İkinci Dünya müharibəsində hər iki tərəfin cəhdlərinə baxmayaraq, Türkiyə bitərəf qaldı. 1945-ci ilin fevralında Türkiyə Almaniya və Yaponiyaya müharibə elan etdi. Yaranması nəzərdə tutulan BMT-yə üzv qəbul edilmək üçün bu addımın atılması əsas şərt idi. Lakin bu dövrdə Türkiyənin beynəlxalq vəziyyəti çətin idi. Belə ki 1945-ci ilin martında SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürmüşdü. Ona görə də Türkiyə SSRİ-nin təcavüz təhlükəsinə qarşı ABŞ-la yaxınlaşmağa məcbur idi. Trumen doktrinası və Marşall planına əsasən, ABŞ Türkiyəyə hərbi-iqtisadi yardım göstərdi.
Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Selanikdə almış, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olmuş, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılmış, 1916-cı ildə general rütbəsi ilə təltif olunmuş, Diyarbəkir Cəbhədindəki 16-cı briqadanın komandanlığına gətirilmişdir. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağrılmış və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunmuşdur.
80-90-cı illərdə Türkiyənin xarici siyasətinə gəlincə qeyd etmək lazımdır ki, bu sahədə ənənəvi kurs toxunulmaz olaraq saxlanılmışdır. Belə ki, 12 sentyabr 1980-ci ildə hakimiyyəti öz üzərinə götürən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi K.Evren ilk çıxışında bildirdi: Türkiyə NATO və digər müttəfiqlik müqavilə və sazişlərinə sadiq olaraq qalır, başda qonşular olmaqla bütün ölkələrlə qarşılıqlı suverenlik və hörmət, bir-birinin daxili işlərinə qarışmamaq əsasında və bərabər şərtlər daxilində iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etdirmək qərarındadır. Beynəlxalq məsələlərin sülh yolu ilə həll edilməsi yönümündə siyasətini davam etdirəcəkdir.