor, bir sözlə – Jerar Depardyenin bəxşişi olub? Axı masonlar həmişə Yerdə mövcud olan bütün fövqəladə gücə malik əşyaları saxlayıblar. Bilinmir… Ancaq kim bilir, bəlkə də Katrin Denev haçansa öz uğurunun və gözəllik sirrinin üstünü açacaq?