Deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.
Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.
— Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq.