Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfarə etməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.
Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.
Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.