Təbəssüm. Sadə bir şeydir. Lakin bəzi insanlar gülümsəməkdən çəkinir və utanır. Bir çox hallarda bunun səbəbi əyri, bir birinin üstünə "çıxan" dişlərdir.
Belə dişlər tək kosmetik defekt deyil. Ağız boşluğunda düzgün yerləşməyən dişlər damaqları zədələyir, nəticədə qinqivit əmələ gəlir. Daha ağır fəsad — paradontitdir. Bu çox təhlükəli xəstəlikdir ki, bunun nəticəsində hətta sağlam dişlər laxlamağa başlayır və düşür. Bundan əlavə sıx yerləşən dişlərin keyfiyyətli təmizlənməsi mümkünsüz olur ki, nəticədə karies inkişaf edir.
Bu vəziyyətdən çıxış yolu breketlərin (və ya breket-sistemlərinin) istifadə edilməsidir. Breketləri həkim-ortodont təyin edir.
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub bir çox səbəblər nəticəsində baş verir. Ən çox yayılmış səbəblər isə aşağıdakılardır:
— ağız boşluğunun mikroblarla yuksək dərəcədə çirklənməsi;
— ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;
— dişin sümük toxumasının möhkəmliyinin azalması.
Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Dişlərini təmizləməyən və çox konfet, makaron, peçenye, kartof püresi yeyən uşaqlarda diş ərpinin daha artıq miqdarda toplanması qeyd edilir. Diş ərpi minlərlə mikroblar üçün yaxşı yaşayış mühitidir (onlardan ən təhlükəlisi streptokokklardır). Bu mikroblar diş emalını və dentin təbəqəsini dağıdaraq son nəticədə kariesin əmələ gəlməsinə səbəb olurlar.
Çoxsayli mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur.Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.
Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəhərdən kənar yerdə və s.) diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə edə bilərsiniz.
İlk öncə xalq təbabəti üsullarından istifadə etmək olar:
1. Hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edin (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).
2. Adaçayı (sürvə) otun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur). Dəmləməni 30 san. ərzində ağızda (xəstə diş tərəfində) saxlayın. Bundan ələvə digər dəmləmələrdən də istifadə edilir: 1 çay qaşığı adaçayı + 1 çay qaşığı çobanyastığı; 2 çay qaşığı nanə; 2 çay qaşığı palıd qabığı.
3. Xarab dişin oyuğuna 1 dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq olar.
Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar (dərmanı qəbul etməzdən əvvəl onun təlimatını diqqətlə oxuyun!).
Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin!
Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.
Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.
Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.
Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.
Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.
Bəzi təməl qaydalara əməl edərək dişlərinizin hər zaman təmiz qalmasına nail ola bilərsiniz.
Məsələn: Yüngül və dairəvi hərəkətlə fırçanı hər bir diş üzərində saat əqrəbi istiqamətində çevirmək daha təsirlidir. Belə etdikdə dişlərin arasına dolmuş yemək qalıqlarından asanlıqla azad ola bilərsiniz.
Həkimlər yumşaq tüklü, eyni zamanda kiçik və ya orta böyüklükdə olan fırçadan istifadə etməyi məsləhət görürlər. Çünki kiçik ya da orta böyüklükdə fırça ağızınızın içindəki ən dar künclərə belə rahatca girərək oradakı bakteriya və mikrobları asanlıqla təmizləyir.
Fırçanızı bir neçə aydan bir dəyişdirin. Fırçanızın tükləri çölə doğru qıvrılıbsa, artıq onu dəyişdirmək lazımdır.
Süd dişləri düzgün danışmaq və qidalanmaq üçün əhəmiyyətli olduğu kimi, sonradan çıxacaq daimi dişlərin normal çıxması üçün də əhəmiyyətlidir. Körpələr dişçıxarma dövründə həssas olduqları üçün xəstəliklərə tutulma ehtimalları da artır. Məsələn, onlar tez-tez qızdırırlar. Əgər qızdırma 38 dərəcədən çoxdursa, demək, bu, xəstəlikdən xəbər verir. Ona görə də tədbirli olmaq, həkimə müraciət etmək məsləhətdir. Əgər ishal, öskürək prosesi uzun sürərsə, deməli, yenə də həkim məsləhətinə ehtiyac var.
Dişçıxarma dövründə tüpürcək artdığı üçün öskürək, dodaq və yanaq ətrafında qızartılar, yüngül çatlar müşahidə olunur. Buna görə də tüpürcək yumşaq bir dəsmalla qurulanmalı, qızaran və çatlayan yerlər nəmləndirici ilə nəmləndirilməlidir. Digər tərəfdən, tüpürcəyin artması ilə əlaqədar diş ətində qaşınmalar baş verir. Bu vaxt plastik olmayan rəngli süni “diş qaşıyıcılarından” istifadə etmək olar. Diş çıxarkən ətrafında qanama halları da baş verir. Bundan narahat olmayın. Bir də unutmayın ki, körpəyə dişçıxarma dövründə də, həmçinin ondan sonra da ən böyük dərman ana şəfqətidir.
Həmçinin bax: Süd dişlərinə qulluq