Pərakəndə satış haqqında alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi ümumi müqavilədir, belə ki, satdığı malın satın alınması ilə bağlı ona müraciət edən hər kəsi qane etməyə borcludur.
Kommersiya təşkilatının ümumi müqavilə bağlanılmasında bir şəxsə nisbətən digərinə üstünlük vermək ixtiyarı yoxdur.
Artıq qeyd olunduğu kimi, əmtəə tədavülünün əsas funksiyası dəyər formasının dəyişməsindən ibarətdir. Lakin bununla yanaşı, o istehsal prosesinin tədavül sferasında davamı ilə bağlı olan əlavə (istehsal) funksiyaları da yerinə yetirir.
Müvafiq olaraq, yerinə yetirdikləri funksiyaların xarakterinə görə ticarətdə baş verən prosesləri iki əsas növə ayırmaq olar:
— Kommersiya (və ya xalis ticarət);
— İstehsal (və ya texnoloji).
Kommersiya — ticarət sahibkarlığının və ya biznesinin bir növüdür. Kommersiya — latın mənşəli söz olub (commercium), hərfi mənada ticarət deməkdir. Lakin nəzərə almaq lazımdır ki, «ticarət» termini ikili məna daşıyır: bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi səciyyələnir, digər tərəfdən isə əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş mübadilə prosesini əks etdirir. Kommersiya fəaliyyəti ticarətin ikinci anlayışı mənfəət əldə etmək məqsədilə alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət proseslərini özündə əks etdirir.