"M" hərfi ilə başlayan tarix terminləri

"M" hərfi ilə başlayan tarix terminləri

maaflar (ər. «azad edilmiş») — Azərbaycan xanlıqlarında əhalinin hərbi xidmətə görə vergidən azad edilmiş imtiyazlı təbəqəsi. Maaflar əsasən elatların arasından çıxırdı. Maaf rütbəsi xan tərəfindən verilirdi. Maaflıq irsi idi.

Maarifçilik — feodalizmdən kapitalizmə keçid dövründə yaranmaqda olan burjuaziyanın və xalq kütlələrinin feodalizmə qarşı mübarizəsi ilə bağlı mütərəqqi ideya cərəyanı. Maarifçiliyin ən tanınmış nümayəndələri — İngiltərədə C.Lokk, Fransada Volter, J.İ.Russo, Ş.Monteskyö, P.A.Holbax, K.A.Helvetsi, D.Didro, Almaniyada Q.E.Lessinq, İ.Q.Herder, F.Şiller, İ.V.Göte, ABŞ-da T.Cefferson, B.Franklin, T.Peyn və b. idilər. Maarifçilik xadimləri «təbii hüquq nəzəriyyəsinə əsaslanan „əqlin hökmranlığı“nın qurulması uğrunda, siyasi azadlıq və vətəndaşlıq bərabərliyi uğrunda mübarizə aparırdılar. Yeni ictimai qaydaların qurulmasında onlar biliklərin yayılmasına mühüm rol ayırırdılar. Maarifçilik bir sıra burjua inqilabları üçün ideoloji hazırlıq olmuşdur.

Madi — Azərbaycanda Skif şahlığının hökmdarı. Madi skif şahı Partatuanın və assur şahzadəsinin oğlu idi. H.ə. 640-cı ildə Madinin başçılığı ilə Kiçik Asiyada kimmerləri məğlubiyyətə uğradan skiflər sonra Misirin sərhədlərinədək yürüş etdilər. Madinin rəhbərliyi altında Assuriya ilə ittifaqa girən skiflər Midiyaya qarşı vuruşdular. E.ə. 624-cü ildə Midiya padşahı Kiaksar ölkəyə soxulmuş skifləri məğlubiyyətə uğratdı.

mafiya — Siciliya adasında meydana gəlmiş gizli terrorçu təşkilat. Mafiya şantaj, zorakılıq və öldürmə metodlarından istifadə edir. Əsasən şəhərlərdə fəaliyyət göstərir. Dövrümüzdə beynəlxalq mafiya təşkilatlan mövcuddur.

Magellan (port. — Maqalyayiş) Fernando (1480 — 1521) — dəniz səyyahı; ilk dövr-aləm səyahəti ekspedisiyasının təşkilatçısı. Portuqaliyada cəngavər ailəsində anadan olmuşdur. Hindistan, Şərqi Afrika və Malakkada xidmət etmişdir. Bir sıra dəniz ekspedisiyalarında iştirak etmişdir.
Portuqaliya kralına qərbə üzmək üçün həni rədd etmişdir. Bundan sonra Magellan İspaniyaya qaçmış və ispan kralı ilə gələcəkdə kəşf edəcəyi torpaqların canişini titulunu alması haqqında müqavilə imzalamışdır. Magellanın 5 gəmidən və 235 nəfərdən ibarət donanması 1518-ci il sentyabrın 20-də İspaniya limanından qərbə doğru səyahətə çıxdı. 1519-cu ilin noyabrında donanma Braziliyaya çatdı və 1520-ci ilin martında donanmada başlanmış qiyamı Magellan qətiyyətlə yatırdı. 1520-ci ilin oktyabrında donanma sonralar Magellanın adını almış boğazdan keçdi. 1520-ci ilin noyabrında Magellan salamat qalmış üç gəmi ilə Sakit adlandırdığı okeana çıxdı. 1521-ci ilin aprelində donanma Filippinə çatdı və yerli hakimlərin savaşma qarışan Magellan toqquşmada öldürüldü. Salamat qalmış iki gəmi Filippindən İspaniyaya üzdü. Gəmilərdən biri portuqallar tərəfindən tutuldu. 1522-ci ilin sentyabrında „Viktoriya“ gəmisi başda S.Elkano olmaqla 18 nəfərlik ekipajı ilə İspaniyaya gəldi. Magellanın ekspedisiyası nəticəsində praktik olaraq Yerin kürə şəklində olduğu və vahid Dünya okeanının mövcudluğu sübuta yetirildi.

magiya (yunan dilində „maq“ sözündən əmələ gəlmişdir) — magiya, cadugərlik, sehrbazlıq, ovsunçuluq; sehr, cadu, ovsun.

maharaca (sanskr. „böyük hakim“) — 1956-cı ilə kimi Hindistanda hökmdar titulu. Orta əsrlərdə racalardan fərqli olaraq iri feodallara, müstəqil knyazlıqların hakimlərinə, yeni və ən yeni dövrlərdə isə bəzi knyazlara verilmişdir.

»Mahabharata" — iki raca ailəsi — Pandav və Kauravlar arasındakı mübarizədən bəhs edən qədim hind eposu.

mahmudi — XVII əsrin ikinci yarısında Azərbaycanda istifadə olunmuş sikkə. 100 dinara bərabər tutulurdu.

«Majino xətti» — 1929 — 34-cü illərdə (1940-cı ilə kimi təkmilləşdirilmişdir) Almaniya ilə sərhəddə inşa edilmiş Fransa istehkamları sistemi. Uzunluğu cəbhə boyu 380 km-dək, eni isə 6 — 8 km idi. Fransanın hərbi naziri general A.Majinonun adı ilə adlandırılmışdır. 1940-cı ildə alman-faşist qoşunları Belçika ərazisindən keçərək “Majino xətti”nin arxasına çıxdılar və Belçika qarnizonu təslim oldu.

Makedoniya monarxiyası — e.ə. V — II əsrlərdə Balkan yarımadasının şimal-şərq hissəsində mövcud olmuş dövlət. E.ə. V əsrin əvvəllərində Makedoniyanın birləşdirilməsinə başlanıldı və II Filippin (e.ə. 359 -336) hakimiyyəti illərində başa çatdı. II Filipp idarəçilik, maliyyə, hərbi iş və digər sahələrdə islahatlar keçirdi. İslahatların məqsədi qəbilə əyanlarını zəiflətmək və mərkəzi hakimiyyəti möhkəmlətmək idi. Bundan sonra II Filipp Yunanıstanın dərin sosial-iqtisadi böhran keçirən polislərini zəbt etməyə başladı. Yunan polislərinin birləşmiş qüvvələrinə e.ə. 338-ci ildə Xeroneya yaxınlığında qələbə çalan II Filipp Spartadan başqa, demək olar ki, bütün Yunanıstanı tabe etdi. Atası II Filippin işğalçılıq siyasətini davam etdirən Makedoniyalı İsgəndər Əhəmənilər dövlətini darmadağın edib möhtəşəm bir dövlət yaratdı, amma özü ölən kimi dövləti dağıldı. Diadoxların mübarizəsi nəticəsində Peloponnesdən başqa, bütün Yunanıstanı özündə birləşdirən Makedoniya çarlığı meydana gəldi. Lakin bir çox sənətkarların və kəndlilərin Şərqə köçürülməsi və diadoxların hakimiyyət uğrunda mübarizəsi nəticəsində Makedoniya çarlığı ağır böhran içərisində idi. Makedoniya çarlığının vəziyyəti II Antiqonun hakimiyyəti dövründə bir qədər yaxşılaşdı və o, e.ə. III əsrin birinci yarısında yenidən Makedoniyanın Ellada üzərində ağalığını bərpa edə bildi. E.ə. 221-ci ildə Selassiya yaxınlığında spartalılar üzərində qələbə çalan Makedoniya çarı III Antiqon Spartaya daxil oldu və onu Makedoniyanın hegemonluğu altında olan Ellin ittifaqına daxil etdi. Romanın İlliriyada (Balkan yarımadasının şimal-qərbi) möhkəmlənməsi onun Makedoniya ilə toqquşmasına səbəb oldu. E.ə. 216-cı ildə Makedoniya çarı V Filipp Karfagenlə Romaya qarşı birlikdə mübarizə aparmaq üçün ittifaq yaratdı. Makedoniyanın Roma ilə ilk müharibəsi (e.ə. 215 — 205) həlledici nəticələrə gətirmədi. Makedoniyanın məğlubiyyəti ilə başa çatan ikinci müharibədən (e.ə. 200 — 197) sonra V Filipp Makedoniyadan kənardakı vilayətlərindən əl çəkmək məcburiyyətində qaldı. Üçüncü müharibə (e.ə. 171 — 168) Makedoniya çarı Perseyin ordusunun Pidna yaxınlığındakı savaşda darmadağın olunması ilə başa çatdı. Makedoniya romalılar tərəfindən qarət edildi və 4 dairəyə bölündü. E.ə. 148-ci ildə makedoniyalı Andriskin romalılara qarşı üsyanı yatırıldıqdan sonra Makedoniya Romanın provinsiyasına çevrildi.

Makedoniyalı İsgəndər — Makedoniyanın hökmdarı və böyük sərkərdə. E.ə. 356 -323-cü illərdə yaşamışdır. Aristotelin şagirdi olmuşdur. E.ə. 336-cı ildə onun atası, Makedoniyanın hökmdarı II Filipp öldürüldü və iyirmi yaşlı İsgəndər Makedoniya monarxiyasının hökmdarı oldu. Makedoniyalı İsgəndər qətiyyətli və möhkəm xarakterli olmaqla yanaşı, şəxsi şücaətə də malik idi. Makedoniyanın Yunanıstan üzərində nəzarətə başlamasından sonra e.ə. 334-cü ildə Makedoniyalı İsgəndər İran (Əhəmənilər) dövlətinə qarşı "Şərq yürüşü«nə başladı. İsgəndərin ordusunun qərargahında sərkərdələrlə yanaşı, həm də yürüşün tarixini yazacaq, fəth olunan ölkələrin diqqətəlayiq yerlərini, maraqlı hadisələrini öyrənəcək tarixçilər, coğrafiyaçılar və təbiətşünaslar var idi. Üç həlledici böyük savaşda -Qranik, İss və Qavqamela yaxınlığında İsgəndər Əhəmənilər dövlətini darmadağın etdi. Makedoniyalı İsgəndər Əhəməni şahlarının Suzdakı sarayının yandırılmasının təşəbbüskarı olmuş və yanğın zamanı Avestanın əlyazmaları da orada yanmışdır. Makedoniyalı İsgəndər paytaxtı Babil şəhəri olan böyük imperiya yaratdı. O, keçmiş Əhəməni satrapı Atropatı Yuxarı Midiyada satrap vəzifəsində saxladı. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Ekbatanada olmuş və Midiyanın Niseya çölündə Atropatla görüşmüşdür. İsgəndər İran əyanının qızı Roksana ilə evlənmişdi. Fəth olunmuş ərazilərdə İsgəndər çoxlu şəhər saldırmış və onlarda əsasən Yunanıstandan gələnlər məskunlaşmışlar. Bu şəhərlərin çoxu (yetmişə qədəri) onun şərəfinə İsgəndəriyyə adlandırılmışdı. Bu şəhərlərdən ən böyüyü sonralar Misir İsgəndəriyyəsi olmuşdur. Orta Asiyada Makedoniyalı İsgəndər ciddi müqavimətlə üzləşdi və yalnız üçillik fasiləsiz döyüşlərdən sonra orada möhkəmlənə bildi. İsgəndər burada kütləvi edamlar və bütöv tayfaları məhv etmək yolunu tutdu. Bununla o, təkcə hərbi baxımdan deyil, həm də mənəvi baxımdan yerli tayfaların müqavimətini qırmaq ümidindəydi. Hindistan səfərindən sonra Makedoniyalı İsgəndər xəstələndi. Tarixçilərin bir qismi onun xəstəliyinin səbəbini qızdırmada, digərləri Hindistanda aldığı yarada, üçüncülər isə zəhərləndirilməsində görür. Makedoniyalı İsgəndər 32 yaşında Babildə vəfat etmiş, Misir İsgəndəriyyəsində dəfn olunmuşdur. Onun ölümündən sonra yaratdığı imperiya dağılmış və nəticədə Azərbaycan ərazisində Atropatena dövləti meydana gəlmişdir.

makler (broker) — vasitəçilik əməliyyatları üzrə ixtisaslaşan ayrı-ayrı şəxslər (dəllallar) və firmalar; görülən işin ümumi məbləğindən asılı olaraq onlar müəyyən faizlə gəlir götürürlər.

maqlar — Midiya tayfalarından biri. Zərdüştilik dininin nəsli kahinləri mənşəcə bu tayfadandırlar. Tezliklə “maq” sözü “zərdüşti kahin” anlayışının sinoniminə çevrildi. Hələ qədim zamanlardan maqların geniş torpaq sahələri var idi və onların çox hissəsi Midiyanın şərqindəki „Zərdüşt şəhəri“ Raqanın ətrafında yerləşirdi. Avestadan görünür ki, maqlar cəmiyyətdə kifayət qədər yüksək mövqeyə malik imişlər. E.ə. VI əsrdən maqlar artıq zərdüşti dininin kahinləri, mərasim və adətlərin, midiyalıların, sonralar isə həm də farsların dini ənənələrinin qoruyucuları kimi tanınırdılar. Çox yüksək mövqe tutan maqlar hökmdarların müşaviri sayılır və onların xarici və daxili siyasətlərinə təsir göstərirdilər. Midiyada, xüsusilə də Midiya hökmdarı Astiaqın dövründə maqların mövqeyi güclü idi. Astiaqın dövründə maqlar yuxuyozan və rəmmal — qabaqcadan xəbər verən idilər, lakin onların yozumları və gələcək xəbərləri düz çıxmayanda Astiaq maqları edam etdirirdi. Maqların nüfuzunu o fakt da sübut edir ki, Əhəmənilərə qarşı üsyana midiyalı maq Qaumata başçılıq edirdi. Görünür, Əhəmənilərin dövründə də maqlar müəyyən rola malik idilər. Maqların rolu xüsusilə erkən orta əsrlərdə Sasanilər dövləti tərkibində zərdüştiliyin mərkəzlərindən birinə çevrilən Atropatenada daha da artır. Qazakadakı Adurquşnasp od məbədinin maqları 10 minədək kəndlinin işlədiyi geniş torpaq sahələrindən gəlir götürürdülər. Sonralar çoxlu miqdarda maq Muğan ərazisində yaşadığından buranın adı yerli əhali tərəfindən „maq“ və ya „muq“ sözləri ilə əlaqələndirilirdi. Avropada Zərdüşt Qədim Yunanıstan vasitəsilə məlum oldu və „maq“ sözü „sehrbaz“, „cadugər“, »falçı", «münəccim», «rəmmal» mənasını verməyə başladı.

maqnat — 1) adlı-sanlı və varlı əyan, bir sıra Avropa ölkələrində mülkədar aristokratiyasının nümayəndəsi; 2) məcazi mənada — iri sənaye və maliyyə kapitalı nümayəndəsi.

Maqneziya — Lidiyada (Kiçik Asiyada) qədim şəhər. E.ə. 190-cı ildə Maqneziya yaxınlığında romalılar Selevki hökmdarı III Antioxa həlledici zərbə endirdilər.

maqupatan maqupat («maqlar maqı») — erkən orta əsrlərdə Sasanilər dövlətində baş maq. Sonralar bu titul «mobedan-mobed» şəklini almışdır.

mal — Ərəb xilafəti dövründə (sonralar da) Yaxın və Orta Şərq ölkələrində xüsusi daşınan əmlak (mülkdən fərqli olaraq).

malcəhət — Şərq ölkələrində məhsul və sənətkarlıq məmulatlarından alman vergi.

maldarlıq — insanların heyvan saxlamaqdan ibarət olan fəaliyyəti. Maldarlıq 10 min il bundan əvvəl meydana gəlmişdir. Ev heyvanlarının saxlanılması insanları nəinki qida məhsulları, həm də yun və dəri ilə təmin etdi.

Maldarlıq — istehsal təsərrüfatının formalarından biridir. Maldarlığın başlanması ilə bu sahə ilə məşğul olan insanlar meydana gəldi, köçəri həyat tərzinə keçdi və bununla da köçəri tayfalar və köçərilər meydana çıxdı. Maldarlığın iki əsas forması vardır: köçəri (yaylaq) və köçəbə.

maltusçuluq — əhalinin məskunlaşması nəzəriyyəsi; müəllifinin — ingilis iqtisadçısı və ruhanisi Maltusun adı ilə belə adlandırılmışdır. Sənaye çevrilişi və "çəpərləmələr«lə əlaqədar olaraq işsizliyin artması dövründə meydana gəlmişdir. Maltus sübut etməyə çalışırdı ki, zəhmətkeşlərin yoxsulluğu iqtisadiyyatla deyil, təbii şəraitlə bağlıdır. Onun çıxardığı qanuna görə, guya, əhali həndəsi silsilə ilə, dolanışıq vasitələrinin miqdarı isə ədədi silsilə ilə artır və nəticədə „əhalinin mütləq artımı“ meydana çıxır.

Mamay — Qızıl Orda xanı Berdibəyin dövründə tatar sərkərdəsi. Xanın qızı ilə evləndiyindən faktik olaraq Qızıl Ordanın hökmdarına çevrilmişdi. Çingiz xanın nəslindən olmadığından Mamay idarəçiliyi oyuncaq xanların vasitəsilə həyata keçirirdi. Mamay rus knyazlarının birləşməsinə mane olmağa çalışırdı. O, Ryazan (1373, 1378) və Nijeqorodsk knyazlıqlarını (1378) darmadağın etmişdi. Lakin Moskva knyazlığına soxulmağa cəhd göstərərkən onun dəstəsi Voje çayı yaxınlığında (1378) məğlubiyyətə uğradı, Kulikovo döyüşündə isə (1380) Mamayın bütün qoşunları darmadağın edildi. Bundan az sonra o, Toxtamış tərəfindən məğlub edildi, qaçdı, lakin sonralar öldürüldü.

»Manas" — qırğız xalqının, çox güman ki, XII əsrdə yaranmış və pəhləvan Manasın, onun oğlu Semeteyin, nəvəsi Seytekin qəhrəmanlıqlarından bəhs edən ən iri eposu. Eposun əsas motivi — dağınıq düşmüş tayfaların birləşdirilməsi və vətənin müdafiəsidir. XX əsrədək nəsildən-nəslə şifahi ötürülmüşdür.

manat — pul nişanı. Adını məbədi nəzdində sikkəxana (zərbxana, pul kəsilən yer) olan Roma ilahəsi Yunona Monetanın adından götürmüşdür.

mandarin — orta əsrlərdə Çində iri məmurun adı.

mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.

mandat sistemi — Birinci Dünya müharibəsinin qalibləri tərəfindən Almaniya və Osmanlı imperiyası vilayətlərinin bölüşdürülməsindən sonra formalaşmış sistem. Mandat sistemi müstəmləkə sisteminin saxlanılması üçün bir pərdə idi, hüquqi cəhətdən isə Millətlər Cəmiyyəti nizamnaməsinin 22-ci maddəsində təsbit olunmuşdu. Həmin maddəyə uyğun olaraq, guya, indiyədək «başqa dövlətlərin suverenliyi altmda olan ərazilərin xalqları» müharibənin qurtarmasından sonra həmin suverenlikdən məhrum olublar və indi də «müasir dövrün xüsusilə mürəkkəb şəraitində özlərini müstəqil idarə edə bilməyəcəklərindən» Millətlər Cəmiyyəti tövsiyə edir ki, «bu xalqlara himayədarlıq Millətlər Cəmiyyəti adından qabaqcıl nıillətlərə yerinə yetirəcəkləri mandatçılıq himayədarlığı kimi etimad edilsin». Millətlər Cəmiyyətinin mandatı ilə İraq, Transiordaniya ilə birlikdə Fələstin, Tanqanika, Toqo və Kamerunun bir hissəsi Böyük Brilaniyanın himayədarlığına, Toqo və Kamerunun qalan hissəsi, Suriya və Livan Fransaya, digər müstəmləkələr və adalar isə Belçika, Cənubi Afrika İttifaqı, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın idarəçiliyinə verildi.

Mani (216 — 276) — manilik dini təliminin banisi. III əsrin 30-cu illərinin sonlarında İran, Mərkəzi Asiya və Hindistana səyahətlər etmiş, buddizm, brahmanizm və yerli dini etiqadlarla tanış olmuşdur. 240-cı illərin əvvəllərində Ktesifonda öz təliminə çağırışla çıxış etmiş, təlim İranda geniş yayılmışdır; hətta ilk vaxtlar onu xristianlığa və digər yerli etiqadlara qarşı qoymağa çalışan şahənşah I Şapur tərəfindən dəstəklənmişdir. Lakin Mani təliminin müxalifətçi xarakteri, habelə zərdüşti kahinlərinin güclənməsi Maninin təqib edilməsinə səbəb oldu və o, İrandan qaçdı. Qonşu ölkələrdə səyahətini və dini çağırışlarını davam etdirən Mani bir çox ardıcıl toplaya bildi. Maninin davamçıları Mərkəzi Asiya, Çin, Misir və Roma imperiyasının şərq vilayətlərinə yayıldılar. 273-cü ildə Mani İrana qayıtdı, 275-ci ildə tutulub zindana salındı və az sonra edam olundu. Maninin əsas əsərləri "Şapurakana", «Canlı İncif kitabları, şagirdlərinə məktubları və ölümündən sonra məlum olan „Kefalayya“ toplusudur.

manifest — 1) ali hakimiyyət tərəfindən hər hansı mühüm siyasi hadisə ilə bağlı əhaliyə edilən təntənəli yazılı müraciət; 2) siyasi partiyanın, ictimai təşkilatın əsas baxışlarını, proqram və qərarlarını əks etdirən çağırış.

manilik — III əsrdə Mesopotamiyada zərdüştilik, xristianlıq və Babil kultları əsasında meydana gəlmiş dini təlim. Maniliyin banisi Mani olmuşdur. Maniliyin əsasında zərdüştiliyin — iki allahın — Xeyir və Şər allahlarının əbədi mübarizəsi prinsipi durur. Manilik ətraf aləmə şərin təcəssümü kimi baxır, dünyanm inkişafının məqsədini isə insanın qəlbində olan xeyir və işıq zərrəciklərinin „xilas edilməsi“ndə görür. Yalnız son dərəcə tərki-dünyalıqla bu fikrə gəlib çıxmaq olardı (ot məhsullarından pəhriz saxlamaq, kəbindən imtina etmək və s.). III əsrin sonları - IV əsrin əvvəllərində manilik təriqətlərinin nizamlı təşkilatı meydana gəldi. Manilik Mərkəzi Asiyada, Hindistanda, Çində, Yaxın Şərqdə və Roma imperiyasının şərq əyalətlərində yayıldı. Artıq III əsrdə manilikdə şər ilə — sosial və əmlak bərabərsizliyi ilə fəal mübarizəyə qoşulmağa çağıran cərəyan meydana gəldi. Bu cərəyanm başçısı təbliğatını Romada başlayan, sonra isə İrana köçən Bundos (və ya Zərdüşt) idi. III — IV əsrlərdə Misir, Suriya və İranda manilərin başçılıq etdiyi üsyanlar baş verirdi. Manilik rəsmi zərdüştilik və xristianlıq tərəfindən təqib olunurdu. VIII — IX əsrlərdə manilik islam tərəfindən təqib edilmişdi. VIII əsrdə manilik Uyğur xaqanlığının rəsmi dini elan edildi. Mərkəzi Asiyanın və Sibirin bəzi vilayətlərində manilik icmaları XIII əsrədək mövcud olmuşdur. Manilik Avropa və Ön Asiyada orta əsrlərdə dini-fəlsəfi təlimlərə və hərəkatlara güclü təsir göstərmişdir.

manipul — Qədim Roma koqortasının bir hissəsi. Manipullar müstəqil fəaliyyət göstərdiyindən buradan „manipulyasiya etmək“, yəni „şəraitə uyğun olaraq özü bildiyi kimi hərəkət etmək“ ifadəsi yaranmışdır.

Manna — Azərbaycan ərazisində qədim dövlət. Mannanın adı ilk dəfə assur mənbələrində e.ə. 843-cü ildə çəkilir. Manna yerli ad idi, görünür, Urmiyaətrafı tayfalardan birinin adından yaranmışdır. İlk vaxtlar Urmiyaətrafı rayonun kiçik dövlət qurumlarından biri olan Manna bu rayonun bir çox əyalətlərinin birləşmə mərkəzi oldu. Mannanın birləşdirdiyi əyalətlərin çoxu özlərinin əvvəlki adlarını, öz hökmdarlarını saxlayırdılar, amma indi artıq vahid Manna çarlığının vilayətləri olmuşdular. Manna çarlığının ərazisi Urmiya gölünün ətrafını əhatə edirdi. Dövlətin paytaxtı İzirtu şəhəri idi. Mənbələrin verdiyi məlumata görə, Mannanın birinci çarı Udaki idi. E.ə. IX — VIII əsrlərdə assurlar və urartulular Mannaya tez-tez yürüşlər edirdilər. Manna daha çox e.ə. VIII əsrdə çar İranzunun dövründə genişlənmiş və çiçəklənmişdir. İranzudan sonra Mannanın çarı onun oğlu Aza olmuşdur. O, Assuriya ilə ittifaqa üstünlük verirdi. Sui-qəsd nəticəsində Aza Urartu ilə ittifaqa üstünlük verən qardaşı Ullusunu tərəfindən taxtdan salındı. Belə olduqda Assuriya hökmdarı II Sarqon Mannaya yürüşə çıxdı və Ullusunu onun ali hakimiyyətini qəbul etdi. Bundan sonra II Sarqon Urartu üzərinə yürüşə çıxdı və urartuluların Mannadan qopardıqları vilayətləri tutub geriyə — Mannaya qaytardı. Bu hadisədən sonra Manna yenidən gücləndi. Mannanın çarı Ahşeri ölkədə məskunlaşmış kimmerlər və skiflərlə birlikdə və midiyalılarla ittifaqda artıq assur çarlarına qarşı vuruşurdu. Lakin e.ə. 660-cı ildə assurlar skifləri öz tərəflərinə çəkdikdən sonra mannalıları məğlubiyyətə uğratdılar. Assurlar Mannanın bir çox qalalarını və paytaxtı İzirtunu ələ keçirdilər. Hökmdar Ahşeri „ümid şəhəri“ Arranaya qaçdı. Bu məğlubiyyətdən sonra mannalılar üsyan qaldırıb çar Ahşerini devirdilər və onun oğlu Uallini taxta çıxardılar. Manna çarı Ualli Assuriyanın ali hakimiyyətini qəbul etdi və onun babillilər tərəfindən dağıdılmasına qədər müttəfiqi oldu. Təxminən e.ə. 616-cı ildə Manna Midiya tərəfindən tutulmuşdur. Sonuncu dəfə Mannanın adı Bibliyada e.ə. 593-cü il hadisələri ilə əlaqədar çəkilir.

Mannalıların əsas məşğuliyyətləri əkinçilik və maldarlıq idi. Mannalılar arpa, bir neçə növ buğda və darı becərirdilər. Tarlanı ağac xış və dəmir toxa ilə şumlayırdılar. Məhsul yığımı dəmir oraqla apanlırdı. Təsərrüfatda təkərli arabalardan istifadə olunurdu, Həsənludan tapılmış qızıl kasa üzərində 6 oxlu təkərli araba təsviri vardır. Manna şəhərlərində böyük taxıl anbarları var idi. Mannada suvarma kanalları şəbəkəsi də yaradılmışdı. Arxların bəziləri yerin altı ilə çəkilən borulardan ibarət idi. Belə suvarma mannalılara bəhərli bağlar və üzümlüklər salmağa imkan verirdi. Şərabçılıq da Mannada inkişaf etmiş sahələrdən sayılırdı. Arxeoloqlar Manna şəhərlərində torpağa basdırılmış küpləri olan çaxır anbarları aşkar etmişlər. Bu küplərin bəzilərinin tutumu 240 litrədək idi. Mannada iri və xırdabuynuzlu mal-qara və at saxlayırdılar. Yaylaq maldarlığından istifadə olunurdu. Həsənludan tapılmış qızıl cam üzərində allahları aparan cəng arabasına qoşulmuş qatır və öküz təsviri verilmişdir; qurbanlıq qoyunlar onların qarşısına gətirilir. Xırdabuynuzlu heyvanları ölənlərə qurban kəsirdilər. Əsas minik vasitəsi at idi. Mannalılar müharibə dövrü üçün hər nə varsa, hamısını ata öyrədirdilər. Atları cəng arabasına da qoşurdular. Mannada atların da dəfni qeydə alınıb. Sənətkarlıq da Mannada yüksək inkişaf səviyyəsinə çatmışdı. Bir sıra tarixçilər „polad“ sözünü Manna dövlətinin Puluadi vilayətinin adı ilə bağlayırlar. Başı heyvan formasında olan ritonlar, üzərində qorelyef təsvirli qrifonlar və qanadlı öküzlər olan qablar, tiyəsinin yuxarı hissəsində relyef təsvirli aypara olan xəncərlər, tunc dəbilqələr və s. xüsusilə maraqlıdır. Manna ustaları bəzən əşyaları düzəldərkən metalları kombinə edirdilər — arxeoloqlar uzanmış şir formalı dəmir ilgəyi olan tunc sancaqlar, elektr — qızıl və gümüş xəlitəsindən olan təsvirlərlə bəzədilmiş gümüş vaza, gövdəsi gümüş, lüləyi isə qızıldan olan qab və s. aşkar etmişlər. Manna ustaları minalanmış keramika və minalanmış divar kaşıları düzəldirmişlər. Mannalıların qəbirlərində — kişi qəbirlərində silah, qadın qəbirlərində isə bəzək əşyaları var idi, bundan əlavə, həmin qəbirlərin hamısında içərisində yemək-içmək olan qablar olmuşdur. Ölənlərə qoyun qurbanı kəsilirdi. Manna şəhərlərində allahların və qurbanların heykəlləri olan məbədlər var ıdi. Manna əhalisi bir sıra vəhşi və ev heyvanlarına (at, ilan və s.) da fövqəltəbii qüvvələr şamil edirdilər. Mannalılarda o dünyadakı həyatın mövcudluğuna inamı əks etdirən həyat ağacına da sitayiş yayılmışdı.

»Mannerheym xətti" — Kareliya bərzəxində — Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Mannerheymin adı ilə adlandırılmışdır. 1927 — 39-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ manee zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı — 5 km və tebii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi. «Mannerheym xətti»nin içərilərə doğru ümumi dərinliyi 80 — 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. «Mannerheym xətti»ndə səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 — 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi. 1939 — 40-cı illər SSRİ -Finlandiya müharibəsində sovet qoşunlarının hücumunun qarşısı «Mannerheym xətti» ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər. 1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə «Marmerheym xətti»ni yardılar və bundan sonra istehkamlar məhv edildi.

Mantaşev — XIX əsrin sonları — XX əsrin əvvəllərində Bakıda iri neft sənayeçisi, milliyyətcə — erməni. Tiflisin varlı tacirinin oğlu Aleksandr İvanoviç Mantaşev 1899-cu ildə Bakıda «A.İ.Mantaşev və Ko» səhmdar cəmiyyətini yaratmışdı. 1890-cı illərin sonlarnda xarici ticarət üçün Rusiya bankının yardımı ilə bir sıra maliyyə fırıldaqları edərək Rusiyanın varlı adamlarından birinə çevrildi (1899-cu ildə cəmiyyətin səhm kapitalı 22 mln. rubl, 1914-cü ildə isə 30 mln. rubl idi). Bir sıra səhmdar cəmiyyətlərinin, o cümlədən «Nobel qardaşları» şirkətinin və bankların səhmdarı, iri torpaq və tikililər sahibi idi. Müxtəlif tipli erməni təşkilatlarına yardım etmək üçün külli miqdarda vəsait xərcləmişdi. Onun ölümündən sonra isə oğlu Levon 1911 -ci ildə cəmiyyətin sədri olmuşdu. Rusiyada Oktyabr çevrilişindən sonra Levon Mantaşev xaricə mühacirət etsə də, Mantaşevlərə məxsus və sovet hakimiyyəti tərəfindən milliləşdirilmiş neft mədənlərindən neft çıxarmaq hüququnu «Royal datç-Şell» ingilis — holland şirkətinə sata bilmişdir. Sonralar müqavilə ləğv edilmişdir.

manufaktura (lat. "əllə düzəldilmiş") — əl əməyindən istifadə edilən və işçilər arasında müxtəlif ixtisaslar üzrə əmək bölgüsünün olduğu müəssisə.

manuskript — antik və orta əsrlər əlyazmalarının adı.

Mao Tszedun (1893 — 1976) — Çin inqilabçısı və dövlət xadimi. Mao Tszedun Şaoşan (Xunan əyaləti) kəndində varlı kəndli ailəsində anadan olmuşdur. Bir müddət imperator qoşunlarının məğlubiyyətə uğradan məktəbdə oxumuş, oranı bitirdikdən sonra isə Pekinə köçmüş, kitbxana köməkçisi işləmişdir. 1919-cu ildə Xunan əyalətinə qayıtmış, «4 may» hərəkatında iştirak etmişdir. 1921 -ci ildə Mao on bir marksistlə birlikdə Çin Kommunist Partiyasının (ÇKP) əsasını qoymuşdur. Qurultaydan sonra ÇKP Xunan komitəsinin katibi işləmişdir. 1923-cü ildə ÇKP-nin III qurultayında Mao ÇKP MK üzvü seçilmişdir. 1923-cü ildə ÇKP Çan Kayşinin başçılıq etdiyi Qomindan partiyası ilə birləşdi. Belə ki, Mao hər kimlə olursa-olsun, onun perspektiv və uzunmüddətli məqsədlərinə çatmağa yardım edə biləcək qısamüddətli ittifaq bağlamaq məqamını əldən vermirdi. ÇKP-nin Qomindanla ittifaqı 1927-ci ilə kimi davam etdi, bundan sonra isə Mao Tszedun və Çan Kayşi Çində hakimiyyət uğrunda bir-biri ilə mübarizəyə başladılar. Mao Tszedun kəndlilərə arxalanırdı, qomindanlar isə iri sənaye mərkəzlərində fəaliyyət göstərirdilər. Mao Tszedun Qırmızı Ordu yaratdı və əsası 1931-ci ildə qoyulmuş Çin Sovet Respublikasının sədri seçildi. Çan Kayşi daha böyük ordu toplayıb Qırmızı Orduya qarşı hücuma keçdikdə isə Mao Tszedun geriyə çəkilmək barədə əmr verdi və həlledici döyüşlərdən çəkindi. 1934-cü ildə Qırmızı Ordu mühasirəyə düşdü və yalnız mühasirə xəttinin cəsarətlə yarılması sayəsində məhv edilməkdən xilas oldu. Mao Tszedunun geri çəkilən ordusu uzaq Şensi əyalətində «qırmızı rayon» dayaq məntəqəsi yaratdı. Qırmızı Ordunun 1 illik geri çəkilməsi (Böyük keçid) zamanı ilkin 100 minlik döyüşçüdən cəmi 20 minə qədər əsgər qalmışdı ki, onlar da təcrübəli, döyüşkən və Mao Tszeduna sədaqətli adamlar idi. Onlar Çində bir neçə «qırmızı rayon» yaratdılar. 1937-ci ildə Mao Tszedun və Çan Kayşi yaponların müdaxiləsinə qarşı mübarizə apardılar. SSRİ-dən silah alan Mao Tszedunun qoşunları Qırmızı Ordunu möhkəmlətməklə ölkənin şimalında yaponlara qarşı əsasən partizan müharibəsi aparırdılar. Eyni zamanda, Çan Kayşi qoşunları yaponlarla şəhərlər uğrunda savaşlarda öz döyüşçülərini itirirdilər. 1943-cü ilin martında Mao Tszedun ÇKP MK-nın sədri seçildi. İkinci Dünya müharibəsi qurtaran kimi kommunistlər və qomindanlar Çində hakimiyyət uğrunda yenidən mübarizəyə başladılar. İndi daha güclü olan Qırmızı Ordu hücum əməliyyatlarına başladı və Çan Kayşi qoşunlarını Tayvan adasına sıxışdırdı. 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının (ÇXR) yaranması elan olundu və 1954-cü ildə Mao Tszedun onun sədri seçildi. Mao Tszedun bütün rəqiblərini amansızcasına əzişdirərək Çində öz diktaturasını yaratdı. Mao Tszedun tərəfindən Çində keçirilən müxtəlif «inqilablar» və kampaniyalar nəticəsində 20 milyon nəfərdən artıq çinli həlak olmuş və ya edam edilmişdir. O, ÇKP-nin böyük dövlətçilik hegemonluğu və parçalayıcılığı ilə xarakterizə olunan xüsusi xarici siyasət kursunu elan etmişdi, müharibəni ziddiyyətlərin həll olunması üçün əsas vasitə sayırdı. Mao Tszedunun ideyalarını Xo Şi Min və Vo Nquen Ziap Vyetnamda, Kim İr Sen Koreyada, Pol Pot Kambocada, Fidel Kastro Kubada, solçu qruplar bütün dünyada öyrənib təbliğ və tətbiq edirdilər. «Sədr Maonun iqtibasları» öz ölkəsində və bütün dünya qiyamçıları arasında Bibliyaya çevrilmişdi.

Marafon — Attikanın şimal-şərqində məskən. E.ə. 490-cı il sentyabrın 13-də Marafon düzündə strateq Miltiadın komandanlığı ilə 10 minlik Afina döyüşçüsü Əhəməni şahı I Daranın sayca çox olan İran qoşunlarını darmadağın etmişdi. Fərəhli qələbə xəbərini öz həmvətənlərinə daha tez çatdırmaq istəyən bir afinalı Marafondan Afinayadək 42 km yolu dincəlmədən qaçmışdır. Şəhərə daxil olarkən: «Afinalılar, sevinin, biz qalib gəldik!» — deyə qışqırmış və yıxılıb ölmüşdür. Hazırda 42 km 195 m uzunluğunda məsafə «marafon», bu məsafənin qaçışçıları isə «marafonçular» adlanırlar.

Marağayi Əbdülqadir (1353 — 1433) — Azərbaycan musiqiçisi. Marağayi doğma musiqinin nəzəri əsaslarını işləyib hazırlamışdır. Marağayinin muğamları, mahnı və rəqs melodiyaları, o cümlədən metabil, əran, əncih, segah və s. Orta və Yaxın Şərq ölkələrində də yayılmışdır.

Marağayi Əvhədi (1275 — 1338) — Azərbaycan şairi. Əsas əsəri «Dəhnamə» poemasıdır.

Marat Jan Pol (1743 — 93) — Böyük Fransa burjua inqilabı xadimi, tibb doktoru, fizik, sosioloq və publisist. Böyük Fransa burjua inqilabından sonra 1789-cu ildən Marat öz vəsaiti hesabına «Xalqın dostu» qəzetini nəşr etməyə başladı və qəzetin adı ilə bağlı ona da «xalqın dostu» adını verdilər. Marat jirondistlə qarşı qətiyyətlə mübarizə aparırdı. Hakimiyyət tərəfindən təqib və təhqirlərə məruz qalan Marat bir neçə dəfə İngiltərəyə getmiş və gizli şəkildə qəzetini nəşr etmişdir. l792-ci il seçkilərində Marat Parisdən Konventə deputat seçilmişdi. Jirondistlərin fitvası ilə inqilabi tribunala verilən Marat tam bəraət qazanıb yenidən Konventə qaytarılmadı. Robespyer və digər yakobinlərlə birlikdə Marat 1793-cü il 31 may -2 iyun üsyanının hazırlanmasında iştirak etmişdi. Jirondistlərin göndərdiyi aristokrat qadın Şarlotta Korde tərəfindən öldürülmüşdür.

Marduk — Babil şəhərinin baş allahı və himayəçisi. Hökmdar Hammurapi Marduku yaratdığı Babilistan şahlığında hamının və hər şeyin baş allahı etmişdi.

Margiana (yun. Marqiana, qəd. iran. Marquş) — Mərkəzi Asiyada Murqab çayı boyunca yerləşən ən qədim dövlətlərdən biri (müasir Türkmənistanın cənub-şərqi və Əfqanıstanın şimalında). Margiana haqqında ən qədim məlumatlar Avestada və Bisütun kitabəsindədir. Margiana Əhəməni hökmdarı Böyük Kir tərəfindən zəbt edilmişdir. E.ə. 522-ci ildə Margianada İran zülmünə qarşı üsyan baş verdi və o, I Dara tərəfindən yatırıldı. Sonralar Margiana Baktriyanın tərkibinə daxil oldu. Orta əsrlərdə Margiananın torpaqları Xorasana daxil edildi.

marketinq — bazarın xüsusiyyətlərini, onun həcm və strukturunun dəyişmə təmayüllərini, tendensiyalarını, əhalinin istehlak adətlərini öyrənməyə əsaslanan istehsalı və satışı idarəetmə sistemi. Əldə edilmiş nəticələrdən asılı olaraq firmanın istehsal və məhsul çeşidi proqramları hazırlanır. Bu zaman reklamlara, məhsulun qablaşdırılmasına və markalanmasına (nişanlanmasına) çox böyük diqqət yetirilir ki, ona yüksək maraq oyadılsın.

markiz — 1) Frank dövlətində — hərbi məqsədlər üçün yaradılmış iri sərhəd inzibati dairəsinin başçısı (“markqraf” da adlanırdı); 2) X əsrdən Fransa və İtaliyada iri feodal; öz səviyyəsinə görə feodal nərdivanında hersoqla qraf arasında dururdu; 3) Fransa və İtaliyada, XIV — XV əsrlərdən isə həm də İngiltərə, İspaniya və Portuqaliyada irsi zadəgan titulu.

Marko Polo (1254 — 1324) — Venesiya taciri və səyyahı. Marko Polonun 18 yaşı tamam olanda o, atası və əmisi ilə birlikdə Çinə yola düşmüşdü. Markonun qohumları hələ 1254 — 69-cu illərdə burada olmuşdular. 1271-ci ildə onlar gəmi ilə Venesiyadan Aralıq dənizi vasitəsilə Türkiyəyə üzdülər, yolun qalan hissəsini isə quru ilə, o cümlədən Böyük İpəkyolu ilə getdilər. Onların Çinə səfəri 4 il çəkdi. Çin hökmdarı Xubilay xan səyyahları mehribancasına qarşıladı. Markonun dil öyrənmək qabiliyyəti var idi. Buna görə də tezliklə Xubilay xanın yanında diplomat kimi xidmətə başladı. Bir çox illər xana qulluq edən Marko vətəninə qayıtmağı qərara aldı. O, Çindən monqol şahzadəsi Kökeçin xatunu müşayiət edərək İran körfəzi sahillərinə üzdü. Bu dəniz səyahəti bir il yarım çəkdi. 1295-ci ildə Marko Polo İtaliyaya qayıtdı və gördükləri haqqında danışmağa başladı, avropalıların bir çoxu isə ona inanmadı. Onun danışdıqları əsasmda «Marko Polonun kitabı» — avropalıların Asiya ölkələri haqqında ilk mənbələrdən biri qələmə alındı.

Marks Karl (1818 — 83)-kommunizmin banisi, iqtisadçı, filosof, bir çox əsərlərin, o cümlədən «Kommunist partiyasının manifesti» və iqtisadiyyat üzrə olan «Kapital» əsərinin müəllifi, ilk kütləvi fəhlə təşkilatının — I İnternasionalın yaradıcısı. Onun təlimi — marksizm — XIX əsrin birinci yarısı — XX əsrdə proletariatın ideologiyası idi.

Mars — Qədim Roma mifologiyasında əvvəlcə tarla və məhsul allahı, sonra isə müharibə allahı. Romul və Remin atası sayılırdı. Mars qədim yunanların Ares allahına uyğun gəlir.

«Marselyeza» — Ruje de Lill tərəfindən 1792-ci ildə, Böyük Fransa burjua inqilabı zamanı yazılmış nəğmə. İlk dəfə Marsel batalyonu əsgərləri tərəfindən ifa edilmişdi. 1887-ci ildən Fransanın dövlət himnidir.

marşal (fr. «mareşal» — «süvari», «atlı nökər») — 1) ilk vaxtlar Frank dövlətində atlara mehtərlik edən kral xidmətçisi. XII əsrdən Fransada cangüdənlər, süvari keşikçilər və kralın at tövlələrinə nəzarət edən saray əyanı. XIII əsrdən kral qoşunu hissələrinin komandiri, XVI əsrdən xüsusi fərqləndirici nişanı — marşal jezli olan ali hərbi rütbə. Böyük Fransa burjua inqilabı dövründə ləğv edilmiş, lakin I Napoleon tərəfindən bərpa olunmuşdur; 2) marşal rütbəsi İspaniya, Türkiyə (müşir), Yaponiya, Böyük Britaniya, ABŞ, SSRİ və keçmiş sosialist ölkələrində də var idi. Donanmada marşal rütbəsinə admiral rütbəsi uyğun gəlir; 3) Polşada — bir sıra mülki vəzifəli şəxslərin rütbəsi (məs.: seymin marşalı).

Marşall planı — İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası və inkişatı planı; 1947-ci ildə ABŞ-ın dövlət katibi Corc Marşall tərəfindən irəli sürülmüşdür. Marşall planının məqsədi müharibə zamanı dağıdılmış Avropada Amerika inhisarlarının mövqeyini mökəmlətməkdən ibarət ıdı. Marşall planının əsas müddəaları İngiltərə, SSRİvə Fransa xarici işlər nazirlərinin Pans müşavirəsində müzakirə edilmişdir. SSRİ və onun təzyiqi ilə digər sosialist ölkələrı Marşall planının həyata keçirilməsində iştirakdan imtina etdilər. 16 Avropa ölkəsi (Avstriya, İngiltərə, Belçika, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Türkiyə, Fransa, İsveçrə, İsveç) Marşall planında iştirak eləməyə razılıq verdi və «Avropa iqtisadi əməkdaşlıq təşkilatı»nın yaradılması haqqında konvensiya imzalandı. Təşkilatın vəzifəsi «Avropanın birgə bərpası proqramı»nı işləyib hazırlamaqdan ibarət idi. Marşall planı Qərbi Almaniyaya da şamil edildi. 1948-ci ilin aprelindən həyata keçirilməyə başlanıldı. Marşall planına görə, planın iştirakçısı olan Avropa dövlətləri ikitərəfli sazişlər imzalamağı öhdələrinə götürürdülər ki, istehsalın artmasını və maliyyə sabitliyini təmin edəcəklər, ticarət maneələrinin aradan qaldırılması üçün digər ölkələrlə əməkdaşlıq edəcəklər, ABŞ-a aztapılan materiallar göndərəcəklər, Amerika yardımından istifadə haqqında mütəmadi olaraq hesabatlar təqdim edəcəklər, xüsusi (şəxsi) Amerika investisiyalarını saxlayacaq və dəstəkləyəcəklər. İştirakçı ölkələr öhdələrinə götürürdülər ki, milli valyuta ilə xüsusi fondlar yaratsınlar və onların istifadəsinə nəzarət səlahiyyəti ABŞ-ın ixtiyarında olsun. Yardım ABŞ-ın federal büdcəsindən təmənnasız kömək və istiqraz şəklində göstərilirdi. Plana görə, ilk növbədə Amerikada həddən çox olan mallar (başlıca olaraq kənd təsərrüfatı məhsulları) Avropa ölkələrinə göndərilməli idi. 1949-cu ildə NATO blokunun yaradılmasından sonra Marşall planından daha çox hərbi proqramların həyata keçirilməsi üçün istifadə olunmağa başlandı. Marşall planı üzrə 1948-ci ildən 1951-ci ilin sonuna qədər maliyyələşdirmənin ümumi məbləği 12,4 mlrd. dollara qədər idi. 1951 -ci il dekabrın 30-da Marşall planının fəaliyyətinə son qoyuldu.

masonçuluq, frankmasonçuluq (fr. «franc maçon» — «azad bənna», «daşyonan») — XVIII əsrin əvvəllərində İngiltərədə meydana gəlmiş dini-mənəvi hərəkat. Tezliklə Avropada və Amerikada yayılmışdır. Özünü feodal dövlətçiliyinə və rəsmi kilsəyə qarşı qoyan hərəkat bəşəriyyəti dinc yolla dini qardaşlıq ittifaqında birləşdirmək məqsədi ilə ümumdünya gizli təşkilatı yaratmağa çalışırdı. Ordenin mürəkkəb çoxpilləli sistemi və ayinlər simvolikasını masonlar orta əsrlər daşyonan-bənnaların sexlərindən əxz etmişdilər. XVIII əsrin ikinci yarısında masonların hərəkatında bir çox maarifçilər iştirak edirdilər, lakin ordenin daxilində getdikcə mistikaya, ayinlərin icrasına meyl daha da artırdı. Ciddi nəzarət sistemi yaranır -ordenə mürtəce tipli döyüşkən təşkilat xarakteri verilməsinə cəhd göstərilir. Eyni zamanda, Almaniyada illüminatlar ordeni yaradan Veyspqaupt masonçuluğu maarifçi tipli məxfi təşkilata çevirməyə cəhd etdi. XIX əsrin əvvəllərində masonçuluqdan gizli inqilabi hərəkat üçün istifadə etməyə də cəhd göstərilmişdir. Hazırda Qərbi Avropanın və Amerikanın bir sıra ölkələrində masonçuluq var, lakin hiss olunacaq ictimai rola malik deyillər.

massagetlər — qədim yunan tarixçilərinin əsərlərində Mərkəzi Asiyada Xəzər və Aral dənizləri arasında yaşayan tayfaların ümumi adı. Herodotun məlumatına görə, massagetlər köçəri tayfalar idilər və həm piyada, həm də atla döyüşürdülər. Onların məişət əşyaları və silahları misdən və qızıldan hazırlanmışdı. Massagetləri tabe etmək istəyən Əhəməni hökmdarı Böyük Kir e.ə. 530-cu ildə massagetlərin hökmdarı Tomiris tərəfindən məğlub edildi. Strabonun yazdığına görə, massagetlər günəşə etiqad edir və ona at qurbanı kəsirdilər. Strabon köçərilərlə yanaşı, xarəzmliləri, yığıcılıq və balıq ovu ilə məşğul olan bir sıra başqa tayfaları da massagetlərə aid edir.

Matenadaran (erm. «kitab saxlanılan yer») — Eçmiədzin monastırının kolleksiyası əsasında İrəvanda yaradılmış əlyazmalar fondu və elmi-tədqiqat institutu. Matenadaranda 100 mindən artıq əlyazma və erməni, ərəb, fars və digər dillərdə kitablar vardır. Alban müəllifi Moisey Kalankatlının yazdığı “Alban tarixi”nin əlyazması da burada saxlanılır.

materializm — təbiətin (materiya, varlıq) birinci, ilkin başlanğıc, şüurun isə törəmə, ikinci olduğunu qəbul edən fəlsəfi cərəyan. Materializm idealizmə qarşı qoyulur.

matriarxat — qadının — ananın böyük hörmət və nüfuza malik olduğu və qohumluq münasibətlərinin ana xətti ilə aparıldığı nəsli icma qaydası. Matriarxatın mövcudluğunu ibtidai insan düşərgələrində tapılmış çoxlu qadın heykəlciklərinin olması sübut edir. Tədricən ana icması ata icması — patriarxat ilə əvəz olunur.

mavrlar (yun. «mavros» — «tünd», «qara») — qədim dövrdə və orta əsrlərdə bir sıra müxtəlif tayfalara verilən şərti ad. Qədim romalılar Mavritaniyada (Afrikanın şimal-qərbində ölkə) yaşayan əhalini mavrlar adlandırırdılar. Pireney yarımadası ərəblər və bərbərlər tərəfindən fəth edildikdən sonra Avropada onları mavr adlandırmağa başladılar. Kordova xilafəti dövründə Pireney yarımadasının bütün müsəlmanlarına mavr deyirdilər; Rekonkistadan sonra Şimali Afrikanın müsəlman ərəblərini, əsasən də şəhərliləri mavr adlandırırdılar. Bəzən Cənubi Ərəbistan və Seylon adasından gələnlərin qanşıq kəbinlərindən törəyənlərə də mavr deyirdilər.

mavzoley — əvvəlcə hökmdar Mavsolun Halikarnasda (bax: Artemision) sərdabəsi olmuşdur. Sonralar monumental qəbir tikililərini belə adlandırmağa başladılar.

Maydanek — Lüblin şəhəri (Polşa) yaxınlığında 1941 — 44-cü illərdə alman-faşist həbs düşərgəsi. Faşistlər burada 1,5 milyon nəfərədək adamı məhv etmişlər.

mayorat — orta əsrlərdə Avropada feodun yalnız böyük oğula, ya da nəslin ağsaqqalına keçməsi haqda varislik qaydası.

mayya — qədim mayya tayfaları Mərkəzi Amerikanın Yukatan yarımadasında məskunlaşmışdılar. Qədim mayya tayfaları kəsib-yandırma əkinçiliyi ilə məşğul olur, qarğıdalı, lobya, balqabaq, pomidor, kartof pambıq becərirdilər; onlar hinduşka və it də saxlayır, ətindən ərzaq üçün istifadə edirdilər; habelə ovçuluq, balıqçılıq və arıçılıqla da məşğul olurdular. Eramızın ilk əsrlərində mayya tayfalarının daş binaları və pilləli piramida formalı məbədləri olan şəhərləri var idi. Tikililər rəsmlərlə, relyef təsvirləri və heykəllərlə bəzədilirdi. Mayya tayfalarının eramızm ilk illərində meydana gəlmiş heroqlif yazılarından ibarət çoxlu kitabələri dövrümüzədək qalmışdır. Mayya tayfalarının 100-dən artıq şəhərləri məlumdur. Bunların ən iriləri Tikal, Kopan, Çiçen-İtsa, Uşmal şəhərləri idi. IX əsrdə mayya şəhərləri digər hindi tayfalarının müdaxiləsi nəticəsində darmadağın edilmişdi. X əsrdə Yukatan yarımadasında mayyaların yeni dövlətləri meydana gəlmiş, sonralar isə müstəqil şəhər-dövlətlərə parçalanmışdı. Mayya dövlətlərində əyanlar və kahinlər yüksək mövqeyə malik idilər. Kahinlər yazıya və elmi biliklərə yiyələnirdilər. Mayyaların dinində yağış və külək allahları mühüm rol oynayırdılar. Əhali icma şəklində yaşayır və müxtəlif mükəlləfiyyətlər daşıyırdı. İbtidai münasibətlərin qalıqları qalmaqda idi və eyni zamanda, quldarlıq da inkişaf etmişdi. Mayya şəhərlərində sənətkarlıq da inkişaf etmişdi, çoxlu tacir var idi. Mayyaların şəhər-dövlətləri 1541 — 46-cı illərdə ispanlar tərəfindən istila edildi. Mayya tayfaları dəfələrlə ispan ağalığına qarşı üsyan etmişlər. Onların ən iri azadlıq hərəkatı Meksikanın müstəqillik əldə etməsindən sonra — 1847-1904-cü illərdə olmuşdur. Hazırda mayyaların sayı 400 min nəfərə yaxındır.

«mazut konstitusiyası» — Bakıda 1904-cü il dekabr tətili nəticəsində həmin il dekabrın 30-da fəhlələrlə neft sənayeçiləri arasında imzalanmış ilk kollektiv müqavilə. Fəhlələrin «mazut konstitusiyası» adlandırdıqları bu müqavilənin şərtlərinə görə, fəhlələrə 9 saatlıq iş günü, ayda 4 istirahət günü, habelə ildə bir dəfə haqqı ödənilən məzuniyyət müəyyənləşdirilir, minimum əmək haqqı, xəstəlik və əlilliyə görə və s. müavinətlər təsis edilirdi.

Mehdi Hüseyn (Mehdi Əli oğlu Hüseynovun təxəllüsü; 1909 — 65) -Azərbaycan SSR-in xalq yazıçısı və ictimai xadimi. Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İlk bədii əsərini — «Qoyun qırxımı» hekayəsini 1927-ci ildə "Şərq qapısı" jurnalında çap etdirmişdir. Mehdi Hüseynin əsərləri Azərbaycanın müasir həyati mövzularına, onun tarixinə həsr olunmuşdur. Mehdi Hüseyn dəqiq realistik əsər, bütöv və bitkin kompozisiyalar yaratmağı yaxşı bacarırdı. Ən məşhur əsərləri: «Daşqın» (1933 — 36), «Tərlan» (1940), «Abşeron» (1947 — 49), «Qara daşlar» (1954 — 58), «Səhər» (1949 — 52) romanları, «Komissar» (1940) povesti, Cavanşir", «Nizami», "İntizar" tarixi pyesləri və b. «Abşeron» romanına görə Mehdi Hüseyn SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mehdi Hüseynin bir çox roman və Povestləri rus və digər SSRİ xalqlarının dillərinə, habelə xarici dillərə tərcümə olunmuşdur. Mehdi Hüseyn SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, 1957-ci ildən Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, 1959-cu ildən isə həmçinin SSRİ Yazıçılar İttifaqının katiblərindən biri olmuşdur.

Mehmandarov Səmədbəy Sadıqbəy oğlu (1857 — 1931) -çar ordusunda artilleriya general-leytenantı. Hələ XIX əsrin 70-ci illərindən Mehmandarov hərbi işi öyrənməyə başlayır. Mehmandarov 1904 — 1905-ci illər rus — yapon müharibəsində iştirak edir. Birinci Dünya müharibəsində 21-ci diviziyanın komandiri olan Mehmandarov dəfələrlə düşmənin planlarını pozmuş və ona ağır zərbələr endirmişdir. Lodz rayonundakı (Polşa) əməliyyatlar zamanı göstərdiyi sərkərdəlik istedadı və şəxsi şücaəti Mehmandarova böyük şöhrət gətirmiş, ona artilleriya generalı rütbəsi verilmişdir. S.Mehmandarov 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun komandiri təyin edilmişdi. 1918-ci il dekabrın 25-də Mehmandarov ADR-in hərbi naziri təyin edilmiş və Azərbaycan milli ordusunun yaradılmasında mühüm rol oynamışdır.

Mehmet II (II Məhəmməd Fateh; 1432 — 81) — Osmanlı sultanı (1444 — 46; 1451 -81) II Muradın oğlu. Kiçik Asiyada və Balkan yarımadasında işğalçılıq siyasəti yeritmişdir. 1453-cü ildə onun başçılıq etdiyi 100 minlik ordu möhkəm divarları olan Konstantinopolu qurudan və dənizdən mühasirəyə alaraq onu 53 gündən sonra mta bilmişdir. Onun göstərişi ilə mühasirənin sonlarında gəmilər gecə ikən quru yolla Boğaziçinə gətirilmiş və konstantinopollulann müqaviməti qırılmış, Bizans imperiyasının varlığına son qoyulmuşdur. Türklərin İstanbul adlandırdıqları Konstantinopol Osmanlı imperiyasının paytaxtı olmuşdur. II Məhəmməd Fateh Serbiya (1459). Moreya (1460), Trapezund (Trabzon) imperiyasını (1461), Bosniyanı (1463), Evbey adalarını (1471), Qaraman bəyliyini (1471) tutmuş, Krım xanlığını asılı vəziyyətə salmış (1475), Qafqaz Albaniyasının fəthini başa çatdırmış (1479), Ağqoyunlu hökmdarı Uzun Həsənlə müharibələr (Malatya və Otluqbeli — 1473) aparmışdır. II Məhəmməd Fatehin dövründə Osmanlı imperiyasının ilk qanunvericilik məcəlləsi tərtib edilmişdir.

Mehranilər — Qafqaz Albaniyasında hakim sülalə (628 — 705). Sülalənin banisi Sasanilərin qohumu Mehran idi və o, VI əsrin sonlarında 30 minlik ailə ilə birlikdə Qqfqaz Albaniyasının Girdiman vilayətinə köçmüşdür. Mehranilərin mülkləri tədricən genişlənmiş və 628-ci ildə I Mehran bütün Qafqaz Albaniyasının knyazı olmuşdur. Cavanşir də sülalənin görkəmli nümayəndələrindən biri idi. Sülalənin sonuncu nümayəndəsi Varaz Tiridat olmuşdur. 705-ci ildə alban knyazı ilə katolikos faktik olaraq bütün hüquqlarından məhrum edilirlər və Qafqaz Albaniyasının idarə olunması ərəb canişininin əlində cəmlənir.

memorandum — diplomatik yazışma formalarından biri (əhəmiyyətinə görə notadan sonradır). Barəsində danışıqların aparıldığı məsələnin faktik və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunur və əksər hallarda notanın müddəalarını əsaslandırmaq və inkişaf etdirmək məqsədi ilə ona əlavə edilir.

memuar (lat. «memoria» — «xatirə», «yaddaş») — müəllifin iştirakçısı və ya şahidi olduğu tarixi hadisələr haqqında xatirələri. Memuarlar tarixi mənbələrdən biri hesab olunur.

Mendeleyev Dmitri İvanoviç (1834 — 1907) — görkəmli rus kimyaçısı, hərtərəfli alim, pedaqoq, ictimai xadim, 1969-cu ildə təbiətşünaslığın əsas qanunlarından biri olan kimyəvi elementlerin dövri qanununu kəşf etmişdir. 500-dən artıq elmi əsər yazmışdır. Bunlardan qeyri-üzvi kimyanın ilk mükəmməl izahını verən «Kimyanın əsasları» (1869 — 71) klassik əsərini göstərmək olar. Kimya, kimya texnologiyası, fizika, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, maarif və başqa sahələr üzrə fundamental tədqiqatların müəllifidir. Məhlulların təbiəti haqqında nəzəriyyənin əsasını qoymuş, neftin fraksiyalara ayrılmasının sənaye üsulunu təklif etmiş, tüstüsüz barıt növünü kəşf etmiş, mineral gübrələrin istifadə olunmasını, quraq torpaqların suvarılmasını təbliğ etmişdir. Rusiya Kimya Cəmiyyətinin (1868) yaradılmasının təşəbbüskarlarından biridir. Peterburq universitetinin professoru (1865 — 90) olmuş, tələbələrin sıxışdırılmasına etiraz əlaməti olaraq istefa vermişdir. 1876-cı ildən Peterburq Elmlər Akademiyasının müxbir üzvü olmuş, 1880-ci ildə akademikliyə namizədliyi irəli sürülmüş, ancaq seçilməmişdir ki, bu da kəskin ictimai etiraz doğurmuşdu. Ölçü və Çəkilər Baş Palatasının təşkilatçısı və ilk sədri (1893) olmuşdur. Mendeleyev dəfələrlə Bakıda olmuş, bir çox illər ərzində neft sənayesinin problemlərini, neft məhsullarının alınması metodlarının təkmilləşdirilməsini öyrənmişdir. O, kapitalistlərin Azərbaycanın yeraltı sərvətlərinə yırtıcı münasibətlərinə qarşı kəskin etiraz səsini ucaltmışdır.

mer — şəhər bələdiyyəsinin başçısı.

meriya — bələdiyyə idarəsi, eləcə də onun yerləşdiyi bina.

merkantilizm — iqtisadi təlim, eləcə də XV əsrdən bir sıra Avropa dövlətlərinin siyasəti. Xarici ticarətin tənzimlənməsi, əmtəə ixracının idxaldan yüksək səviyyəyə çatdırılması və bunun nəticəsində ölkədə pul kapitalının artırılması yolu ilə cəmiyyətin rifahının yüksəldilməsi üsulu. «Merkantil» ifadəsi «ticarət və kommersiyaya aid»; məcazi mənada isə «xırdaçı», "ölçüb-biçən", «xudpəsənd», "özünügüdən", "çərçi", «qəpikgüdən» kimi işlənilir.

Merkuri — Qədim Roma mifologiyasında ticarət allahı, səyyahların himayəçisi. Merkuri qədim yunanların Hermesinə uyğun gəlir.

Mesopotamiya — Dəclə və Fərat çaylarının orta və aşağı axarlarında yerləşən vilayət. Mesopotamiya yunanca "çayarası" mənasını verir.

meşşanlıq — 1) Rusiyada şəhər xırda burjuaziyası, şəhər sakini zümrəsi; 2) məcazi mənada — ictimai görüş dairəsi olmayan və öz şəxsi mənafeyi ilə yaşayan, zövqü pis olan adam.

metal əsri — insanların metal əmək alətləri hazırladıqları və istifadə etdikləri dövr. Buradakı "əsr' sözü şərtidir; metal əsri 7 min il bundan əvvələ yaxın başlanmışdır. İnsanların əmək alətləri hazırlamaq üçün istifadə etdikləri ilk metal mis idi. Mis emalının ən qədim izləri ön Asiyada aşkar edilmişdir. Metal əsri üç əsas dövrə bölünür; eneolit, tunc və dəmir əsri.

metis (fr. «metis» — «qarışıq») — 1) müxtəlif irqlərə məxsus şəxslərin nikahından törəyən insan. Amerikada — ağların və hindilərin nikahından törəyənlər. Latın Amerikası ölkələrinin bir çoxunda metislər əhalinin əksəriyyətini təşkil edirlər; 2) danışıq dilində — müxtəlif millətlərdən olan şəxslərin nikahından törəyən adamlar.

metrologiya — keçmişdə müxtəlif xalqlar tərəfindən istifadə olunmuş uzunluq, həcm, çəki ölçüləri və onların yaranması və inkişafını öyrənən yardımçı tarix fənni. Metrologiyanın vəzifəsi ölçülərin adlarının araşdırılması və onların müasir metrik ölçülərə uyğunluğunu müəyyənləşdirməkdir.

metropoliya (yun. «ana şəhər») — 1) koloniyaları olan Qədim Yunanıstan şəhəri; 2) orta əsrlərdə, yeni və on yeni dövrlərdə müstəmləkələri — koloniyaları olan dövlət.

mezolit (yun. «orta daş») — daş dövrünün orta mərhələsidir. Paleolitdən sonra başlanır. E.ə. X — VII minillikləri əhatə edir. Ox və kamanın ixtirası, heyvanların əhliləşdirilməyə başlanması mezolit dövrünə aid edilir. Mezolit neolit dövrü ilə əvəz olunub.

Məbəd — dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunan ibadət binası. Qədim xalqların inamına görə, məbəd allahın və ya allahların yaşadığı yer idi. Məbədlərdə kahinlər qulluq edirdilər.

məclis (ər. «yığıncaq», «iclas») — Azərbaycan Respublikasında və Türkiyə Respublikasında parlamentin adı. İran İslam Respublikasında parlamentin aşağı palatası.

mədəni inqilab — ölkə əhalisinin mənəvi inkişafında və məişətində baş vermiş əsaslı dəyişiklik.

«mədəni inqilab» (Çində) — 1965-ci ildə Çin Xalq Respublikasında nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədi ilə Mao Tszedun məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Xunveybinlər («qırmızı keşikçilər») və tszyaofanlar («qiyamçılar») partiya komitələrini və nazirlikləri dağıdır, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələri zəbt edirdilər. İri partiya işçiləri, yazıçılar, alimlər üzərində istehzalı «məhkəmələr» qururdular. Bütün bu hərəkətlər «mədəni inqilab» adını aldı. O, XX əsrin 60-cı illərində Qərbdə gənclər hərəkatlarının bir çox liderlərini ruhlandırmış və Mao Tszedunu sol radikal gənclərin pərəstişkarına, kumirinə çevirmişdi. Lakin Çinin özündə «mədəni inqilab» kütləvi zorakılıqlar və ümumi xaos yaratdı: həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına ağır zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tszedunun özünün göstərişi ilə ordu ölkədəki situasiyanı öz nəzarəti altına aldı.

mədəni təbəqə — arxeologiyada mədəni təbəqə dedikdə insanın fəaliyyətinin izi və qalıqları olan insan məskənlərindəki torpaq təbəqəsi nəzərdə tutulur. Buraya qədim tikililər, əşyalar, inşaat və təsərrüfat tullantıları, soba və tonqalların külü və s. aiddir. Mədəni təbəqənin qalınlığı və həcmi müxtəlif ola bilər. Bu, həmin yerdə insanların nə qədər yaşaması və yaşayış xarakterindən asılı olaraq bir neçə santimetrdən onlarca metrədək ola bilər.

mədəniyyət (ər. “mədəniyyət” — “təhsil”, “inkişaf’) — bəşəriyyət tərəfindən yaradılmış maddi və mənəvi dəyərlər. Geniş mənada — mədəniyyət tarixin həmin inkişaf mərhələsində qazanılmış texniki tərəqqinin və istehsal təcrübəsinin, təhsilin, elmin, ədəbiyyatın, incəsənətin və s.-nin inikasıdır. Daha məhdud mənada isə mədəniyyət dedikdə cəmiyyətin mənəvi həyat formalarının məcmusu başa düşülür. Bununla əlaqədar olaraq cəmiyyətin təhsil və tərbiyə, elm, fəlsəfə, ədəbiyyat, incəsənət, mənəviyyat və s. sahələrində inkişaf səviyyəsini mədəniyyətə aid edirlər. Mədəniyyət obyektiv qanunlarla inkişaf edən tarixi hadisədir. Mədəniyyətin inkişafı tirandan və insanların iradəsindən asılı deyil. Bununla belə, hər bir mədəniyyət keçmişin mədəniyyəti ilə əlaqəlidir, yəni həmin mədəniyyətə münasibətdə tarixi varislik mövcuddur. Millətin psixoloji təşəkkülü, vahid millətdə birləşmiş insanların mənəvi simasının xüsusiyyətləri öz ifadəsini həmin millətin mədəniyyətinin özünəməxsusluğunda tapır. Milli mədəniyyətin xüsusiyyətləri insanların məişətində də öz əksini tapır. “Mədəniyyət” anlayışı ayrı-ayrı tarixi mərhələlərin (məsələn: «antik mədəniyyət», «ellin mədəniyyəti» və s.), konkret cəmiyyətlərin, xalqların, millətlərin və ya ərazilərin (məsələn: «islam mədəniyyəti», «Qərbi Avropa mədəniyyəti» və s.) xarakterini müəyyənləşdirmək üçün də istifadə olunur. «Mədəniyyət» termini arxeoloqlar tərəfindən də istifadə olunur (məsələn: “arxeoloji mədəniyyət”, «Kür-Araz mədəniyyəti» və s.).

Mədinə — Ərəbistan yarımadasında şəhər. İslama qədər şəhər Yəsrib adlanmışdır. Yəsribin əsas əhalisi Cənubi Ərəbistan və yəhudi tayfaları idi. Hicrətdən sonra Yəsribi Mədinət ən-nəbi («Peyğəmbərin şəhəri») və ya sadəcə, Mədinə adlandırdılar. 630 — 632-ci illərdə Məhəmməd peyğəmbərin dövlətinin, 632 - 656-cı illərdə isə Ərəb xilafətinin paytaxtı. Əməvilərin və Abbasilərin dövründə Hicazın inzibati mərkəzi olmuşdur. X əsrdən Mədinə Misirdən asıh vəziyyətə düşmüş, sonuncunun 1517-ci ildə türk qoşunları tərəfindən zəbt edilməsindən sonra isə Osmanlı imperiyasına qatılmışdır. Türk qarnizonunun çıxarılmasından sonra — 1919-cu ildə Hicaz krallığının tərkibinə daxil olmuşdur. 1924-cü ildə Mədinə İbn Süudun qoşunları tərəfindən tutulub, 1932-ci ildən isə Səudiyyə Ərəbistanının tərkibindədir. Mədinə Məkkədən sonra ikinci müqəddəs şəhərdir, belə ki, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Mədinə müsəlmanların Kəbədən sonra getdikləri ikinci ziyarətgahdır.

mədrəsə (ər. «mədrəsə», «dərəsə»dən — "öyrənmək") — IX əsrdən ruhani, müəllim və məmur hazırlayan müsəlman orta və ali dini məktəbi. XVII — XVIII əsrlərdə mədrəsədə şəriət dərsləri ilə yanaşı, qismən dünyəvi fənləri — riyaziyyat, astronomiya, ədəbiyyat və s. öyrənməyə başladılar.

«Məğlubedilməz armada» — İspaniyanın İngiltərəni fəth etmək məqsədi ilə 1586 — 88-ci illərdə yaratdığı 130 yelkənli gəmidən (20 min döyüşçü) ibarət iri hərbi donanma. Qələbəyə əmin olan ispanlar onu «Məğlubedilməz armada» (isp. «armada» «böyük donanma») adlandırmışdılar. 1588-ci ildə Dreykin başçılıq etdiyi ingilis donanması ilə La-Manşda ikihəftəlik dəniz savaşında ağır məğlubiyyətə uğradı. Donanma Şimal dənizindən İspaniyaya tərəf geri çəkilərkən güclü fırtına da bir çox ispan gəmisini məhv etdi. Gəmilərin yarıdan azı İspaniyaya qayıtdı və nəticədə İspaniyanın dənizdəki qüdrəti sarsıldı. Dənizlərdə ağalıq tədricən İngiltərəyə keçdi.

Məğrib (ər. «qərb») — Mərakeş, Əlcəzair və Tunisi (bəzən Liviyanı da) əhatə edən Şimali Afrika ərazisinin adı.

Məhdi (ər. «həqiqi yolla aparan») — dünyanın sonunun yaxınlaşdığını bildirəcək seçilmiş, Məhəmməd peyğəmbərin varisi, sahib əz-zaman. Şiə təriqətində Məhdi konkret şəxsdir və onun gəlişi ilə Yer üzərində haqq-ədalət bərqərar olacaq, amma sünnilərə görə, Məhdi qeyri-müəyyən, abstrakt şəxsdir və ideal gələcəyin bəzəyidir.

Afrikada Fatimilər sülaləsinin (909 — 1171) əsasını qoyan Übeydullah əl-Məhdi Məhdi ideyasına əsaslanmışdı. Şimali Afrikada və İspaniyada Əlmühədilər sülaləsinin (1130 — 1269) banisi Məhəmməd ibn Tumart da özünü Məhdi elan etmişdi. Məhdiyyə hərəkatının son ən iri nümunəsi kimi 1881-ci ildə Şərqi Sudanda özünü Məhdi elan edən və müstəqil Məhdiyyə dövləti yaradan Məhəmməd ibn Əhmədin rəhbərliyi ılə başlanmış üsyanı da göstərmək olar. Yalnız 1898-ci ildə Xartum yaxınlığındakı dö-yüşdə ingilislər məhdiyyəçilərin qoşunlarını darmadağın edə bildilər.

Məhəmməd (Mühəmməd, Muhamməd), Əhməd ibn Əbdullah (təqribən 570 -632) — islam dini və ilk müsəlman icmasının yaradıcısıdır. Müsəlmanların fikrincə, Allahın peyğəmbəri (nəbisi) və elçisidir (rəsuludur); onun vasitəsilə Quranın mətni insanlara göndərilmişdir. Məkkədə kübar, lakin varlı olmayan ailədə doğulmuşdur. Məhəmməd peyğəmbər yetim idi və əmisinin evində tərbiyə almışdı. Gənc yaşlarında ticarət karvanlarını müşayiət etmişdir. Məhəmməd peyğəmbər Məkkənin varlı dul qadını Xədicənin ticarət işlərini aparırdı və 25 yaşlarında onunla evlənmişdi. Xədicə vəfat edənədək Məhəmməd peyğəmbər başqa qadınla evlənməmişdi.

Onun Xədicədən hələ uşaq yaşlarında ikən vəfat etmiş iki oğlu və dörd qızı olmuşdur. İudaizm və xristianlığın əsaslarına, elecə də təkallahlı ərəblərin -həniflərin təliminə bələd olan Məhəmməd peyğəmbər təkliyi və düşüncələrə dalmağı xoşlayırdı. Məhəmməd peyğəmbər 40 yaşına çatanda ona vəhylər gəlmiş və sonralar yazıya köçürülərək Quran şəklində tərtib olunmuşdur. İlk vəhylər tək olan bir Allahın böyüklüyünü və əzəmətini bildirir, çoxallahlığı inkar edir, ölənlərin gələcəkdə dirilməsi, Qiyamət günü və Allaha iman gətirməyənlərin cəhənnəmdə cəzalandırılacaqlarından xəbər verirdi. İlk vaxtlar Məhəmməd peyğəmbərin moizələri Məkkədə rişxəndlə qarşılanırdı, amma tədricən Məkkə əhalisinin kübar və kasıb təbəqələrindən olan bir qrup tərəfdar onun ətrafında birləşdi. Məkkənin hakim dairələri Məhəmməd peyğəmbərin davamçılarını -müsəlmanları təqib etməyə və sıxışdırmağa başladılar. Məhəmməd peyğəmbərin özü mənsub olduğu qəbilənin və onun başçısı, əmisi Əbu Talibin himayəsində idi, müsəlmanların xeyli hissəsi isə Məkkədən Həbəşistana — Efiopiyaya hicrət etmək məcburiyyətində qalmışdı. Bir vaxtlar Məkkənin hakim dairələri Məhəmməd peyğəmbərə qarşılıqlı güzəştlərə gedilməsini təklif etmişdi: Məhəmməd peyğəmbər Məkkədə sitayiş edilən Lat, Üzza və Mənat ilahələrinin Allahın yanında xüsusi imtiyazları olması fikrini qəbul etməli idi. Lakin Məhəmməd peyğəmbər bu fikrin kökündən yanlışlığını və Allahın vahid olduğunu bildirir. Az sonra Xədicə ilə Əbu Talib vəfat edirlər, bununla da Məhəmməd peyğəmbər mənəvi dayaqdan və müdafiədən məhrum olur. Mənsub olduğu nəslin yeni başçısı, əzmisi Əbdül Üzza nəinki onu müdafiə etmir, hətta özü onun qatı düşməninə çevrilir və təqib olunmasında fəallıq göstərir. Məhəmməd peyğəmbər Məkkədən kənarda tərəfdarlar axtarmağa başlayır. Taifdə və digər yerlərdə sığınacaq tapa bilməsə də, 620-ci ildən etibarən geniş əkinçilik vahəsi olan Yəsribin bir qrup sakini ilə onların əsas qəbilələri — ous və xəzrəc arasındakı münaqişənin həllində vasitəçi olmaq və aralarında islamı yaymaq haqqında razılığa gəlir. Məhəmməd peyğəmbər bir neçə görüşdən sonra Yəsribə həkəmliyə dəvət olunur, şəhər əhalisi isə Məhəmmədin peyğəmbərliyini və islamı qəbul edir. Əvvəlcə Məkkə müsəlmanlarının əksəriyyəti, 622-ci ilin sentyabrında isə Məhəmməd peyğəmbərin özü Yəsribə köçür.

Xəlifə I Ömərin dövründə həmin ilin birinci ayı olan mühərrəmin 1 -dən, yəni Məhəmməd peyğəmbərin Məkkədən Yəsribə yola düşdüyü gündən müsəlman hicri təqviminin hesablanılmasına başlanılmışdır. Yəsrib şəhərinin özü də bu dövrdən «Mədinət ən-nəbi», yəni «Peyğəmbərin şəhəri» və ya sadəcə olaraq Mədinə adlandırıldı. Məhəmməd peyğəmbər ilk vaxtlar həm də qeyri-müsəlmanların daxil olduğu icmanın siyasi liderinə çevrildi. Onun tədricən Mədinədə tək hakimiyyəti bərqərar oldu. Məhəmməd peyğəmbərin əsas dayağı həm Məkkədən gəlmiş müsəlman mühacirlər, həm də Mədinədə islamı qəbul edən ənsarlar idi. Yəsrib yəhudiləri ilə də münasib əlaqələr qurmaq istəyən Məhəmməd ilk vaxtlar onlarla da bir sıra şərtləri əhatə edən müqavilə imzalamışdı. Hətta əvvəllər müsəlmanların ibadət üçün qibləsi də Yerusəlim (Qüds) şəhəri idi. Lakin qeyri-yəhudinin peyğəmbərliyinə qısqanclıqla yanaşan yəhudilər tədricən müqavilələrin şərtlərini pozmağa, Məhəmmədə rişxənd etməyə və hətta Məhəmmədə qarşı mübarizə aparmaq üçün onun düşmənləri olan məkkəlilərlə gizli danışıqlar da aparmağa başladılar. İslamı təzəcə qəbul etmiş bir qrup müsəlman da Məhəmmədin nüfuzuna qarşı qısqanclıq hissindən onun düşməninə çevrilərək yəhudilərlə və məkkəlilərlə birləşdi. Mədinə daxilində formalaşan həmin müxalifət «münafiqun» («ikiüzlü»lər) adı ilə Quranda dəfələrlə pislənilmişdi. Daxili cəbhələşmə bir ərəb dini kimi islam haqqında düşüncələrin daha da inkişaf etdirilməsinə və onda ərəb cizgilərinin güclənməsinə kömək etdi. Məhəmməd peyğəmbər daha aydın şəkildə islamın xüsusi rolu və özü haqqında sonuncu peyğəmbər kimi danışmağa, yəhudi və xristianları pis dindarlar kimi təhdid etməyə başladı; islam isə Allahın iradəsinin onlar tərəfindən təhrifinin düzəlişi kimi elan edildi. Şənbənin əksinə olaraq müsəlman icması üçün ayrıca ümumibadət günü -cümə — müəyyənləşdirildi, Kəbə müqəddəs, buraya ziyarət isə vacib elan olundu, o həm də qiblə seçildi. Mədinədə ilk məscid, Məhəmməd peyğəmbərin evi inşa olundu, müsəlman ayinlərinin əsasları — ibadət yuyunma, orucluq, ibadətə çağırış, dini ehtiyaclar üçün yığımlar və s. müəyyənləşdirildi. Məhəmməd peyğəmbərin moizələrində icma həyatının qaydaları — vərəsəlik, əmlakın bölüşdürülməsi, kəbin kəsilməsi prinsipləri dəqiqləşdirildi. Şərab, donuz əti və qumar oyunlarına qadağa qoyuldu.

Mədinə dövrünün lap başlanğıclarında icmanın cəmləşməsi formalarından biri kafir məkkəlilərə qarşı mübarizə idi. Müsəlmanlar məkkəlilərin karvanlarına və hərbi dəstələrinə basqınlar etməyə başlayırlar. Mədinədaxili müxalifətin məkkəlilərlə sıx əlaqələri, Mədinədəki xəyanətkar yəhudi tayfalarının Məhəmməd peyğəmbərin həyatına sui-qəsd cəhdləri və ona tam tabeçilikdən qəti imtina etmələri onların Mədinədən döyülüb qovulmasına səbəb oldu. Sonra Məkkə ilə həlledici mübarizə başlandı. Bir çox məkkəli açıq və ya gizli şəkildə islamı qəbul etmişdi. Bu dövrdə müsəlmanlar bir sıra zəngin vahələri ələ keçirdilər və yeni-yeni tayfalar, qəbilələr Məhəmməd peyğəmbərin tərəfinə keçməyə başladılar. Bunun nəticəsində 630-cu ildə Məkkəyə yaxınlaşan müsəlman qoşunları şəhərə maneəsiz daxil oldular. Məhəmməd peyğəmbər Kəbədə namaz qıldı, onu bütlərdən təmizlədi. Bununla belə, Məhəmməd peyğəmbər Mədinədən heç yerə köçmədi. Məkkə üzərində qələbə Məhəmməd peyğəmbərin Ərəbistanda siyasi və dini nüfuzunu daha da möhkəmləndirdi. O, Ərəbistan şeyxləri və əmirlərinə, Ərəbistanla həmsərhəd olan İran və Bizans canişinlərinə islamı qəbul etmək təklifi ilə elçilər göndərdi. Ərəb qəbilələrinin bir çoxu Məhəmməd peyğəmbərlə sazişə girmək üçün razılığa gəldilər. 630-cu ildə müsəlmanlar düşmən tayfaların Məkkə üzərinə böyük yürüşünün qarşısını aldılar. 631-632-ci illərdə Ərəbistanın xeyli hissəsi bu və ya digər dərəcədə Məhəmməd peyğəmbərin başçılıq etdiyi dövlətin tərkibinə daxil olundu. Ömrünün son illərində Məhəmməd peyğəmbər bu dövlətin məqsədini — islamın şimalda yayılmasını müəyyənləşdirdi. 632-ci ilin iyun/iyul ayında Məhəmməd peyğəmbər qısamüddətli xəstəlikdən sonra 63 yaşında vəfat etdi. O, Mədinədə dəfn olunub. Məhəmməd peyğəmbərin kişi nəsli övladı qalmamışdır. Xədicənin vəfatından sonra Məhəmməd peyğəmbər xeyli kəbin kəsdirmişdir. Bu kəbinlərin əksəriyyəti siyasi xarakter daşımışdır. Bunlardan yalnız bir oğlu olmuş, o da uşaq ikən vəfat etmişdir. Rəvayət olunur ki, Məhəmməd peyğəmbər vəfat edən zaman onun arvadlarından doqquzu sağ imiş. Rəvayətə görə, Məhəmməd peyğəmbərin sevimli arvadı Əbu Bəkrin qızı Ayişə olmuşdur. Məhəmməd peyğəmbərin qızı Fatimə onun əmisi oğlu və sədaqətli dostu Əli ibn Əbu Talibə ərə getmiş və bu kəbindən onun nəsli davam etdirilmişdir. Bugünkü «peyğəmbər övladı» törəmələri — çoxsaylı seyidlər və şəriflər onların oğlanları Həsən və Hüseyndən törəmişlər. Məhəmməd peyğəmbərin vəfatından sonra dövlətə xəlifələr başçılıq etmişlər. Birinci xəlifə Əbu Bəkr olmuşdur.

Məhəmməd Rza Pəhləvi — İranın sonuncu şahı (1941 — 79). 1979-cu ilin yanvarında islam inqilabının gedişində ölkədən qovulmuş və bundan sonra İran İslam Respublikası yaradılmışdır.

Məhsəti Gəncəvi (XII əsr) — Azərbaycan İntibahının məşhur şairələrindən biri. 200-dən artıq lirik rübaisi məlumdur.

məhsuldar qüvvələr — istehsal vasitələri və əmək vərdişlərinə malik və istehsal münasibətlərini hərəkətə gətirən insanlar.

Məkkə — Ərəbistan yarımadasında şəhər. İslama qədər Məkkə qüreyşi tayfaları ilə məskunlaşmışdı və Şərq ilə Aralıq dənizi ölkələri arasında aparılan ticarətdə mühüm rol oynayırdı; Ərəbistan yarımadasındakı bütpərəst tayfaların dini mərkəzi idi. İslamın meydana gəlməsindən sonra müsəlmanların dini mərkəzi olmuşdur. Müsəlmanların müqəddəs məbədi Kəbə Məkkədə yerləşir. Bağdad xilafətinin dağılmasından sonra Məkkə Misir sülalələrindən — Fatimilərdən, Əyyubilərdən, sonralar isə məmlüklərdən asılı vəziyyətə düşmüşdür. 1517-ci ildə Misir türklər tərəfindən tutulandan sonra Məkkə valiləri Osmanlı sultanlarından asılılıqlarını qəbul etdilər, lakin nisbi müstəqilliklərini də saxladılar. 1916-cı ildə Məkkə Hicaz krallığının paytaxtı olmuşdur. 1924-cü ildə İbn Süudun qoşunları tərəfindən tutulmuş, 1932-ci ildə isə Səudiyyə Ərəbistanının tərkibinə daxil edilmişdir. Hazırda Məkkə müsəlmanların müqəddəs şəhəri və həcc ziyarətgahıdır.

Məkki ibn Əhməd əl-Bərdəi — X əsrdə yaşamış Azərbaycan coğrafiyaşünası və astronomu.

məktəb — Yaxın və Orta Şərq ölkələrində ibtidai məktəb. Məktəbə altı yaşına çatmış uşaqlar götürülürdülər. Məktəblərdə uşaqlar 7-8 saat dərs alırdılar. Məktəblərdə dərslik olmurdu. Adətən məktəblər onları yaradanların və ya müəllimlərin adı ilə adlanırdı.

məlik (ər. «malik» — «sahib», «hakim», «hökmdar», «krat», "çar", «monarx») -1) islam dini meydana gələnədək bir sıra ərəb dövlətlərinin hökmdarı, tayfa ittifaqının başçısı; 2) Quranda «məlik» istilahı hökmdar mənasında, eləcə də Allahın vəsflərindən biri kimi istifadə edilir; 3) islam meydana gəldikdən sonra «məlik» istilahı (monarx mənasında) ərəblər tərəfindən əsas etibarilə qeyri-müsəlman hökmdarlarına verilirdi; 4) Ərəb xilafətinin süqutundan sonra yaranmış yeni müstəqil dövlətlərin hökmdarlarını da məlik adlandırmağa başladılar; 5) monqollar tərəfindən istila edilmiş bir sıra ölkələrdə XIII — XIV əsrlərdə məlik adı yerli feodallara da verilirdi; 6) Azərbaycan ərazisində monqolların ağalığı zamanı, Səfəvilərin hakimiyyəti illərində və xanlıqlar dövründə qədim yerli müsəlman və xristian əsilzadələrindən olan feodallara da məlik deyilirdi; 7) əfqan tayfalarında məlik tayfa və ya nəsil başçılarına deyilir; kənd və ya məhəllə başçısı, ağsaqqalı da məlik adlanır; 8) hazırda İordaniya və Mərakeş kralları da məlik adlanır; 9) müsəlmanlarda «məlik kəlməsi ad və ya adın, habelə soyadın tərkib hissəsi kimi də işlənilir.

məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik — Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.

məmlüklər (ər. „kölə“) — əsir düşmüş qullardan olan əsgərlər. Misirdə IX əsrdən əsir düşmüş qullar dövlət hesabına məktəbə verilir və orada həm ümumi təhsil alır, həm də hərbi işi öyrənir, sonra isə Misir ordusunda xidmət edirdilər. Sultan as-Saleh Əyyubinin şəxsi mühafizə dəstəsi türk və monqol məmlüklərindən təşkil olunmuşdu. Onun 1249-cu ildə ölümündən sonra hakimiyyət uğrunda mübarizə başlandı və məmlük sərkərdələri mübarizədən qalib çıxdılar. Onlar öz aralarından türk mənşəli əl-Malik əl-Müizzini sultan seçdilər. Az sonra sultanın hakimiyyəti irsi xarakter aldı. Bəhrilər sülaləsindən olan sultanlar şəxsi keşik dəstəsini əsasən çərkəzlərdən, eləcə də Cənubi Qafqazın digər xalqlarından seçməyə başladılar. 1390-cı ildə hakimiyyət çərkəz mənşəli məmlük sülaləsinə — Bürcilər sülaləsinə keçdi. 1517-ci ildə Misiri tutan Osmanlı türkləri məmlüklərin hakimiyyətini devirdilər. Lakin Osmanlı imperiyasının zəifləməsi ilə əlaqədar olaraq məmlüklər hakimiyyəti özlərinə qaytara bildilər. 1798-ci ildə „piramidalar yanında döyüşlər“ zamanı I Napoleon tərəfindən məğlub edilən məmlüklərin Misir sülaləsi 1811-ci ildə devrildi.

Məmmədquluzadə Cəlil (ədəbi təxəllüsü „Molla Nəsrəddin“; 1866 — 1932) — görkəmli Azərbaycan nasiri və ictimai xadim. Məmmədquluzadə Naxçıvanda doğulmuş, fars və ərəb dillərini öyrənmiş, sonra isə rus məktəbini bitirmişdir. Daha sonralar Qori müəllimlər seminariyasında oxumuş və oranı bitirdikdən sonra kənd məktəbində müəllimlik etmişdir. Müəllim olarkən ədəbi fəaliyyətə başlamışdır. 1903-cü ildə Tiflisə köçmüş və „Şərqi-Rus“ qəzetində əməkdaşlıq etmişdir. Məmmədquluzadə 1906-cı ildə „Molla Nəsrəddin “ jurnalının əsasını qoymuşdur. Əsas əsərləri: dini fanatizmi ifşa edən „Ölülər“ (1909) pyesi, „Danabaş kəndinin əhvalatları“ (1894), „Usta Zeynal“ (1906), „Qurbanəli bəy“ (1907) „Molla Fəzləli“ və s. povest və hekayələridir. „Kamança“ (1920) pyesi erməni — müsəlman münasibətlərinə həsr olunmuşdur. „Dəli yığıncağı“ (1927) komediyasında müəllif hakimiyyətin xalqın ehtiyacını ödəməyənlərə, onun arzularını yerinə yetirməyə qabil olmayanlara verilməsini tənqid edir.

məmur — dövlət idarəçiliyində qulluqda olan adam.

mənbələr (tarixi) — bütün cisimlər, sənədlər, ideoloji abidələr, adət-ənənələr, dillər, əvvəllər insan icması tərəfindən yaradılmış və bəşəriyyətin keçmişini öyrənməyə imkan verən hər şey mənbədir. Tarixçi alimlər mənbələrin əsasında tarixi öyrənirlər. Tarixi mənbələr hər cür tarixi tədqiqatın əsasını təşkil edirlər. Mənbələr iki əsas növə — tarixi maddi mənbələrə və yazılı tarixi mənbələrə (və ya tarixi sənədlərə) bölünürlər.

mənbəşünaslıq — tarixi mənbələrin öyrənilməsi və istifadə olunması nəzəriyyəsi və metodologiyasını işləyib hazırlayan yardımçı tarixi elm.

mənimsəmə (istehlak) təsərrüfatı — insanın təbiətin hazır məhsullarını mənimsəyib istifadə etməsi. Qədimdə insanların əsas məşğuliyyətlərinin yığıcılıq və ovçuluq, sonralar isə balıqçılıq olduğu dövrdə mövcud idi. Neolit dövründə istehlak təsərrüfatı istehsal təsərrüfatı ilə əvəz olunur.

Mənuçöhr II — Kəsranilər sülaləsindən şirvanşah (1120 — 49). Qızına evləndiyi gürcü çarı IV Davidin köməkliyi ilə səlcuq türklərini Şirvandan qovmuşdur. II Mənuçöhrün hakimiyyəti illəri Şirvanda mədəni həyat çiçəklənmişdir. Bu dövrdə məşhur şair və alimlər — Əbül-Üla, Fələki, Xaqani və b. burada çalışırdılar.

mərasim — müəyyən qayda və ənənələrə uyğun olaraq əvvəlcədən müəyyənləşdirilmiş plan üzrə keçirilən rəsmi təntənəli akt.

mərkəzçilik — yerli (aşağı) müəssisə və ya orqanların yuxarı təşkilatlara tabeçiliyinə əsaslanan, bürün sistemin bir mərkəzdən idarə edildiyi sistem.

mərkəzləşdirilmiş dövlət — güclü kral hakimiyyətinə malik olan vahid dövlət. Mərkəzləşdirilmiş dövlətin inkişafı iki mərhələdən keçir: birincisi — silki monarxiya, ikincisi — mütləq monarxiya. Mərkəzləşdirilmiş dövlət xarici düşməndən daha yaxşı müdafiə olunurdu, onlarda ara müharibələrinə son qoyulurdu, təsərrüfatın, ticarətin, mədəniyyətin sürətlə inkişafı, vahid dilin formalaşması üçün əlverişli şərait yaranırdı.

mərzban — Sasanilər İranında, əsasən ucqar əyalətlərdə hökmdar. Çox hallarda yerlərdə inzibati, hərbi və məhkəmə hakimiyyətinə malik mərzbanlar şah sülaləsindən olurdular.

məscid (ər. „mascid“ — »ibadət yeri") — müsəlmanların ibadət yeri. İlk məscid hicrətdən az sonra — Məhəmməd peyğəmbərin Yəsribə (Mədinəyə) gəldiyi zaman yaxınlıqdakı Quba kəndində inşa edilmişdir. 630-cu ildə Məhəmməd peyğəmbər Məkkəyə daxil olandan sonra Kəbə də məscidə çevrilmişdir. Müasir məscid -üzəri günbəzlə örtülmüş, içərisi isə zaldan ibarət olan (bəzən sütunlu və eyvanlı), bayırda onun ətrafında və ya damında minarələr (birdən dördədək və hətta daha artıq) olan binadır. İbadət zalının Məkkə istiqamətindəki divarında bir (və ya bir neçə) mehrab var. Mehrabdan sağ tərəfdə minbər (moizə oxunan yer) yerləşir. Məscidlərin çoxunun həyətində dəstəmaz almaq üçün quyu, fəvvarə və ya hovuz olur.

məskən — insanların yaşadığı yer və ya tikili. İnsanların ən qədim yaşayış məskənləri mağaralar olmuşdur.

məskunlaşdırma —  1) qədimdə boş qalmış ucqar torpaqların məskunlaşdırılması və mənimsənilməsi və ya hər hansı bir ölkənin ucqarlarında məskənlər salınması; 2) yeni dövrdə — yad ölkə və ərazilərin zor tətbiq edilməsi ilə<

Məşhəd — İranın şimal-şərqində şəhər. Müsəlman-şiələrin müqəddəs saydıqları səkkizinci imamları İmam Rzanın sərdabəsinin yerləşdiyi ziyarətgah və iri ticarət mərkəzi.

məzar (ər. — «ziyarət yeri», «ziyarət olunan yer») — müsəlman ziyarətgahı: adətən sərdabə və ya üzərində tikili inşa edilmiş qəbir. Məzarları ziyarət etmək uluların kultuna inamla bağlıdır və onun kökləri islamdan əvvəlki dövrlərə gedib çıxır.

Məzdək — məzdəkizmin banisi, məzdəkilər hərəkatının rəhbəri. Ola bilsin ki, mənşəcə İran kahinlərindəndir. Məzdək manilikdə — Bundosun (Zoroastnn) təlimində radikal yönümün davamçısı idi, onu inkişaf etdirmiş, ictimai şüarları ön plana çıxarmışdı. VI əsrin 20-ci illərində Məzdək zərdüşti kahinləri və əyanlarına qarşı geniş xalq hərəkatına başçılıq etmişdi. Onların mövqeyini zəiflətmək istəyən şah I Qubad Məzdəki dəstəkləmiş və onu İranın baş maqı (maqupatı) təyin etmişdir. Kahinlərin və əyanların qüdrəti sarsıldıqdan sonra Qubad Məzdəklə ittifaqını pozmuş və az sonra onu yaxın məsləkdaşları ilə birlikdə edam etdirmişdi.

məzdəkilər hərəkatı — Sasanilər dövlətində kəndlilərin və şəhər yoxsullarının V əsrin 90-cı illərindən VI əsrin 20-ci illərinin sonlarınadək mövcud olan və azatların bir qismi tərəfindən dəstəklənən geniş xalq hərəkatı. Məzdəkilər hərəkatı İranı, Cənubi Qafqaz və Mesopotamiyanın bir sıra vilayətlərini əhatə etmişdir. Hərəkatın ideologiyası məzdəkizm idi. Əvvəlcə məzdəkilər hərəkatı əyanların və kahinlərin mövqeyini qırmaq istəyən Sasani hökmdarı I Qubad tərəfindən dəstəklənmişdir. Təxminən 496-cı ildə əyanlar və kahinlər məzdəkilər hərəkatını dayandırmaq məqsədi ilə Qubadı devirdilər, lakin məzdəkilər hərəkatı hələ İranın bir sıra rayonlarında davam etməkdəydi. 499-cu ildə Qubadın hakimiyyətə qayıtması ona və məzdəkizmə düşmən olan əyan və kahinlərin qırılması ilə müşayiət olundu. Məzdəkilər dövlətdə mühüm vəzifələr aldılar, Məzdək ölkədə şahdan sonra ikinci adam oldu. Əyanların əmlakını ələ keçirən məzdəkilər onu ehtiyacı olanlara paylamağa başladılar. Lakin az sonra azatların xeyli hissəsi məzdəkilər hərəkatından üz döndərdi. VI əsrin 20-ci illərində Qubad zəifləmiş əyanlarla və köhnə kahinlərlə barışdı. Qubadın varisi Xosrov məzdəkilər hərəkatını məhv etməyə başladı. VI əsrin 20-ci illərinin axırlarında məzdəkilər hərəkatı yatırıldı.

məzdəkizm — erkən orta əsrlərdə İranda və qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi təlim. Məzdəkin adı ilə adlandırılıb. Manilikdən fərqli olaraq məzdəkizm Xeyir başlanğıcda ağıllı və qanunauyğun fəaliyyəti təsdiqləyir, Şəri isə xaos və təsadüf sayırdı; bəyan edirdi ki, Xeyirin Şər üzərində qələbəsi bu dünyada baş verəcək. Məzdəkizm sosial bərabərsizliyi ləğv etmək üçün mübarizəyə, «allahın verdiyi» ümumi bərabərliyi zor gücünə bərpa etməyə çağırırdı. Məzdəkizmi əsasən kəndlilər və şəhər yoxsulları qəbul etmişdilər. V əsrin sonları -VI əsrin əvvəllərində məzdəki icmaları İran, Azərbaycan və Mərkəzi Asiyada meydana gəlmiş və monqol işğallarına qədər mövcud olmuşlar.

Məzyədilər — ərəb canişinlərinin Şirvan sülaləsi (799 — 1027). Sülalənin banisi Yəzid ibn Məzyəd əş-Şeybanidir. Onun varisləri Ərəb xilafətinin zəifləməsindən istifadə edərək Şirvanı özlərinin irsi mülklərinə çevirmiş və 861-ci ildə şirvanşah titulunu qəbul etmişlər. IX əsrin ortalarında Məzyədilər Arranı da ələ keçirmişlər. Onlar X əsrdə xüsusilə qüvvətlənmişlər. Şəki vilayəti və Dərbənd, ləzgilər ölkəsi və Tabasaran da daxil olmaqla Dağıstanın cənub-şərq hissəsi müxtəlif vaxtlarda Məzyədilərin vassal asılılığında olmuşlar. 1027-ci ildə Şirvanda Məzyədilər sülaləsi Kəsranilər sülaləsi ilə əvəz olunmuşdur.

Midiya — İran və Azərbaycan ərazisində qədim dövlət. Midiyalıların məskunlaşdığı vilayətin adı ilk dəfə e.ə. 835-ci ildə Assuriya mənbələrində çəkilir. E.ə. VIII əsrdə Midiyanın bir sıra əyalətləri assurlar tərəfindən istila edilib Assuriyaya birləşdirilmişdir. E.ə. VII əsrin 70-ci illərində Kaştaritinin (Herodota görə — Fraort) başçılığı ilə baş vermiş güclü xalq üsyanı nəticəsində assurlar Midiya vilayətlərindən tamamilə qovulmuş və burada Midiya şahlığı meydana gəlmişdir. Kaştariti Midiyanın ilk hökmdarı olmuşdur. Onun yaratdığı hərbi ittifaqın mərkəzi müasir Həmədan şəhəri rayonunda yerləşirdi. Somalar burada Midiyanın paytaxtı — Ekbatana şəhəri salınmışdı.
Midiyalıların Assuriya üzərində qələbəsi Midiyanın böyük dövlətə çevrilməsinə səbəb oldu. Lakin bir qədər sonra Yaxın Şərq ölkələrinin bir çoxunda, o cümlədən Midiyada skiflər öz ağalıqlarını bərqərar etdilər. Skiflər qarətçilik məqsədi ilə vaxtaşırı yürüşlər edir və onlardan asılı olan ölkələrdən xərac alırdılar. Midiya hökmdarı Kiaksar hərbi islahat keçirdikdən sonra e.ə. 624-cü ildə Midiyada skiflərin hakimiyyətini devirdi. Az sonra Kiaksar Babilistan hökmdarı Nabopalassar ilə Assuriyaya qarşı hərbi saziş bağladı. E.ə. 614-cü ildə midiyalılar Nineviyanı mühasirəyə aldılar, amma tuta bilmədilər, əvəzində Assuriyanın qədim paytaxtı Aşşur şəhərini tutub dağıtdılar və qarət etdilər. Babilistanlılar Aşşura gec gəldilər. Midiyalılar və babilistanlılar ittifaqlarım sülalə kəbini ilə möhkəmlətdilər. E.ə. 612-ci ildə müttəfiqlər (midiyalılar və babilistanlılar) qəti hücumla Assuriyanın paytaxtı Nineviya şəhərini tutub dağıtdılar. Bundan sonra midiyalılar Kiaksarın başçılığı ilə Hirkaniya, Parfiya, Persida, Elam, Manna, Urartu və Skif çarlığını (Azərbaycan ərazisində) tutdular. Mannanın isğalının Midiya dövlətinin təsərrüfatının inkişafı üçün böyük əhəmiyyəti vardı. Yüksək inkişaf etmiş kənd təsərrüfatı, sənətkarlığı və şəhər həyatı olan Manna Midiya dövlətinin mədəni-iqtisadi mərkəzinə çevrildi. Sonra midiyalılar Kiçik Asiyanın bir hissəsini tutdular və bu, Kiçik Asiyanın qüdrətli dövlətlərindən olan Lidiyanın çarı Aliattanın onlara qarşı çıxış etməsinə səbəb oldu. Midiya və Lidiya arasında savaşlar beş il davam etdi və e.ə. 585-ci ildə sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Sazişə görə, Midiya və Lidiya arasında sərhəd Qalis (müasir Qızıl İrmaq) çayı boyunca müəyyənləşdirildi. Kiaksarın ölümündən sonra onun oğlu Astiaq Midiyanın hökmdarı oldu. Astiaq Babilistan çarlığı ilə müharibə edirdi. Ondan qorunmaq üçün babilistanlılar «böyük Midiya divarı»nı inşa etdilər, lakin midiyalılar Babilistanın Xarran vilayətini tuta bildilər. Astiaq Midiyada mərkəzi hakimiyyəti möhkəmlətməyə cəhd göstərdi və qəbilə əyanları ilə mübarizə aparmağa başladı. Harpaqın başçılıq etdiyi, mərkəzi hakimiyyətin möhkəmləndirilməsindən narazı olan bir qrup qəbilə əyanları Astiaqın düşmənləri tərəfə keçməyə hazir idilər. E.ə. 553-cü ildə Persidada Kirin başçılığı ilə üsyan başlandı. Astiaq Midiya qoşunlarını Xarrandan qaytarmaq məcburiyyətində qaldı. Farslarla həlledici döyüşlərin birində Harpaq Midiya qoşunlarının bir hissəsi ilə birlikdə Kirin tərəfinə keçdi. Bunun nəticəsində e.ə. 550-ci ildə midiyalılar məğlubiyyətə uğradılar. Midiya şahlarının xəzinəsi Pasarqada aparıldı, Ekbatana Əhəməni şahlarının iqamətgahlarından biri oldu, Midiyanın üzərinə isə məğlub dövlət kimi xərac qoyuldu. Midiya əyanlarının bir qismi həm Kirin, həm də onun xələflərinin dövründə öz imtiyazlarını qoruyub saxlaya bildilər. Formal olaraq Kir Midiya çarlığını Əhəmənilər dövlətinin tərkibində saxladı və rəsmi olaraq Midiya hökmdarlarının titullarını («böyük şah», "şahlar şahı", "ölkələr şahı") qəbul etdi, amma faktik olaraq Midiyanı fars canişini idarə etməyə başladı. Farslar əsasını Assuriya ənənəsindən götürən Midiya dövlət idarəetmə sistemini qəbul etdilər. Əhəmənilər dövlətində Midiya Persidadan sonra ikinci yerdə idi, ona görə də ətraf xalqlar (yunanlar, yəhudilər, misirlilər və b.) Midiyanın işğalına hakimiyyətin Astiaq tərəfindən Kirə irsən verilməsi kimi baxırdılar və farsları «midiyalılar» adlandırır, farsların tarixini Midiyanın tarixinin davamı hesab edirdilər. Maq Qaumatanın, midiyalı Fravartişin, saqartili Çissantaxmanın rəhbərliyi ilə baş vermiş üsyanları midiyalıların hakimiyyətinin bərpasına cəhd kimi qiymətləndirmək olar.
Midiyalıların Qədim Şərqin güclü dövlətləri ilə mübarizədə uğur qazanması və onları nisbətən asanlıqla tuta bilməsi onunla izah edilə bilər ki, Midiyada hələ güclü əmlak bərabərsizliyi və sinfi təbəqələşmə olmamışdı və buna görə də Midiya qoşunları bütün Midiya xalqından ibarət idi. Midiya dövləti kifayət qədər böyük olsa da, yarımasılı çarlıqları və tayfaları özündə birləşdirən zəif qurum idi və bu, Midiyanın ictimai münasibətlərində öz əksini tapmışdı. Sıravi midiyalılarla Midiya əyanları arasında əmlak fərqi artdıqca azad icma kəndlilərinin istismarı ilə yanaşı, hökmdar təsərrüfatlarında və məbəd torpaqlarında işləyən qulların da sayı çoxalırdı. Midiyalıların təsərrüfatının əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Əkinçilikdə süni suvarma böyük rol oynayırdı. Midiyanın Nisey vadisində yüksək qiymətləndirilən al cinsləri bəslənilirdi. Midiyada dəmir, qurğuşun, gümüş, əlvan daş-qaşlar və qiymətli daşlar, habelə neft hasil edilirdi. Sənətkarlar əmək alətləri, silah, parça, xalça, ev avadanlığı və s. düzəldirdilər. Midiyada inşaat sənəti də yüksək inkişaf səviyyəsinə çatmışdı. Midiyalı daşyonan ustaların əməyindən sonralar Əhəməni şahlarının Suzdakı sarayının tikintisində istifadə olunmuşdur. Yaxın Şərq ölkələrini Mərkəzi Asiya və Hindistanla birləşdirən ən mühüm ticarət yollarından biri Midiyadan keçirdi. Midiya dövlətinin başında çar dururdu və onun hakimiyyəti irsi idi. Çar ilə Midiya qəbilə əyanları arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Dövlətin idarə unmasmda zərdüşti maqları mühüm yer Aturdular. E.ə. VII əsrdə Midiyada zərdüştilik dünyada ilk rəsmi dövlət dini oldu.

«Midiya yağı» — neft (mid. «nafta») və qatran qarışığı. Görünür, Atropatenada istehsal olunurmuş. «Midiya yağı» antik dövrdə hərbi işdə tətbiq edilirmiş. Oxları onunla yağlayar və yandırıb düşmən düşərgəsinə və ya qalasına atarmışlar. Bu qarışığı çətinliklə söndürmək mümkün olurmuş.

mif — 1) qədim xalqların dünyanın, allahların, insanın yaranması, təbiət hadisələrinin səbəbləri, qəhrəmanların igidlikləri və s. haqqında təsəvvürlərini əks etdirən fantastik rəvayət. Miflər lap qədimlərdə, hələ yazının olmadığı dövrlərdə yaranmış və nəsildən-nəslə şifahi ötürülmüşdür. Yadda asanlıqla saxlanılması üçün əksər hallarda poetik şəkildə tərtib olunurdu. Miflər bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forma-sıdır. Alimlərin çoxu hesab edirdi ki, bu rəvayətlər bütövlükdə uydurmadır; hərçənd doğrudan da bunlarda uydurma kifayət qədərdir, bununla belə, həmin rəvayətlərdə insanların təbiətlə mübarizəsindən, məşğuliyyətlərindən, əmək alətlərindən, adətlərindən, səyahətlərindən, müharibələrindən və s. barədə danışılır. Miflər üzərində müvafiq iş apardıqdan sonra onların içərisindən bəzi tarixi hadisələri ayırd etmək mümkün olur, bəzənsə miflər çox mühüm tarixi sənəd (mənbə) ola bilir; 2) məcazi mənada — uydurma, fantastika, həqiqətdən uzaq, əfsanə.

mixi yazı — əsasını piktoqrafiyadan götürmüş və Ön Asiyada yayılmış qədim yazı sistemi. E.ə. təxminən 2500-cü ildə şumerlər yaratmışlar. Yazarlar iti uclu çöplə çiy gildən olan lövhə üzərində basma üsulla mıxabənzər işarələr qoyurdular, belə ki, gil üzərində şəkil çəkmək çətin idi. Mixi yazıda hər bir işarə bir neçə mıxcıqdan ibarət olurdu. O ya bütöv sözü, ya da ayrıca hecanı, sonralar isə ayrıca səsi bildirmişdir. Mixi yazıdan akkadlılar, babillilər, assuriyalılar, elamlar, hettlər, finikiyalılar, urartulular və farslar istifadə etmiş və özlərinə lazım olan məlumatı ana dillərində yazmışlar.

Mikena mədəniyyəti — Krit faciəsi adada yaradılmış mədəniyyəti tamam məhv edə bilmədi. E.ə. II minillikdə onunla bağlı mədəniyyət Peloponnesdə inkişaf etmişdir. İlk dəfə arxeoloqlar ona aid abidələri Mikena şəhərini qazarkən aşkar etmişlər, ona görə də bu mədəniyyəti Mikena və ya Krit — Mikena mədəniyyəti adlandırmışlar. O vaxtlar Peloponnesdə axey tayfaları məskunlaşmışdı. Yerli tayfalar yunan dilinə uyğunlaşdırılmış Krit yazısından istifadə edirmişlər. Üzərində belə yazı olan gil lövhələri alimlər oxuya bilmişlər.

miqrasiya — əhali qrupunun böyük məsafədə yerdəyişməsi.

militarizasiya — dövlətin öz hərbi qüdrətini artırmasını bildirən məfhum, anlayış.

militarizm — işğalçı müharibələrə hazırlıq məqsədi ilə dövlətin hərbi qüdrətinin artırılması siyasəti. Militarist siyasət nəticəsində hərbi-sənaye kompleksi yaranır və onun dövlətin iqtisadiyyatı və siyasətinə təsiri artır.

milli sərvət — müəyyən tarixə olan vəziyyətinə görə cəmiyyətin maddi nemətlərinin məcmusu. Milli sərvətlərə istehsal və qeyri-istehsal maddi nemətləri, habelə təbii ehtiyatlar daxildir.

milliləşdirmə — torpağın, sənayenin, nəqliyyatın, rabitənin, bankların və s.-nin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi.

millət — insanların tarixi birliyi; mədəniyyət və məişət xüsusiyyətlərində təzahür edən ümumi dilə, milli xarakterə və ümumi əraziyə malik olan insanların böyük qrupu. Millət feodal pərakəndəliyinin ləğv edildiyi və mərkəzləşdirilmiş dövlətlərin yaradıldığı dövrdə meydana gəlir.

Millətlər Liqası (Cəmiyyəti) — 1919-46-cı illərdə fəaliyyət göstərmiş beynəlxalq təşkilat. Millətlər Liqasının nizamnaməsinə görə, xalqlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, onların əmin-amanlığı və təhlükəsizliyinin təminatı əsas məqsəd kimi irəli sürülürdü. Əslində isə Millətlər Liqası Böyük Britaniya və Fransanın siyasət aləti idi. SSRİ də 1934-cü ildən 1939-cu ilədək Millətlər Liqasında iştirak etmiş, Almaniya ilə bir-birinə qarşı hücum etməmək haqqında Molotov — Ribbentrop paktını imzaladıqdan sonra onun tərkibindən çıxmışdır.

Millətçilik — millətlər arasındakı münasibət məsələlərində ideologiya, siyasət və psixologiya. Bəzi ölkələrdə millətçilik üçün bir millətin («ali», «seçilmiş») digərləri («aşağı», «dəyərsiz millətlər») üzərində üstünlüyü ideyası xarakterikdir. Eyni zamanda, müstəmləkələrin və asılı ölkələrin xalqlarının milli-azadlıq mübarizəsində məzlum millətlərin millətçiliyində tarixən mütərəqqi ümumdemokratik ünsürlər vardır.

Miltiad (e.ə. 550 489) -Afina sərkərdəsi və strateqi. E.ə. 490-cı ildə Miltiadın sərkərdəlik istedadı sayəsində Afina qoşunları Marafon çölündə I Daranın İran qoşunları üzərində qələbə çalmışdır. Növbəti ildə adalardan birinə uğursuz ekspedisiyada Afina donanmasına başçılıq edən Miltiad həmin səfərdə yaralanmışdır. Afinada Miltiad bu məğlubiyyətə görə mühakimə olunmuş və böyük cərimə ödəməyə məhkum edilmişdi. Məhkəmədən az sonra ölmüşdür.

Mingəçevir — Azərbaycanda Mingəçevir SES-in inşası ilə bağlı 1948-ci ildə əsası qoyulmuş şəhər. Mingəçevir rayonunda, Bozdağın ətəklərində, Kürün hər iki sahili boyunca Cənubi Qafqazda e.ə. III minillikdən eramızın XVII əsrinədək olan dövrləri əhatə edən dörd yaşayış məskənindən və üç böyük qəbiristanlıqdan ibarət olan ən iri arxeoloji kompleks yerləşir. Öyrənilməsinə hələ XIX əsrdən başlanılmış, sistemli qazıntılar isə S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycan arxeoloqları tərəfindən 1946 — 53-cü illərdə aparılmışdır. Ən erkən Mingəçevir abidələri Kür-Araz mədəniyyətinə aid edilir. Mingəçevir abidələrinin sonrakı qrupu Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Burada yaşayış evləri, təsərrüfat quyuları, dulusçuluq sobaları, qəbirlər, sümük musiqi alətləri (fleytasayağı düdüklər) aşkar edilmişdir. Bir çox qəbirlər erkən dəmir dövrünə aid edilir. Küp qəbirlər mədəniyyəti sikkələr əsasında e.ə. II əsr — eramızın I əsrinə aid edilir. Bundan əlavə, içərisində gil, şüşə və gümüş qablar, müxtəlif təsvirli üzüklər, Arşaki və yunan-Roma pulları və Sasani möhürləri olan və eramızın I — VIII əsrlərinə aid edilən 30-dan artıq dulusçuluq sobası və 200-dən artıq katakomba qəbirləri aşkar edilmişdir. Üzərində alban yazıları böyük daş sütun özülləri və gil şamdan qırıqları mühüm əhəmiyyət kəsb edir. V -VIII əsrlər alban xristian məbədləri, xristian və müsəlman qəbirləri və s. obyektlər Mingəçevirin orta əsrlər abidələrinə daxildir. Mingəçevir abidələri Azərbaycanın və qonşu ölkələrin 4 min ildən artıq mədəni tarixini və sosial-iqtisadi inkişafını öyrənmək üçün qiymətli tarixi maddi mənbələrdir.

miniatür — qədim əlyazmalarda və kitablarda rəngli illüstrasiyalar.

mirzə (ər. "əmir" — «hakim» + far. «zadə» — «oğul», "övlad"), «mirzadə» sözünün qısaldılmış forması. 1) İranda və oturaq türk xalqlarında: a) hökmdar ailəsi üzvlərinin titulu; addan sonra qoyulur (məs.: Abbas Mirzə); b) yazı yazan, məmur, katib, oxumuş adam; adın önündə qoyulur (məs.: Mirzə Məhəmməd); 2) XIII əsrdən etibarən köçəri türk xalqlarında iri feodallar, ayrı-ayrı nəsil və orda başçıları.

Misir İsgəndəriyyəsi — Şərqin sonrakı fəthi üçün əlverişli dəniz limanı kimi Makedoniyalı İsgəndər tərəfindən 332 — 331-ci illərdə Nilin deltasında salınmış şəhər. Misir İsgəndəriyyəsinin diqqəti cəlb edən cəhəti odur ki, bu şəhər tanınmış yunan memarı Dinoxar tərəfindən tərtib olunmuş vahid plan üzrə salınmışdır. Sonralar ellinist Misirin paytaxtı olan İsgəndəriyyə həndəsi baxımdan düz tərtib edilib, aralarında döşənmiş enli küçələri olan məhəllələrə bölünmüşdü. Eni 30 m olan iki ən böyük küçə şəhərin mərkəzində kəsişirdi. Həmin küçələr boyunca isti günlərdə sərinlik gətirən və kölgə salan mərmər sütunlar düzülmüşdü.
Misir İsgəndəriyyəsinin ən varlı məhəlləsi hökmdar sarayları və sərdabələrinin yerləşdiyi Bruxeyon məhəlləsi idi. Saraylar arasında bağlar və parklar salınmışdı. Babildə ölən Makedoniyalı İsgəndərin sərdabəsi də Misir İsgəndəriyyəsindədir; İsgəndəri onun keçmiş satraplarından olan hökmdar Ptolemey Laq burada dəfn etdirmişdir. Ptolemey Makedoniyalı İsgəndəri qızıl sarkofaqa qoydurmuş və özünün onun varisi olduğunu nəzərə çarpdırmaq məqsədi ilə möhtəşəm bir sərdabə tikdirmişdi. Dünyada məşhur olan Museyon da Misir İsgəndəriyyəsinə şöhrət gətirirdi. Şəhərdən bir qədər kənarda isə qədimdə «dünyanın möcüzəsi» hesab edilən İsgəndəriyyə mayakı yerləşirdi.
E.ə. 30-cu ildən Misir İsgəndəriyyəsi Roma imperiyasının tərkibində idi. Eranın dönəmində Misir İsgəndəriyyəsi öz əzəmətinə görə Romadan sonra antik dünyanın ikinci böyük şəhərinə çevrildi. Onun əhalisi 1 mln. nəfərə yaxın idi. Roma imperiyası bölünəndən sonra Misir İsgəndəriyyəsi ən möhtəşəm mədəni-iqtisadi mərkəz kimi Bizans imperiyasının tərkibində qaldı. İsgəndəriyyə erkən xristianlığın əsas mərkəzlərindən biri olmuşdur. 648-ci ildə Misirin ərəblər tərəfindən fəth edilməsi ilə, xüsusilə də Qahirənin salınmasından (969-cu il) sonra İsgəndəriyyə tənəzzülə uğradı. 1517-ci ildə türklərin fəthi zamanı İsgəndəriyyə güclü dağıntıya məruz qalmış və tam tənəzzül etmişdi.
İsgəndəriyyənin dirçəlişi XIX əsrin əvvəllərinə — burada tərsanələrin tikilməsinə və Mahmudiyyə kanalının çəkilməsi dövrünə təsadüf edir. XIX əsrin ortalarında İsgəndəriyyə dəmir yolu xərti ilə Qahirəylə birləşdirilmişdi. Hazırda əl-İsgəndəriyyə böyüklüyünə görə Qahirədən sonra Misir Ərəb Respublikasının ikinci şəhəri və Aralıq dənizində mühüm limanıdır.

misqal — Yaxın Şərq ölkələrində orta əsrlərdə 4,64 qrama bərabər olan çəki vahidi.

missiya — 1) dövlətin beynəlxalq görüşlərdəki, konfranslardakı nümayəndə heyəti; 2) səfir və ya müvəqqəti etimadlı şəxsin başçılıq etdiyi diplomatik nümayəndəlik; 3) xüsusi tapşırıqla başqa dövlətə göndərilən adamlar qrupu (məs.: iqtisadi missiya); 4) dini missioner təşkilatı; 5) əhalinin hər hansı qrupunun vəzifəsi, rolu (məs.: tarixi missiya, ziyalı missiyası və s.).

misteriya — antik dövrlərdə bir sıra allahlara gizli etiqad. Misteriya allahlarla bağlı olan miflərin təsviri ilə dramlaşdırılmış bir sıra ardıcıl hadisələrdən ibarət idi (şəbih kimi).

mistifikasiya — bilərəkdən aldatma, kimisə aldatmaq.

mistika — allahı dərk etməyi məntiq və idrakda (sxolastika) deyil, seyrə, düşüncələrə dalmaqda və hisslərdə görən dini-fəlsəfi cərəyan.

Mitridat I — Parfiya çarı (e.ə. 170 — 136). Selevkilər dövlətinin zəifləməsindən istifadə edən I Mitridat e.ə. 140-cı ildə onun şərq satraplıqlarını -Midiyanı və Mesopotamiyanın böyük hissəsini zəbt etdi. Onun dövründə partiyalılar Klimaida, Persida və Baktriyanı tutmuşlar. Atropatena ilə Ermənistan Parfiya çarlığının siyasi təsiri altında olmuşlar. I Mitridatın işğalları nəticəsində Parfiya qüdrətli və güclü dövlətə çevrilmişdi.

Mitsubisi — ən iri yapon inhisarlarından biri. 1870-ci ildə İvasaki ailəsi tərəfindən yaradılmışdır. Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra onun qüdrəti ciddi şəkildə sarsılmış, lakin sonra bərpa olunmuşdur. 25 əsas şirkət, o cümlədən maşınqayırma konserni Mitsubisinin nüfuz dairəsinə daxildir. Yaponiyanın hərbi sənayesinin inkişafında fəal iştirak edir.

Mitsui — ən iri yapon inhisarlarından biri. Mitsuilər ailəsinin XVII əsrin əvvəllərində əsası qoyulmuş ticarət-bank qurumundan yaranmışdır. İkinci Dünya müharibəsinə qədər Yaponiyada ən güclü inhisar idi, sonra isə birinciliyi Mitsubisiyə verdi. Sintetik parçalar, sintetik boyalar istehsalı və kömür çıxarılması üzrə ən iri yapon şirkətlərindən 22-si Mitsuinin nüfuz dairəsinə daxildir. Ən iri elektrotexnika şikrəti «Toşiba» və «Toyota» avto/conserni də Mitsui ilə bağlıdır. Yaponiyanın hərbi sənayesinin inkişafında fəal iştirak edir.

mizantropiya — insanlara uyuşmazlıq, adamayovuşmaz, insanlığa zidd olan. mobedan-mobed (maqupatan maqupai) — Sasanilər dövlətində zərdüştilik dini və zərdüşti kahinlərinin başçısı. Mobedan-mobed (əvvəllər maqupat — maqların başçısı) əyalətlərdə və şəhərlərdə mobedlərin (kahinlərin) başında dururdu. Mobedan-mobed ilk əyanlardan idi, dövlət işlərinə böyük təsir göstərir və əsas hökmü çıxarırdı.

modernləşdirmə — yeniləşdirmə, müasirləşdirmə; ən yeni, müasir tələb və normalara müvafiq dəyişikliklər (məs.: maşınların modernləşdirilməsi, istehsal texnologiyasının modernləşdirilməsi, təhsilin modernləşdirilməsi).

Mohenco-daro ("ölülər təpəsi") -Hindistanın ən qədim şəhərlərindən birinin, e.ə. minillikdə meydana gəlmiş Harappa mədəniyyət mərkəzlərindən birinin qalıqları. 1922-ci ildə hind arxeoloqu R.Banerci tərəfindən aşkar edilmişdir. Mohenco-daroda çoxillik tədqiqatlar əsasında qədim Hindistan şəhər mədəniyyətinin əsas mərhələləri və xarakterik cəhətləri müəyyən edilmişdir.

Moisey Kalankatlı — alban tarixçisi, “Alban tarix”nin müəllifi. VII əsrdə yaşadığı ehtimal olunur. Qafqaz Albaniyasının Uti vilayətinin Kalankat kəndində anadan olmuşdur. Kilsə təhsili almışdır. Əsərini yazmaq üçün Bibliya, yerli alban, eləcə də erməni mənbələrindən istifadə etmişdir.

molla — 1) din xadimi, müsəlman şəriət adət və ənənələrinin bilicisi; 2) mədrəsə müəllimi; 3) oxumuş savadlı adam.

«Molla Nəsrəddin» — əsası C.Məmmədquluzadə tərəfindən qoyulan şəkilli və demokratik yönümlü, Azərbaycan dilində həftəlik jurnal. 1906 -14 və 1917-ci illərdə Tiflisdə, 1921 -ci ildə Təbrizdə nəşr olunmuşdur. Jurnalda Sabir, Haqverdiyev, Ordubadi və b. əməkdaşlıq etmişlər. Jurnal Azərbaycan xalqının oyanışında böyükrol oynamışdır. 1922 — 31-ci illərdə Bakıda həmin ad altında sovet jurnalı nəşr olunmuşdur.

molokanlar — Rusiyada dini təriqət. XVIII əsrin ikinci yarısında Tambovda təşəkkül tapıb. Molokanların kənd və şəhər ictimaiyyətinin müxtəlif təbəqələri arasında dayaqları var idi. Rəsmi kilsəni, onun təlimini və adətlərini tənqid edirdilər. Bibliyanı yeganə həqiqət mənbəyi sayırdılar. Molokanların dünyagörüşündə ictimai etiraz təzahür etdiyindən onlar hökumət tərəfindən təqib olunurdular. Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra burada çar hökuməti öz dayaqlarını yaratmaq məqsədi ilə 1830-cu il 20 oktyabr fərmanına əsasən, erməni və almanlarla yanaşı, rus sektantlarını və bidətçilərini də Azərbaycanda yerləşdirdi. Azərbaycana gələn ilk rus köçkünləri molokanlar oldu. General Paskeviçin göstərişinə uyğun olaraq rus köçkünləri əsasən Qarabağ vilayətində yerləşdirilməli idilər. Ənənəvi olaraq yaylaq və qışlaq kimi istifadə olunan torpaqlarda rusların (molokanlar, duxoborlar və b.) yerləşdirilməsi yerli əhalinin təsərrüfatının əsası olan köçəri maldarlığa ağır zərbə endirdi. Çarizmin köçürmə siyasəti və Rusiyada 1861-ci il kəndli islahatından sonra imperiyanın mərkəzi rayonlarında molokanla-rın hərəkatı zəifləyib bir neçə məzhəbə parçalandı. Rusiyada 1917-ci il Oktyabr çevrilişindən sonra təəriqətlər sürətlə dağılmağa başladı. Azərbaycan Respublikasında bu günədək molokan yaşayış məskənləri vardır.

monarx — bir qayda olaraq hakimiyyəti irsən alan dövlətin təkhakimiyyətli başçısı (kral, çar, şah, əmir).

monarxiya (yun. «birinin hakimiyyəti») — ali dövlət hakimiyyətinin dövlətin təkbaşına başçısının — irsi monarxın əlində (tam və ya qismən) cəmlənmiş idarəçilik forması. Qədim dövrdə və orta əsrlərdə monarxiya qeyri-məhdud despotiya şəklində mövcud olmuşdur. Bir sıra müasir dövlətlərdə monarxın hakimiyyəti konstitusiya ilə məhdudlaşdırılmışdır: qanunvericilik funksiyaları parlamentə, icracdicilik funksiyaları isə hökumətə verilmişdir, yəni monarx «hökmdar olsa da, idarə etmir». Hazırda konstitusiyalı monarxiyalar Böyük Britaniya, İsveç və s. ölkələrdə mövcuddur.

monarxizm — monarxiya qurulması və ya bərpası tərəfdarlarının baxışı, nöqteyi-nəzər sistemi və ya siyasi yönümü.

monopoliya (yun. «tək satıram») — bax: inhisar.

monoteizm (yun. «təkallahlıq») — politeizmdən fərqli olaraq tək allah təsəvvürünə əsaslanan din. İudaizm, xristianlıq və islam monoteist dinlərə aiddir.

Montesuma (daha dəqiq — Montekusoma) — 1) astek qəbilələrinin 1469-cu ilə qədərki başçısı. Mərkəzi Meksikanın digər hindi tayfalarının asteklərə tabe etdirilməsini başa çatdırdı; 2) asteklərin hökmdarı (1503 — 20). Kortesin gəlişi ilə asteklərin silah gücünə tabe etdikləri digər hindi tayfaları ona qoşuldular. Asteklərin paytaxtı Tenoçtitlana soxulan Kortes Montesumanı əsir götürdü və onu astekləri ispanlara təslim olmağa çağırmağa məcbur etdi, nəticədə o, üsyançı asteklər tərəfindən öldürüldü.

Mor Tomas (1478 -1535) — ingilis dövlət xadimi, humanist. Oksford universitetini bitirmişdir. 1504-cü ildə parlamentə üzv seçilmiş, London şerifinin köməkçisi olmuşdur. 1521-ci ildə rıtsar adını almışdır. 1523 — 29-cu illərdə icmalar palatasının sədri, 1529-cu ildə isə lord-kansler olmuşdur. 1532-ci ildə lord-kansler vəzifəsindən istefaya getmişdir. Krala kilsə başçısı kimi and içməkdən imtina etdiyinə görə Mor Tauer qalasına salınmış, dövlətə xəyanətdə günahlandırılmış və 7 iyul 1535-ci ildə edam olunmuşdur. 1935-ci ildə katolik kilsəsi Moru müqəddəs elan elədi. Özünün "Ən yaxşı dövlət quruluşu və ya Utopiya adlı yeni ada haqqında qızıl kitab" əsərində (qısa adı — «Utopiya») Mor öz dövrünün ictimai-siyasi qaydalarını kəskin tənqid etmişdir. Şərin, pisliklərin əsas mənbəyini xüsusı mülkiyyətdə görən Mor buna qarşı Utopiya adasının ideal quruluşunu təklif edirdi: burada xüsusi mülkiyyət yoxdur və əmək hər bir vətəndaş üçün məcburidir, ictimai bərabərlik mövcuddur, bölgü tələbata görə aparılır. şəhərlə kənd arasında fərq silinib və s.

moratorium — daxili və ya xarici öhdəliklərin yerinə yetirilməsi müddətinin təxirə salınması. Moratorium müəyyən müddətə və ya fövqəladə vəziyyət ərzində (müharibə, təbii fəlakət) elan edilir. Moratorium bütün öhdəliklərə şamil edilən, ümumi və ya müəyyən sahələrə aid olan məhdud moratorium (bank moratoriumu, nüvə silahlarının sınağı üzərinə qoyulmuş moratorium və s.) formalarında ola bilər.

Morelos (Morelosi-i-Pavon) Xose Mariya — Meksika xalqının 1811 — 15-ci illərdə ispan müstəmləkəçilərinə qarşı azadlıq mübarizəsinin rəhbəri, Meksikanın milli qəhrəmanı. Kənd keşişi olan Morelos 1810-cu ildə Meksikada xalq üsyanının başlanması ilə İdalqonun üsyançı dəstələrinə qoşulmuşdur. 1811-ci ildə İdalqo həlak olandan sonra müstəqillik uğrunda mübarizəyə başçılıq etmişdir. 1812 — 13-cü illərdə ispan qoşunları üzərində bir sıra qələbələr çalan Morelos bir neçə iri şəhəri ələ keçirmişdir. Morelos nəinki müstəmləkə asılılığından qurtulmağı, həm də latifundiyaların bölüşdürülməsini, varlıların və kilsənin əmlakının müsadirə olunmasını, feodal asılılığının və quldarlığın ləğvini və s. istəyirdi. Konqres Morelosu generalissimus təyin etdi. Lakin 1815-ci ilin sonlarında üsyançıların əsas qüvvələri darmadağın edildi, Morelos isə əsir götürülüb Mexiko ətrafında edam olundu.

Mudros barışığı — 1918-ci il oktyabrın 30-da Mudros limanında (Lemnos adası) İngiltərənin «Aqamemnon» kreyserində imzalanmışdır. Mudros barışığı Birinci Dünya nüharibəsində Antanta ölkələri ilə Osmanlı imperiyası arasındakı hərbi fəaliyyəti başa çatdırdı. Mudros barışığına görə, boğazların Antantanın hərbi donanmaları üçün açılmasını və müttəfiqlərə Bosfor və Dardanel istehkamlarını işğal etmək hüququnu; İraqda, Urmiyada, Hicazda və Yəməndə qalmış türk qarnizonlarının təhvil verilməsini, eləcə də Cənubi Azərbaycan ərazisində, ADR-də, Cənubi Qafqazın digər hissələrində və Kilikiyada qalmış türk qoşunlarının təxliyəsini, müttəfiqlərə Batum və Bakını işğal etmək hüququnun verilməsini; müttəfiqlərə erməni əhalinin də məskunlaşdığı altı vilayətin — «onlardan birində qarışıqlıqlar olduğu halda» işğal edilməsini; Türkiyə ordusunun ləngidilmədən tərxis olunmasını, Türkiyə hərbi gəmilərinin Antantaya verilməsini və s. nəzərdə tuturdu. Formal olaraq Mudros barışığı 1922-ci ildə Mudanya sülhü imzalanana qədər qüvvədə qalmışdır.

Muğan mədəniyyəti — son tunc — erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı — e.ə. 1 minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyəti; Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək ahtləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurmuşlar. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlan isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir. Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və Qədim Şərq ölkələrinin mədəniyyətləri ilə əlaqələri aşkar edilmişdir.

Muğanna — VIII əsrin 70 — 80-ci illərində Mərkəzi Asiyada feodalizm əleyhinə və ərəblərə qarşı həm də «ağpaltarlıların üsyanı» kimi tanınan üsyanın başçısı. Antifeodal və antiərəb Haşim ibn Hakimin təxəllüsü. Muğannanın yaydığı təlimin əsasında məzdəkizm ideyaları dururdu və o, qeyri-bərabərliyə və Ərəb xilafətinin ağalığına qarşı fəal mübarizəyə çağırırdı. Üsyanın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Köçəri türk tayfaları üsyançılara kömək edirdilər. Buraya çox böyük ordular gətirən ərəblər çoxillik mübarizədən sonra 785-ci ildə üsyanı yatırdılar. Muğanna özünü öldürdü. «Ağ paltarlı adamlar»ın ideyası ərəb işğalçılarını hələ uzun müddət narahat etdi.

muxtariyyət (yun. "özünüidarə") — vahid dövlət çərçivəsində etnik və ya regional birliyin daxili müqəddəratını təyinetmə və özünüidarə formalarından biri. Muxtariyyətin iki əsas forması — ərazi və mədəni muxtariyyət formaları mövcuddur. Ərazi muxtariyyəti — hər hansı rayonda əhalinin çoxluq təşkil etdiyi etnik və dini qrupların regional idarə formasının yaradılmasıdır. Ərazi muxtariyyəti öz konstitusiyası, qanunları və rəsmi dili ilə federasiya daxilində dövlət qurumu statusuna malik ola bilər. Ərazi muxtariyyəti ilə federasiya arasındakı münasibətlər sazişlərlə, eləcə dəfederasiya konstitusiyası və qanunlarının muxtariyyətin konstitusiyası və qanunları üzərində üstünlüyü əsasında tənzimlənir. Mədəni muxtariyyət — dövlət tərəfindən hər hansı etnik azlığa ana dilindən sərbəst istifadə etmək, öz dilində təhsil almaq, milli mədəniyyətini və teatrını yaratmaq və s. hüquqların verilməsidir. Mədəni muxtariyyət milli dövlət strukturları, konstitusiya, qanunlar və s. yaratmamaq hüququ ilə verilir.

Muxtarov Murtuza — iri Azərbaycan sahibkarı. Bakıda neftayırma və mexaniki müəssisələrin sahibi olmuşdur. 1908 — 10-cu illərdə Muxtarovun sahibi olduğu zavodlarda 2 milyon rubl dəyərində neft hasil edilmişdir. O, 1912-ci ildə satışa çıxarılmış balıq vətəgələrinin bir hissəsini almışdır. Muxtarovun iştirakı ilə 1914-cü ildə Bakı Ticarət Bankının əsası qoyulmuşdur. Muxtarov xeyriyyə işlərinə çoxlu vəsait ayırırdı. O, 1906-cı ildə Tağıyevlə birlikdə “Nəşri-maarif” və “Nicaf” mədəni-maarif xeyriyyə cəmiyyətlərinin əsasını qoymuşdur. M.Muxtarov “Nəşri-maarif’ mədəni-maarif xeyriyyə cəmiyyətinin fəxri üzvü seçilmişdir. Muxtarovun vəsaiti ilə bir neçə qəzet və jurnal (o cümlədən «Tərəqqi» qəzeti) nəşr edilirdi. Muxtarov öz vəsaiti hesabına Sankt-Peterburqda və Vladiqafqazda yaşayan müsəlmanların ibadət etmələri üçün məscidlər inşa etdirmişdi.

mulat (isp. «mulato», ər. «müvəlləd» -«qanı qarışıq olan ərəb») — zəncilərlə avropoid irqi nümayəndələrinin qarışıq nikahından doğulmuşlar. Mulatlar Latın Amerikası ölkələrinin, eləcə də bir sıra Afrika ölkələrinin əhalisinin xeyli hissəsini təşkil edirlər.

mumiya — çürüməkdən qorunub saxlanılmış insan meyidi. Bu məqsədlə ölünün bədənini xüsusi tərkibli qatranlarla balzamlayırdılar. Qədim Misirdə fironların və əyanların dəfni zamanı onların meyidi balzamlanırdı. Meyidin balzamlanması üçün onu yuyur və xüsusi təmizləmə ayini yerinə yetirirdilər. Sonra balzamlama emalatxanasında onun daxili orqanlarım çıxarır və xüsusi qapaqlı qablara yığırdılar. Bədənin içərisinə qoyulan xüsusi duzlar onu qurudurdu. Bir neçə gündən sonra daxili boşluqlar buz, yonqar və qatranla doldurulurdu. Qədim Misir firon və əyanlarının bir qisminin mumiyaları dövrümüzədək qalmışdır.

Museyon (yun. «muzalar məbədi») — Misir İsgəndəriyyəsində yerləşən Museyon e.ə. III əsrdə tikilmiş, elmi və poetik məşğələlər üçün istifadə olunmuşdur, yəni özünəməxsus Elmlər Akademiyası olmuşdur. Məşhur alim və şairlər burada dövlət hesabına yaşayır və elmi-tədqiqatlarla, yaradıcılıqla məşğul olurdular. Hökmdar xəzinəsi Museyonda işləyən alimlərə alət və cihazlar düzəltdirmək, müxtəlif elmi material toplamaq məqsədi ilə ekspedisiyalar təşkil etmək üçün vəsait ayırırdı. Saxlanclarında elm, texnika, fəlsəfə, ədəbiyyat və s. sahələr üzrə 700 minədək əlyazma toplusu saxlanılan məşhur İsgəndəriyyə kitabxanası da Museyonda idi. Tanınmış coğrafiyaçı, riyaziyyatçı və astronom Eratosfen kitabxananın mühafizi olmuşdur. İsgəndəriyyə Museyonunda riyaziyyatçı, həndəsənin əsasını qoyan Evklid, ixtiraçı, buxar vasitəsilə işləyən çoxlu mexanizm yaradan İsgəndəriyyəli Heron, təbiətşünas, botanikanın əsasını qoyan Teofrast, həkim, düşünmə orqanının beyin olduğunu sübut edən Herofil və b. burada işləmiş və yaşamışlar. Məşhur riyaziyyatçı Arximed və İsgəndəriyyəli Dionisi hərbi maşınların yaradılması ilə məşğul idilər.
E.ə. 48-ci ildə Ptolemeyin dövründə Misirdə Yuli Sezarın da qoşulduğu hakimiyyət uğrunda mübarizə zamanı İsgəndəriyyə kitabxanasının bir hissəsi yanmışdır. 273-cü ildə imperator Avrelianın qoşunları Misir İsgəndəriyyəsini tutan zaman Museyonu və onun kitabxanasını yandırmışlar. Alimlər kitabxananın qalıqlarını Serapeum məbədinə aparmış və orada da işlərini davam etdirmişlər. 391-ci ildə Serapeum fanatik xristianlar tərəfindən dağıdılmış, kitablar isə yandırılmışdır. Kitabxananın son qalıqları xəlifə Ömərin dövründə — 642-ci ildə müsəlmanlar İsgəndəriyyəni tutduqları zaman məhv edilmişdir.

Mussolini Benito (1883 — 1945) — 1922-43-cü illərdə İtaliya faşist partiyası və faşist hökumətinin və 1943 — 45-ci illərdəki «Salo respublikası» deyilən oyuncaq respublikanın başçısı (duçe). İxtisasca müəllim olmuşdur. Siyasi karyerasına İtaliya Sosialist Partiyasında başlamış, lakin 1914-cü ildə İtaliyanın Birinci Dünya müharibəsinə qoşulması haqqında təşviqat apardığına görə İSP sıralarından xaric edilmişdir. Elə həmin vaxtlarda sonralar faşistlərin əsas mətbu orqanına çevrilən "İtaliya xalqı" qəzetini yaradır. 1919-cu ilin baharında Mussolini keçmiş müharibə iştirakçılarından faşist («faşi di kombatimento» — «mübarizə ittifaqı») adlandırılan bir təşkilat yaradır. Mussolininin iri burjuaziyaya qarşı yönələn demaqoq bəyanatlarını özlərinə daha yaxın hesab edən şəhər xırda burjuaziyası nümayəndələri faşist dəstələrinə daxil olurdular. Faşistlər hökuməti "İtaliyanın möhtəşəmliyi" haqda düşünməməkdə günahlandırırdılar. Onlar müəyyən siyasi proqram irəli sürməsələr də, xalq arasında populyar olan respublika yaratmaq, ümumi seçki hüququ və kəndlilərə torpaq vermək, xüsusi müəssisələr üzərində fəhlə nəzarəti tətbiq etmək və s. bu kimi şüarlardan bacarıqla istifadə edirdilər. Bu onlara fəhlə və kəndliləri öz tərəflərinə çəkməyə imkan verdi. Əsas bazası isə xırda burjuaziya idi. İnhisarçı burjuaziyanın, monarxiyanın və Vatikanın müdaxiləsi sayəsində 1922-ci il oktyabrın sonlarında Mussolini hökumətin dəyişdirilməsini və faşist dəstələrinin «Roma üzərinə yürüş»ünü tələb etdi. 1922-ci il oktyabrın 30-da Mussolini saraya — kralın yanına gəlib hökumət təşkil etməyi təklif elədi, beləliklə, dövlət çevrilişi baş verdi və nəticədə İtaliyada Mussolininin faşist diktaturası quruldu. 1929-cu ildə o, Vatikanla faşistlərə katolik kilsəsinin yardımını vəd edən Lateran sazişini imzaladı. İtaliyanın iqtisadiyyatı burjuaziyanın mənafeyi naminə hərbiləşdirildi, siyasəti isə işğalçı məqsədlərə istiqamətləndirildi (1936-cı ildə Efiopiya, 1939-cu ildə Albaniya və s. zəbt edildi). Almaniyada faşizm hakimiyyətə gələndən sonra Mussolini onunla siyasi və hərbi ittifaq (bir sıra müqavilələrlə təsdiqlənmiş) bağladı. 1940-cı ilin iyununda İtaliya İkinci Dünya müharibəsinə qoşuldu. Alman və italyan qoşunlarının məğlubiyyəti və İtaliyada antifaşist hərəkatının güclənməsi 1943-cü il iyulun 25-də Mussolininin diktaturasının devrilməsi ilə nəticələndi. 1943 — 45-ci illərdə Mussolini İtaliyanın alman-faşist qoşunları tərəfindən işğal olunmuş ərazilərində “İtaliya sosial respublikası” və ya “Salo respublikası” adlandırılan oyuncaq hökumətin başçısı təyin edildi. Partizanlar tərəfindən tutulan Mussolini 1945-ci il aprelin 28-də edam olundu.

muşketyor — muşketlə silahlanmış piyada döyüşçü. XVI — XVII əsrlərdə Fransada muşketyorlar süvari qvardiyanın bir hissəsini təşkil edirdilər.

muzalar — qədim yunan mifologiyasında incəsənət və elm ilahələri. Qədim yunan mifologiyasında doqquz muza sadalanır: Klio — tarix muzası, Kalliopa — epik poeziya muzası, Melpomena — tragediya muzası, Poligimniya — dini himnlər muzası, Taliya — komediya muzası, Terpsixora — rəqs muzası, Uraniya -astronomiya muzası, Yevterpa — lirik poeziya muzası, Erato — nəğmə muzası.

muzdlu, muzdlu döyüşçü — haqq ilə tutulan, pul üçün hərbi qulluq edən peşəkar doyüşçü (əsasən — xaricilər).

muzey (yun. «muzalar məbədi») — təbiətin və bəşəriyyətin inkişafı haqqında tarixi mənbələr hesab edilən təbii kolleksiyaları, maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, tədqiq edən, nümayiş etdirən və populyarlaşdıran, təbliğ edən elmi müəssisə.

Müaviyə I — Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi (661 — 680). Qüreyşi tayfasının əyan nəslindən idi. Xəlifə Əli ilə mübarizəyə başladı və 661-ci ildə onun xaricilər tərəfindən öldürülməsindən sonra xəlifə elan edildi. Xəlifələrin. hakimiyyətini irsiliyə çevirdi. I Müaviyənin dövründə Dəməşq Ərəb xilafətinin paytaxtı oldu. Müaviyənin siyasəti ərəb qobilə aristokratiyasının marağını ifadə edirdi. Güclü diplomat və yaxşı idarəçi olmuşdur.

mübadilə — insanların təsərrüfat həyatında fəaliyyəti. Adətən insanın həyat fəaliyyətinin məhsulları, mal-qara, sənətkarlıq məmulatı və müxtəlif əşyalar mübadilə edilirdi. Mübadilə ticarətdən əvvəl meydana gəlmişdir.

mücahid (ər. «din uğrunda vuruşan; „qəzavat zamanı həlak olmuş şəhid“) -1905 — 11-ci illərdə Cənubi Azərbaycanda və İranda məşrutə (konstitusiya) inqilabı dövründə milli istiqlaliyyət və bmjua-demokratik dəyişiklikləri uğrunda mübarizə aparan gizli solçu inqilabi təşkilatın üzvləri. Mücahidlərin ilk təşkilatları 1908-1909-cu illər Təbriz üsyanının və digər mühüm çıxışların aparıcı qüvvəsi olmuşlar. Onlar inqilabın əsas qüvvəsi hesab edilən fədai dəstələri yaradırdılar. Fərdi terrorçuluq mücahidlərin fəaliyyətində üstünlük təşkil edirdi. İnqilab yatırılarkən mücahidlərin dəstələri darmadağın edildi.

»Müdafiə" — 1907-ci ilin mayında «Difai» partiyasının dağılmasından sonra Gəncədə İsmayıl xan Ziyadxanov tərəfindən “Difai”nin işini davam etdirən «Müdafiə» təşkilatı yaradılmışdır. Bəylərin və ziyalıların nümayəndələri «Müdafiə» təşkilatı ətrafında birləşmişdilər. Təşkilatın fəaliyyəti Şimali Azərbaycanın qərb rayonlarını, habelə azərbaycanlıların yaşadığı Tiflis quberniyasını əhatə edirdi. «Müdafiə» təşkilatının əsas vəzifəsi Azərbaycan əhalisini maarifləndirmək, onun hüquq və maraqlarını müdafiə etmək idi.

müdaxilə — bir dövlətin başqa dövlətin daxili işlərinə və ya onun üçüncü dövlətlərlə qarşılıqlı münasibətlərinə silahlı və ya hər hansı başqa müdaxiləsi. BMT-nin nizamnaməsi müdaxiləni qadağan edir və onu beynəlxalq hüquq pozuntusu kimi dəyərləndirir.

müdərris (ər. «müəllim», «dərs deyən») — Yaxın və Orta Şərq ölkələrində ali mədrəsəni bitirmiş mədrəsə müəllimi.

müəssislər məclisi — konstitusiyanın hazırlanması və qəbul edilməsinə və ya yeni dövlət quruculuğu yaratmağa səlahiyyəti olan yığıncaq, məclis.

müflisləşmə, iflas (bankrotluq) — 1) var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; 2) məcazi mənada -imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.

müfti — 1) dini-hüquqi məsələləri həll edən, fitva çıxaran yüksəkvəzifəli müsəlman ruhani; 2) sünnilərin dini işlərinə rəhbərlik edən baş ruhani.

mühacirət (emiqrasiya) — başlıca olaraq işsizlik, iqtisadi çətinlik, milli ayrı-seçkilik və siyasi təqiblərlə bağlı öz vətənindən başqa ölkəyə məcburi və ya könüllü şəkildə köçmək.

müharibə — dövlətlər və ya bir dövlətin ictimai qrupları arasında onların iqtisadi və siyasi maraqlarının həyata keçirilməsi məqsədi ilə aparılan silahlı mübarizə; siyasətin zorakı yolla davam etdirilməsi.

müxalifət — 1) geniş mənada — əks fəaliyyət, müqavimət, öz nöqteyi-nəzərlərini, öz siyasətini başqa nöqteyi-nəzərlərə və siyasətə qarşı qoyma; 2) çoxluğun rəyinə və ya hakim fikrə qarşı qəti çıxış edən adamlar və ya partiyalar qrupu; 3) parlament müxalifəti — hökumətin formalaşdırılmasında iştirak etməyən, bir sıra məsələlərdə hökumət siyasətinə qarşı çıxış edən adamlar və ya partiyalar qrupu.

müklər — müklər tayfası qədim zamanlardan Azərbaycan ərazisində məskunlaşmışdılar. Mənbələrdə ilk dəfə onların adına e.ə. VI əsrdə rast gəlinir. Onların adı mənbələrdə qonşu olduqları utilərlə yanaşı çəkilir. Müxtəlif məlumatlara görə, müklər Muğan ərazisində (müasir Muğan çölü) məskunlaşmışlar. Müklər Əhəmənilər dövlətinin XIV satraplığının tərkibində imişlər. Herodotun məlumatına görə, Kserksin e.ə. 480-ci ildə Yunanıstana yürüşü zamanı müklər Əhəməni qoşunları tərkibində olublar. Müklər yerli istehsaldan olan ox və xəncərlərlə silahlanmışdılar. Müklərin rəisi Kserksin qardaşı Arsamen idi, bu da Əhəməni qoşunlarında müklərin mövqeyinin güclü olduğunu sübut edir. Əhəmənilər dövlətinin süqutundan sonra müklər Atropatenanın, sonralar isə Qafqaz Albaniyasının tərkibinə daxil olmuşlar. Müklərin məskunlaşdıqları vilayətin adı — Mukan — pəhləvi kitabələrində ilk dəfə eramızın III əsrində çəkilir. VII — VIII əsrlər ərəb coğrafiyaçı səyyahları Muğan vilayətinin də adını çəkirlər. Monqolların yürüşü dövründən etibarən Muğan forması ümumən qəbul olunur və xalq etimologiyasında «muq» — «maq» sözü ilə əlaqələndirilir. Bu da, yəqin, onunla bağlıdır ki, orta əsrlərdə bu vilayətdə çoxlu zərdüşti kahini — maq olmuşdur.

mükəlləfiyyət (ər. «hər hansı bir işi məcburən yerinə yetirmək öhdəliyi») -əhalinin kanalların qazılmasında, bəndlərin tikilməsi və təmirində, sarayların və piramidaların inşasında, yolların salınmasında, sahibin tarlalarının əkilib-becərilməsində və s. məcburi əmək öhdəlikləri. Hərbi mükəlləfiyyət — qoşunda xidmət etmək vəzifəsi də mövcuddur.

müqatiyə (ər. «kəsmək», «kəsib götürmək») — iltizam — əvvəlcədən dövlətə müəyyən məbləğdə pul ödəmiş xüsusi adamlara vergi toplamaq hüququnun verilməsi.

«Müqəddəs ittifaq» — Rusiya imperatoru I Aleksandrın təşəbbüsü ilə 1815-ci il sentyabrın 26-da Avstriya, Prussiya və Rusiyanm bağladıqları mürtəce ittifaq. «Müqəddəs ittifaq»ın məqsədi Vyana konqresi qərarlarının toxunulmazlığını təmin etmək, mütləqiyyəti möhkəmlətmək, inqilabi və milli-azadlıq hərəkatlarını yatırmaqdan ibarət idi. 1815-ci ildə Fransa və bir sıra digər Avropa dövlətləri də qoşuldular. «Müqəddəs ittifaq»ın razılığı və təhriki ilə Avstriya qoşunları qoşa Siciliya krallığı (1820 — 21) və Pyemont (1821) inqilablarını amansızcasına yatırdı, İspaniyaya soxulan (1820 — 23) Fransa qoşunları isə burada inqilabı boğaraq mütləqiyyəti bərpa etdi. Böyük Britaniya formal olaraq «Müqəddəs ittifaq»a daxil olmasa da, onu dəstəklədi və bir sıra tədbirlərində iştirak etdi. Avropa dövlətləri arasındakı ziddiyyət və inqilabi hərəkatın inkişafı «Müqəddəs ittifaq»ı sarsıtdı və o, XIX əsrin 20-ci illərinin sonlarında — 30-cu illərinin əvvəllərində faktik olaraq dağıldı.

«Müqəddəs Roma imperiyası» (962 — 1806; XV əsrdən «Alman millətinin „Müqəddəs Roma imperiyası“) — əsası Şimali və Roma ilə birlikdə Orta İtaliyanı özünə tabe etmiş alman kralı I Otton tərəfindən qoyulmuşdur. Çexiyanı, Burqundiya və Niderlandı, İsveçrə torpaqlarını və s. əraziləri də əhatə edirdi. İmperatorları əsasən cənubda (İtaliya) və şərqdə (Labasahili slavyan torpaqları) işğalçı müharibələr aparırdılar; XI əsrin sonları — XIII əsrdə Roma papaları ilə daim vuruşan imperatorların hakimiyyəti tədricən zəiflədi, XIII əsrin ortalarında İtaliya itirildi, Almaniya isə ayrı-ayrı knyazlıqlara parçalanmağa başladı. 1648-ci il Vestfaliya sülhü imperiyanın müstəqil dövlətlər konqlomeratına çevrilməsini təsdiqlədi. İmperator kurfürstlər tərəfindən seçilməyə başlandı. Austerlis yaxınlığındakı qələbədən sonra I Napoleon tərəfindən tamamilə ləğv edildi.

Müqəddəs Sofiya məbədi — VI əsrdə Bizans imperatoru Yustinianın əmri ilə Konstantinopolda inşa edilmişdir. Müqəddəs Sofiya məbədi Bizans memarlığının ən gözəl əsəridir. Onu „möcüzələr möcüzəsi“ adlandırır, şerlərdə tərənnüm edirdilər. Məbədi on min nəfər 5 il ərzində inşa etmişdir. Məbəd daxili tutumu və gözəlliyi ilə də adamı heyrətə gətirirdi. Osmanlı türklərı Konstantinopolu fəth etdikdən sonra Müqəddəs Sofiya məbədini qoruyub saxladılar, amma onu məscidə çevirdilər. Hazırda Aya-Sofiya məscidi İstanbulun ən gözəl və görməli yerlərindəndir.

mülk (ər. „mülkiyyət“, „varidat“, „dövlət“) — Ərəb xilafəti dövründə (elə sonralar da) Yaxın və Orta Şərq ölkələrində xüsusi torpaq miilkiyyəti (maldan fərqli olaraq) forması. Artıq Əməvilər dövründə mülk məlum idi. Müsəlman ölkələrində feodalizmin inkişaf etməsi ilə əlaqədar olaraq „mülk“ məfhumunun mənaları fərqlənməyə başladı: 1) səltənət, dövlət, hökumət, feodal mülkiyyəti; 2) iri və ya xırda irsi feodal mülkiyyəti; 3) su və irriqasiya tikililərinə olan xüsusi mülkiyyət; 4) Cənubi Qafqaz ölkələrində, habelə mülk torpağında yerləşən kəndlilərdən toplanılan vergi; 5) icmadan ayrılmış və feodaldan asılı olmayan torpaq üzərində xırda kəndli mülkiyyəti; 6) kənd icmasının torpaq və ya su üzərində mülkiyyəti.

Mülkədar — mülk sahibi. Bəzən „malik“ adlanırdı.

mülki cəmiyyət — azad və bərabərhüquqlu adamlardan ibarət olan cəmiyyət. münaqişə — bax: konflikt.

Münhen sazişi (1938) — 1938-ci il sentyabrın 29-da Münhen şəhərində (Almaniya) Çexoslovakiyanın parçalanması haqqında İngiltərə, Fransa, Almaniya və İtaliya hökumət başçıları (N.Çemberlen, E.Daladye, A.Hitler, B.Mussolini) tərəfindən imzalanmış saziş. Münhen sövdələşməsi İngiltərə, Fransa, Amcrika hakim dairələrinin İkinci Dünya müharibəsi ərəfəsində „sülhyaratma siyasəti“nin ən parlaq nümunəsi idi. 1938-ci ilin aprelində Sudet vilayətində yaşayan almanlar Çexoslovakiyadan tələb etdilər ki, bu ərazi üzərindəki suverenliyindən imtina eləsin. Bu tələb Almaniya tərəfindən dəstəkləndi. Çexoslovakiya ilə ittifaqda olan Fransa isə nəinki öz müttəfiqini müdafiə etmədi, hətta Çexoslovakiyada səfərbərlik elan olunmasına qarşı çıxdı. 1938-ci ilin avqustunda İngiltərə Sudet vilayətinin Çexoslovakiyadan ayrılıb Almaniyaya birləşdirilməsi təklifi ilə çıxış etdi. Sudet almanlarının qiyamı Çexoslovakiya qoşunları tərəfindən yatırıldı. Lakin Hitler hədələdi ki, onun bütün tələbləri yerinə yetirilməsə, Çexoslovakiyanı məhv edəcək. İngiltərə ilə Fransa bəyan etdilər ki, egər Hitlerin tələbləri qəbul olunmasa, Çexoslovakiya hücuma məruz qalacaq və heç nə onu məğlubiyyətdən və isğaldan xilas etməyəcək. Münhen konfransında əldə olunmuş razılığa əsasən, Çexoslovakiya nəinki təkcə Sudet vilayətini, həm də Avstriyanın Almaniyaya birloşdirilmiş rayonlarmın həmsərhəd bölgələrini Hitlerə verməli, eləcə də Polşa və Macarıstan tərəfindən irəli sürülən ərazi iddialarını təmin etməli idi. Çexoslovakiyanın hökumət başçısı Beneş bildirdi ki, o, Münhen konfransının tələblərinə tabe olur. ABŞ prezidenti də Münhen sazişinin imzalanmasını alqışladı.

Münşi İsgəndər (1560 — 1633) — görkəmli Azərbaycan tarixçisi. Səfəvi şahı Məhəmməd Xudabəndənin yanında divan mirzəsi, sonra isə I Şah Abbasın tarixçisi olmuşdur. Əsas əsəri — »Tarix-i-aləm-arayi Abbasi" («Dünyanın bəzəyi Abbasın tarixi»). Münşinin əsərində Azərbaycanın, İranın və qonşu ölkələrin siyasi, ictimai-iqtisadi və mədəni tarixi təsvir edilir.

Müntser Tomas — Almaniyada xalq Reformasiyasının və 1525-ci il kəndli müharibəsi dövründəki silahlı dəstələrdən birinin başçısı. İlk vaxtlar Lüterin tərəfində çıxış edirdi. O, xalqı feodal zülmünə və katolik kilsəsinə qarşı mübarizəyə çağıran «12 maddə» proqramının müəlliflərindən biridir. Sonralar Lüteri qəti fəaliyyətdən yayındığına və feodalların tərəfinə keçdiyinə görə ittiham edirdi. Kəndli dəstələri dağıdılan zaman Müntser əsir düşmüş və ağır işgəncələrdən sonra boynu vurulmuşdu.

mürid — 1) davamçı, şagird, mürşid üsullarına uyğun olaraq dini təkmilləşmə, təmizlənmə üçün bilik və xüsusi yolların axtarıcısı; 2) müridizm və sufizm davamçısı.

müridizm — islamda — ardıcılları mürid, dərviş və sufilərin bir sıra birlik, qardaşlıq və icmalarına bölündüyü dini-mistik təlim. Müridizm öz davamçılarından qeyd-şərtsiz olaraq mürşidlərə (şeyx, pir, işan və ustazlara) tabeçiliyi, şəxsi iradə təzahürlərindən imtinanı, dünyəvi həyata nifrəti və s. tələb edir. Müridizm islamın Asiya və Afrikada yayılmasında mühüm rol oynamışdır. Burada əsas ideyalardan biri qəzavat (cihad) ideyası olmuşdur. Qafqazda müridizm XIX əsrin 20-ci illərində daha geniş şəkildə yayılmışdır. 1824-cü ildən Cənubi Dağıstanda müridizm ideyasını molla Məhəmməd təbliğ edirdi. İmam Şamilin qayınatası, Mərkəzi Dağıstandan olan Cəmaləddin də müridizmin iri ideoloqu idi. Müxtəlifdilli dağlıları birləşdirən müridizm Qafqazda müstəmləkəçiliyə qarşı hərəkata dini rəng və müəyyən təşkilatçılıq xüsusiyyətləri vermişdi. 1918 — 21-ci illərdə müridizm qəzavat bayrağı altında imam N.Qosinskinin başçılığı ilə sovet hakimiyyətinə qarşı yönəlmiş milli-azadlıq hərəkatında istifadə olunmuşdur.

mürşid (ər. «yol göstərən», «rəhbər», «nəsihətçi», «bələdçi») — 1) müridlərə rəhbərlik edən təriqət başçısı; 2) müridizm və sufizmdə — müəllim, müridlər tərəfindən dini biliklərin təkmilləşdirilməsi üçün seçilən din xadimi.

müsadirə — bütün əmlakın və ya onun bir hissəsinin məcburi və əvəzi ödənilmədən dövlətin mülkiyyətinə götürülməsi.

«Müsavat» (ər. «Bərabərlik») — Azərbaycanda 1911-ci ildə «Müsavat» müsəlman demokratik partiyası" adı ilə yaradılmış milli-partiya. Baniləri və rəhbərləri M.Ə.Rəsulzadə, Q.Şərifzadə, A.Kazımzadə, T.Nağıyev və b. idi. İlk vaxtlar bir qrup milli ziyalını təmsil edirdi. Müsavatçılar pantürkizm və panislamizm ideologiyasını qəbul etmişdilər, onların devizi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək” idi. «Müsavat» partiyasının şöbələri Azərbaycandan başqa, müsəlmanların yaşadıqları Qafqaz və Rusiya şəhərlərində də açılmışdı. Partiyanın bölmələri həm də azərbaycanlı tələbələrin təhsil aldıqları ali məktəblərdə meydana gəlmişdi. Balkan müharibəsi dövründə Osmanh Türkiyəsinə kömək etmək məqsədi ilə «Müsavat»ın türkdilli xalqlara müraciət etdiyi bəyanatında deyilirdi: «Dindaşlar! Bilin və düşünün ki, bizim yeganə ümidimiz və xilasımız — Türkiyənin müstəqilliyi və tərəqqisindədir. Bu bəyanatdan sonra çarizm „Müsavat“ı təqib etməyə başladı, nəticədə 1913-cü ildə partiya müvəqqəti olaraq öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. „Müsavat“ın liderləri öz davamçılarını „rus hökumətini aşkar tənqid eləməkdən“ çəkindirirdilər. Birinci Dünya müharibəsi illərində isə „Müsavat“ bütün müsəlmanları „müharibəni qələbəyədək sona çatdırmaq üçün“ çar hökumətinə köməyə çağırırdı. 1915-ci ildə M.Ə.Rəsulzadə faktik olaraq partiyanın əsas orqanına çevrilən „Açıq söz“ qəzetini nəşr etməyə başladı. Rusiyada 1917-ci il Fevral inqilabından sonra „Müsavat“ partiyası özünün aktiv siyasi fəaliyyətini bərpa elədi və milli-ərazi muxtariyyəti tələbləri irəli sürmədən „Demokratik Rusiya respublikası“ uğrunda çıxış etməyə başladı. 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında „Müsavat“ ilə „Türk ədəmi-mərkəziyyət (federalistlər) partiyası“ arasında birləşmə haqqında razılıq əldə edildi və bu birləşmə 1917-ci il oktyabrın 25 — 29-da (7-11 noyabr) „Müsavat“ın I qurultayında başa çatdı. Birləşmədən sonra partiya „Türk ədəmi-mərkəziyyət “Müsavat» partiyası" adlandırıldı. “Müsavat”ın yeni proqramı qəbul edildi və həmin proqrama görə, Rusiyada dövlət quruluşu «milli-ərazi muxtariyyəti üzrə federativ demokratik respublika formasında» olmalı idi. «Müsavat»ın Mərkəzi Komitəsinə M.Ə.Rəsulzadə, M.H.Hacınski, N.B.Yusifbəyli, H.B.Ağayev və b. daxil olmuşdular. «Müsavat»ın tərkibində iri burjuaziya və mülkədarlarla yanaşı, xırda burjuaziya, ziyalılar, qulluqçular və fəhlələrin bir qismi də təmsil olunurdu. O dövrdə «Müsavat»ın mətbu orqanları "İstiqlal", «Bizim yol» idi. Oktyabr çevrilişi və Rusiyada vətəndaş müharibəsindən sonra «Müsavat» Azərbaycanın əsas siyasi qüvvələrindən biri idi. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə seçkilər zamanı müsavatçılar səslərin əksəriyyətini (40%) qazandılar, lakin Bakı Sovetinin işində iştirakdan imtina elədilər. Müsavatçılar və onların tərəfdarları (o cümlədən Bakının dinc əhalisi olan azərbaycanlılar — 12 min nəfərdən çox) 30 mart — 1 aprel 1918-ci ildə daşnaklarla ittifaqda Şaumyanın başçılığı ilə Bakı Sovetinin qoşunları tərəfindən qətlə yetirildi. Azərbaycanın dinc əhalisinin Bakı Sovetinin qoşunları və daşnaklar tərəfindən qətliamı Şamaxı, Kürdəmir, Xaçmaz, Lənkəran, Hacıqabul və Salyanda da davam etdirildi. 1918-ci il mayın 28-də ADR-in yaradılmasından sonra «Müsavat» üzvləri hökumətdə əsas vəzifələri tutmaqla yanaşı, ADR parlamentində də çoxluq təşkil edirdilər. 2-11 dekabr 1919-cu ildə «Müsavat»ın II qurultayı keçirildi və partiya daxilində kifayət qədər güclü sol cinah formalaşdı; sonralar onun böyük hissəsi «Müsavat»dan uzaqlaşdı. 1920-ci ildə Azərbaycan Rusiya Qırmızı Ordusu tərəfindən tutulandan sonra «Müsavat» partiyası və onun mətbu orqanları qadağan edildi, müsavatçıların bir çoxu həbs olundu, bir hissəsi isə Türkiyə və digər ölkələrə mühacirətə gedərək orada aktiv antisovet fəaliyyətlərini davam etdirdi. «Müsavat» partiyası mühacirətdə də fəaliyyətini dayandırmamışdı: 1936-cı ilin avqustunda «Müsavat»ın konfransı keçirilmiş və partiyanın yeni proqramı qəbul olunmuşdur.

«Müsəlman konstitusiyası» — 1905-ci il 17 oktyabr çar manifestindən sonra Şimali Azərbaycanda ticarət-sənaye burjuaziyası tərəfindən yaradılmış partiya. «Müsəlman konstitusiyası» partiyasının proqramı Rusiya «Konstitusiyalı demokratlar» (kadetlər) partiyasının proqramına yaxın idi.

«Müsəlman Milli Şurası» — Azərbaycan ziyalılarının nümayəndələri tərəfindən 1917-ci il martın 27-də yaradılmış təşkilat. «Müsəlman Milli Şurası»nın Müvəqqəti İcraiyyə Komitəsinə Əlimərdanbəy Topçubaşov, Fətəli xan Xoyski, M.H.Hacınski, M.Ə.Rəsulzadə, A.T.Tağıyev, A.A.Əmicanov, X.A.Əliyev, M.Əsədullayev, M.Heydərov, N.Nərimanov, Ə.Əzizbəyov daxil idilər. İcraiyyə Komitəsinin sədri vəzifəsinə M.H.Hacınski, sədr müavinliyinə isə M.Ə.Rəsulzadə seçilmişdi. Şimali Azərbaycanın şəhər və qəzalarında «Müsəlman Milli Şurası»nın filialları yaradılırdı. «Müsəlman Milli Şurası» öz fəaliyyətini demokratik prinsiplər əsasında qurur və çalışırdı ki, müsəlman əhalisinin bütün təbəqələrini milli partiya və təşkilatlar ətrafında birləşdirsin.

müsəlmanlar — islam dininə etiqad edənlər.

müstəmləkə — orta əsrlərdə və yeni dövrdə Avropanın işğalçı dövlətləri tərəfindən tutulmuş və öz müstəqilliklərini itirmiş ölkə və ərazilər.

müstəmləkəçilik — siyasi və iqtisadi istismar, inkişaf etmiş ölkələrin sosial-iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələri mənəvi cəhətdən əsarət altına alması. «Müstəmləkə siyasəti» mənasında da işlədilir.

Mütəllibov Ayaz -Azərbaycan KP MK-nın birinci katibi (1990-cı ildən), Azərbaycan SSR prezidenti (1990 — 91), AR prezidenti (1991 — 92). Bakıda 1990-cı il 20 Yanvar hadisələrindən sonra Moskva respublikadan qaçmış Ə.Vəzirovun yerinə Ayaz Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi təyin etmişdir. Fevral — may aylarında Naxçıvanın Kərki kəndini tutan erməni birləşmələri Qazax rayonunun Bağanıs-Ayrım kəndinə hücum etdilər. 1990-cı ilin aprelində ziyalıların nümayəndələri respublika və AXC rəhbərliyinə «75-lərin müraciəti» ilə erməni təcavüzünə qarşı mübarizədə qüvvələri birləşdirməyə çağırmışdır. Mayın 19-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında prezident vəzifəsi təsis olundu və Ali Sovet elə oradaca Mütəllibovu həmin vəzifəyə təsdiq etdi. Prezidentin fərmanı ilə 1990-cı il mayın 21-də may ayının 28-i Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi, üçrəngli ADR bayrağı isə yenidən Azərbaycanın dövlət bayrağı oldu. İyunun 11-də Azərbaycan SSR Ali Soveti Ermənistanla bütün sərhədboyu fövqəladə vəziyyət elan etdi. Sərhəd mühəndis qurğuları ilə möhkəmləndirildi, onun mühafizəsi üçün xüsusi polis dəstələri yaradıldı. «Demblok»un etirazına baxmayaraq, 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti SSRİ-nin saxlanılması haqqında Azərbaycanın referendumda iştirakı, eləcə də Azərbaycan SSR-in adının Azərbaycan Respublikasına (AR) dəyişdirilməsi barədə qərar qəbul ctdi. Mütəllibov ümid edirdi ki, Ermənistan tərəfindən referendumun boykot edildiyi bir dövrdə Azərbaycanın bu prosesdə iştirak etməsi Moskvanın Ermənistan — Azərbaycan münaqişəsinə münasibətini dəyişəcək. Apreldə SSRİ prezidenti Qorbaçov və 9 respublika rəhbəri, o cümlədən Mütəllibov Novo-Oqaryovoda (Moskva yaxınlığında) yeni ittifaq müqaviləsinin bağlanması haqqında protokolu imzaladılar. Moskva referendumda iştirakdan imtina edən Ermənistana «dərs vermək» məqsədi ilə ermənilərə göstərilən yardımı xeyli azaltdı. 1991-ci ilin mayında Sovet Ordusunun və Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD — OMON) qüvvəsi ilə Çaykənddə və Martunaşendə pasport rejiminin yoxlanışı keçirildi və hərbiləşdirilmiş erməni dəstələri tərk-silah olundu, iyunda isə ermənilərin Goranboy rayonundakı hərbi dayaq məntəqələri ləğv edildi. Bundan istifadə edən Mütəllibov ümumxalq prezident seçkilərinə hazırlaşdı. 1991-ci il avqustun 19-21 — də Moskvada «avqust qiyamı» baş verdi, Mütəllibov Fövqəladə Vəziyyət üzrə Dövlət Komissiyasını (QKÇP) dəstəklədi. Qorbaçov faktik olaraq hakimiyyətini itirəndən sonra isə 1991-ci il avqustun 30-da AR Ali Soveti «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» bəyanat qəbul etdi. Sentyabrın əvvəllərində üzdəniraq «Dağlıq Qarabağ Respublikasının (DQR) yaradılması elan olundu. Sentyabrın 8-də saxtalaşdırılmış seçkilər nəticəsində A.Mütəllibov Azərbaycan Respublikasının ilk prezidenti seçildi. 1991-ci il oktyabrın 18-də AR Ali Sovetinin sessiyasında „Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında“ konstitusiya aktı qəbul olundu. Noyabrın 14-də SSRİ prezidenti Qorbaçov və 7 respublika rəhbəri yenidən Novo-Oqaryovoda yeni dövlətlərarası birlik — »Suveren dövlətlər ittifaqı" yaratmaq üçün bir yerə toplandılar, lakin respublikalardakı geniş etiraz dalğası üzündən hazırlanmış müqaviləni təkcə Qorbaçovun özü imzaladı. Noyabrın 20-də Azərbaycan Respublikasının dövlət xadimləri və Sovet Ordusunun yüksəkrütbəli hərbçilərinin olduğu vertolyot Dağlıq Qarabağın səmasında vuruldu. Noyabrın 26-da Azərbaycan Respublikasının Ali Soveti DQMV-nin statusunu ləğv ctdi. Dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı. Bir qədər sonra Azərbaycan da MDB-nin yaradılması prosesinə qoşuldu. Dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti latın qrafikası əsasında Azərbaycan əlifbasının bərpası haqqında qanun qəbul etdi. Azərbaycan Respublikası "İslam konfransı" təşkilatına daxil oldu. 1991 -ci il dekabrın 29-da Azərbaycan Respublikasının müstəqilliyi haqqında keçirilən referendumda iştirakçıların 95%-dən çoxu onun lehinə səs verdi. 1992-ci il yanvarın 19-da erməni silahlı birləşmələri Sovet Ordusu hissələrinin köməkliyi ilə Kərkicahan kəndini tutub yandırdılar. Bununla belə, AR rəhbərliyi baş verən hadisələrə tamam biganəlik göstərir və müxalifətin Milli Ordu yaradılması haqqında tələblərini hər dəfə müxtəlif bəhanələrlə rədd edirdi. Fevralın 25 — 26-da erməni birləşmələri Sovet Ordusu hissələrinin köməkliyi ilə AR rəhbərliyi tərəfindən taleyin hökmünə buraxılmış Xocalı şəhərini tutaraq 613 dinc azərbaycanlı sakini — qocaları, qadınları və uşaqları vəhşicəsinə qətlə yetirdilər. Martın 2-də AR BMT-yə qəbul edildi. Xocalı qətliamından sonra xalq kütlələrinin təzyiqi ilə AR prezidenti Mütəllibov martın 6-da istefaya çıxmağa məcbur oldu. Hökumət boşluğu yarandı. Hakimiyyət uğrunda mübarizə nəticəsində mayın 8-də Şuşa ermənilərə verildi, mayın ortalarında isə Azərbaycan qoşunlarının Laçın rayonundan çıxarılmasına başlanıldı. Mayın 14-də Mütəllibovun tərəfdarları AR Ali Sovetinin sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. Bu hadisələri qeyri-konstitusion adlandıran AXC öz tərəfdarlarının köməkliyi ilə mayın 15-də Ali Sovetin binasını tutdu. Mütəllibov Moskvaya qaçdı.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top