Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…
Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür.