Yəqin ki sizin vəziyyətdən çıxmağa imkan yarada bilən, tez təsir edən bir reseptə ehtiyacınız vardır və hətta istəyirsiniz ki, onun üsullarının tətbiqinə bu kitabı axıra qədər oxumadan belə başlayasınız. Onda mənə icazə verin, havanı kondensasiyalaşdıran qurğu istehsal edən müəssisə yarada bilən istedadlı mühəndis Uillis X.Kerrier tərəfindən işlənilmiş metodlar haqqında söyləyim.
Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi
Kerrier cənabları deyirdi: "Cavan yaşlarımda mən Nyu-York ştatı Buffolada dəmirçilərin kompaniyasında işləyirdim. Mənə tapşırılmışdı ki, Pitterburq kompaniyasının güzgü istehsalı üçün tələb olunan şüşənin istehsal zavodunda qazların təmizlənməsi üçün qurğunu qondarım. Milyon dollar dəyərində olan bu zavod Missuri ştatındakı Kristal Sitidə yerləşirdi. Bu yeni qurğu qazı qarışıqlardan təmizləməli idi ki, yandırıldıqda maşın və avadanlıqların işinə xələl gətirməsin. Qazın təmizlənməsində tətbiq olunan texnologiya yeni metodlarla aparılırdı. Keçmişdə bu metod bircə dəfə başqa bir şəraitdə sınaqdan keçirilmişdi. Kristal Sitidə işlədiyim dövrdə gözlənilməz bir çətinliklə üzləşdik. Adı çəkilən qurğu işə salındıqda etimadı doğrultmadı (qurğunun işləməsinə verdiyimiz zəmanət özünü doğrultmadı).
Müvəffəqiyyətsizliyimlə əlaqədar mən ruhdan düşmüşdüm. Məndə elə bir hissiyyat yaranmışdı ki, guya məni kimsə arxadan təpəmə vurur. Daxilimdə dözülməz ağrılar başlamışdı. Həyəcanımdan yata bilmirdim.
Nəhayət, elə bil içərimdə sağlam bir düşüncə həyəcanlanmağımın mənə kömək etməyəcəyini bildirdi. Odur ki, özümün narahatçılıq problemlərimin həlli üçün düşünüb elə üsullar hazırladım ki, onlar işdə özlərini gözəlcə doğrultdular. Mən artıq otuz ildən artıq bir müddətdir ki, narahatçılığa qarşı mübarizədə onları tətbiq edirəm. Bu metodlar çox sadədir. Bunlardan hər kəs istifadə edə bilər.
Bu üsul üç mərhələdən ibarətdir:
I mərhələ: Mən hadisələrin gedişini heç bir qorxu hissi keçirmədən belə şəraitdə baş verə biləcək ən pis halları da nəzərə alaraq, araşdırdım. Məni o vaxt heç kəs həbsə göndərmirdi və yaxud heç kəs məni güllələməyə çalışmırdı. Əslində isə, iş yerimin itirilməsi ehtimalı ola bilərdi: çox ola bilərdi ki, mənə iş verən təşkilat yeni avadanlıqların tətbiqinə etiraz etməklə bu müəssisəyə qoyduğumuz iyirmi min dollar vəsaiti itirə bilərdik.
II mərhələ: Baş verə biləcək ən uğursuz vəziyyəti də qabaqcadan nəzərə alır və bu hal ilə barışmaq zəruriyyəti yarandıqda mən bunu da etməyi qərara almışdım. Mən öz-özümə dedim ki, bu müvəffəqiyyətsizliyim etibarlılığıma xələl gətirə bilər və nəticədə iş yerimi itirə bilərəm: əgər, hətta bu baş verərsə, mən özümə başqa iş hər vaxt tapa bilərəm. Şərait daha pis ola bilərdi: görünür ki, mənə iş verənlər (təşkilatlar) başa düşürlər ki, qazların təmizlənməsində biz yeni üsullardan istifadə edirik və əgər bu işə iyirmi min dollar sərf edilsə belə, bu xərcləri ödəməyə onların gücü çatar. Belə hesab edirəm ki, bu xərclər elmi araşdırmaların
aparılması naminə edilmişdir.
Belə bir şəraitdə daha pis vəziyyətin yarana biləcəyini dərk edərək və bununla barışmaqla anladım ki, nəsə mühüm bir hadisə baş vermişdir; mən dərhal süstləşərək sakitləşdim.
III mərhələ: Bu andan mən vaxtımı və enerjimi sakitcə özümdə fikrən təsəvvür etdiyim və onunla fikrən barışdığım ən pis vəziyyətin yaxşılaşdırılması yollarını aramağa sərf etdim.
Bizi gözləyən iyirmi min dollar məbləğində itkini aradan qaldırmaq üçün yollar və vəsait axtarırdım. Mən bir neçə əməliyyat apardıqdan sonra belə bir nəticəyə gəldim ki, əgər biz əlavə avadanlığın alınmasına daha beş min dollar sərf edəriksə, bizim problemimiz müsbət həll edilə bilər. Biz bu fikri həyata keçirdik, iyirmi min dollar itkinin əvəzinə firmamız on beş min dollar qazandı.
Əgər əvvəlki narahat vəziyyətimi davam etdirərək təlaş içərisində qalsaydım, yəqin ki, mən heç bir vaxt problemin həlli formasını tapa bilməzdim. Axı biz fikrən özümüzü ən pis halın ola biləcəyinə inandıra biliriksə, bununla biz özümüzdə səksəkəli qorxuları rədd edir, problem həlli üçün fikirlərimizi toplamağa imkan yaratmış oluruq.
Haqqında fikir söylənilən hadisə çox illər əvvəl baş vermişdir. Bu hadisə o qədər ibrətamiz idi ki, mən ondan özümə ömrüm boyu nəticə çıxarmış oldum və bununla da narahatçılıqdan demək olar ki, tam xilas ola bildim.
Əgər biz buna psixoloji nöqteyi-nəzərdən yanaşarıqsa, belə bir sual yaranmış olur, axı nə üçün Uillis X.Kerrierin bu sehrli düsturu bu qədər qiymətli və praktik əhəmiyyətə malikdir. Bu, onunla izah olunur ki, o, bizi narahatçılıq üzündən azıb qaldığımız və kor vəziyyətinə düşdüyümüz keçilməz zülmət bir aləmdən çıxarır.
Bu düstur bizə yerdə möhkəm, dayanıqlı durmamız üçün imkan yaradır. Biz artıq nə etmək və özümüzü necə aparmaq lazım olduğunu yaxşı bilirik. Əgər ayaqlarımız altında möhkəm zəmin yoxdursa, məgər biz bu və ya digər şey haqqında düşünə və onun həlli haqqında qərar verə bilərikmi?
Tətbiqi psixologiyanın banisi professor Uilyam Ceyms bundan otuz səkkiz il əvvəl dünyasını dəyişmişdir. Əgər o, indi yaşamış olsaydı və bizim ekstremal (ifrat) vəziyyətlərdə özümüzü necə aparmaq düsturu haqda xəbərdar olsaydı, yəqin ki, tam qəlbi ilə alqışlayardı. Nə üçün mən belə deyirəm? Ona görə ki, o, sağlığında öz tələbələrinə belə demişdi: "Mövcud vəziyyətlə barışın, ona görə ki, vaqe olmuşların qaçılmaz bir hal kimi qəbul edilməsi ən ağır vəziyyətlərdən çıxmaq üçün birinci mərhələ rolunu oynayacaqdır."
Həmin bu fikri Çinin filosofu Lin Yutanem də özünün "Həyatın mühümləri" adlı kitabında "Həqiqi ruhi dinclik vaqe olmuş ən ağır vəziyyətlərlə barışmaq nəticəsində əldə edilir." demişdir. Mən belə düşünürəm ki, bu psixoloji enerjinin qurtulması deməkdir." Həqiqətən də, söhbət azad edilmiş yeni enerjidən gedir. Nə vaxt ki, biz yaranmış ən ağır, ən pis hal ilə barışırıq, bizim itirməyə heç nəyimiz qalmır. Bu hal avtomatik olaraq bizə diktə edir ki, "biz hər şeyi yenidən əldə edə bilərik."
Uillis X.Karrier ötən günləri yadına salaraq deyirdi: "Mən yaranmış pis vəziyyətimlə barışdıqda dərhal süstləşdim və özümdə uzun müddətdir ki, hiss etmədiyim sakitlik duydum. Bu andan məndə düşünmək qabiliyyəti yarandı." Bu ağlabatandır, elə deyilmi? Bununla belə, milyonlarla insanlar çılğın qəzəblərilə öz həyatlarını məhv etmişlər, çünki onlar yaranmış ən pis vəziyyəti qəbul etməyərək nəyi isə dəyişmək naminə iş görməmişlər. Halbuki onların öz qüvvələri buna yetərdi. Həyatları dağılmasın deyə öz həyat tərzlərini dəyişdirməyə cəhd etmək əvəzinə, onlar bunu "taleyin hökmü" kimi qəbul edib qəmli şikayətlər etmişlər və bu hal onlarda ruh düşkünlüyü yaratmışdır.
Əgər istəyirsinizsə, Uillis X.Kerrierin sehrli düsturunun təcrübədə tətbiqi barədə misal gətirim. Bu düsturu mənim kurslarımda təhsil almış Nyu-York maye-yanacaq ticarətçisi müvəffəqiyyətlə tətbiq etmişdir.
"Mən bir hədə-qorxunun qurbanı oldum." - deyərək o, öz söhbətinə başladı. Mən belə şeyin mümkünlüyünə heç vaxt inanmazdım. Mən düşünürdüm ki, belə hadisələr ancaq kinolarda nümayiş etdirilə bilər, buna baxmayaraq gerçəkdən məni hədə-qorxuya məruz etdilər. Bu hədə-qorxu hadisəsi belə baş verdi. Başçılıq etdiyim neft kompaniyasında bir neçə sürücünün idarə etdikləri yük maşınları vardı. O vaxtlar qiymətlərin tənzim edilməsi üzrə baş idarənin təkidi ilə bizim özümüzdə də benzinin sərfinə məhdudiyyətlər qoyulmuşdu. Mən burada nə baş verdiyindən bixəbər idim. Görünür ki, bir neçə sürücü bizim daimi müştərilərimizə yanacağı kəsirlə verməklə aldatmış və oğurladıqlarını başqalarına satmışdılar.
Mən bu fırıldaqçılıq haqqında məlumatı özünü dövlət müfəttişi kimi təqdim edən bir nəfərdən eşitdim. O, əvəzində məndən pul alacağı (rüşvət alacağı) təqdirdə bu barədə səs-küy salmayacağına söz verirdi. Onun elində bu saxtakarlığı sübuta yetirə biləcək bizim sürücülərin qeyri-qanuni sənədləri vardı. O, əgər ona pul verilməzsə, sənədləri rayon prokurorluğuna verəcəyini bildirdi. Düzdür, mən əlbəttə ona anlatmağa çalışdım ki, bu işin bir başa mənim üçün qorxusu yoxdur və mən həm də bilirdim ki, firma öz işçilərinin hərəkətinə görə qanunla cavabdehlik daşıyır. Bundan əlavə, mən özümə hesabat verirdim ki, əgər bu iş məhkəməyə verilərsə, bu barədə məlumat qəzetlərdə dərc ediləcəkdir və məlumat ətrafında yaranacaq söz-söhbət mənim işimi korlaya bilər. Mən bununla belə, öz işimlə fəxr edirdim, çünki bu işin əsası mənim atam tərəfindən iyirmi dörd il bundan əvvəl qoyulmuşdu.
Mən elə hiddətlənmişdim ki, vəziyyətim xəstəlik həddinə çatmışdı. Axırıncı üç gündə gecə də, gündüz də bir an belə yatmamış və heç bir şey yeməmişdim. Mən hansısa bir tilsimlənmiş dairəyə düşmüşdüm. Mən nə etməli idim? Beş min dolları bu adama verimmi və yaxud ona deyimmi ki, başladığı "qara" işini davam etdirsin? Hansı qərarı qəbul edirdimsə, o, mənə daha qorxunc görsənirdi.
Sonradan bir bazar günü gecəsi mən "Narahatçılığı necə tərk etməli" kitabçasını oxuyurdum. Bu kitabçanı mənə Karneginin natiqlik sənəti sinfinin məşğələlərində vermişdilər. Mən kitabçanı oxuduqda Uillis X.Kerrierin kəlamına rast gəldim: "Ən pis vəziyyətə hazır olun." Mən öz-özümə sual verdim: tələb olunan pulu verməsəm və bu araqarışdıranlar öz sənədlərini dairə prokurorluğuna təqdim etsələr, mənim üçün nə kimi ən pis vəziyyət yarana bilər?
Bu sualın cavabı belə ola bilərdi: mənim işim məhv ola bilər, bax budur mənim üçün yarana biləcək ən acınacaqlı vəziyyət. Mənim həbs olunma ehtimalım olmasa da, ən pisi bu məsələ ətrafında yarana biləcək qalmaqallı vəziyyətin mənə faciəvi təsiri ola bilər."
Sonra öz-özümə dedim: Tutaq ki, mənim işim məhv oldu və mən bu vəziyyətlə fikrən razılaşdım. Bəs sonra nə kimi hadisə baş verə bilər?
Əgər mənim işim məhv olardısa, ola bilərdi ki, özümə yeni iş axtarmalı olardım. Bu o qədər də çıxılmaz vəziyyət deyildir. Mən neft məhsulları üzrə ixtisaslı mütəxəssis idim. Bir neçə firma vardı ki, məmnuniyyətlə məni işə götürərdilər. Artıq mən özümü yaxşı hiss etməyə başladım.
Axırıncı üç gecə və gündüz hiss etdiyim əzginlik yavaş-yavaş yox olmağa başladı. Həyəcanım bir az səngimişdi. Özümə təəccüblü gəlsə də, mən artıq düşünə bilmək iqtidarında idim.
Üçüncü mərhələni - ən pis vəziyyəti yaxşılaşdırma mərhələsini yerinə yetirməyə artıq məndə kifayət qədər fikir aydınlığı yaranmışdı. Problemlərin həlli üçün üsullar axtarışında mən hadisələrə başqa nöqteyi-nəzərdən baxmağa başladım. Düşündüm ki, mən öz vəkilimə işlərin mövcud vəziyyəti barədə yazsam, o, çıxış yolu - halbuki mən bu çıxış yolu haqda heç düşünməmişdim - tapa bilərdi. Mən bilirəm çətin inanmaq olardı ki, bu "çıxış yolu" haqda fikir əvvəllər ağlıma gəlməmişdi. Mən onda problemlərin həlli üçün düşünə bilməzdim, çünki o vaxtlar ancaq daima narahatçılıq keçirirdim. Mən dərhal qərara gəldim ki, sabah tezdən vəkilim ilə məsləhətləşməliyəm. Bundan sonra evə getdim və ölü kimi sabaha qədər yatdım.
Bəs bu hadisə nə ilə yekunlaşdı? Ertəsi gün mənim hüquqşünasım məsləhət bildi ki, rayon prokurorluğuna gedim və hadisəni olduğu kimi ona danışım. Mən elə də etdim. Söhbətimi bitirdikdən sonra prokurorun dediklərindən son dərəcə heyrətləndim. O, bildirdi ki, artıq bir neçə aydır ki, onlar bu soyğunçuluqla məşğuldurlar. Özünü "dövlət müfəttişi" kimi təqdim edən şəxs polisin neçə aydır ki, axtardığı fırıldaqçıdır. Prokurorun bu məlumatından sonra mən özümdə bir yüngüllük və rahatlıq hiss etdim, çünki üç gündüz və gecə idi ki, hey tərəddüddə idim, beş min dolları o peşəkar fırıldaqçıya verim və ya verməyim. Bu təcrübə bütün ömrüm boyu mənə bir dərs oldu. İndi mən artıq belə çətin vəziyyətlərə düşdükdə həmin o qoca Uillis X. Kerrierin düsturu adlanan metodu tətbiq edirəm.
Təxminən Uillis X.Kerrierin Kristal-Sitidə zavoddakı qaz təmizləyici avadanlığın quraşdırılması ilə əlaqədar üzücü əzablar çəkdiyi günlərdə Nebrask ştatı Broken-Bou şəhərindən bir cavan şəxs özünün ən əzablı və məşəqqətli ömrünü yaşayırdı. O, öz vəsiyyətnaməsini də yazmışdı. Onun adı Erl P.Xeni idi, onun onikibarmaq bağırsağında yara vardı. Mədə-bağırsaq yara xəstəlikləri üzrə məşhur mütəxəssis də daxil olmaqla üç nəfər həkim onun bu xəstəlikdən sağalmayacağını bildirdilər. Onlar cənab Xeniyə ciddi pəhriz saxlamağı, həyəcanlanmamağı, özünü tam sakit aparmağı tövsiyə etdilər.
Bundan başqa ona vəsiyyətnaməsini yazmağı da məsləhət gördülər.
Xəstəliyi Erl P.Xenini artıq məcbur etdi ki, münasib və yüksək maaşlı vəzifədən əl çəksin. Beləliklə, onun üçün tükənməkdə olan ömrünün sonunu sakitcə gözləməkdən başqa ayrı çarə qalmırdı.
Belə bir vaxtda o, əla və qəribə bir qərar qəbul etdi: "Madəm ki, ömrümə belə az vaxt qalmışdır, onda çalışmalıyam ki, bu az yaşayacağım müddətdə həyatımdan doyunca kam alım. Dünya səyahətinə çıxmağı mən həmişə arzu etmişəm. Bu arzumu həyata keçirmək lazımdırsa, onda səyahətə elə indi başlamaq lazımdır." O, bu məqsədlə gəmiyə bilet aldı.
Həkimlər dəhşətə gəlmişdilər. "Biz sizi xəbərdar etməyə borcluyuq, - deyə onlar cənab Xeniyə bildirdilər ki, əgər siz bu səyahətə çıxsanız, onda dənizdə dəfn edilməli olacaqsınız.
"Yox dediyiniz hal baş verməyəcəkdir. Mən öz qohumlarım ilə danışıb razılığa gəlmişik ki, onlar məni Nebrask ştatının Broken-Boudakı ailəvi sərdabədə dəfn edəcəklər. Ona görə də səyahət zamanı özümlə aparmaq üçün bir tabut almağa da hazırlaşırdım."
O, tabutu alıb gəmiyə götürmüşdü və gəmi kompaniyasının rəhbərliyi ilə razılaşmışdı ki, əgər səyahət zamanı ölüm onu haqlasa onlar necə hərəkət etməlidirlər. Onlardan xahiş etmişdi ki, onun meyitini vətənə qayıdana kimi gəminin soyuducusunda saxlasınlar.
O bu səyahətə qoca şair Ömər Xəyyamın şerlərindən ilhamlanaraq çıxdı:
"Fani insan, dünənki itkiyə görə ağlama.
Bugünkü işləri sabahın meyarı ilə ölçmə.
Nə keçmişə, nə də gözləniləcək dəqiqəyə inanma,
Keçməkdə olan dəqiqələrə inan, indi xoşbəxt ol!"
O, səyahət zamanı heç bir pəhrizə riayət etmirdi. Qarşımda olan məktubunda o yazırdı: "Mən səyahət zamanı buzlu və sodalı viski içir, uzun siqaretlər çəkirdim, ən müxtəlif yeməklər, o cümlədən yerli əhalinin qəbul etdiyi qeyri-adi xörəklər yeyirdim. Bunlar da mənim ölümümə səbəb olmalı idi. Mən uzun illər ərzində heç məşğul olmadığım əyləncələrlə əylənir, həzz alır və nəşələnirdim. Biz musson külək və qasırğaların şıltağına dözdük. Halbuki kiçik bir qorxu, həyəcan, dəhşətli hal məni tabuta uzatmalı idi. Lakin mən bütün bunlardan böyük zövq alırdım.
Gəmidə olduğum müddətdə kazinoda müxtəlif oyunlarda iştirak edir, mahnı oxuyur və özümə yeni dostlar tapır və gecə yarıya qədər əylənirdim. Çin və Hindistan sahillərinə çatdıqda mən başa düşdüm ki, burada Şərqdə gördüyüm yoxsulluq və aclıqla müqayisədə evdə məni daim gözləyən qayğılar və bəzin işimlə əlaqədar keçirdiyim həyəcanlar cənnəti andırır. Mən tezliklə bihudə yerə həyəcanlanmağıma, iztirab çəkməyimə son qoydum və özümü çox yaxşı hiss etməyə başladım.
Mən Amerikaya qayıdanda çəkim 90 girvənkə artmışdı. Mən, demək olar ki, mədəmdə yaranın olmasını unutmuşdum. Həyatım boyu özümü bu qədər yaxşı hiss etməmişdim. Mən tabutumu dərhal qəbiristana apardım və təzədən işləməyə başladım. O vaxtdan bir dəfə də olsa xəstələnməmişəm."
Bu hadisələr baş verdiyi vaxtlaradək Erl P. Xenni, Uillis X.Kerrierin narahatçılığa qarşı mübarizə metodları barədə heç nə eşitməmişdi. Bu yaxınlarda o, mənə dedi ki, "indi mənə artıq aydındır ki, o vaxt mən həmin prinsipləri bilmədən qəbul etmişdim. Mən baş verə biləcək ən pis vəziyyətlərimlə barışmışdım. Mənim mövcud vəziyyətimdə isə ölümdən söhbət gedirdi. Sonra isə həyatımdan zövq alaraq öz əhvali-ruhiyyəmi yaxşılaşdırmağa çalışdım.
Əgər mən səyahətdə olduğum müddətdə narahatçılığımı davam etdirsəydim, şübhəsiz ki, geriyə tabutda qayıdacaqdım.
Mən isə o vaxt özümü sakit, qayğısız apardım və hər şeyi unutdum. Əldə etdiyim ruhi sakitlik mənə fiziki həyatımı xilas etməyə yeni qüvvə verdi.
Beləliklə haqqında danışdığım o ecazkar düsturun köməyilə Uillis X.Kerrier 20 min dollarlıq müqavilənin taleyini xilas etmiş oldu. Nyu-Yorkdan olan biznesmen hədə-qorxudan müdafiə olundu. Erl Xeni isə faktiki olaraq öz həyatını fəlakətdən qurtardı. Ola bilər ki, adı çəkilən bu sehrli və ecazkar düstur sizin də həll edilməz görünən problemlərinizin həllində gərəkli olsun?
Beləliklə ikinci qayda: əgər sizdə narahatçılıqla əlaqədar problemlərin həllində çətin vəziyyət alınırsa, Uillis X.Kerrierin aşağıdakı fövqəladə təsirli düsturunu tətbiq edin:
1. Öz-özünüzdən soruşun: baş verə biləcək hadisələrdən ən pisi hansı ola bilər?
2. Zəruri hallarda bu vəziyyətlə barışmağa hazır olun.
3. Sonra isə sakitcə vəziyyəti necə dəyişmək barədə düşünün.