Robot, Argentina, Xuliqan I Kəlməbaz

Robot, Argentina, Xuliqan I Kəlməbaz

Robot

İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
Kəliməbaz, Robot
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex dilində “ağır iş” mənasındakı “robota” sözündən “robot” kəlməsini uydurur.

 

Sonradan “robot” sözü məşhurlaşmış və əvvəlcədən verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirən maşınlara “robot” adı verilir.

 

Argentina

1515-ci ildə Cənubi Amerikanın cənub sahillərində Uruqvay və Paraqvay çaylarının mənsəbində portuqaliyalı səyyah gəmiləri qəzaya uğrayan zaman xilas olmuş səyyahları yerli tayfalar qəbul etmiş və onlara gümüş əşyalar həddiyyə edərək Avropaya yola salmışdılar. Bu hadisədən sonra indiki Argentinada böyük gümüş yataqlarının olduğu şayiəsi bütün Avropaya yayılır və çayların mənsəbi Rio de la Plata  (ispanca “gümüş çay”) və gümüş yataqlarının yerləşdiyi ehtimal olunan dağ isə Sierra de la Plata  (ispanca “gümüş dağ”) kimi məşhurlaşır.

Kəliməbaz, Argentina

Tezliklə gümüş tapıb, varlanmaq məqsədilə buraya çoxlu sayda avropalı səyyahların axını baş verir. Bu torpaqlar beləcə Tierra Argentina (ispanca “Gümüş yurdu”) adını qazanır və daha sonra qısalaraq “Argentina” kimi tarixə düşür.

 

Xuliqan

1898-ci ildən London polisinin hazırladığı məruzələrdə artıq asayişi kobud şəkildə pozanlar haqqında “xuliqan” kəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddialara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış milliyyətcə irland olan Xuliqan (ingilizcə “Hooligan”) ailəsi haqqında mahnı vardı və bu kəlmə buradan götürülə bilərdi.

Lakin Klarens Ruk 1899-cu ildə nəşr edilmiş “Xuliqan gecələri” adlı kitabında bildirir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuliqanın adından götürülmüşdür. Öz ailəsi və kiçik dəstəsilə birlikdə o, tez-tez pabları qarət edir və ad çıxarmışdı. Xuliqan polis işçisini qətlə yetirib, həbsxanaya düşür və ömürlük cəza alır, adı isə ədədiləşir: “Xuliqan”.

Müəllif: Səməd Səfərov

Həmçinin bax: Sözlər, Güllər, Xörək adlarının tarixcəsi, Hind quşu
Top