Yazını oxuyub biləcəksiniz ki, problemlər məngənəsində boğulmamaq üçün yeganə çıxış yolu “ Depo “yadır...!Həzarat, metro deyəndə normal insanın ağlına ilk olaraq stansiyalar, vaqonlar, “ Depo “ və s. gəlir. Gün ərzində milyonlarla insan nəqliyyatın bu növündən istifadə edir. Metro həm sərfəli, həm də rahat və nisbətən təhlükəsiz nəqliyyat növüdür. Nə “ probkası “ olur, nə də “ svetaforu “... Əmbə, yaraşıqlı “ basa – bas “ ı da olur ki, bunun da xəlqimizin mentaliteti baxımından yanaşsaq, öz “ ləzzəti “ var.
Bismillah deyib vaqona ayaq basan kimi ekzotik bir məkana – məsələn, “ mehribanıstan “ a düşdüyünü bir anlıq zənn edirsən. Burda hamı mehribandı. Hətta o qədər mehribandı ki, millətimizin heç vaxt gerçəkləşmədiyi BİR OLMAQ arzusu hər bir vaqonda öz gerçəkliyini tapır. Bəli, biz bir yallı rəqsində BİR oluruq, bir də metro vaqonlarında. ...Bizim metromuzu zahirən “ Aeroport yarmarkası “ na oxşatmaq olar. İnsanlar vaqona minməklə bir – birinə minməyi səhv salırlar. Analoji metod yuxarıda adını çəkdiyimiz məkanda da özünü büruzə verir. Ancaq bunların arasında bir fərq var: Biri yerin altında, digəri isə üstündədi. Hərçənd, mahiyyət etibarilə ikisi də eynidir. Nə fərqi var: təki malım getsin... ( sözün hər iki mənasında... ) Bir az da işin estetik yönündən söhbət açaq. A qardaş, inişil qadağan etmədilərmi metro keçidlərində ticarəti ? ! Ə, cəhənnəmə satsınlar “ pulsuz Nar – mobile “ ni, “ odnarazıvıy “ saatları, “ poddelka “ siqaretləri, qadın – kişi – uşaq geyimlərini... adamı hiddətləndirən Ziya Bünyadovun, Lev Tolstoyun, Dostoyevskinin, Mirzə Cəlilin, Axundovun və s. aydınların kitablarının ( “ axşam bazarı “) 1 manata satılmasıdı. Sanki bu insanlar ona görə dahi idilər ki, onların yazdıqları nə vaxtsa, hansısa metro stansiyasında bir dəstə petruşkanın qiymətinə satılsın ( ? ! ) Əslində o kitabları belə dəyər – dəyməzinə satanı ittiham etməyə də haqqımız yoxdu. Adam çörək pulu qazanmaq üçün o ktabı yeri gəlsə, 50 qəpiyə də sata bilər. Bu işdə GÜNAH da qlobal bir anlayışdı – millətin kitaba üz çevirməsi kimi... Bəli, aydın məsələdi və müzakirəyə ehtiyyacı yoxdu ki, metro keçidlərində alver edənlər kiməsə “ dolya “ verir. Onu alan da dövlətin qərarını – zadını hərləmir... Odur ki, “ qıyıqgözlülər “ basıb bütün metro keçidlərini. “ Üçi manat “, “ başi manat “ olan və Çinin üçüncü dünya dövlətləri üçün istehsal etdiyi məhsulları pis də satılmır. Təsəvvür edin ki, bizim alverçilər Çinin “ Quançjou “ metro stansiyasında səslərinin yoğun yerinə salıb deyirlər: “ Gəl mala, qoyma qala “ ... Pəh... o dəqiqə QANUNUN keşiyində duran Çin polisi həmin azəri alverçini elə günə qoyar ki, “ qarabala “ qədim Çin heroqliflərinə oxşayar. ...Sonra deyirik ki, Azərbaycan(ımız) dünyanın ən dinamik inkişafa malik ölkələrindən biridi. Söhbətimizin bu məqamında belə bir qənaətə gəlmək olar ki, şəhərimizə gələn turistləri “ İçəri şəhər “ ə aparıb özümüzü biabr etməkdənsə, metroya aparaq. Əmin olun ki, burada onlar ekzotik bir gəzintinin şahidi olacaqlar. Həm də gözləriylə şahidi olacaqlar ki, azəri xalqı necə də mehribandı, BİRdi. Day gedib orda – burda deməzlər ki, Azərbaycanda təhsilin səviyyəsi aşağıdı, gəncləri “ begemot “ tispirlidi, nə bilim qiymətlər hər saniyə artır və s. və i. Məsələn, həyatından bezmiş həmkarlarımdan biri dəftər – qələmini götürüb yollansa Əhmədov Tağı dayının yanına... Ki, öyrənsin, bəs metro keçidlərində yaranan bu “ bostan “ mənzərəsinin günahı kimdədi, əminəm ki, Əhmədov yoldaş məğrur təbəssümlə təxminən bu janrda bir çıxış edəcək: “ Dövlətimizin inkişafı göz qabağındadı. Xüsusən də metromuz bu istiqamətdə fərqlənir. Pis olsaydı, bu qəddəri insan bütün günü metroda nəəzirdi, nə iti azmışdı ? Deməli, hər şey yaxşıdı ki, evə bazarlıq etmək istəyən insanlar da alver üçün məhz yerin altına – metroya gəlirlər “... Necədi ? Gördüz, T. Əhmədov necə ustalıqla düzəltdi işi ? Əziz oxucu, P. S – i də oxu, bugünlük vay – şüvənimizi bitirək. P. S. Ölkədə baş verən olaylara kompleks şəklində nəzər yetirəndə utandığından metroya qaçmaq istəyirsən ki, heç kəsə görünməyəsən. Çünki ora yerin altıdı... P. P. S. Yerin altındakı “ basa – bas “ ı görəndə isə ürəkbulantısından çölə çıxmaq çarəsi axtarırsan. Qatarla çölə çıxış “ Depo “ yadı. Çıxıb bir az “ qaytarım “, bəlkə yüngülləşdim. Elə həm yerin altına, həm də üstünə “ qaytarmağı “ gəlir adamın... Növbəti stansiya “ Depo “... Müəllif: Asəf Zeynallı Həmçinin bax: