Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarında böyük rol oynayır. Yüklər bütün nəqliyyat növləri ilə, sərnişin daşımaları isə dəmir yolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Azərbaycanda çay nəqliyyatının rolu çox azdır. Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər kiçik çay gəmiləri yerli əhəmiyyətli yüklər daşıyır.
Təsərrüfat 2 yerə — maddi və qeyri-maddi istehsal sahələrinə ayrılır. Maddi istehsala — sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, ticarət və ictimai-iaşə; qeyri-maddi istehsala isə — elm, maarif, səhiyyə, bədən tərbiyəsi, idarəetmə orqanları daxildir.
Vaxtı ilə Azərbaycandan hasiledici sənaye (xammal) və kənd təsərrüfatı bitkiləri- məs. neft, pambıq, ipək, balıq, qara kürü və s. ixrac edilirdi. Son illər Azərbaycanın təsərrüfatında yanacaq-energetika və neft maşınqayırması, qara metallurgiya, kimya sənayesi inkişaf edib. Azərbaycanda müharibə getdiyindən, torpaqlarımızın 20%-dən çoxu işğal olduğundan, keçmiş SSRI respublikaları ilə iqtisadi əlaqələr pozulduğundan Azərbaycanın təsərrüfatı böhran içərisindədir.
2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.
Azərbaycanın 1/3 hissəsini tutan bu vilayət Böyük və Kiçik Qafqaz dağları arasındakı çökəkliyi əhatə edir. Vilayətin üzərini Kaynazoy yaşlı çökmə süxurlar örtür. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayətin ən hündür yeri Acınohur-Ceyrançöldə 1100 m, ən alçaq yeri isə Xəzər sahili ərazisindədir (-27 m).
Ölkəmizdə metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar var:
1. Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması.
2. Yerli enerji ehtiyatlarının — neft və təbii qazın olması.
3. Metal tələbatlı sənaye və tikinti sahələrinin olması.
4. Təcrübəli kadr və əmək ehtiyatlarının olması.
5. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.