İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (81-100)

İnformasiya cəmiyyətinin 100 əsas anlayışı (81-100)

81. Şəbəkə yaratma

Maraqlar üzrə informasiyanın könüllü və bəzən də pulsuz mübadiləsinə əsaslanan elektron cəmiyyətlərin yaradılması prosesi.

82. Şəbəkə

İstifadəçilərə informasiya mübadiləsi, bir-biri ilə əlaqə saxlama və lazımi informasiyaya müraciət imkanı verən kompüterlər və digər müvafiq qurğuların kombinasiyasıdır.

83. Telekommunikasiya

İKT əsasında informasiyaların uzaqdan ötürülmə prosesidir.

84. Tele konfrans

Texniki vasitələrin köməyi ilə müxtəlif ərazilərdə olan iştirakçılar arasında qrup şəklində ünsiyyət əlaqələrini yaradan tədbir növüdür. Məsələn, telefon konfransı, audio konfrans, video konfrans, çat və s.

85. Telematika

1. İKT-nin bir tətbiqi olub, istifadəçilərin informasiyaya olan tələbatını təmin edən informasiya sistemləri və xidmətləridir.

2. İnformasiyanın birgə işlənməsi və ötürülməsi üçün televiziyanın kompüter qurğuları ilə birləşdirilməsi.

86. Tele səhiyyə

Tibb də bir istiqamət olub, informasiya telekommunikasiya infrastrukturundan istifadə edərək mütəxəssislər arasında ünvanlı tibbi informasiyanın mübadiləsi yolu ilə müalicənin keyfiyyətinin və əlyetərliliyinin artırılmasıdır. Tibb məlumatlarının və biliklərinin rabitə kanalları ilə ötürülməsi üçün razılaşdırılmış hazırlığı tibbi informasiya mübadiləsinin adekvatlığının zəruri şərtidir.

87. Tele iş

İşin nəticəsinin istifadə olunduğu yerdən uzaqda informasiya kommunikasiya infrastrukturundan istifadə etməklə yerinə yetirilən iş.

88. Tele xidmət

İnformasiya-kommunikasiya infrastrukturundan istifadə etməklə məsafədən verilən xidmət.

89. Universal xidmət

İstifadəçinin coğrafi yerindən asılı olmayaraq dövlət və ya özəl operatorlar tərəfindən sərfəli qiymətə informasiya kommunikasiya infrastrukturuna çıxışın təmin edilməsi.

90. Video konfrans

Kompüter şəbəkələrindən istifadə etməklə müxtəlif ərazilərdə olan iştirakçılar arasında real zaman rejimində audio-video informasiya mübadiləsini təmin edən xidmətdir.

91. Videokonfrans

Video konfrans rabitəsindən istifadə etməklə həyata keçirilən tədbirdir. Telekonfransın bir növüdür.

92. Virtual reallıq

1. Vizual (görüntü) və səs effektlərindən istifadə etməklə tamaşaçını ekran qarşısında xəyal olunan dünyaya qərq edən kompüter sistemləridir. İstifadəçi kompüter tərəfindən yaradılan və reallıq təəssüratı yaradan xəyal və səslərlə əhatə olunur. İstifadəçi müxtəlif sensorların köməyi (məsələn şlem və əlcək) ilə xəyali dünya ilə qarşılıqlı əlaqədə olur. Virtual reallıq üzrə son tədqiqatlar seyircinin reallıq hisslərinin artırılmasına yönəlmişdir.

2. Multimedia-əməliyyat mühitinin köməyi ilə reallaşan və stereoskopik “ekran dünyası”nda təqdim olunan illüziya mühitinə real zamanda birbaşa girişi və orada olmanı həyata keçirən yeni təmassız qarşılıqlı informasiya əlaqəsi texnologiyasıdır. Daha abstrakt düşünsək, bu istifadəçinin təsəvvüründə yaranan xəyali bir dünyadır.

93. Virtual iqtisadiyyat

İqtisadi əməliyyatların elektron məkanda aparılmasıdır.

94. Virtual müəssisə

Coğrafi cəhətdən müxtəlif ərazilərdə, ölkələrdə olan insanların İKT-dan istifadə etməklə əməkdaşlığıdır. Virtual müəssisənin üzvləri bilavasitə görüşmədən və ya nadir hallarda görüşərək fəaliyyət göstərirlər.

95. Virtual dünyalar

Kompüterlərin ekranlarında reallığı əks etdirən proses və hadisələrin modelləşdirilməsidir. Bu modellərin köməyi ilə müxtəlif həyatı məqamlar və layihələrin (məsələn şəhərsalma, kommunikasiya, ticarət, sənaye, təhsil, elm, təbabət və ictimai-mədəni yaradıcılığın digər sahələrində) mümkün variantları düşünülür.

96. Virtual birliklər

Bu termin İnternetin inkişafı mərhələsində meydana gəlmişdir.

1. Elektron məkanda yaranan və fəaliyyət göstərən yeni tipli cəmiyyətlərdir.

2. Ümumi maraqları olan şəbəkə istifadəçilərinin elektron məkanda işləmək məqsədilə birləşməsi deməkdir.

97. Verilənlər – bilik

Verilənlər - müxtəlif daşıyıcılarla qeydə alınmış faktlardır.

İnformasiya – universal tarifi yoxdur. Həm «verilənlər»in, həmdə «bilik»in sinonimi kimi istifadə olunur. Lakin «informasiyalaşdırmaq», yəni yeni məlumat vermək feli vasitəsi ilə ifadə olunan spesifiua mövcuddur. İnformarsiya əldə etmək, yəni hər hansı bir suala cavab almaq deməkdir. Sual olmadanda informasiya əldə etmək olar, bu zaman məlumat informasiyaya bu halda çevirilir ki, əgər o, istehlakçının ümumi vəziyyət haqqında fikirini dəyişdirmir.

Bilik – insanın əqli fəaliyyətinin nəticəsidir.

98. Vətəndaşlar haqqında informasiya

Fərdi məlumatlar da demək olar.

Vətəndaşın şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar – onun həyatı ilə bağlı faktlar, hadisələr və s haqqında məlumatlar.

99. Elektron sənəd dövriyyəsi

Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri.

Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.

100. Yeni texnologiyaya uyğunlaşmaq

İKT-nin gündəlik həyata inteqrasiyası deməkdir.

Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı, 2007.

Top