12 sentyabr 1980-ci ildə general K.Evrenin başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həyatın bütün sahələrində, istər iqtisadiyyat olsun, istər siyasət, istərsə də etnokültürdə, demokratik təməllərin eninə və dərininə inkişafı kursunun dönməzliyi bu mərhələnin xarakteridir və o bu gün də davam etməkdədir. Çox paradoksaldır ki, hər çevrilişdən sonra Türkiyə bir dövlət olaraq daha çox demokratikləşir və daha çox iqtisadi potensial sahibinə çevrilir.
Türkiyənin xarici siyasəti bu dövrdə iki güc mərkəzinin, onların rəmzi təmsilçiləri olan ABŞ və Sovet İttifaqı arasında olan münasibətlər zəminində, eləcə də bu iki dövlətin region ölkələrinə olan münasibətləri zəminində formalaşır, II dünya müharibəsindən sonra təklənmiş Türkiyə tədriclə Qərb blokunun etibarlı üzvünə çevrilirdi. İrəlidə də deyildiyi kimi, bu məsələdə Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiaları və boğazları birgə müdafiə tələbi və təhdidi az rol oynamamışdır. Odur ki, DP hakimiyyətinin xarici siyasət kursu öz sələfi olan CXP-nin kursunun davamı olmuşdur. Bu baxımdan bir sıra önəmli hadisələri yada salmaq istərdik.
1949-cu ilin 4 mayında kollektiv müdafiə ittifaqı kimi NATO-nun yarandığı vaxtdan Türkiyənin bu təşkilata üzv olmaq üçün xüsusi fəaliyyət göstərməsi maraq doğurur. Çünki, NATO üzvü olan ölkələr Türkiyənin üzvlüyünə bir müddət mane oldular. Böyük Britaniya başda olmaqla Norveç, Danimarka, Hollandiya və Belçika kimi kiçik ölkələr Türkiyənin NATO-ya qatılmasına Sovet İttifaqının güclü təzyiqi ilə qarşılanacağından ehtiyat edirdilər. Başqa tərəfdən Böyük Britaniyanın digər əndişələri də var idi. Trumen doktrinası nəticəsində ABŞ-ın Aralıq dənizi ətrafı ölkələrdə möhkəmlənməsi və regionun müdafiəsi məsuliyyətini öz üzərinə götürməsindən sonra Böyük Britaniya Orta Şərqdə yenidən müstəmləkəçilik həvəsinə düşmüşdü və buradan çəkilmək haqqında düşünmürdü. O, istər Süveyş kanalına, istərsə Orta Şərq neft mədənlərinə nəzarəti öz əlində saxlamaq istəyirdi. Odur ki, Böyük Britaniya Türkiyənin NATO-ya girmək planından öz məqsədləri üçün yararlanmağa çalışırdı. O, Türkiyənin təhlükəsizlik əndişələri ilə özünün Orta Şərq, xüsusi ilə Süveyş kanalı ilə bağlı maraqlarını bir araya gətirməyə çalışırdı. Böyük Britaniya istəyirdi ki, Orta Şərqdə Türkiyənin, özünün və Misirin də qatıldığı bir təhlükəsizlik sistemi yaratmaqla Süveyşdə qalmaq imkanı qazansın.Lakin Türkiyə öz təhlükəsizliyinin təminatını ABŞ-la birlikdə, onun başçılıq etdiyi ittifaqda görürdü və NATO-ya girməkdə israr edirdi. Belə olduqda Böyük Britaniya 1951-ci ilin iyulunda Türkiyənin Orta Şərq Təhlükəsizlik sisteminə qatılacağı təqdirdə onun NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bildirdi.
Türkiyənin II dünya müharibəsindən sonrakı tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu ölkə qonşu müsəlman dövlətləri ilə müqayisədə fərqli bir inkişaf yolu seçdi. Bu seçim imkan verdi ki, Türkiyə kapitalizm yolu ilə inamla irəliləsin və inkişaf etsin. Bu gün ölkədə mövcud olan inkişaf prosesinin dinamikası ona dəlalət edir ki, Türkiyə həyatın bütün sahələrinin modernləşdirilməsində və dəyişən dünyanın şərtlərinə uyğunlaşmaqda yetkin bir səviyyəyə çatmışdır, iqtisadi həyatda liberalizm, siyasi həyatda parlamentarizm prinsipləri dönməzdir və yalnız irəliyə yönəlidir. Türkiyə artıq zaman-zaman baş vermiş sabitsizlik bəlasından xeyli uzaqlaşmışdır və inamlı mövqe sahibi olan bir dövlətə çevrilmək prosesini başa çatdırmaqdadır. Bəs Türkiyə belə bir yüksəlişə necə nail ola bilmişdir?