Qəribə qanunlar 6

Qəribə qanunlar 6

Qanunu bilməmək insanı məsuliyyətdən qurtarmır, bilmək isə çox vaxt xilas edir - Stanislav Lets

ABŞ qanunvericiləri öz maraqlı qanunları ilə insanları heyrətləndirə bilirlər. Belə ki, ABŞ-ın Montana ştatının qanunvericiliyinə görə əgər qadın həyat yoldaşının icazəsi olmadan onun poçtunu oxuyursa, o, cinayət törətmiş sayılır və hətta həbs oluna bilər.

Avstraliya qanunvericiləri yazdıqları qanunlarla nəinki əmlakı qarət edilən ev sahibinin, hətta həmin evi qarət edən oğrunun da hüquqlarının müdafiəsini təmin edirlər. Belə ki, Avstraliya qanunvericiliyinə görə oğurluq zamanı qarətçi ev sahibinin hücumuna məruz qalarsa və onun tərəfindən zərər alarsa, o, məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər.

Tasmaniya da bir maraqlı qanunu ilə diqqətimizi çəkdi. Belə ki, Tasmaniya qanunvericiliyinə görə ər öz həyat yoldaşının yazılı razılığı olmadan heç bir yerdən spirtli içki əldə edə bilməz. Doğrudan da maraqlıdır, həm də qadınların ürəyindən xəbər verən qanundur.


Meksika Respublikasının qanunvericiliyində də bəzən gülüş doğura biləcək qanunlara rast gəlmək olur. Ölkənin Qvadalaxara şəhərinin qanununa görə, xüsusi ovçuluq lisenziyası olmayan adamlar siçovul ovlaya bilməzlər. Siçovulların bu şəhərdə kütləvi ovlanmasının səbəbi şəhər meriyasının şəhər şurasına gətirilən hər bir siçovul başının müqabilində iki peso təklif etməsidir. Bu səbəbdən də Qvadalaxara əhalisi işlərini bir kənara qoyaraq kütləvi şəkildə siçovul ovu ilə məşğul olmağa başlamışlar.

Kanada da öz maraqlı qanunları ilə yaxın qonşusu olan ABŞ-dan geri qalmır. Kanadanın Yeni Şotlandiya əyalətinin qanununa görə hərəkət edən qatarın qarşısında dayanan adam cinayət törətmiş sayılır və buna görə də həbs oluna bilər. Maraqlıdır, görəsən qanun keşikçiləri qatar qarşısında duran adamın neçə tikəsini tapıb həbs edə bilərlər?

ABŞ-ın Nebraska ştatının qanunlarına görə kilsə ayini zamanı hıçqırığını kəsməyən uşağın valideynləri həbs oluna bilər.

Tailandda şəhərlərin təmizliyini qorumaq üçün yazılan qanunlar gülünc görünsə də, bu qanunlar dünya şəhərləri arasında təmizliyə görə Tailand şəhərlərini birincilər sırasına çıxara bilmişdir. Lakin bəzən onların da qanunvericiliyində qəribəliklərə rast gəlinir. Belə qanunlardan birinə görə adamlara suyun altında fit çalmaq qadağan olunub. Yəni suyun altında fit çalmaq mümkündürmü ki, belə qanunlar yazılır?

Həmçinin bax: Qəribə qanunlar, qəribə qanunlar 1, qəribə qanunlar 2, qəribə qanunlar 3, qəribə qanunlar 4, qəribə qanunlar 5


Top