Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.
Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12)
Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.
Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.(Loğman surəsi, 18)