Əslən Qərbi Azərbaycanın Qəmərli mahalından, əttar Seyid Məhəmmədin nəslindən olub, digər azərbaycanlılar kimi erməni daşnaqlarının təzyiqindən ailəsi ilə doğulduğu Yerevandan əvvəl Qarsa, sonra Tbilisiyə, 1918-ci ildə isə Bakıya üz tutmuş, trikotaj fabrikində fəhlə işləmiş, 1928-ci ildən Bakı işçi teatrında aktyor kimi kütləvi səhnələrə çıxmış, iki il sonra Bakı kinostudiyasında rejissor köməkçisi kimi çalışmış, «Böyük dahi» filmindəki Stalin rolunu dilimizdə səsləndirmiş, «İlk komsomol buruğu» filmində neftçi rolunu oynamış, 1931-33-cü illərdə ÜDKİ-da Sergey Eyzenşteynin emalatxanasında təhsil alsa da, sevmədiyi sənədli kino rejissorluğu ixtisasına keçirildiyindən diplom müdafiə etməsə də, «Lenfilm», «Mosfilm» studiyalarındakı ustad sənətkarlar yanında təcrübə qazanmış Hüseyn Əli oğlu Seyidzadə (1910-1979) Azərbaycana qayıtsa da, müharibənin başlaması ona özünü səfərbər etməyə imkan vermir.
Nəhayət ki, Moskvada birgə oxuduğu rejissor Niyazi Bədəlovla birgə, əhalinin cəbhədəki əsgərlərə yardımından söhbət açan, baş rolda Leyla Bədirbəylinin oynadığı çəkilişlərin Lahıcda aparıldığı, qısametrajlı «Sovqat» (ssenari müəllifi İ.Qasımov, 1942) bədii-oyun filmini ərsəyə gətirir. Qələbədən sonra H.Seyidzadənin çəkdiyi «Ədəbi odlar ölkəsi» (Azərbaycanın incəsənət ustaları) sənədli filmində (ssenari müəllifləri İ.Qasımov, S.Rəhman, 1945) musiqi dinləyən qızın xəyala dalması ilə ekranda təbiət mənzərələrinin, tarixi abidələrin, Çingiz xanın, Toxtamışın, Əmir Teymurun, Nadir şahın, Şah Abbasın, Qacarın rəssam tərəfindən işlənmiş qəzəbli rəsmləri ilə Nizami, Füzuli, Vaqif, Axundov və 1787-ci ildə çar Rusiyasından Quba xanlığını himayəyə götürməyi xahiş edən Fətəli xanın portretlərinin qarşılaşdırılması digər sənət sahələri kimi əyalət kinematoqrafının da güclü mərkəzə yarınmaq yolunda xalq yaddaşının əleyhinə getdiyini üzə çıxarmaqla rejissorun bədiioyun kinosunun qanunları ilə yaşadığını təsdiqləsə də o, arzusuna çata bilmir.