Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən iki elmi məqaləsini təqdim edirik. Müəllif məqalələri qələmə almamışdan öncə müxtəlif ölkələrdə tədqiqat işləri aparıb.
Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən — mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.