Miokard infarktının simptomları və diaqnostikası

Miokard infarktının simptomları və diaqnostikası

Miokard infarktı zamanı ilk yardım

Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət — döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir.

Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur.

Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq — kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir.

Miokard infarktıƏksər hallarda isə xəstə, stenokardiya zamanı olan ağrıya bənzəyən, kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin tabletkası (həbi) qəbul etdikdən sonra tez bir zamanda keçib gedir. Miokard infarktı zamanı olan ağrı, stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən başlayır və hətta bir-birinin ardınca 3 tabletka nitroqliserin qəbul etdikdən (hər 5 dəqiqədən bir 1 tabletka dilin altına qoymaqla) sonra da keçib getmir.

Beləliklə, əgər siz döş sümüyü arxasında güclü ağrı hiss edirsinizsə və ağrı nitroqliserin qəbul etdikdən sonra keçməyərək 15 dəqiqədən artıq davam edirsə, tez bir zamanda “təcili yardım” çağırın. Vaxt itirərək ağrıya dözmək məsləhət görülmür! Bu halda siz çox qiymətli olan vaxt itirə bilərsiniz! Miokard infarktı zamanı insanın ömrü, bir çox hallarda, ona ixtisaslaşmış tibbi xidmətlərin nə qədər tez göstərilməsindən asılı olur.

“Təcili yardım” çağırarkən xəstənin vəziyyətini mütləq dəqqliklə təsvir etməyə çalışın. Bəs, həkim gələnə qədər xəstəyə hansı yardımları etmək olar:

1. Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadııb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Otağın nəfəsliyini və ya pəncərəsini açaraq təmiz hava axını gəlməsinə kömək edin. Özünüzü sakit aparın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir.

2. Xəstəyə dilinin altına qoymaqla nitroqliserin tabletkası (həbi) verin və onu

tamamilə sormağı tapşırın. Digər həbi 5 dəqiqədən sonra verin. Bunu 3 dəfədən artıq təkrar etmək olmaz. Əgər nitroqliserin yoxdursa, xəstəyə validol həbi verin. Mütləq xəstənin arterial təzyiqini ölçün. Çünki miokardın infarktı zamanı arterial təzyiq kəskin şəkildə azala bilər. Əgər belə hal baş vermiş olarsa, xəstəyə nitroqliserin və validol vermək olmaz.

3. Xəstəni sakitləşdirmək üçün 30-40 damcı valokardin və ya karvalolu 1 parça qəndin üzərinə damızdırıb sormaq üçün xəstəyə verin.

4. Əgər əks-göstəriş yoxdursa, xəstəyə 1 həb aspirin verin (tromb yaranması prosesini zəiflətrmək üçün). Dərmanı çeynəyərək su ilə içmək lazımdır. Xəstəyə 1 tablet panangin və ya 2 tablet kalium oratat da vermək olar.

5. Əgər ağrı çox kəskin şəkildə olarsa, əks-göstəriş olmadığı halda xəstəyə analgin və ya baralgin həbləri vermək olar.

6. Ürək nahiyyəsinə xardal kağızı qoyun.

Əgər “təcili yardım” həkimi xəstəni müayinə etdikdən sonra miokardın infarktı olduğuna şübhələnərsə, xəstəni tez bir zamanda və yalnız xərəkdə (!!) ixtisaslaşmış tibb müəssisəsinə aparmalıdır!

Miokard infarktı zamanı əksər hallarda elektrokardioqrafik (EKQ) müayinədə özünə məxsus dəyişikliklər baş verir. Bu zaman zədələnmənin sahəsini və dərəcəsini dəqiqləşdirmək üçün ürəyin USM (ultrasəs müayinəsi) olan exokardioqrafiya da təyin oluna bilər.

Həmçinin bax:
Ürəyin işemik xəstəliyi  
Ürək problemləri

Mənbə: saglamolun.az

Top