K.Marks öz iqtisadi əlyazmalarını xüsusi bir cild halında nəşr etdirmək qərarına gəlir. Odur ki, birinci kitabını 27 mart 1867-ci ildə başa çatdırıb Hamburq şəhərinə gəlir və «Kapital»ın birinci cildini kitab nəşriyyatçısı Meysierə təqdim edir. Beləliklə, 1867-ci ilin sentyabr ayında «Kapital» əsərinin birinci cildi nəşr olunur.
Hər şeydən əvvəl «Kapital» əsərində K.Marksın özünün qeyd etdiyi kimi, əsər onun həyat işidir. Onun fikrincə iqtisadi quruluş əsasdır, həlledicidir, müəyyənedicidir və aparıcıdır. Bununla yanaşı siyasi üstqurum iqtisadi quruluş üzərində təşəkkül tapır. F.Engelsin qeyd etdiyi kimi «Kapital» əsəri müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrənən bir kitabdır.
XIX əsrin birinci yarısı K.Marksın iqtisadi ideyalarının və iqtisadi görüşlərinin təşəkkül tapıb qərarlaşması dövrünün ilk mərhələsidir. Heç də təsadüfi deyildir ki, K.Marksın və onun dostu və silahdaşı F.Engelsin Siyasi İqtisad elmində irəli sürmüş olduqları alternativ iqtisadi ideyalar onlara dünya şöhrəti gətirmişdir.
K.Marks öz əsərlərində siyasi iqtisadın tarixini araşdırmış və burjua siyasi iqtisadının əsas kateqoriyalarının təhlilini vermişdir. Yaradıcılığının bu mərhələsində K.Marks xüsusilə dəyər, istehsal xərcləri, torpaq rentası, kapital, əmək, rəqabət anlayışlarına daha çox diqqət yetirməklə bu kateqoriyalaraı öyrənib tədqiq etmişdir. Qeyd etdiyimiz problemlər, xüsusilə K.Marksın 1844-cü il iqtisadi-fəlsəfi əlyazmalarında öz əksini tapmışdır.