Qafqaz
“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotunmətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi77-ci ildə Plininin “Təbii tarix” əsərində verilmişdir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar anında insanların imdadına çatan Simurq quşu da burada yaşayır.
Gitara
Bu musiqi alətinin adı Avropa xalqlarının dillərinə XII-XIII əsrlərdə yunan dilindən keçmişdir. O zaman Avropada ladları olan uzun qollu və kənarında əyriləri olan taxta yastı çanaqlı musiqi alətlərinin hamısına “gitara” deyilirdi. Sözün yunan dilinə bilvasitə fars dilindən keçməsi və başqa bir musiqi aləti olan “sətar”ın (farsca “üç sim”) adının əsasında yarandığı güman edilir. Azərbaycan milli musiqi aləti “tar” da farsca “sim” deməkdir və nəticədə “gitara” ilə “tar”ın qohumluğunu aşkar etmiş oluruq.
Fındık
Yunan dilində “Pontikon karion” “dəniz cevizi”deməkdir. Bu ifadənin birinci hissəsi ərəb dilinə “bunduk” kimi keçmiş, sonra dilimizə “fındık” kimi daxil olmuşdur. Beləliklə, “fındığın” əslində yunan dilindəki “dəniz” sözünün əsasında yarandığını söyləyə bilərik.
Qardaş
Dilimizdə ən çox istifadə olunan kəlmələrdən biri“qardaş” əslində “qarındaş” sözünün dəyişilmiş şəklidir və “eyni qarnı paylaşdığın şəxs” mənasını verir.
Musiqi
Yunan dilində “musike” kəlməsi “Muzelərin incəsənəti” deməkdir. İlahələr olan muzelər qədim yunan mifologiyasında elm, poeziya və incəsənətin qəyyumları sayılırdılar və Parnas dağında yaşayırdılar. Başlanğıcda “musiqi” sözü indiki mənasını daşımırdı və muzelerin məşğul olduqları ixtiyari incəsənət sahəsinə istinadən işlənirdi.
Müəllif: Səməd Səfərov
Həmçinin bax: Sözlər, Güllər, Xörək adlarının tarixcəsi, Hind quşu