Dünyanın heç bir coğrafi xəritəsində əks olunmayan, lakin bununla yanaşı yüksək kompyuter texnologiyaları və vençur kapitalının mərkəzi rəmzinə çevrilən ABŞ-ın Silikon (silisium) Vadisi 40 yaşını qeyd edib.
Dünyanın ən nəhəng texnoloji mərkəzi İlk dəfə bu anlayış 11 yanvar 1971-ci il tarixində jurnalist Don Heflerin "ABŞ-ın Silikon Vadisi" adlı məqalələr seriyası dərc olunanda yaranıb. Bu gün xüsusi texnoloji terminə çevrilən bu sözdən öz məqalələrində istifadə edərkən jurnalist mikroprosessor istehsalında silisiumundan yarımkeçirici kimi geniş tətbiq olunduğunu nəzərdə tuturdu. Silikon Vadisinin texnoloji mərkəz kimi tarixi məhz bu sənaye sahəsindən başlayıb.
Hazırda çoxlarına tanış olan Google, Apple, Microsoft , Intel və Cisco şirkətlərinin burada cəmləşməsindən əvvəl San-Fransisko yarımadasının cənub hissəsindəki bu mənzərəli ərazi "Ürəklərin heyran olduğu vadi" adlanırdı.
Şimali Kaliforniyadakı həmin ərazi dünyaya "qarajda başlanğıc" anlayışını da bəxş edib. Stenford Universitetinin tələbələri Uilyam Hülett və Devid Pakkardın özlərinin kiçik bizneslərini başladıqları Palo-Alto şəhərciyindəki tanınmış qaraj hazırda milli görkəmli bir yerə çevrilib. Hewlett-Packard-ın (HP) 60-cı illərin əvvəlinə kimi yarımkeçiricilər istehsal etmədiyinə baxmayaraq Silikon Vadisinin ilk şirkəti məhz HP hesab olunur. Bacarıqlı və təşəbbüskar tələbələrin müəllimi, Mühəndis fakültəsinin dekanı Frederik Emmons Terman Silikon Vadisinin "atası" hesab olunur. Hazırda iri İT-şirkətlərin kiçik vətənlərinə çevrilmiş Stenford sənaye parkının yaradılmasının təşəbbüskarı məhz F. Emmons Terman olub.
Bu gün ABŞ-ın milyardlarla dollarlıq bütün vençur kapitalının üçdə bir hissəsi məhz Silikon Vadisində cəmləşir. ABŞ-da ən yüksək orta gəlir buradadır - ildə təxminən 145 min dollar. Vadidə yüksək texnologiyalar sahəsinin 300-400 min mütəxəssisi çalışır. Bura ABŞ-da ən yüksək texnoloji sahə alimlərinin cəmləşdiyi yerdir.
Niyə məhz silikon?
Çünki vadidə yarımkeçirici sənaye müəssisələri yerləşirdi, inteqral mikrosxemlər üçün yarımkeçirici elementlərin istehsalında əsas material isə silikon idi.
Son qırx ildən artıq müddətdə "Silikon Vadisi" dünya elektron və kompyuter sənayesinin mərkəzinə çevrilmişdir. XX əsrin 70-80-ci illərində burada yarımkeçirici sənayenin çoxsaylı korporasiya və zavodları təmərküzləşmişdir. 90-cı illərin əvvəlində "Silikon Vadisi" korporasiyalarının fəaliyyətinin prioriteti ən yeni kompyuter texnologiyalarının tədqiqatı və işlənməsi, rəqəmli texnika və proqram təminatının marketinqi oldu.
"Silikon Vadisi"nin tərkibinə 7 minə yaxın şirkət daxildir. Onların arasında dünya şöhrətli "Adobe Systems", "Advanced Micro Devices" (AMD), "Apple Inc.", "Cisco Systems", "Dolby Laboratories Inc.", "eBay", "Google", "Hewlett-Packard", "Intel", "Oracle Corporation", "Sun Microsystems", "Symantec", "Yahoo!" və s. şirkətlər var. Qlobal kompyuterləşmə "Silikon Vadisi"nin sakinlərinə külli miqdarda gəlir gətirib və gətirməkdə davam edir. Burada ABŞ-ın çoxsaylı milyonçuları da yaşadığından, buranı "Milyonçular vadisi" də adlandırmaq olar.
Son illər informasiya inqilabı (High Tech Revolution) təkcə ABŞ-ın deyil, dünya iqtisadiyyatının hərəkətverici gücünə çevrilib. "Silikon Vadisi" bütün dünyada yüksək texnologiyaların inkişafına böyük təsir göstərib və göstərməkdə davam edir.
Müasir texnoparkların modeli
Müşahidələr göstərir ki, bu vadini müasir texnoparkların modeli kimi də xarakterizə etmək olar. Məlumat üçün bildirək ki, texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər. Ona görə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəlmişdir. Belə ki, boş qalmış həmin ərazilərin satılması Lilend Stenfordun vəsiyyətilə qadağan olunmuşdu. Bundan başqa həmin şirkətlər bu və ya digər formada universitetlə əlaqəli şəkildə fəaliyyət göstərirdilər. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəldi. Silikon vadisi bu gün çox məşhur olan "Hewlett-Packard", "Polaroid", Eastman Kodak, General Electric, Shojkley Transistor, Lockheed kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzandı. Həmin illərdə kompyuter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə internetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi.
Vadinin daimi sakinləri
Silikon vadisinin bəzi göstəriciləri: Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı 70-80 min ABŞ dollarıdır.
Onu da qeyd edək ki, ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford Universiteti olan Silikon Vadisi və Kremn Vadisi texnoparklarıdır.
Qeyd edək ki, kompyuterlərin və digər məhsulların dünya ixracının 20%-i Silikon Vadisinın payına düşür. Bu texnoloji park çoxdan yaranmasına baxmayaraq, yeni texnoparklar üçün də etibarlı sayılır. Mütəxəssislər Silikon Vadisinın formalaşmasına həlledici təsir edən üç əsas faktor müəyyənləşdirmişlər. 1) ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti; 2) mikroelektronika məhsulunun çoxlu satış bazarının olması; 3) yeni elmtutumlu şirkətlərin yaranması vaxtı innovasiya prosesinin ilk mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması.