Azərbaycan kinosu kateqoriyası üzrə məqalələr

Böyük dayağın maraqlı sirləri

Azərbaycan kinematoqrafiyasında xalqımızın mədəniyyətini, ailə-məişət münasibətlərini özündə qabarıq şəkildə göstərən ekran əsərlərindən biri də 1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə ərsəyə gələn «Böyük dayaq» filmidir. Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkilən ekran əsərində dövrün siyasi və əxlaqi xüsusiyyətləri müqayisəli şəkildə göstərilərək tərbiyəvi formada işlənib.
Lakin çox az adama məlumdur ki, bu ekran incisinin əsas hissələri, baş verən hadisələr Tovuz rayonunda lentə alınıb. Filmin çəkildiyi evi ziyarət edərək çəkilişin canlı şahidləri ilə tanış olaq.
Davamı →

"Ölsəm, bağışla" filmi

Uzun illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilən "Ölsəm, bağışla" filmindən bəhs edilir. Filmin ərsəyə gəlməsi, ən hətta ən kiçik epizodun necə çəkildiyinə professional operator Rafiq Qəmbərovla nəzər salacağıq.
Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə ildə Qroznı şəhərində anadan olub. 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnistitutunun kinooperatorluq fakültəsində L.B. Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar «Azərbaycanfilm» kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə  daha çox məşğuldur.
Davamı →

Gümrah Rəhimov

“Qaçaq Nəbi” filmində Tunc Vəli, “Bəyin oğurlanması”nda Brodyaqa, “Tütək səsi”ndə Muxtar və daha neçə-neçə obraz… Yəqin ki, həmin filmləri və adları çəkilən qəhrəmanları xatırladınız…
Söhbət fəxri ad almadan bu dünyaya vida etmiş Gümrah Rəhimovdan gedir.
Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin 6 dekabrında Gürcüstanın Borçalı mahalının Sarvan kəndində anadan olub. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə gedib, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirib. Uşaqlıqdan məlahətli səsə malik olan Gümrah çalıb-oxumağı sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxil olur.
Davamı →

Dərdimizə məlhəm filmlər

Hərdən fikirləşirəm ki, dilimiz, mədəniyyətimiz, tariximiz bir-birinə çox yaxın olan Azərbaycanı və azərbaycanlıları nə zaman tanıdım, nə zaman sevdim görəsən? Lap məktəb çağlarımda… xatirimdən heç çıxmır ki… Bütün Krım tatarları kimi mənim atam və anam da Özbəkistana sürgün olunmuşlardan idilər.  Buralarda yurd qurub yaşadığımız yerlərdə — axıska türkləri, azərbaycanlılar da bizimlə  eyni taleni yaşayan qonşularımız idilər.

Bu məhəllələrdə böyüyən biz balaca qızcığazlar bir-birimizin dilində danışmağa nə zaman başladığımızı, əslində heç birimiz xatırlamırdıq. Eləcə, körpə uşaqlar ikən bir-birimizlə ünsiyyət quraraq, «lahana şorbası, xingəl, bazlama, bacı, əmi, dayı, xala” kimi sözləri nə vaxt anlamağa başladığımızın da fərqində deyildik.  Mən də həmin sözləri o zamandan mənimsəməyə başlamışdım.
Davamı →

Ulduz (film, 1964)

«Ulduz» — rejissor Ağarza Quliyevin filmi. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.
Davamı →

Kinomuzun Ceyhun Mirzəyev məqamı

Bir çox kino adamları «kino mənim həyatımdır» deyə bilərlər: bu sənəti həyatı qədər sevdiyindən, yaxud kino aləminə ömrünün ən yaxşı illərini bağışladığından. Ceyhun Mirzəyev də belə deyirdi. Amma onun bizim gördüyümüz, bildiyimiz həyatının bütün məqamlarının başlıca özgünlüyü olan səmimiliyinin nagahani təsirliliyi bu deyimə ayrı bir ahəng verirdi; onun çəkiliş meydançasında ilk iştirakı 1 yaşında ikən baş tutmuşdu.

1 yaşlı oğlan uşağının dil açar-açmaz poetik parçalar söyləmək bacarığını görən kino işçiləri Ceyhunu İ. Piryevin «Sibir torpağı haqqında dastan» filminin çəkilişlərinə aparıblar. Bundan sonra biz kinosevərlər onu tez-tez görməyə başladıq — «Koroğlu», "Əsl dost", «Bir məhəlləli iki oğlan», «Cazibə qüvvəsi», «Görüş», "Ögey ana", «Yenilməz batalyon», «Lətifə», «Yol əhvalatı» və s. Tez də itirdik. İlk rejissor işi həm də sonuncu oldu — «Fəryad» filminin sarsıntısı iliyə elə işlədi ki, çox keçmədən o fəryad Ceyhun Mirzəyevin bu dünyanı qəfil tərk etməsinin onu sevənlərin qəlbində qopardığı fəryada qarışdı.
Davamı →

Uşaqların sevimlisi “Ələkbər əmi”

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynov 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Qurban, H.X.Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R.Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin “Qar qız”ında Lel, R.Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynayıb.
Davamı →

Törəxanım Zeynalova

Kino salnaməmizdə peşəkar aktrisa olmayıb, amma ifası ilə bu sənətdə iz qoyan bir insan haqqında söhbət açmaq istəyirik. Milli kinomuzda nənə obrazına onun kimi yaraşan ikinci ifaçıya rast gəlmək çətindir.

Törəxanım Zeynalova. İçərişəhərdə dünyaya gələn bu xanım uzun illər indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının geyim sexində çalışıb. Onun istedadı unudulmaz rejissor Arif Babayevin diqqətini cəlb edir. Törəxanım Zeynalovanın (1895-1974) kinoya gəlməsində onun böyük rolu olur.
Davamı →

Ağahüseyn Cavadov

İncəsənətin, teatr və kinonun həyat üçün nə qədər vacib olduğunu hər birimiz yaxşı bilirik. Həyat hadisələrinin təfsilatı sənət adamlarının yaradıcılığında cilalanır, təhlil edilir. Bu mənada səhnəni, ekranı həyat məktəbi, sənətkarları isə peşəkar pedaqoq adlandırırıq.

Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) da məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə A.Cavadovun peşəsinə olan hörmətinin və sevgisinin təzahürüdür ki, iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşamadadır.
Davamı →

Eldəniz Zeynalov paradoksu

Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Sevincək deyir: «Bu uşağın adını mən qoyuram. Aybənizimiz var, Gülbənizimiz var, qoy bu uşaq da olsun Eldəniz».

Beləcə Eldəniz Zeynalov — gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin — dahi Səməd Vurğunun «yazdığı» vizit vəsiqəsi ilə qədəm qoyur.

Yaxşı igid dayısına oxşayar — deyiblər. Eldəniz Zeynalov da 64 illik ömür yolu və yaradıcılığı ilə xalqın bu inamının boş yerdən yaranmadığını bir daha təsdiqlədi. Lakin bir «amma» ilə. Çünki onun dayısı — Azərbaycan teatr sənətinin qüdrətli aktyorlarından olan Həsənağa Salayev romantik aktyor məktəbinin korifeylərindən idi.
Davamı →
Top