Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair mənbələr barədə məlumatın şərhindən əvvəl tarixi coğrafiya fənninin özünün ikili mahiyyət daşıdığına bir daha nəzər yetirmək lazımdır. Göstərildiyi kimi, tarixi coğrafiya elmi çox geniş sahələri birləşdirir və bu baxımdan onun tədqiqi üçün həddən ziyadə və müxtəlif xarakterli — tarixi, coğrafi, ədəbi, linqvistik və s. mənbələr mövcuddur. Onların sırasında yazılı, arxeoloji, etnoqrafik, toponimik, numizmatik, epiqrafik, bədii, folklor, dil, antropoloji, təbiət elmlərinə dair məlumatlar, dəqiq elmlərin göstəriciləri və s. materiallar vardır.
Tarixi coğrafiya fənni: vəzifələri, əlaqələri, elmi istiqamətləri, tədqiqat metodları və üsulları
Tarixi coğrafiya elmi müəyyən tarixi dövrdə bu və ya digər ərazinin, ölkənin tarixi və coğrafi vəziyyətini öyrənir. Tarixi coğrafiya bizim tarixi anlayışlarımızı xronoloji baxımdan konkretləşdirir və onları müəyyən ərazilərlə əlaqələndirir. Buna görə də, tarixi coğrafiya bu və ya başqa ölkənin tarixinin müxtəlif inkişaf dövrlərindəki fiziki, iqtisadi, siyasi coğrafiyasının xarakteristikasını açıqlayır. Tarixi coğrafiya əsasən özündə aşağıdakı cəhətləri birləşdirir: