Kappuçino, Venesuela, Jaluzi | Kəliməbaz

Kappuçino, Venesuela, Jaluzi | Kəliməbaz

Kappuçino

1525-ci ildə İtaliyanın Marke bölgəsindən olan fransiskan mürid Matteo di Bassi dövrünün keşişlərinin dini xadim Assizli Fransiskonun tətbiq etdiyi həyat tərzində yaşamadıqlarını iddia edərək fransiskan təriqətinin yeni bir qolunu yaradır. Onun tərəfdaşları tərkidünyalığın rəmzi sayılan qonur rəngli kapuşonlu cübbə geyməyə başlayırlar. İtalyan dilində kapuşonun tərcüməsi “kappuço”dur (əsli “cappucio”) və bu səbədən el arasında bu rahiblərə geyimlərindən dolayı “kappuçin” ləqəbi verilir.
 Kapuçino

Sonrakı dövrlərdə “kappuçin” kəlməsi, ümumiyyətlə, cübbənin malik olduğu rəngə istinadən tez-tez işlədilməyə başlayır və təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz qəhvə də ixtira edilərkən rəngindən dolayı məhz “kappuçino” adlandırılır.
 

 Venesuela

1499-cu ildə səyyah Alonso de Oxedanın ekspedisiyası Venesualanın sahillərində lövbər salır. Burada səyyah və onun heyəti Marakaybo gölündə suyun üzərində tikilmiş ağacayaqlı evlərlə rastlaşırlar. Heyətin üzvü olan naviqator Ameriqo Vespuççi qarşısındakı mənzərəni görüb, Venesiyanı xatırlayır. Naviqator, görünür, o qədər ölkəsini qəribsəyibmiş ki, yoldaşları ilə kəşf etdiyi bu torpaqları “Venesuela” – yəni, doğma toskan ləhcəsində “kiçik Venesiya” adlandırır.

 Jaluzi

Nə qədər təəccüblü olsa da, bu pəncərə növünün adı fransız dilindəki “qısqanclıq” mənasındakı “jalousie”-in əsasında yaranmışdır. Hələ bu ad qoyulmamışdan qabaq bənzər taxtalı pəncərələr Fransada “Məğrib pəncərələri” adlanırdılar. “Məğrib” Fransanın şimali Afrikadakı müsəlman müstəmləkələri olmuş Tunis, Əlcəzair və Mərakeşin yerləşdikləri bölgənin adı idi. Jaluzinin quruluşu həmin bu ölkələrdəki geniş yayılmış taxta pəncərələrə oxşar idi. Bu pəncərələr müsəlman qadınlarına xəlvətdə qala-qala küçədə baş verənləri izləməyə imkan verirdi. Bundan əlavə, qısqanc hərəm sahiblərini bu cür pəncərələr başqa xüsusiyyətlərinə görə də qane edirdi: içəri asanlıqla işıq və hava daxil ola bilir və hətta arada onlar hərəmxanaya gizlincə baxıb, qadınlara nəzarət də edə bilirdilər.

Müəllif: Səməd Səfərov  
Həmçinin bax: SözlərGüllərXörək adlarının tarixcəsiHind quşu 

Top