1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. Azərbaycan hökuməti xalq arasındakı dayaqlarını itirirdi. İyunun 4-də Surət Hüseynovun rəhbərliyi altında Gəncəşəhərindəki ordu hissələri qiyam qaldırmışdı. O dövrkü hakimiyyətin səriştəsizliyi və iradəsizliyi ucbatından bu qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri almışdı.
Daşnakların «Böyük Ermənistan» yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Gəncədə qardaş qanı tökülmüşdü. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmışdı.