Misir mifologiyasında bu bürc analığın, əbədi qadın incəliyinin və müdrikliyin təcəssümü sayılan İsida ilahəsi ilə əlaqələndirildi. Qədim misirlilər münbitlik, su və külək ilahəsi, ailənin və dənizçiliyin müdafiəçisi İsidaya sitayiş edirdilər. XƏRÇƏNG bürcü Ayın himayəsində olan yeganə bürcdür. Babillilər XƏRÇƏNGİN Ay ilə birləşməsinə müəmma kimi baxırdılar, buna görə də XƏRÇƏNG, işarəsi altında dünyaya gəlmiş adamları axirət dünyasının qüvvələri ilə bağlı hesab edirdilər.
Lap qədim zamanlardan XƏRÇƏNG insanın şüurunda Yerlə su arasında bir növ vasitəçi kimi təsəvvürə gətirilirdi. Belə hesab edilirdi ki, məhz buna görə XƏRÇƏNG iki mühitdə yaşayır. Vaxtilə bütün Yaponiya arxipelaqında, indi isə Xokkaydo adasında yaşayan aynlar şirin suda və dənizdə yaşayan «Xərçəng-yengəclərə» həsr edilmiş xüsusi bayramı indi də qeyd edirlər. Qədim Tibet risalələrində «iki qısqaclı xeyirxah ruh» haqqında sözlərə tez-tez təsadüf edilir. Nepalın bəzi dağ monastırlarında indi də hücrənin qapısından gil xərçənglər asılır və qoca rahiblər onlara səcdə edirlər.
Qədimdə müxtəlif xalqlar uşaqların əkiz doğulmasına iki cür münasibət bəsləyirdilər: bunu bəziləri möcüzə, bəziləri bədbəxtlik sayırdı. Məsələn Hindistanda ecazkar məxluqlar əkizlər haqqında rəvayətlər yayılmışdı. Məhz onlar tayfanın baniləri və ya qəhrəmanların ulu babaları sayılırdılar. Əkiz uşaqları bəla hesab edən xalqlarda onların anasını tayfanın qalan üzvlərindən ayırmaq adəti var idi. Əkiz doğmuş qadına fövqəltəbii qüvvə ilə təmasda olmuş bir məxluq kimi baxaraq, bir tərəfdən, onu tayfadan uzaqlaşdırır, digər tərəfdən isə, qorxub ona səcdə edirdilər.Qədim misirlilər inanırdılar ki, hər bir adamın ruhu (ba) və ruhanisi (ka) vardır.
ƏKİZLƏR bürcü səmada 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir, iki ulduz Kastor və Polluks diqqəti ən çox cəlb edir. Polluks tənha, nisbətən soyuq narıncı ulduzdur. İşığı bizə 35 ilə gəlib çatır. Kastor çoxqat ulduzdur. Onun iki komponenti isti ağ-mavi ulduzlardır. Bu ulduzların işığı Yerə 45 ilə çatır. Yay Günəşduruşu nöqtəsində 120 ulduzun səpilmiş toplusu vardır və bunları güclü durbinlə yaxşı görmək mümkündür.
Bu Zodiak bürcünün adı hələ uzaq keçmişlərdə çəkilirdi. Eramızdan əvvəl 4000-ci illərdən 2500-cü illərədək yaz gecə-gündüz bərabərliyi nöqtəsi BUĞA bürcündə idi. Misir mifologiyasında Apis insanların hüzuruna ağ xallı qara öküz surətində gələn münbitlik allahıdır.
Qədim Misir dövləti yaradıldıqda BUĞA bürcü Firon ayini ilə birləşdi. «Xeb-sed» (Firon yubileyi») bayramında hökmdarın paltarına öküz quyruğu bağlayırdılar. Qədim misirlilərin təsəvvürünə görə qara öküz allahın həm təcəssümü, həm də Yerdəki rəmzi idi. Memfis məbədi Apisə səcdə mərkəzi idi. Qara öküzün ölümü böyük bədbəxtlik sayılırdı. Onu balzamlayıb təntənə ilə basdırırdılar.
Siseron və Yuli Sezar dövründə yaz gecə-gündüz bərabərliyi nöqtəsi bu bürcdə idi (indi BALIQLAR işarəsindədir).
Qədim dövrdə QOÇ işarəsinə pərəstiş edilirdi. Yeni Misir səltənətinin baş allahı Amon-Ra qoç başı kimi təsvir edilirdi. Onun tacında iki hündür lələk və ortada Günəş diski var idi. Qurbanlıq quzu ayini icra olunurdu. Bu ağ və məsum məxluq insanların rifahı naminə, onların günahlarını yumaq üçün qurban gedirdi. Qorxaqlıq, utancaqlıq, mülayimlik, passivlik, səbir, bəzən isə təşəbbüssüzlük, tərslik-quzu bax bu keyfiyyətlərlə səciyyələndirilirdi. Törəyib artma qabiliyyəti də QOÇ obrazı ilə əlaqələndirilirdi.