705-ci ildə Xilafət Albaniyanın paytaxtı Bərdəyə öz canişinlərini təyin edib, ölkənin idarəçiliyini ona tapşırdı. Bərdə Xilafətin şimaldakı mərkəzinə çevrildi.
Albaniya görkəmli Azərbaycan sərkərdəsi, Albaniyanın dövlət başçısı
Cavanşirin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamışdır. Xilafətə vergi verməklə 8-ci yüzilliyin əvvəllərinədək Albaniya yerli hökmdarlar tərəfindən idarə olunmuşdur. Cavanşirin ölümündən sonra isə Albaniyada dövlətçilik və siyasi hakimiyyət zəifləmişdir.
9-cu yüzillikdən etibarən Qarabağda «Bərdəyi» və «Qarabaği» təxəllüsü daşıyan, əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış elm və sənət adamları yetişmişdir. Onlar müsəlman dünyasının böyük elmi mərkəzlərində dini və dünyəvi təhsil alaraq dünyanın bir çox ölkələrində fəaliyyət göstərmişlər. Onların arasında riyaziyyatçı, mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, münəccim və siyasi xadimlər var idi. Məsən, Əbu Səyid İbn Hüseyn Bərdəyi, Əbu Bəkr Əbdül Əziz İbn Həsən Bərdəyi, Məhəmməd İbn Xalid Bərdəyi, Qarabaği təxəllüslü: Mir Mehdi Xəzani, Rzaqulu Bəy Mirzəcamal oğlu, Mirzə Rəhim Fəna, Baharlı və başqaları.
9- cu yüzilliyin sonlarında Xilafətin şimal ərazilərində və digər ucqarlarında müstəqil feodal dövlətləri yaranmağa başladı. 9-cu yüzillik -10-cu yüzilliyin əvvəllərində ərəblərin etnik zəmində etdikləri təzyiqlər Qarabağ ərazisində də etiraz hərəkatlarının və çıxışların baş verməsinə səbəb olmuşdur. Bu zaman Qarabağ ərazisi türk sülaləsinin hökmranlıq etdiyi Sacilər dövlətinin tərkibində böyük bir regionu təşkil edirdi.
10- cu yüzilliyin ortalarında (942-ci ildə) Deyləmilər Sacilərdən hakimiyyəti alaraq Salarilər dövlətinin əsasını qoydular.
Salarilərin hakimiyyətinin ilk illərində mərkəzi bölgələrdən biri kimi Qarabağın iqtisadi, sosial və mədəni inkişafı yüksək səviyyəyə qalxdı.
Salarilər dövlətinin yenicə yaranıb hakimiyyəti möhkəmləndirməyə başladığı zaman möhkəm silahlanmış rus dəstələri Xəzər dənizi ilə cənuba doğru hərəkət edərək 943/944-cü ildə Xəzər-Kür su yolu ilə Qarabağ ərazisinə hücum etdi. Ruslar Qarabağın mərkəzi şəhəri Bərdəni qarət etdilər, xalqın müqaviməti ilə şəhəri tərk etməyə məcbur olduqda şəhəri dağıtdılar və yandırdılar.
11- ci yüzilliyin 50-ci illərində (1055-ci il) Azərbaycana gələn Səlcuqlar Şəddadiləri özlərindən asılı vəziyyətə salırlar. Qarabağ bölgəsi də bu zaman Səlcuqların hakimiyyəti altına düşdü.
12- ci yüzilliyin 1-ci rübündə Böyük Səlcuq imperatorluğu parçalandı. İraq, indiki İran, o cümlədən Güney Azərbaycan torpaqları və Cənubi Qafqazın bir hissəsi daxil olmaqla İraq Səlcuq Sultanlığı (1118-1194) yarandı.
Böyük Səlcuq imperatorluğunun tənəzzülü dövründə meydana gələn müstəqil Azərbaycan dövlətlərindən biri də Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövləti idi. 12-ci yüzilliyin 1-ci rübündən etibarən Qarabağ ərazisi Atabəylər dövlətinin tərkibinə daxil oldu.
Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin 13-cü yüzilliyin əvvəllərində qonşu ərazilərə yürüşü başlandı. Qonşu ölkələrdə mövcud olan vəziyyətdən istifadə edən Çingiz xan 1219-cu ildən etibarən öz işğalçılıq yürüşlərini genişləndirdi. Bu dövrdə Azərbaycanda hakimiyyətdə olan Eldənizlər sülaləsi ölkəni xarici təhlükədən qorumaq iqtidarında deyildi. Dövlətin tərkibində feodallar arasında gedən müharibələr dövləti zəiflətmişdi.
1225-ci ildə Azərbaycan Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Əmir Urxanın rəhbərliyi altında Azərbaycana gəlmiş qoşun Qarabağın iri şəhərləri Bərdəni, Beyləqanı, həmçinin Gəncəni və Şəmkiri istila etdilər. Müqavimət nəticəsində istilaçılar geri çəkildilər.
1231-ci ildə monqol qoşunları ikinci dəfə Azərbaycana soxuldular. Hülaku xan 1256-cı ildə Azərbaycam istila etdi. 1295- ci ildə oğuz Qazan xan Hülakulər səltənətinə sahib oldu. O, Hülakulər dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün islahatlar apardı.
Azərbaycanın tərkib hissəsi kimi Qarabağ 13-14 yüzilliklərdə baş vermiş ictimai-siyasi hadisələrin mərkəzlərindən biri idi. Elxani (Hülaku) hökmdarlarından üçü —
Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət taxtına Qarabağda çıxmış, ikisi isə Arqun xan və Əbu Səid Qarabağda vəfat etmişlər.
1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülü, parçalanması və nəhayət süqutu Qarabağa da öz təsirini göstərdi. Qarabağ hakimləri Elxanilər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrildilər.
1386-cı ildən Teymurun Azərbaycan ərazisinə yürüşləri baş vermişdir. 14-cu yüzilliyin sonlarında, Karsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdur. Qaynaqların verdiyi məlumata görə Teymur Qarabağda xeyli abadlıq işləri gördürmüşdür.
Müəllif: Qasım Hacıyev, Əyyub Əbdüləzimov
Mənbə: Qarabağ Tarixi — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakültativ kursun tədris vəsaiti