Siyasi PR-də bir inkaredilməz tezis var: seçicinin namizədlə birbaşa əlaqə saxlamaq, bilavasitə ünsiyyət yaratmaq imkanı son dərəcə məhdud olduğundan, namizədin imici, obrazı, ekrandakı və ya qəzet səhifəsindəki şəkli onun seçiminə böyük təsir göstərir. Riçard Niksonun nitqlərini yazan Rey Prays bu seçimi namizədin obrazı ilə seçici arasında gedən «kimyəvi prosesin nəticəsi» adlandırır. Doğrudan da, əslində seçilən — şəxsin özü deyil, onun obrazıdır, çünki seçicilərin 99 faizinin namizədlə bilavasitə ünsiyyətdə olmaq imkanı yoxdur. Burada şəxs deyil, onun ekrandakı görünüşü; namizədin necə olması deyil, onun necə görünməsi və seçicilər tərəfindən necə qəbul edilməsi əsas rol oynayır. Odur ki, imicmeyker də öz müştərisini yox, onun haqqındakı təəssüratı dəyişməyə və ya sadəcə gücləndirməyə çalışır. O başa düşür ki, seçici istənilən siyasətçini daim öz ideal namizəd və ya prezident obrazı ilə müqayisə edir.